Mifoloji mətnlərin bədiipoetikası: <b style="color:red">Kamal Abdulla düşüncə palitrasında</b>

Yaradıcılıqda istedad və şəxsiyyətin orijinal vəhdətindən yola çıxan Kamal Abdullanın fikirlər palitrası qurduğu və təhlil etdiyi mətnlərin (istər elmi, istərsə də bədii) estetikası, gözəlliyi ilə səsləşir, harmoniya təşkil edir.

Təhlil etdiyi obyektin (qədim mətnlərin poetik qatı və s.) «poetik möcüzə»ni yerindəcə müəyyənləşdirir, bütün poetik-üslubi fiqurların dilin stixiyasında yarandığını duyur; qədim dilimizin, mif dövrünün, yazı dövrünün mətnlərinin (qədim oğuzların qurduğu mətnlər) içinə girə bilir, həmin mühiti və şəraiti, bu mühitdə qatı açılmamış tipik əlamətləri, yeni fikir-poetik keyfiyyətləri, daxili məntiqi strukturu interpretasiya edir. Bu və ya digər sadalanalar ən birinci akademikin bədiipoetiklik məsələlərinin təhlil yeniliyində özünü göstərir. Belə təhlil tipinə ən çox Kamal Abdullanın 2009-cu ildə çap edilmiş «Mifdən Yazıya və yaxud gizli Dədə Qorqud» kitabında, indi də təzə nəşr olunmuş «Kitabi-Dədə Qorqud» poetikasına giriş» monoqrafiyasında rast gəlmək olur. Yaradıcılığı ilə ilkin tanışlıq göstərir ki, o, öncə «Kitabi-Dədə Qorqud»un monumental tarixini (burada dil, folklor, mifologiya və s. gedir) yaratmaqda qərarlıdır. Bu sahədə çoxillik axtarışları yeni-yeni mərhələlərdən keçir, hər dəfə yeni çalar qazanır. Monoqrafiyada, əlbəttə, əhatəli, böyük mövzunun ancaq bir tərəfinə — mətnlərin bədiipoetikliyinə daha çox diqqət yetirilir: «bədiipoetiklik» nə deməkdir?! Anaxronik mətn, mif dövrünün mətni, qədim mətnin mağara mühitində və şəraitində formalaşması, ibtidai bədiipoetiklik üçün xüsusi qəliblər. Bir qədər də dəqiq desək, çox siqlətli problem olan əsərdəki sahmanlayıcı ünsürlər, sadəlövh suallar, təkrarlar, yasaqlar və s.

Bu məsələlərin hər birinin monoqrafiyada sadə və aydın dildə izahı belə deməyə əsas verir ki, ümumiyyətlə, tarixən dildə, onun ayrı-ayrı qatlarında, müxtəlif dərəcədə olmaqla, cəmiyyətdəki inkişaf və təkamülün təsirinə müəyyən reaksiya vardır. Həmin reaksiya «Kitabi-Dədə Qorqud» boylarına məxsus mətnlərdə daha aşkar seçilir. Kamal Abdullanın bu silsiləyə aid ideyaları tədqiqatdan tədqiqata yeniləşir və onun fərqli yaradıcı irsinə çevrilir.

«Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud» (Bakı, 2009) kitabından da, müəllifin qeydlərindən də başa düşülür ki, bu kitabın yazılışı, görünür, heç zaman bitməyəcək. Daha cilalanmış, əlavələr edilmiş, mükəmməlləşdirilmiş yeni variantlar meydana çıxacaq. Necə ki, çıxmaqdadır. Günümüzdə tamamlanmış, əvvəlkinin davamı olan yeni tədqiqatlar öz təbii zəminində — öncəkilərə söykənir. Mövzunun əhatə dairəsinin inkişafı, Kamal Abdullanın bu yöndə ideyaları və uğurları haqqında kifayət dərəcədə aydın təsəvvür formalaşdırır.

Kamal Abdulla prizmasından baxıldıqda, Dədə Qorqudu bilməmək mədəni irsdən uzaqlaşmaq deməkdir. O, mədəni irsə — Dədə Qorquda ümumbəşəri təcrübədən və Ümumtürk kontekstindən yanaşır.

