Respublikamızda çap olunan elmi jurnalların sırasında Azərbaycan Dillər Universitetinin “Dil va Ədəbiyyat” nəşrinin reytinqi kifayət qədər yüksəkdir. Xüsusən son iki il ərzində nəşrin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər aparılmaqdadır. Təqdim olunan yazılara peşəkar yanaşma, həm də redaksiya heyətina respublikanın digər elmi mərkəzlərindən, habelə xarici ölkələrdən müvafiq mütəxəssislərin əlavə cəlb olunması nəticəsində, məqaləlarə qoyulan tələblər həm formal (unifikasiya), həm məzmun nöqteyi-nəzərindən artıb. Ən maraqlı yeniliklərdən olan “Elmi disput” adında rubrikanın açılması xüsusi diqqətə layiqdir. Rubrikanin ilk “qaranquşu” ADU-nun professoru Jalə Qəribovanın türk yazarı Naim Dilmekerin “Obsesyon” romanının reseptiv tənqid kontekstində işıqlandırılmasına dair iri həcmli yazısıdır ki, sözsüz, elmi disputun əsl predmetine uyğundur. Yeni nəşrin yeni rubrikasının açılışı baş verib. Eyni zamanda, Maral Yaqubovanın özünün “Dil va Ədəbiyyat” jurnalının 2-ci nömrəsində “Elmi disput” da diqqəti çəkən yazısının çap olunması disput məfhumu çərçivəsində onun ətrafında söhbət açmağa zənnimizcə, dəyər.
İlk növbədə, terminin özü barədə. “Disput” (latınca “dispute” _ mübahisə etmək, mülahizə yürütmək) eyni zamanda “dəyirmi masa” anlamında təşkil olunan hansısa problem, əsər barəsində fikir mübadiləsi deməkdir; yəni, jurnalda çap olunmuş yazıya aid (növbəti nömrədə) rəylərin verilməsi kimi nəzərdə tutulan bölmə.
Beləliklə, M. Yaqubovanın məqaləsinin da bir qədər intriqavari adı (“Bədii mətn va nəzəriyyə: Kamal Abdullanın “Yeni dünya” və “Müəllifin ölümü qarşıdurma kimi”) diqqəti cəlb edir. Bəri başdan qeyd olunmalıdır ki, bu yazı püxtələşmiş, geniş mütaliəli, nəzəri təfəkkürə malik tədqiqatçının qələmindən çıxmışdır. Sözü gedən məqalədə maraqlı məqamlar, açılmalar, hətta kəşflərdən danışmaq olar. Əlbəttə, mübahisəli məqamlar da öz yerindədir. Oxucunu məqalənin özünə müraciət etməsini tövsiyyə edirik.
Bizim isə niyyətimiz bu yazıya münasibət bildirmək, yaxud da K.Ab-dullanın özünəməxsus polifonik üslubda və bədii strukturda yazılmış romanına yeni bir rəy vermək deyil. Çünki bütövlükdə romanla bağlı disputu açan Maral Yaqubovanın tədqiqatı ilə razılaşmamaq çətindir. Biz “tədqiqat” sözünü təsadüfən işlətmədik. Yəni bu yazı tutumuna görə adət etdiyimiz resenziya “janrının” hüdudlarına çətin sığır. Bir qədər genişlənmiş halda qoyulan nəzəri problem – yazıçının digər “sirlə” bağlı əsərləri, (məsələn, “Sehrbazlar dərəsı”) əlavə olunmaq şərtilə rahat monoqrafik tədqiqata “çevrilə” bilərdi. Məsələ həcm və məzmun tənasübündədir. Belə ki, artıq məqalənin adında prioritet mövcud nəzəriyyə modellərinə verilir, təsadüfi deyil ki, “yeni dünya” və “müəllifin ölümü” qarşıdurması dırnaqda verilir. Və yazıda bəlkə də, yarıya qədər (çox təfərrüatlı informativ həcmli) dünya və sənət, “müəllif – mətn-oxucu” məlum triadasına – antik dövrdən (Aristotel, Platon, Heraklit, Qussel), struktur dilçilikdən, formalistlərdən (V.Sklovski, B.Exenbaum və b.) başlayaraq postmodernizmin məşhur nümayəndələrinə qədər (M.Fuko, Y.Derrida, U.Eko və b.) – ümumilikdə onlarla adlar, məktəblərin mövqeləri bol-bol sitatlarla nəzərdən keçirilir.
