1937433_991038387579626_5433472308071748097_n

Tarixi prosesdə formalaşan etnik-mədəni müxtəlifliklər (çoxmədəniyyətlilik, multikulturalizm) və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların və dövlətlərin inkişafında mühüm rol oynayır. Lakin bu müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr baş verir. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb edir.
Təəssüf ki, multikulturalizmin özü də müxtəlif ölkələrdə ondan gözlənən eyni müsbət nəticəni vermədi. Hansı ölkədə bu, hansı nəticəni verdi – belə bir suala cavab axtarmazdan əvvəl biz müəyyənləşdirməliyik ki, tarixən ölkənin etnik və dini müxtəlifliyinin mahiyyətində nə durur?! Bəzi ölkələr tarixən hər hansı müxtəlifliklərdən yan keçib digər mədəniyyətlərlə təmas nöqtəsinə monoetnik bir birlik kimi gəlib çıxmışdır. Bəzi ölkələrdə isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci halda gəlmə multikultural dəyərlər artıq dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində, məsələn, Böyük Britaniyada, Fransada, Almaniyada bu modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyil.
Bəzi ölkələrdə isə müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar. “İlkin” müxtəliflik və “sonrakı” müxtəlifliyi bir-birindən ayırmasaq, bugünkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik.
Azərbaycanda normal multikultural əhvalın olması – müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır. “İlkin” müxtəliflik Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal “sonrakı” müxtəliflikdən indicə qeyd etdiyim kimi kəskin şəkildə fərqlənir. Məhz “ilkin” müxtəliflik bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə hüsn-rəğbəti və loyallığı məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng kəsb edə bildi.
Elə ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində, elə həmin Fransada, İngiltərədə, Almaniyada multikulturalizmin siyasi xətt kimi iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxdı. Azərbaycanın müstəqilliyinin ilk dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün son dərəcə dəqiq ideoloji hədəf seçdi. Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyərvermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas və məna kəsb edir. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir.
Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur.
Baxın, multikultural dəyərlər harada iflasa uğradı? O ölkələrdə bu belə oldu ki, mənəvi baxımdan formalaşma prosesini başa çatdırandan sonra oraya miqrasiyaların yeni dalğası ilə bu çağa qədər tanış olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə başladı. Və artıq formalaşmış orqanizm bu süni calağı qəbul etmədi.
Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna görə də biz metodoloji olaraq, “ilkin müxtəliflik”, “sonrakı müxtəliflik” anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin müxtəliflik, əslində, özündə miqrasiya elementi saxlamır. O, müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı mövcudluğudur.
Elə bunu nəzərdə tutaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edir ki, “multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”. Elə buna görə də, Azərbaycan Avropa məkanında multikulturalizm siyasətinin qarşısında yaranan problemlərə məğlub olmamağı bacardı.
* * *
Multikultural təhlükəsizlik nədir?! Biz dövlətin milli təhlükəsizlik sisteminin bir çox komponentləri ilə tanışıq. İqtisadi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, mədəni təhlükəsizlik, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və s. hər biri ayrılıqda və bütövlükdə dövlətin yaşaması üçün vacib komponentlərdir. Bu sistemin içinə mənəvi, ideoloji həyatın ayrılmaz hissəsi olan multikultural dəyərləri də bir bütöv təhlükəsizlik komponenti kimi daxil etmək mümkündür. Ölkə öz enerji, iqtisadi, mədəni təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir.
Multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində etnik, millətçilik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artması qeyd olunanların bariz nümunəsidir.
Təəssüf ki, bəzən Avropa ölkələrindən ölkəmizə qarşı Azərbaycanda gedən ictimai, ideoloji prosesləri dərindən duymayan bəzi qurumlar və rəsmi şəxslər tərəfindən milli azlıqlar və insan hüquqları ilə bağlı ağlasığmaz və hətta gülünc tələblər, iddialar irəli sürülür. Anlaşılmaz məqamlarla bağlı Azərbaycan istənilən çərçivədə diskussiya aparmağa həmişə hazırdır. Amma çox zaman anlaşılan, amma qəbul edilə bilməyən, görmək istənilməyən məqamlar ortaya atıldığı zaman biz düşünürük: bu pretenziyaları özünü demokratik ruhlu sayan bir qurum və ya şəxs necə irəli sürə bilər?! Belə bir dövlət qurumu (təəssüf ki, onlar da yox deyil) Azərbaycana tətbiq edilən ikili-üçlü standartlara əhəmiyyət verməyib əzablı yollarla öz-özünü qurmaqla və formalaşdırmaqla, əsrlərdə qalmış, dağıdılmış dəyərlərini bərpa etməklə məşğul olan kiçik bir ölkəni necə ittiham edə bilər?! Orta əsrlərin “xristian-müsəlman” qarşıdurmasının bərpasınamı doğru dünya addımlayır?! Səlib müharibələrinin şeypur səslərimi gurlamaqdadır?! Böyük alman mütəfəkkiri F.Niççe, elə bil, belə halı bir öncəgör kimi duyaraq bizləri xəbərdar edirdi: “Səhra böyüyür”.