Yazıçı-alimin bu sahədəki yeni ideyaları kəşf sayıla bilər. Çünki çağdaş elmi fikri aramsız olaraq eyni mövzunun məntiqi davamı kimi inkişaf etdirir, təhlil edərkən yeni üsul və metodlara əl atır, daha doğrusu, üzə çıxarır, elmi fikrin (öz fikrinin) inkişaf dialektikasını tarazlayır, daha geniş miqyaslar «fəth edir». Bu nailiyyətlərin özülündə isə, heç şübhəsiz, ən imtiyazlı sahə olan dilçilik dayanır. Əlbəttə, bədii mifoloji faktı anlamaq, təhlil etmək üçün önəm daşıyan yeganə və əsas obyekt dildir. Bədii mifoloji mətnlərin dilin ayrı-ayrı təbəqələri üzrə struktur metodlarla araşdırılması bu zaman ön plana çəkilir. Bu cəhətdən kitabda Kamal Abdullanın irəli sürdüyü hər bir müddəa çağdaş bədiipoetik tədqiqatlardan ötrü xüsusilə önəmlidir.

Onun çoxsaylı, dünyada tanınan (tərcümə olunaraq) «Kitabi-Dədə Qorqud» mətnlərinin təhlili ilə bağlı dərin araşdırmaları onun mürəkkəb və özünəməxsus bədii dünyasından soraq verir. Onun bədiipoetiklik düşüncələri digər elmi tədqiqatları ilə adekvat təşkil edir. Onun yaradıcılıq təfəkkürü texnologiyası «ideya-obraz» kompleksini bütövlükdə tamamlayır. Xüsusi bədii reallıq, poetik obrazların xarakteri və inkişafı, funksionallaşması, poetik təsəvvür, təxəyyül və s. insanlığın sosiokultur məhsulu kimi dərk edilir.

«Poetika» anlayışı Kamal Abdullanın fikrinə görə, bütövlükdə həm bədiipoetik, həm də təmiz poetik hissələrin cəmini təşkil edir» (s.8). Özü bu termini («bədiipoetik») yaradır və onun yeni məzmununu ortaya çıxarır, əsaslandırır. Mifoloji kontekstdə «Kitabi-Dədə Qorqud»un «Dansökülən variantı» anlayışında da nəsə var. Dan, dan yeri, dan yeli, dan ulduzu, dan üzü, dan vaxtı… Günün doğmasına azca qalmış havanın işıqlanması, sabah açılarkən günəşin üfüqdə ilk ağarması.

Kamal Abdulla Mifoloji Dansöküləndə bədiipoetik enerji axtarışına çıxmış, mifoloji yaradıcılıq dövrünün səciyyəvi əlamətlərini saf-çürük etmişdir.

I variantı bildirən «Dansökülən»ə lüğətlərdə rast gəlmək olmur. Dansökülən — Günortac — Qürub assimmetriyası insanın ilkin keçmişindən ayrılma yollarını, insanın öz inkişafının müəyyən mərhələlərini, tarixi məqamları inikas etdirir. Bu inkişaf yolunda insanlara «insanlıq dərsi» keçilir, şəxsiyyətdə insani keyfiyyətlər yaranır (s.241).

Kamal Abdullanın zamanı — fəlsəfi-obyektiv zamanı mifoloji yöndən bu cür təsnifləndirməsini mühüm bir yenilik saymaq olar. Özünün dediyi kimi, qeyd edilən bu müxtəlif variantlar yeni tədqiqat yönləri və həm də yeni daha mükəmməl nəşrlər deməkdir. Bu üçlük «Dədə Qorqud» poetikasının immanent təhlilinin ilkin əsasına dönə biləcək. O zaman, həqiqətən də, «Kitabi-Dədə Qorqud» dastanının bütöv olaraq mifologiyasının, həmçinin də başqa problemlərinin öyrənilməsinə doğru yeni real addımlar atılacaq.

Kamal Abdulla göstərir ki, insan bütün yaşayış tarixlərində, müxtəlif sivilizasiya pillələrində öz etnik-genetik kökünə laqeyd qalmamağın, mağaradakı durumundan mənimsədiyi irsi psixoloji keyfiyyətlərin əziyyətini çəkmişdir. İnsanın gələcək kamillik mübarizəsi bu keyfiyyətdən təmizləmə mübarizəsidir. Bu cəhətdən monoqrafiyada sübut olunur ki, mif əbədi yaradıcılıq faktıdır.

