Kamal Abdulla konfransİyulun 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib.

Akademik A.Əlizadə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyəti haqqında danışıb. Bildirilib ki, Sərəncamın icrasını təmin etmək üçün AMEA-da genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu məqsədlə rəyasət heyətinin nəzdində Komissiya yaradılıb.

Qərara əsasən Dövlət Proqramının icrası istiqamətində fəaliyyət qənaətbəxş hesab edilib.

Sonra AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi haqqında danışıb. Qeyd edilib ki, son illər Azərbaycanda informasiya cəmiyyətinin uğurla formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Milli Strategiyanın icrası üzrə Dövlət Proqramı” elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Bu məsələlərin həlli istiqamətində veb-resursların xüsusi əhəmiyyətə malik olduğunu deyən akademik aparılan ilkin araşdırmalar nəticəsində AMEA-nın elmi müəssisələrinə məxsus veb-saytların bəzilərinin dizayn, proqram təminatı, informasiyanın dolğunluğu və aktuallığı baxımından müasir tələblərə cavab vermədiyini qeyd edib.

Rəyasət heyətinin qərarına əsasən İnformasiya Texnologiyaları İnstitutu Azərbaycanda formalaşan elektron elm mühiti çərçivəsində AMEA-nın veb-infrastrukturunun və onun əhatə etdiyi veb-saytların monitorinqini həyata keçirəcək. Həmçinin, AMEA-nın veb-saytlarına elmi-metodik rəhbərliyin həyata keçirilməsi və bu istiqamətdə müvafiq seminarların təşkili təmin edilməlidir. AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə veb-saytların informasiya təminatının aktual vəziyyətdə saxlanılması, proqram təminatı və dizaynının müasir tələblərə uyğunlaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməsi tapşırılıb.

Növbəti qərarlarla akademik Kamal Abdullayev Humanitar Elmlər Bölməsinin büro üzvlüyünə daxil edilib. Həmçinin, Fiziologiya İnstitutunun yeni strukturu və Zoologiya İnstitutunun elmi şurasının yeni tərkibinin təsdiqlənməsi, Zoologiya İnstitutunun 80 illik və AMEA-nın müxbir üzvü Namiq Əliyevin 75 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub.

Sonda kadr məsələləri müzakirə edilib.