Kamal Abdullanın “Sehrbazlar dərəsi” yapon dilində

24.12.13
Takayuki Murakami: “Sizin ədəbiyyatınızla tanış olduqca ölkənizə daha çox vuruluram”

Cəmiyyətimizin tarixi təkamülünün son dərəcə maraqlı, özünəməxsus şərhini vermiş “Yarımçıq əlyazma” – “Sehrbazlar dərəsi” – “Unutmağa kimsə yox” trilogiyası ölkəmizin hüdudlarından kənarda da sevilərək oxunan əsərlərə çevrilib.

Trilogiyanın müəllifi, görkəmli yazıçı Kamal Abdullanın mətnləri bu gün xarici dillərə ən çox tərcümə olunan əsərlərdəndir. Məlum olduğu kimi bu trilogiyadan ayrı-ayrı əsərlər dünyanın bir çox dillərinə tərcümə olunub və bu proses davam etməkdədir.

Bu günlərdə müəllifin məşhur “Yarımçıq əlyazma” romanının ardınca “Sehrbazlar dərəsi” də Yaponiyada nəşr edilib. Kitab yapon dilinə tərcümə edilərək Tokionun nüfuzlu “Miçitani” nəşriyyatında çap olunub və oxucuların ixtiyarına verilib.

Artıq Rusiya, Türkiyə, Qazaxıstan və s. kimi ölkələrdə nəşr olunmuş “Sehrbazlar dərəsi” romanını yapon dilinə Osaka Dövlət Universitetinin professoru, bir çox tərcümə əsərlərinin müəllifi Takayuki Murakami çevirib.

Professor T.Murakaminin BSU-da keçirilən “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istorioqrafiya: Mif, ədəbiyyat və tarix arasında” adlı beynəlxalq konfransın iştirakçısı olduğunu öyrənincə, ondan eksklüziv müsahibə aldıq.

– Cənab Murakami, Azərbaycana xoş gəlmisiniz!

– Çox sağ olun! Sizin ədəbiyyatınızla, mədəniyyətinizlə yaxından tanış olduqca ölkənizə daha çox vuruluram.

– “Sehrbazlar dərəsi” Azərbaycan dilindən tərcümə etdiyiniz ilk kitabdırmı?

– Bəli, ilk kitabdır və mən məhz bu əsəri yapon dilinə tərcümə etdiyim üçün çox məmnunam. Bildiyimə görə, Kamal Abdulla əsəri yapon dilinə tərcümə olunan ilk Azərbaycan müəllifidir. Bundan öncə onun “Yarımçıq əlyazma” romanını yapon dilində oxumuşdum və onun təsirindən çıxmamış “Sehrbazlar dərəsi”nin tərcüməsinə başladım. Məncə tərcümə pis alınmadı, bunu digər yapon filoloqları da təsdiqləyər. Kamal Abdullanın müasir dünya nəsri ənənələri ilə uyuşan bədii dünyası və yazı manerası oxucuları təsirləndirməyə bilmir. Azərbaycan ədəbiyyatının Yaponiyada ilk olaraq onun əsərləri ilə təmsil olunması təqdir olunmalıdır. “Sehrbazlar dərəsi”nin ilk tirajı 1000 nüsxədir, ancaq əminəm ki, oxucu marağı əsərin tirajının kifayət qədər artmasına səbəb olacaq. /525.az/

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Dünən Qorqud idi, bu gün Xızrdır, sabah isə… | MANERA.AZ
Oxunub : 145 | Tarix : Bu gün, 14:24 | Bölmə: Edebiyyat, nesr

Dünən Qorqud idi, bu gün Xızrdır, sabah isə… | MANERA.AZ
manera.az
“YARIMÇIQ ƏLYAZMA” RƏQƏMLƏRLƏ…

0

Rəqəmlər Sirri-Xudadı… Təkcə başlıq və yarımbaşlıqları əvəz edə bilmələri yetər ki, bu qənaətimizin doğruluğuna inanaq.

1

Kamal Abdullanın romanı struktur baxımından özü də ikinci bir“Yarımçıq Əlyazma”dı… Onun “zədəli”, “itib düşmüş”, “pozulmuş” səhifələrini bərpa etmək vəzifəsi Oxu!-cunun üzərinə düşür…

Önsözdə qeyd olunur ki, əlyazmalar aydın və şəffaf olanda bir qədər diqqətdən kənarda qalırlar. 12-ci əsrə aid edilib guya Gəncə zəlzələsindən bəhs edən əlyazma da belə aqibət yaşayır… Sual: Niyə məhz zəlzələdən bəhs edən əlyazma?! Cavab: Romanın özü də zəlzələ effekti yaradaraq mövcud tarixi, ədəbi-estetik və “fəlsəfi” tabuları alt-üst edir! Şəffaf görünüb maraqsız “olan” hər bir nəsnədə naməlumluğun “”yanıq izlərini” görməyin zamanı deyilmi?!