Bundan savayı, bədiipoetikliyin qədim mətnlərdə ifadə və məzmun aspektləri üzrə təhlili üçün mətnəqədərki mücərrəd keyfiyyət-kəmiyyət ölçüləri də müəyyən edilir.

Bu kimi məsələlərin Kamal Abdulla tərəfindən əvvəllər də qaldırılması dastanın ayrı-ayrı boylarının mifopoetik aspektdə öyrənilməsi üçün (daha geniş biçimdə) istiqamətlər müəyyənləşdirilmişdir. Bu araşdırma, əlbəttə, dünyanın bədii xəritəsində öz yerini, mövqeyini qoruyub saxlayacaqdır. Bu gün ədəbiyyat və mif problemlərinin öyrədilməsində təkcə «müqəddimə»nin rolu kifayət edər. «Kitabi-Dədə Qorqud» öz epoxasının nəfəsini, sürətini daşıyır. Onun bədiipoetikası qədim oğuzların hərəkət və coşğun həyat tərzini güclü inikas etdirir. Hər bir qədim mətnlərdə olduğu kimi, bu qaynaqda da başa düşülən, dərk edilən ölçülər mövcuddur. Bu ölçüləri Kamal Abdulla tarixi və nəzəri münasibətlərin birliyində ortaya çıxarır.

Bədiipoetika müstəqil elm sahəsi kimi son dövrdə yaransa da, onun ənənələri, ayrı-ayrı ünsürləri bəşər elmi təfəkkürünün ən qədim zamanlarına gedib çıxır. Tədqiqatlar da göstərir ki, günümüzdə geniş müzakirə obyektinə çevrilmiş bir çox tarixi bədiipoetikliklə bağlı hadisələrin şərhi ilə şərq və yunan mütəxəssisləri məşğul olmuşlar. Bu abidədə «oğuzların donmuş tarixi» Kamal Abdullanın axtarışları nəticəsində əriyir, əridikcə də həmin abidənin bədii poetik quruluşunda mövcud olan «sirlər açılır». Qədim bədiipoetik qat açıldıqca tayfa dilinin bədii təfəkkürlə, ələlxüsus da söz sənəti ilə bağlılığının çoxşaxəli parametrləri üzə çıxır. «Dil və bədii düşüncənin qırılmaz əlaqəsi mağara mədəniyyət tarixinin ilk mərhələlərinə nəzər salan zaman daha aydınlığı ilə hiss edilir. Həmin epoxada ibtidai insan öz mənəvi aləmini, emosiyalarını təzahür etdirmək üçün aktiv olan öz dilini istər-istəməz zənginləşdirməyə, yeni məzmun planı və ifadə planı hazırlamağa və s. çalışır.

Bu baxımdan Kamal Abdullanın kitabı tariximizin ilk dövrlərində oğuz tayfalarının yaradıcı gücünün, ələlxüsus da dil yaradıcılığının intensiv və mürəkkəb bir proses olduğunu aydın göstərməkdədir.

İnkişafın hələ ilkin pillələrində ortaya çıxan poetika (mif dövründə), daha doğrusu, poetik dil varlığının uzunmüddətində ibtidai (bəsit) dil və kompozisiya şəkillərini, eləcə də hər hansı dil vahidlərinin, obrazlı sistemin seçim və təşkilinin xüsusi prinsiplərini yaratmışdır ki, bunlar, əlbəttə, dilin vəzifələrinin sosial həyatın uyğun sferalarında reallaşmasının məqsədi ilə müəyyən edilir. Kamal Abdullanın kitabında bu kimi məsələlərə münasibəti və müşahidləri çox maraqlıdır.

Bu baxımdan monoqrafiyanın annotasiyasındakı ümumiləşdirmənin gerçəkliyi hissolunandır: «Monoqrafiya müəllifin «Gizli Dədə Qorqud» silsiləsindən çalışmalarının məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. «Kitabi-Dədə Qorqud» kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir».

Öyrənilmə obyekti «ibtidai bədiipoetika»dır. Linqvistik poetika və poetik nitqin linqvistikası. Problemin mürəkkəbliyini heç kəs dana bilməz. Mürəkkəblik orasındadır ki, «nitqin obrazlı-semantik strukturunun əsaslandırılmış şərhi»nin (S.N.İvanov) başa çatdırılması çətinliyi ibtidai bədiipoetik vasitələrini müəyyənləşdirməkdən ibarətdir.

