Azərbaycan Dillər Universitetində təhsil həyatımız üçün tarixi bir gün yaşanıb. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda keçirilən beynəlxalq elmi konfransda müxtəlif dövlətlərin ali təhsil müəssisələrindən tanınmış alimlər, rektorlar, ictimai-siyasi xadimlər, ziyalılar iştirak ediblər.
Konfrans elmi əməkdaşlıq, beynəlxalq münasibətlər, tolerantlıq və multikultural ab-hava baxımından xüsusilə əhəmiyyətli olub. Bu önəmin bir səbəbi də Azərbaycanın dünyaya bir daha tolerant və multikultural bir dövlət kimi tanınması idi. Bu münasibətlə xarici ölkələrdən gələn elm adamlarının, nüfuzlu ziyalıların “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq elmi konfransın təşkili ilə bağlı və həmçinin orada səsləndirdikləri fikirlərini təqdim edirik:
Çeçenistan Dövlət Pedaqoji Universitetinin rektoru İsmayıl Bayxanov:
– Azərbaycan Dillər Universiteti tarixi ənənələri və elmi nailiyyətləri olan ali təhsil müəssisəsidir. Azərbaycan Dillər Universitetini 75 illik yubiley münasibətilə təbrik edir, universitet rəhbərliyinə və kollektivinə ən səmimi arzularımı çatdırıram. Konfransa dəvətə görə universitet rəhbərliyinə, hörmətli rektor Kamal Abdullaya öz minnətdarlığımı bildirmək istəyirəm. Bu konfrans mötəbər bir elmi tədbirdir. Ulu öndər Heydər Əliyevin adına layiq bir konfransdır. Bildirmək istəyirəm ki, Heydər Əliyev nəinki Azərbaycan xalqının böyük oğlu idi, o, həm də dünyanın ən güclü siyasi liderlərindən biri idi. Heydər Əliyev çeçen xalqının qəlbində dərin sevgi və hörmət qazanıb.
Çeçen xalqı Azərbaycan Prezidenti cənab İlham Əliyevə də dərin hörmət bəsləyir. Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələri var. Bu münasibətlər ölkə rəhbərləri səviyyəsində yüksələn xətlə inkişaf etməkdədir.
Biz Azərbaycan Dillər Universiteti ilə elmi əməkdaşlığın başlanğıcındayıq. İnanıram ki, əlaqələrimiz daha da inkişaf edəcək və gələcəkdə yeni elmi perspektivlərin yaranmasına şərait yaranacaq.
Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı, professor Fikrət Türkmən:
–Çox vacib və gözəl konfrans oldu. Universitetin rektorunu və bütün kollektivi ürəkdən təbrik edirəm. Bu il, eyni zamanda, Azərbaycan Dillər Universitetinin 75 illik yubileyidir. Çox əlamətdar bir hadisədir. Bilirsiniz ki, Azərbaycanda Türkiyə–Azərbaycan Universiteti qurulacaq. Bu, çox vacib addımdır. Dəvət edərlərsə, yaşıma baxmayaraq, gələrəm. Elə bir iş olmalıdır ki, bura cazibə mərkəzi halına gəlsin. Bu universitetdə türk dünyasına könül vermiş, fədakar adamların çalışmasını istərdim. Türkiyə–Azərbaycan universitetinin qurulmasının son dərəcə önəmli əhəmiyyəti var. Türk dünyasının bütün istiqamətlərdə gələcək birliyi bu kimi universitetlərə bağlıdır.
Pakistanın Milli Müasir Dillər Universitetindən professor Muhammad Zubair İqbal:
–Bu konfrans ulu öndər Heydər Əliyevin multikulturalizm və sülhpərvər ideyalarının əksidir. Biz də sizin kimiyik. Hər zaman sülhün tərafdarıyıq. Azərbaycan Dillər Universitetinin 75 illik yubileyi münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Gözəl təsadüfdür ki, Heydər Əliyevin 100 illik yubileyi ilə eyni ildədir. Biz də öz universitetimizdə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirəcəyik və sizin əməkdaşlarınızdan da orda görmək istəyərik. Tədbirin təşkili əla idi. Belə maraqlı və önəmli konfransın təşkil edənlərə dərin minnətdarlığımı bildirirəm.
İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri Sandro Teti:
–Azərbaycan multikulturalizmində sadəcə nəzəri cəhətdən deyil, həmçinin fərqli millətdən, dindən olan insanlar mövcuddur. Mən düşünürəm ki, Heydər Əliyevsiz Azərbaycanı düşünmək olmaz, əgər, o, olmasaydı, ölkəniz hazırki vəziyyətdə olmazdı. Ölkənizin müstəqilliyi, ərazi bütövlüyü məhz Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Universitetin 75 illiyi münasibətilə sizi təbrik edirəm. Çox qürur duyuram. İlk dəfə sizin universitetdə nitqimi rus, türk, ingilis dillərindən fərqli olaraq, öz doğma dilimdə – italyan dilində ifadə etdim. Sevinirəm ki, Azərbaycan Dillər Universiteti belə bacarıqlı, savadlı gənclər yetişdirir. Hər şey üçün təşəkkür edirəm.