2

Tarixçi, yazıçı, zəlzələşünaz, miniatürçü rəssam, musiqiçi olmaq azdır, az… Özünə gərək bu sualı verməyi bacarasan: “İlahi, mən axı niyə bu qədər sirr hərisiyəm?!” (K.Abdulla)

3

Üç gündə üç dəfə oxunan əlyazma… “Üçüncü oxunuş isə daha çox mənəvi ləzzət hissinin təşnəsini söndürmək üçün idi” Söndürülməyən ləzzət hissi bizə gerçəklikləri tam görməyə mane olur. Rasional bilgi heyrət, təəccüb və sitayişin fövqündə durmalıdır. Bəlkə tariximizə (Ümumən, bəşər tarixinə!) hədsiz heyranlığın nəticəsidir ki, “qədimliyin bu gün bizimlə çox az əlaqəsi var” Çünki qədimlik soyuqdur. O arıq, çəlimsiz, hər şeyə könülsüz-könülsüz yanaşan şərqşünas qız kimi…

4

Əlyazmanın İlk İki Cümləsi Yarımçıqdır. Birinci Cümlənin sonu, ikinci cümlənin isə əvvəli düşüb… “Düşüb”, hə?! Bu, Yaranışın əvvəl və sonunun genetik yaddaşımızda yarımçıq olmasına simvolik işarə deyilmi?!

5

“Allah özü bilməyənləri bilənlərin qəzəbindən qorusun”
Bilən – Kamal Abdulla…
Bilməyən – biz…
Bizi xilas edən bilənlərin qəzəbidir….

6

Tarix təkcə Beyrək, Odissey, Qorqud, Aqamemnon, Salur Qazan, Burla xatun, Banıçiçək, Panelopa, Nigar və Həcərlərin tarixi deyil, həm də qırx oynaşlı Boğazca Fatmaların tarixidir…

Boğazca Fatmanın gücü bir vaxtlar onunla bir yatağı paylaşan Şirşəmsəddinin, Bəkilin, Qazan xanın, Aruzun və… və… və… Qorqudun gücü “qədərdir” Bu güc İstintaqın gedişinə təsir edə biləcək qədərdir! İnanmırsınız?! Onda Boğazca Fatmanın gözəl iti Bəraqcuqu şahid qismində istintaqa cəlb edin!
Bəşər tarixi Bəraqcuqlara borcludur…
Dünən Qorqud idi, bu gün Xızrdır, sabah isə… | MANERA.AZ
7
Romanın süjetini soruşdunuz?!
Səyyar İnsan!
Onun üçün nə Zaman, nə də Məkan anlayışı vardır!
O, Metamorfozdur!
O, dünən Qorqud idi, bugün isə Xızrdır…
Sabah Bayandır Xan olacaq…

8

Romanın içərisinə böyük zaman ayrıntılarının – (Qorqudla Şah İsmayılın) “yığılması”, hərəsinin öz “dilində” danışması zahirən qəribə görünsə də, reallıqla tam uzlaşır və zahirin batinə, batinin də zahirə dönüşünü simvolizə edir.

Şah İsmayıl qəziyyəsi də istintaqa cəlb oluna bilər – bu da əsl istintaq “xammalıdır”, bir şərtlə ki, istintaqı Bayandır xanın özü aparsın. Lakin yazıçı bu “xammal”a elə sonuc verir ki, o, özü özünün həm ittihamçısı, həm də ittiham olunana çevrilir…

9

Biz taixin arasıyla gedirik, yoxsa tarixdənkənar gizli yollarla?! Tarixi seyr edən bizik, yoxsa tarix seyr edir bizi?! Seyr edənlər seyr olunanlardan həmişə bir baş yuxarıda dayanıblar…

Romana yazılan üç Önsöz struktur baxımından elə qurulub ki, onlar bir-birini “itələyib” Mətnin içinə çox “rahat” salır… Və Mətn də onları “itələyir” Bu, arı ailəsinə düşən “yad” kəpənəklərin taleyinə bənzəyir… Onlar ailədən qovulsa da, qanadları üzərindəki zərlər düşüb qalır…