Bu vasitələr ilkin xüsusi arxitektonik qurmalar və ona aid olan sahmanlayıcı ünsürlər, sadəlövh suallar, təkrarlar, yasaqlardır. Kamal Abdulla mifoloji mətnlər üzrə bu məqamların öyrənməsini ona görə vacib bilmişdir ki, birincisi sözügedən mətnlərin kompozisiyasına ona kimi az nəzər salınıb, ikincisi isə mif yaradıcılığının başlıca xarakteristikasının meydana çıxarılmasında obrazlar sisteminin sintaksisi qeyri-müəyyən durumda qalır. Müəllifin belə bir interpretasiyası yerinə düşür: «Kompozisiyanı quran vasitələr mifoloji mətnin bədiipoetiklik ünsürü kimi yenə də Kosmosun (nizamın) bərpa edilməsilə bağlıdır. Kosmosun bərpasının (nizama salınmasının) mətndə inikası müəyyən dil və qrammatik ünsürlərin vasitəsilə həyata keçirilir.

Bədiipoetikaya dair problemlərin müəyyən edilməsi, struktur vasitələrin, ünsürlərin mümkün qədər sitem biçimində təhlili, ayrı-ayrılıqda izahı, həmin vasitələrin mif mətnlərində mövqeyi və əhəmiyyəti, formal və məna yükü, işlənmə tezisi və digər əlamətləri və s. bu kimi məsələlərin şərhini əhatə edir. Həmçinin, də sözügedən struktur ünsürlərin bir-biri ilə qarşılıqlı bağlılığı və mifoloji mətnin bədii strukturunda yeni semantik potensialın ortaya çıxarılmasını Kamal Abdullanın bilik təcrübəsinin zənginliyi, axtarışlarının dinamikliyi ilə bağlamaq olar.

Qədim poetik qatda sahmanlayıcı elementlərdən istifadə olunur. Mətn sahmana düşür. Yəni mətndə qayda, səliqə, düzgün durum yaranır. Qeyd olunan dil və qrammatik vasitələr öz yerində düzgün yerləşir. Dastan müəllifi tərəfindən nizama salınmış, düzəldilib hazırlanmış mif mətnləri bir-birindən «kənarda» hazırlanır və sonradan vahid mətn içərisinə «yeridilir» (s.152). Kamal Abdulla mətni sahmanlayan üç leksik variant göstərir: «məgər», «bu (ol) mahalda», «bu yandan» («bu yana»). Bunlar mətnin sərhədlərini bir-birindən ayırır. Kitab müəllifi ilkin olaraq özünü bədiipoetik element kimi göstərən sahmanlayıcı vasitələrin hər biri üzərində ayrıca dayanır. Boylara müraciət olunaraq aydınlaşır ki, «Kitabi-Dədə Qorqud»da «məgər» elementinin köməyilə bir məkan digər bir məkana köçürülür. Bu ünsürün iştirakı ilə təsvir olunan hadisələr bir-birindən aralanır.

«Məgər»in ayrı-ayrı boylarda işlənmə məqamını bütün incəliklərinə qədər izləyən Kamal Abdulla göstərmək istəyir ki, təbii ki, mətndə onun hansı informativ hissələri bir-birindən ayırmağa xidmət göstərməsi aydınlaşmır. O, düzgün fikir yürüdür ki, bunun semiotik (işarəvilik) mənası mövcuddur, ona görə ki, bu durum həmən boyun başlanğıc təsvirindən öncə mətndənkənar hansısa başqa təsvirin də olmasına bir işarədir (s.163). Müəllif «məgər» sahmanlayıcı elementinin boylarda mətnin prepozisiyasında işlənməsini, mətn daxilində məzmunun gücləndirilməsi məqsədilə onun müəyyən əlavələrlə (bunlar bu sözdə ikən) birgə işlənməsini də müşahidə edir. Dastanda digər sahmanlayıcı element «bu (ol) mahalda» tərkibidir. Təhlildən aydın olur ki, bu sahmanlayıcı elementdə zaman anlamı, eynizamanlılığın müxtəlif məkanı «gizlənib». Mətndə iki informativ parça arasında (həm zamanca, həm də məkanca) nizamlama funksiyasını yerinə yetirir (s.166).