Səhranı isə böyüməyə qoymaq olmaz. Multikultural dəyərlər sistemi işləyərsə, o dəyərlərə adekvat münasibət formalaşarsa, səhranın böyüməsinin qarşısı alınar. Və dünyanı yaddaş ilahəsi Mnemozinaya xəyanətdə ittiham etməzlər.
Azərbaycan kimi müxtəlifliyə ruhən açıq ölkədə multikultural təhlükəsizliyin prinsiplərini formalaşdırmaq, əslində, ideoloji müstəvidə gedən bəzi proseslərin sistemləşdirilməsi cəhdidir.
* * *
Multikultural təhlükəsizlik prinsipləri nəyi nəzərdə tutur?!
Prezident İlham Əliyev öz çıxışlarının birində qeyd etdi ki, ondan xarici ölkələrdə tez-tez təəccüblə soruşurlar: Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə belə tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi nədir?
Etiraf edək ki, bu sualın özü bir azərbaycanlı üçün qəribə səslənir. Çünki müasir azərbaycanlı bu münasibətin mahiyyətini ruhu ilə, mənəvi orqanizmi ilə hiss edir. O bunun səbəbini bilməyə bilər. Udduğun hava kimi, içdiyin su kimi bu münasibət də bizim həyatımız üçün son dərəcə vacibdir. Amma bu sualın, əlbəttə ki, ciddi cavabı da yox deyil. Azərbaycanda belə bir mühitin olması onunla bağlıdır ki, ölkə başçısı, bütövlükdə dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir. Heç birini digərindən fərqləndirmir. Bərabər siyasi münasibət də öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir. Və beləliklə: Multikultural təhlükəsizliyin əsas və ən vacib prinsiplərindən biri məhz ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi mexanizmini qurmaqdan doğur.
Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının formalaşdırılması ilə müəyyən edilir.
Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Bu məkanı qədim Qafqaz albanlarının bugünkü varisləri olan udinlər, avarlar, ləzgilər, habelə yəhudilər, talışlar, ruslar, gürcülər, kürdlər, yaxın keçmişdə almanlar öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların əsassız iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar və ceklilər də Azərbaycana məxsusdur. Bütün bu xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz zənginliyi, öz gücü sayır. Ulu öndər Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Bu gün Azərbaycanda formalaşan yeni, demokratik cəmiyyət müstəqil dövlət quruculuğunda fəal iştirak edir. Öz milli kimliyi onun bu gün özünü azərbaycanlı kimi hiss etməyinə mane olmur. O, öz ana dilində danışa bilir, yaza bilir və öz mədəni ehtiyaclarını ödəyə bilir. Konstitusiyamızın “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində göstərilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.
Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadiyyatda, təhsildə, idmanda, mənəvi həyatda, bir sözlə, bütün sahələrdə görmək mümkündür.
Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə mövcud olan mədəni müxtəlifliyin inkişafına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsinin təmin edilməsindən formalaşır.
Etnik birliklərin dili, tarixi, ədəbiyyatı öz-özlüyündə öyrənilməli, onlar ölkə daxilində özlərini yad elementlər kimi hiss etməməlidirlər. Ümumazərbaycan mədəni konteksti onların hər biri üçün mənəvi məkana çevrilməlidir. Bu siyasi xətt bu gün Azərbaycan dövlətinin əsas hədəflərindən biridir.
* * *
Təhsil sahəsi ilə bağlı konkret olaraq onu qeyd etmək olar ki, müstəqilliyin ilk dövründən başlayaraq ölkəmizdə Azərbaycan dili ilə yanaşı rus və gürcü dillərində fəaliyyət göstərən məktəblər olmuşdur. Milli azlıqların sıx yaşadıqları bəzi rayonların orta məktəblərinin ibtidai siniflərində ana dili (avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq və s.) dərslərinin tədrisi təşkil edilmişdir. 2003-cü ildə Bakıda ivrit, yəhudi tarixini və mədəniyyətini tədris edən özəl yəhudi orta məktəbi açılmışdır. Bütün ali məktəblərdə rusdilli bölmələr fəaliyyət göstərir. Dövlət vəsaiti hesabına rus, avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq, ivrit dillərində əlifbalar, tədris proqramları və digər dərsliklər, məktəbli lüğətləri mütəmadi olaraq çap edilir.
Azərbaycanda radio və televiziya məkanı da milli və dini azlıqlar üçün açıqdır. Azərbaycan Dövlət Radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən radio verilişləri təşkil edilir. İnternet televiziyalarda dillər və mədəniyyətlər öyrənilir.