Problemə giriş (ətəkdə verilən bol-bol informativ materiallarla birlikdə) xeyli dərəcədə genişdir və bir qədər də yorucudur. Xeyli uzaqdan başlayaraq, nəzəri informasiya axını bəzən mətləbdən uzaqlaşdırır. Zənnimcə, məqalənin “janr” imkanları çərçivəsində bu “giriş” hissəsini daha lakonik (həm terminoloji yüklənmə baxımından) vermək, bir neçə əsas mövqeləri qeyd etməklə, önəmli görünəni seçib konkret bədii materialda öz mövqeyini açıqlamaq olardı. Bu, mənim şəxsi təəssüratımdır. Və K.Abdullanın romanının oxucu tərəfindən açılmasını nəzərdə tutan məqalə müəllifi imperativ şəkildə qeyd edir ki, “oxucu romanın bətnində mühafizə olunan yeni dünyanı görmək üçün bildiklərini unudaraq, … ehtimallarını önə sürməyə tələsmədən başlamalıdır”. Bir qədər mücərrəd tövsiyyədir. Bu cür imperativ tezisdən qayıdıb onunla əlaqəli məqalənin xülasəsində verilmiş tövsiyyəyə diqqət edək. Romanın ―yeni dünyanın təqdimetmə şəkli və oxucunun bu dünyanı necə kəşf etməsi geniş araşdırılır. Mətni “yeni dünya” kimi düşünmək və görmək prosesinin necəliyi, “yeni dünya”nı addım-addım kəşf etmənin yolları və üsulları, mətnin ―təfərrüatlarını qayğıkeşliklə toplamaq mexanizmi barədə nəzəri mülahizələr irəli sürülür. Belə imperativ təlimatlara (az qala tibbi “anatomlaşma”) bədii əsərə aidiyyətdə bir qədər sual doğurur. Və əslində romanın təhlili prosesində müəllif nəzəri mülahizələri reallaşdırmağa çalışır və bəlkə də, bir çox hallarda buna nail olur.
Aydındır ki, bu cür özünəməxsus tərzdə yazılmış romanlar geniş oxucu kütləsinə ünvanlanmayıb. İndi götürək, müvafiq nəzəriyyələrə bələd olan peşəkar oxucunu. Onların da birinci şərti subyektiv estetik zövqdür. Nəzəri təlimatla əsərə “addım-addım” yanaşmaq hansısa deduktiv mövqeyi xatırla-dır. Bir də ki, ən əsası yazıçının təxəyyülü, (lap yüksək intellekt sahibi, peşəkar nəzəriyyəçi olan, postmodernist ədəbiyyatının bilicilərindən, yaradıcılarından olan) fitri istedadın əsas amili bir qədər arxa plana keçir. Daha ön mövqedə tənqidçi-nəzəriyyəçinin reseptiv interpretasiyası (nə qədər ağlabatan olsa da) dominantlıq, imperativlik təşkil edir. Əlbəttə, bu, çox mürəkkəb məsələdir.
Sözümün canı var. Maral Yaqubovanın peşəkarlıqla seçilən və əsasən qəbul oluna biləcək təhlili, yazıçının əvvəlki əsərləri ilə müqayisəli kontekstdə assosiativ baxışları məqalənin nəzəri preambulasında müxtəlif mövqelərə həddindən artıq yer verdiyinə, ətəklərdə yerləşdirilən həcmli apelyasiyalar və bir sıra imperativ səslənən postulatlarına görə, yazısının, bir növ, “tolerantlıq əmsalını” bir qədər aşağı salır.
Kontekst demişkən, bir detalı xatırlatmaq, bəlkə də, yerinə düşər. Məqalə müəllifi yazıçının yaradıcılığına dərin bələdliyini nümayiş etdirir, onun əvvəlki “sirr” motivi ilə bağlı hekayələrinin, elmi yazılarının romanda izlərini sezir.
Amma, çox təəsüf ki, bundan əvvəl yazılan və xaricdə çap olunan “Sehrbazlar dərəsi” romanı nədənsə diqqətindən yayınır. Halbuki bu iki əsərin ideya motivinin açılışı çox yaxındır: sehr-sirr dünyasının mövcudluğu (yazıçı təxəyyülündə olsa belə). Yuxarıda qeyd olunan nəzəri fonun materiallarının az qala dominantlığına baxmayaraq, bilavasitə romanın mətni ilə bağlı çətin “düyünləri” tədqiqatçı “addım-addım” açmağa cəhd edir va nəticədə sərlövhəyə çıxartdığı dilemmanın həllinə, zənnimizcə, nail olmağı bacarır. Bu ardıcıl aparılan təhlillərdə qeyri ardıcıl diskretli fraqmentlər, interferensiyalarla dolu süjetdə (“sərgüzəştlərdə”) “yeni dünya” tədqiqatçının bələdçiliyiylə (paralel zaman va məkanlarda), demək olar ki, öz düzümünü tapır. Zaman-məkanlar dedikdə, xronotop məsələsinə xüsusi diqqət ayırmaq olardı. Zaman va məkanların kəsişməsi, interferensiyası (bir-birinin üstünü laylaması) və bu hadisələrin əsas qəhrəmanı olan Həsən müəllimin obrazı ilə dolayısı əlaqəsi – əsas problemdir.