«Bu mahalda»nın yaxın hadisələri, «ol mahalda»nın isə uzaq hadisələri bildirməsi mətnin ahəngini təbii ki, ikiləşdirir.

Dastanda Dədə Qorqudun ən mühüm xidməti kimi ibtidai mətnlərin ilkin quruluşunun yaradıcısı olması faktının açıqlanmasıdır. Həssas tədqiqatçı mətnə sonrakı «redaktələri» Əli Sultanlının təbiri ilə ağ sapla tikilmiş qara yamağa bənzədir. Bu yolla Kamal Abdulla mətndə intertekst münasibətləri yarada bilir.

Xüsusən də, intertekstual münasibətlər monoqrafiyanın Dədə Qorqudun dastandakı müxtəlif funksiyalarından ayrı-ayrılıqda danışarkən formalaşır. «Müəllif Dədə Qorqud»da görkəmli ədəbiyyatşünas Əli Sultanlıdan, «Kahin Dədə Qorqud»da V.V.Bartoldan, «Müəllim Dədə Qorqud»da C.Vikodan (məs: C.Vikonun belə bir fikrinə şərik çıxdıq ki, o ibtidai dövrdə ilk yaradıcılar özləri özlərini yaradırdılar (Vikoya görə öyrədirdilər, s. 171), O.Freydenberqdən (arxaik hekayədə müəllif öz hekayəsinin təsvirində nə həmən vaxtın, nə də həmən məkanın içində olur» (s.173) sitat gətirilir. Burada yerinə düşər ki, göstərək, gətirilən sitatlar kompleks mədəni-linqvistik hadisə kimi görünür. Hər hansı bir mətnin, o cümlədən, «Kitabi-Dədə Qorqud» mətnlərinin dərində (alt və üstqat) mənalarını səciyyələndirir. Sitat bədiipoetik mətnlərdə informativlik, kompozisiyon, assosiativlik, arqumentlik, xarakterlik, emosional-qiymətləndirmə, tipikləşdirmə, perifraz və s. funksiyaları daşıyır, bütöv spektri gerçəkləşdirir. Fikrimizcə, bu monoqrafiyada Kamal Abdullanın intertekstual konsepsiyası üzərində bir qədər geniş dayanılmalıdır. Əlbəttə, bu ayrı bir araşdırmanın mövzusu ola bilər. İntertekstuallıq (mətnlərarası əlaqəlilik) bir kateqoriya kimi linqvistik və bədii mətnlərin aktual istiqamətlərindən biridir. Müasir dilçilər intertekstuallığı mətnin kateqoriyası və mədəniyyət elementi kimi baxmışlar (Lotman Ö.M. Kultura i vzrıv. Semiosfera. SPb.: İskusstvo- SPb, 2010, 2010, s. 12-148)

Tədqiqatçının dəqiq müşahidələri «yad mətnlər»lə öz mətninin arasındakı əlaqənin yüksək səviyyədə olduğunu göstərir. O, «sıfır» variantlı (implisit) sahmanlaycı ünsür» hissəsində görkəmli yazıçı və filosof Umberto Ekonun «Təzahürsüz quruluş» adlı əsərindən belə bir mətn parçası (sitat) verir: «Umberto Ekoya görə, M.Haydegger bizə xatırladır ki, mətndə reallığın təzahürünü (özünübiruzəni) görmək o demək deyildir ki, bu zaman biz bu mətnin nəyin barəsindəsə danışdığını anlayırıq, bu, daha çox o deməkdir ki, biz bu mətnin nəyin barəsində danışmadığını anlayırıq» (bax: s.178).

Transmətn münasibətlərin növlərinin funksional tipləri, mətn münasibətlərini aşağıdakı hissələrə ayırır: 1) intertekstuallıq (sitatlar, allüzsiya, intekst və s.), 2) paratekstuallıq (mətnin öz hissələrinin bir-biri ilə münasibəti, məsələn, epiqraf), 3) metatekstuallıq (öz konteksti olan mətnin münasibətləri), 4) hipertekstual (törəmə münasibətlər), 5) arxitekstual (mətnin janr əlaqəsi) (Aksenova, 2013, s.4).

