158464Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Rusiya Federasiyasının Dağıstan Respublikasının Bakıdakı nümayəndəsi Marat Askenderov və onun müavini Vidadi Babayevlə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanda mövcud olan milli və dini tolerantlıq ənənələri, multikultural rejim, Azərbaycan dövlətinin və qanunvericiliyinin ölkə ərazisində yaşayan bütün xalqların nümayəndələrinə bərabərhüquqlu münasibəti barədə danışılıb. Ümummilli lider Heydər Əliyevin tolerant prinsiplərə əsaslanan siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi yüksək dəyərləndirilib.
Marat Askenderov Azərbaycandakı fəaliyyəti haqqında danışıb və Dağıstan Respublikasının milli siyasət məsələləri üzrə naziri Tatyana Qamaleyin noyabrın 21-də Maxaçqalada keçiriləcək “Dağıstan xalqlarının mədəniyyətinin, ənənələrinin qorunması və inkişafı üzrə həmvətənlərin ictimai təşkilatlarının qarşısında duran məsələlər” mövzusunda müşavirəyə rəsmi dəvətini Dövlət müşavirinə çatdırıb.
Görüşdə Azərbaycan və Dağıstan arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin daha da dərinləşməsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

19 noyabr 2014-cü il