Bu dünya hər şeyin sonu deyil.
Görmədiyimiz ölkələr, şəhərlər kimi
Yeni dünyalar var bizim üçün,
Yeni-yeni aləmlər var.
Bü dünya hər şeyin sonu deyil,
Bu sevda da son deyil,
Bu nifrət də son deyil.
Göydən bir səs gəlir bizə sarı,
Sən sev deyir,
Sən yaşa deyir,
Ölümün mənim olacaq.
Qorxma gözünü yummağa,
Doğma, əziz kimsəni itirməyə qorxma.
Qorxma üstündə şivən qopanda,
Səni yumağa gələndə qorxma.
Ölümün mənim olacaq…
Bu dünya hər şeyin sonu deyil.
Sonu deyil əzabın,
Sonu deyil sevincin,
Hər şeyin davamı var.
Göydən bir səs gəlir bizə sarı.
Ölüm də nöqtə deyil,
Ölümün mənim olacaq deyir.
Və bir də bunu deyir:
Görmədiyin ölkələr, şəhərlər kimi,
Yeni dünyalar var.
Görmədiyin su dibi,
Görmədiyin göy üzü kimi
Yeni-yeni aləmlər var.
Bü dünya hər şeyin sonu deyil.