Bu bölgü üzrə Kamal Abdullanın bədii mətnlərini tədqiqata cəlb etmək olar. Kamal Abdulla intertekstual əlaqələrini davam etdirir, gəldiyi nəticədə yenə də yuxarıda olduğu kimi, Umberto Ekonu həm ustad adlandırır, həm də ondan aşağıdakı fikri öz mətninə pərçimləyir: «İnformasiya bəlkə də o demək deyildir ki, nə isə deyilsin, informasiya bəzən o deməkdir ki, nə isə deyilmir, amma deyilə bilər». Bu fikrə daha heç nə əlavə etmək olmaz, çətindir.

Sitat Kamal Abdullanın əsərində ikonik işarə kimidir. Bu işarə Kamalın mətnin təhlili kontekstində hərdənbir verdiyi ricətlərdə (haşiyələrdə) müşahidə olunmaqdadır.

Bu kimi ikonik işarələrin mətndə güclü mövqeyi vardır: Bu gücü epiqraf, sərlövhə (başlıq, ad), mətn konsovkası, postskiptum, mətnin kulminasiya (açar) anı (momenti) və s. daha da artırır.

Belə təsəvvür yaranır ki, intellektual nəhənglərdən (özü də intellektual nəhəngdir!) gətirilən allüziyalar fikrin genişliyi məqamında köməyə çatır. Belə bir fikir də həmin məqamda səsləşir: «Mütləq anlaşıqlı mətn eyni zamanda mütləq əhəmiyyətsiz mətndir». Bu, Y.M. Lotmanın insan və mətn, eləcə də semiosfera barədəki fikirlərindən biridir. Burada intertekstuallıq mətnqurma funksiyasını yerinə yetirir.

Əlbəttə, linqvistikada belə sitatlar mikrosistem hadisəsi yaradır. Mətndə sitatın sərhədlərini müəyyənləşdirməkdən ötrü bir sıra qarışıq hadisələri müqayisə etmək lazım gəlir. Qarışıq hadisələr «allüziya» (hər hansı bir mətndə namyok), «reminissensiya» (başqa əsərin izi, təsiri) aiddir. Sitatı bu termin-anlayışlarla da müqayisə etmək olar. Allüziya mətnin təşkili prinsipidir. Allüziyalıq vertikal kontekst kateqoriyasıdır.

Mətndə inetertekst münasibətlər sitat vasitəsilə formalaşır. Boyların Dəşti-müstəqimiyyə adlanan qatının içində də ibtidai bədiipoetik elementlər, burada qədim mətnlərdə sözün, ifadənin müstəqim mənaları müəyyənləşərək meydana çıxarılır. «Müstəqim» ərəb sözüdür, mənası doğru, düz, birbaşa deməkdir.

«Qarşı yatan Ala Dağ» ifadəsinin mənası bu baxımdan birbaşa açılır və həmin məna qədim insanın konseptual biliyinə əsaslanılır. «Bu informasiyanı alan insan, sadəcə, inanır ki, qarşıda ucalan və onun gördüyü Ala Dağ həqiqətən yatıb və nə zamansa hökmən yuxudan oyanacaq.

Çox maraqlıdır ki, bu təhlil prosesində ifadənin gizlində qalan və açıq mənaları qarşılaşdırılır, müstəqim məna «dağın ucalması» (yatması yox!) unudulmuş, arxada qalmış məna (arxaizm) aşkar edilir. Əgər Kamal Abdulla boyların mətnlərindəki Dəşti-Müstəqimiyyə elementlərini (çoxmənalılığı) bu səpkidə davam etdirsə, üç bu boyda kitab yaranar.