Mətnin şərhinə, daha doğrusu, deşifrəsinə təhlil boyu geniş yer verən məqalə müəllifi dünya ədəbiyyatşünaslığında ötən əsrin ortalarından başlayaraq məlum “müəllif-mətn-oxucu” triadasının oxucunun dominantlığı üzərində dayandığını qeyd edir, lakin əsrin sonlarında R.Bart, M.Fuko, U.Eko və b. ədiblərin avanqard görüşlərində demiurqluğunu itirirən müəllifin “dönüşünü” vurğulayır. Yazıçı niyyətinin özünəməxsus taktikasından danışan məqalə müəllifi mətni fərqli şəkildə çatdırmağın orijinal üsullarını açır.
Bir neçə məsələni vurğulamaqla kifayətlənmək istərdik. Məsələn, təhkiyə problemi mətnlə sıx bağlıdır. Gerçək və “yeni dünya” paralel olaraq növbələşən fəsilləri kimi təhkiyədə əks olunur. Həsən müəllimin gerçək dünyasındakı (əslində yaşamadığı dünyada) təsvirində təhkiyə çox adıdır -bu dünyanın dəyərlərinə müvafiq. Çərxi-fələk dünyası, “paralel” (virtual) dünyanın təsvirinin təhkiyəsi tam dəyişir – dastanvaridir. Dastan personajlarına müvafiq – bura başqa dəyərlər dünyasıdır. Həsən müəllimin özü də bu paralel dünyanın adamıdır, amma gerçəklikdə qalıb, daha doğrusu, bu iki dünya arasındadır: ona görə müəllif onu başqa yox, məhz amneziya (əsərin personajlarından biri onun diaqnozunu səhvən Alsqeymer xəstəliyi adlandırır) xəstəliyinə düçar edir. Günlərini Mir Həsən ağa Səyyahın yalnız Həsən müəllimə görünən risaləsini oxumasına həsr edir, yəni virtual dünya ilə görüşmək niyyətinə. Zənnimizcə, məqalə müəllifi bu iki personajın bir-birinin özünəməxsus ipostası olduğu haqqında düzgün nəticəyə gəlir.
Xronotopun çərçivəsizliyi, yəni zaman və məkanın (oxu: mətnin “ölçümsüzlüyü”) müəllifə hətta sabitləşmiş, klassik mifik personajların mahiyyətini dəyişməyə imkan verir. Ən bariz misal: qəddar, qaniçən Təpəgözün “imana gətirilməsi”dir. Qədim yunan mifologiyasının Polifemi və türk mifologiyasının Təpəgözü. Bildiyimiz kimi, bunlarla bağlı miflərin birinciliyi haqqında müəyyən mübahisələr mövcuddur.
Ayrı-ayrı fəsillərin (həm illərin fəsillərinin) növbələşməsi də ilk baxışda diskret səciyyə daşıyır. Amma gerçəklik və “yeni dünya” binar oppozısiyası kontekstində oxunuşu bu diskretliyi “düzəldir”. Əsas açar isə dünyanın görünmə sirləri ilə bağlıdır. Qayıdaq məqalənin adında “müəllifin ölümü” postulatına, hansı ki, romanın təhlili nəticəsində özünü doğrultmur: müəlli-fin mövqeyi “pərdə arxasında” (daha doğrusu, mətnin alt qatında, seçdiyi qəhrəmanın iç dünyasında), alleqorik tərzdə özünü hiss etdirir.
Məqalənin və onun predmeti haqqında, əlbəttə, çox yazmaq və danışmaq olar. Ümumiyyətlə, K.Abdullanın romanın elə mətn müstəvisində çox-qatlı bir metafora (geniş bir alleqoriya da demək olar) təsiri bağışlayır ki, onun açar sözü “sirdir”, “Gizli Dədə Qorqud” tədqiqatı, başqa əsərləri assotiativ olaraq yada düşür. M.Yaqubova bu assotiativ sıraya toxunur. Və bundan çıxış edərək bizdə belə bir təklif yaranır: elə bu “sirr” məfhumu ilə bağlı “K.Abdullanın bədii və elmi yaradıcılığındakı axtarışlar” ayrıca tədqiqat predmeti ola bilər.
Akademik İsa Həbibbəyli özünün yaxınlarda Moskvanın “Наука” nəşriyyatında çapdan çıxan Azərbaycan ədəbiyyatı tarixinin yeni dövrləşdirmə konsepsiyasını təqdim edən monoqrafiyasında Kamal Abdullanı ədəbiyyatımızda postmodernizmin banisi adlandırır. Ola bilər. Hər halda əsərin “sirlərini” açmağa cəhd edərkən, biz onun bədii özünəməxsusluğuna hər hansı “izm”lərin modellərindən deyil, fərdi istedadın məhsulu kimi yanaşmağa üstünlük verməyin tərəfdarıyıq.
filologiya elmləri doktoru, professor Sara Osmanlı
Dil və Ədəbiyyat jurnalı
IX cild №3 2019
Şərh yoxdur