Maynz Universitetinin professoru Hendrik Buşoten:
– Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə çox əlamətdardır. Bu isə öz növbəsində, multikultural siyasətin əsasını qoyan Heydər Əliyevin uğurlu siyasətinin təzahürüdür. Həm Heydər Əliyevin 100 illik yubileyi, həm də universitetin 75-ci ildönümü üçün sizə ən xoş arzularımı bildirirəm. Üç-dörd dəfə Bakıya gəlmişəm. 75 il uzun bir müddətdir, buna görə sizi təbrik edirəm. Azərbaycan üçün çox faydalı universitetdir. İnkişaf edirsiniz. Uğurlarınızın davamını diləyirəm.
Pakistanın Kompüter və İnkişaf Etməkdə Olan Milli Elmlər Universitetinin professoru Summaira Sarfraz:
– Əvvəla, mən burada olmaqdan çox xoşbəxtəm. Bu bayramın bir hissəsi olmaqdan çox həyəcanlıyam. Bu, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş maraqlı tədbirlərdən biridir. Pakistan və Azərbaycan Dillər Universiteti arasında tələbə mübadilə proqramları var. Onların sayəsində tələbələr müəyyən müddətdə burda təhsil almaq şansı əldə edirlər. Bu baxımdan, sizin tələbələrlə bizim tələbələr arasında maraqlı informasiya müzakirələri olur. Ümumiyyətlə, belə tədbirlər dostluq münasibətlərini inkişaf etdirir. Azərbaycan Dillər Universitetini çox sevdim. Həmçinin tələbələrinizi də. Tələbələrin çıxışlarından da aydın olur ki, burada yüksək səviyyədə tədris aparılır. Sonda demək istəyirəm ki, Azərbaycan Dillər Universitetinin 75 illiyi münasibəti ilə akademik, rektor Kamal Abdullanı və burada zəhməti keçən hər kəsi təbrik edirəm. Və mən sizi çox sevirəm.
Belqrad Universiteti Türkologiya kafedrasının müdiri, professor Ema Miljkoviç:
– Mən, həqiqətən, sizin universitetinizi çox bəyəndim. Burada əla həmkarlar, dostlar və fantastik müəllimlərlə tanış oldum. Burada təhsil alan tələbələr o qədər enerjilidir ki, həmin müsbət enerjini mənə də ötürdülər. Mən bunu çox bəyəndim. Bu il Azərbaycan Dillər Universitetinin 75 yaşı olur. Bu münasibətlə də sizi səmimi qəlbdən təbrik edirəm. Uğurlarınız bol olsun.
Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz:
– Qafqaz Universitetləri Birliyinin sədri olaraq, Azərbaycan Dillər Universitetini 75-ci ildönümü münasibətilə təbrik edirəm. Rektorunuz Kamal Abdulla təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ziyalı insanlarından biridir. Onun rəhbərliyi altında Azərbaycan Dillər Universiteti daha gözəl layihələr həyata keçirəcək. Necə ki, bu gün multikulturalizm tədbirində dünyanın problemlərinə həll yolları axtaran universitet forumuna gəlmişəm. Dünyanın problemlərinə beynəlxalq anlamda həll yolları axtaran universitet olmaq çox qürurverici bir haldır. Çox xoşbəxt oldum. Gözəl 75 illərə. Mən, eyni zamanda, Türkiyə–Azərbaycan Universitetinin qurulmasına da diqqət çəkmək istərdim. Bu, Türkiyə–Azərbaycan əlaqələri baxımından çox vacibdir. Bu, əslində, iki ölkənin yox, bütün türk dünyasının, Qafqazın Universiteti olacaq.
Rumıniyanın Yas Universiteti Azərbaycan Multikulturalizmi Mərkəzinin direktoru, filologiya elmləri doktoru Lyudmila Bejenaru:
– Bu gün çox önəmli bir tarixi hadisənin şahidləri olduq. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı keçirilən konfrans öz unikallığı və əhəmiyyəti ilə diqqəti cəlb etməyi bacardı. Qeyd etmək istəyirəm ki, bu il həm də ADU-nun 75 illiyi keçirilir. Qədim tarixi köklərə və ənənələrə sahib müasir ali təhsil ocağı olan Azərbaycan Dillər Universitetinin rəhbərliyini və bütün kollektivini yubiley münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm.
“Xalq qəzeti”
https://xalqqazeti.az/sosial-heyat/131219-heyder-eliyev-multikulturalizm-ve-tolerantliq-ideologiyasi
Şərh yoxdur