Boylarda işlənmiş metaforaların çoxu qədim dilin quruluşu ilə bağlıdır (kimi qoşmasının metamarfozları). Bu da təbiidir. Hiss olunur ki, ayrı-ayrı boylarda fikri fəaliyyətin əsas formalarından biri olan müqayisə bütünlükdə təfəkkürə bağlanan əlamət kimi şərh edilmişdir. Bizə elə gəlir ki, Dədə Qorquddakı müqayisələr əksliklərin vəhdəti olduğundan Kamal Abdulla tərəfindən məhz təfəkkürün dialektikası prizmasında interpretasiya olunur. Müstəqimliklə məcaziliyin münasibəti isə monoqrafiyada «təsəvvürlər kompleksi» baxımından izah olunur. Düzgün olaraq, tarixən qədim mətnlərdə metaforlaşma hadisəsinin yaranması, meydana çıxması ibtidai bir dilin strukturu ilə əlaqədardır. Amma bununla belə, semasiologiyadan bəhs edən bəzi əsərlərdə metaforanın dil strukturu ilə bağlı olmadığına da işarə edilir (Bax: Zveqinüev. Semasioloqiya). Aydın görünür ki, Kamal Abdulla mətnlərdə sahmanlayıcı elementlərin işlənmə tezliyini də təyin etmiş, dərəcələri göstərmişdir. «Xüsusi araşdırmağa dəyər» ifadəsi nəticə məzmunlu olub Kamal Abdulla tərəfindən irəli sürülən məsələlərin gələcəkdə daha dərindən öyrənilməsinə rəvac verir. Həmin məsələlərdən biri də mətnin məzmun qatıdır. Yəni mətnin struktur qatından sonra onun dərində olan məzmun qatına enmək və orada olan təzahürləri öyrənmək daha aktual səslənir. Beləliklə, təzahürlü quruluşun təzahürsüz quruluşla korrelysiyası o səviyyəyə gəlib çatır ki, mətnin arxitektonik qurulmasında, yəni qədim mətnin bədiipoetik təqdimatında onun, reallıqda olmasa da, «izini» — keçib gəldiyi biruzə prosesini «görmək» mümkün olur (s.182).

Tarixən dildə, mətnlərdə real olaraq təkrar hadisəsinin mövculuğu təsdiq edilmişdir (İ.M.Astafyeva). Tədqiqatın sonrakı mərhələsi mətndəki təkrarlı ifadə tərzi ilə, sintaktik-konstruktiv təkrarlarla bağlıdır. Təkrarlar bu mənbədə elə bil ki, «at ayaqlarının səsini xatırladır».

Təkrarlar oğuz boylarının dilini sanki qanadlandırır. …Təkrarlar möhtəşəm bir sistem kimi əvvəlcə kompozision qurma olaraq, buradan da bədiipoetiklik ünsürü kimi məhz bu şəkildə yaranmağa başlayır, yəni başqa bir məqam yenidən mətnə daxil edilir» (s.152). Məs.: «Ol gün ciyərində olan ər yigitlər bəlirdi. Ol gün müxənnətlər sapa yer gözətdi. Ol gün bir qiyamət savaş oldu, meydan dolu baş oldu, başlar kəsildi top kimi. Şahbaz-şahbaz atlar yügürdü, nalı düşdü, ala-ala göndərlər susaldı. Qara polad üz qılıclar çalındı, yelmağı düşdü. Üç yeləkli oxlar atıldı, dəmrəni düşdü…» (KDQ, s.40)

«Ol gün»ün mətndə təkrarı ritmik konfiqurasiya yaratmışdır. Mətnin təşkili mexanizmini təmin etmişdir. Dastana, boya məxsus daxili dinamikanı əks etdirmişdir. Kamal Abdullanın müşahidələri göstərir ki, bu möhtəşəm qaynağın mətnlərində səs, söz, söz birləşməsi, cümlə, hətta situasiya və boy sonluqları intensiv təkrarlanır. «Bu dil-üslub fenomeni»nin işlənməsi ibdidai bədiipoetiklik əlaməti kimi özünü göstərir» (Bax: s.206).

Belə ki, təkrarlar ibtidai bədiipoetik quruluşun əsas vasitəsi kimi başlıqda yerləşdirilir. Və onun 8 hissəli yarımbölmələrində təkrarlar tarixi mətnlərdə (biz qədim əvəzinə tarixi yazırıq-İ.K.) universal nəzəri-metodoloji cəhətdən qiymətləndirilir. Sözügedən mətnlərdə təkrarların Kamal Abdullanın doğru-dürüst müəyyənləşdirdiyi səviyyələr (dil səviyyələri) ardıcıllıq, mahiyyət, daha doğrusu, sistem baxımından səciyyəvi sayıla bilər. Sahmanlayıcı ünsürlər mətnqurucu işarə, qurma faktı kimi özünü göstərir.

«Sadəlövh suallar» deyilən forma adama elə gəlir ki, ibdidai dövrün pafosundan doğulur, E.Meletinskinin dediyi kimi (Pogtika mifa), o, sosial atmosferin, mühitin bədii şəraitindəki dalğadır, sədadır, tarixi hadisələrin harmoniyası bu formalar vasitəsilə də əks-səda tapır» (s.164).