“Fərqlərin Allah üçün heç bir əhəmiyyəti” olmayan dünyamızda “natamamlığın bütövlüyü”ndən danışan K.Abdulla “bilmirəm” deyə bilənlərin hüququ”nu da özlərində saxlayır. Ta Sonsözəcən…Əgər Sonsözü də Önə gətirsək, heç nə dəyişilməz! Çünki bu da “natamamlığın bütövlüyünə bir damğa”dı… Göründüyü kim, bütün bu Ön və Son söz-lər əksliklərin vəhdəti və mübarizəsini özündə içəriləyir. Romanın konstruksiyası bütövlükdə bu cür paradoksal, paralel, çarpaz, ziqzaqlı, lakin bir-birini içərisinə heç nə olmamış kimi səyahət edib qayıdan sillagizmlər üzərində qurulub…

10

Gəlib çıxdıq Quyu-nun ağzına… Ağız – içimizə, Batinə gedən yolun əvvəlidi, arxeogenoloji təfəkkürümüzdə sözügedən qatı simvolizə edir. Ən əvvəl, hər kəsə “görünməyən” quyunu “görməliyik” Fərz edək ki, gördük, bəs üstündəki ağır daşı necə qaldırıb kənara ata bilərik?! Və tutaq ki, atdıq. Belə bir ağır daşla kilidlənən quyuya düşməyə kimin cəsarəti çatar?

Həqiqət budur ki, batinə – quyuya enən Mətnin kəndiri həmişə “kəsilib…”
Kəndiri kəsilən Mətn, nə qədər qəribə görünsə də, “xilas olur…”
Ən primitiv əlyazma da yarımçıq olanda sirli-sehrli, çəkici olur…
Yarımçıq əlyazmadan danışan Mətnin özü də “yarımçıqdı” Çünki Quyunun başında duran da, içinə enən də K.Abdulladır.
Özü öz kəndirini kəsən də O-du…
40-cı qapı Zahirdi…
Batin həmişə 41-ci qapının arxasınadı…
Mif bundan imtina edir…
Bəz Yazıçı özü niyə imtina eləməməlidi?
O, ciddi-cəhdlə bunu edir…
11

“Bir ağıllı adam deyib ki, Dədə Qorqud hələ bizə qayıdacaq, bilmirəm necə, amma hökmən qayıdacaq”
Cənab Kamal Abdulla, bilmirsiniz necə qayıdacaq?!
Hələ bir “öyrənin”, görün o, bizdən gedibmi ki, qayıtsın?
Getməyənlər qayıtmır…

12

Posmodernizm bütöv bir dünyagörüşdü, “dövriyyədə” olan sistemlərin – elmi-bədii-fəlsəfi və bunların sərhədlərinə sığmayan sistem və cərəyanların bir növ “sistemləşdiriləsidir”. Burada inkar özündəinkardır; ananın öz balasını itələməsi kimidir, ona görə də qorxulu deyildir. Tutaq ki, posmodernizm modernizmi “tanımır”. Axı bu, həm də üstmodernizmdir, modernizmdən sonrakı anlamını verir. Ən azından, simvolik sıralanma inkarın təsdiqidir. Nəzəri biliklər xəritəsində ağrı nöqtələrinin simvolik xətlə birləşdirilməsi və o nöqtələrin üzərinə bir qədər ironik duzun səpilməsi posmodernizmin başlıca ideya istiqamətidir. Bütün bunların başında isə qədim Cəngavər – dünyanın ən “mərhəmətli” və “mağmın” cəngavəri Dil durur. Bəli, doğru eşitdiniz, Don Kixot yox, Dil! Miskinlik səviyyəsinə endirilən Dil postmodern dalğalalarda yuyunaraq parlayır və onun Magik Gücü heyrətamiz əlvanlığı ilə görünür. Burada hadisələr Dil-lə ələ salınmır, deyək ki, Koroğlu Parisə səfər eləmir və eləyəndə nə olar, lap eləyir də, sadəcə, Dil bu səfərin təşkilatçısına çevrilmir, çoxqatlı, çoxplanlı mahiyyətin açımına xidmət eləyir, həqiqət transendental status qazanır. “Yarımçıq əlyazma” deyilənləri və deyilənlərin dışındakılarını özündə ehtiva edərək Azərbaycan posmodernizmini bütöv, canlı bir sistem kimi doğur, böyüdür və qolundan tutub dünyaya qovuşdurur. Buna qədər olanlar isə mozaik çabalar – ağrılar idi…

Manera.az