Mətbuat və kitab nəşri ilə bağlı onu qeyd etmək olar ki, ləzgi, talış, rus, xınalıq, yəhudi, gürcü dillərində qəzet və ya qəzet səhifələri çap edilir. Rus dilində teatr, orta və ali məktəblər və s. fəaliyyət göstərir. Kitablar çap edilir. Ölkədə həyata keçirilən proyektlərdən biri qədim dastan “Kitabi-Dədə Qorqud”la bağlıdır. Alman alimi Haynrix Fridrix Fön Dits 1815-ci ildə bu eposun bir hissəsini alman dilinə tərcümə edib öz giriş sözü ilə bir yerdə çap etdirib. Azərbaycan Prezidenti İlham Əliyev bu hadisə ilə, yəni, Azərbaycan dastanının dünyada alman alimi tərəfindən tanıdılmasının 200 illiyi ilə bağlı xüsusi Sərəncam imzalayıb. Müxtəlif elmi, mədəni, tədris təşkilatları ilboyu bu mühüm hadisəni qeyd edirlər. Bu, birfiloloji bayramdır. Həmin 1815-ci ildə Drezdendə çap edilmiş “Dədə Qorqud” hekayəsini və Fön Ditsin müqəddiməsini Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandakı milli dillərə tərcümə edib çap etdirmək proyektini həyata keçirir. Bir başqa proyekt milli dillərdə yazan şair və yazıçıların əsərlərini çap etməyi nəzərdə tutur. Qədim tarixin öyrənilməsinə dair isə onu demək olar ki, lap elə bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən İtaliyada qədim albanların varisi udinlərlə bağlı italyan və Azərbaycan alimlərinin birgə elmi konfransı keçirildi.
Mədəni müxtəlifliyin qorunmasında vacib şərtlərdən biri bu işlə dövlətlə yanaşı vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən qurumların da məşğul olmasıdır. İlk olaraq bu baxımdan möhtəşəm layihələrə imza atan Heydər Əliyev Fondunu göstərmək olar. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Prezidenti tərəfindən yeni yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və b. bu istiqamətdə real işlər görür.
Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsindəki təhlili göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət etdikdə ölkənin həm daxili potensialı öz zənginliklərini ən dərin qatlardan daha həvəslə üzə çıxarır, həm də ölkə öz beynəlxalq imicinə müsbət çalarlar əlavə edir. Bu sonuncu məqam lap elə bu yaxınlarda Bakıda keçirilmiş 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xarici iştirakçıları tərəfindən dönə-dönə vurğulandı. Daha bir möhtəşəm misal birinci Avropa Oyunlarıdır. Bakıda keçirilən bu Oyunlar bir daha göstərdi ki, Azərbaycan vətəndaşına milli və dini ayrı-seçkilik yaddır, dünyadakı bütün millətlərə o, özününkü kimi baxa bilir. Bir çox xalqların hələ də ayrıla bilmədiyi bir qarşıdurma var: “öz-özgə” qarşıdurması. Amma “öz və özgə” qarşıdurması bizim həmvətənlərimiz üçün öz kəskin əhəmiyyətini hələ orta əsrlərdə itirmişdir. Bu gün bu qarşıdurma özünün ən “yumşaq” formasını yaşayır.
Müasir azərbaycanlının həm ədəbiyyatında, həm psixologiyasında, həm dünyaya baxışında, həm də müasir siyasi təsəvvürlərində multikultural dəyərlərin yeri aşkardır. Elə buna görə də bu gün “Azərbaycan multikulturalizmi” bir fənn kimi də bizim avropalı həmkarlarımızı özünə cəlb edir. Məmnunluqla qeyd etmək istərdim ki, bu semestr bir sıra universitetlərdə bu fənnin tədrisi başlandı. Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Belarus, İtaliya, Çexiya universitetləri artıq Azərbaycana olan maraqlarını “Azərbaycan multikulturalizmi” fənninin tədrisi vasitəsilə də nümayiş etdirirlər. Eyni zamanda, bizim proqram əsasında bu fənnin bir sıra Azərbaycan universitetlərində də tədrisi başlamışdır. Həm xaricdə, həm də Azərbaycanda semestrdən semestrə bu universitetlərin sayının artması gözlənilir. Belə bir fənnin ölkədaxili və dünya universitetlərində tədrisinin özü elə multikultural təhlükəsizlik prinsiplərindən biridir.
Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik doktrinalarının prinsipləri qədər vacib və zəruridir. Burda sadalanan prinsiplərin Azərbaycanda bərqərar olması isə Azərbaycan vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olmuşdur. Kənar ideoloji müdaxilələrin qarşısının alınması, təxribat xarakterli meyillərin minimuma qədər zəifləməsi bu prinsiplərin həyata keçirilməsindən də asılıdır. Ulu öndərin dəqiqliklə göstərdiyi ideoloji hədəfə doğru yaxınlaşdıqca dünya bizi daha adekvat tanıyır, daha maraqla öyrənir. Bu isə Azərbaycana qarşı loyallığın ən müxtəlif məkanlarda güclənməsi deməkdir.
Kamal Abdullayev,
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət müşaviri, AMEA-nın həqiqi üzvü

“Yeni Azərbaycan” qəzeti, 24.06.2015