Mətnlər haqqında Kamal Abdulla öz sözünü deyə-deyə gəlir. Bu faktı da görür: ibtidai dialoqlar, replikalar, suallar-cavablar… «Kitabi-Dədə Qorqud»un mətnlərində xüsusi məqamda və xüsusi məqsəd üçün istifadə olunmuş sual və cavablar ayrıca fəsil təşkil edir və həmin başlıq «sadəlövh suallar» (əslinə qalanda həmin suallar mühüm mətləbləri təzahür etdirir. Məs.: həyat dərsi kimi ünvanlamış suallar: Yağı diyü neye dirler? Ecel aldı, yir gizledi, Fani dünya kime kaldı?) adlandırılır. Kritik məqamda üzə çıxan, müəyyən məntiqə söykənən, bəziləri ritorik mahiyyətli bu suallar ritual (dərs) və mifoloji, eləcə də virtual (həyati) məzmunu ilə seçilərək mağara dövrünün cəmiyyətinin son dərəcə psixoloji durumunu və praqmatik məqsədlərini həyata keçirmiş, onların öyrənməyə canatım ehtirasını ifadə etmişdir. Kamal Abdulla həmin sualların qədim kahinlərdən gəldiyini də, kökünü də müəyyənləşdirmişdir.

Bədiipoetik yaradıcılığın ən birinci şərti, ən ümdə tələbi budur ki, qatlarda, boylarda olan estetik mətləbi yüksək poetik səviyyədə ifadə etməyi bacarasan. Bu bacarıq kitabın «Bədii yasaqlar» fəslində də görünür. Boylarda bir sıra hallarda əsl məqsəd, əsl həqiqət qəsdən gizlədilir. Bu gizlənmənin kontekstində blef, qorxu, tabu dayanır. Həmin şifrələnmiş ifadələri, psixoloji momentləri mətndən tapmaq və nə üçün işləndiyini demək çətindir. Amma bu bacarığı Kamal Abdulla tədqiqatında ortaya qoyur və müasir oxucu ilə müasir ideya söhbəti aparır, oxucunun zehninə, duyğularına nüfuz etməkdən ötrü ən əlverişli (həm də yeni) təhlil formasını tapır. Bu, bizcə, tədqiqat uğuru hesab edilməlidir.

Kamal Abdulla doğru olaraq düşünür ki, KDQ-nin «suallar və cavablar» konsepsiyasının ayrıca sahə kimi bu tədqiqatın gələcək variant və nəşrlərində araşdırılması qədim bədiipoetik qata yeni işıq sala bilər.

Beləliklə, ibtidai bədiipoetiklik qənaətləri və nəticələri göstərir ki, Kamal Abdullanın «Kitabi-Dədə Qorqud» poetikasına, bütövlükdə əsərin özünə elmi-fəlsəfi baxışla nüfuzu təkcə mühakimələrində, bədii məntiqində, poetik sintaksisində deyil, həm də konkret biçimdə elmi dilə məxsus yeni leksikadan, müxtəlif düşüncə sahələri ilə bağlı terminoloji vahidlərdən istifadəsində görünür.

Deyilən ən ümdə tipik xüsusiyyətləri, necə deyərlər, mifoloji mətnlərin özü seçmişdir. Həmin «abırlı mətnlər» haqqında görünən və görünməyən həqiqətləri isə Kamal Abdulla qədirbilən oxucularına çatdırmışdır.

Kamal Abdullanın bu kitabını — həyatiliyi və rəng ovqatları ilə seçilən «Kitabi-Dədə Qorqud» mətnlərində ideya və mifologiya, dil və mifologiya və forma və məzmun axtarışlarını yüksək qiymətləndirmək lazımdır. Xüsusən də, sözügedən kitab mətn kimi çətin bir fenomeni təhliletmə yeniliyi ilə yadda qalır. Ümumiləşdirici fikir hər bir fakta fəlsəfi-linqvistik müdaxilə, hətta kitabda özünə yer almış haşiyələrin (kitabda ricət) məzmununa çevrilir; bu məzmun özü emosional dərinlik yaradır — dərinliyin özü nəhayətsizlikdir. «Dədə Qorqud» nəhayətsizliyi!

3.6.2018

İsmayıl KAZIMOV
Filologiya elmləri doktoru, professor