Qanturalının mətni kələ-kötür yoldan şüşə kimi hamar yola keçdi. Artıq bu mətnin aurasına düşdünsə, sənin diqqətinə yad olan hər hansı məqam səni o yoldan kənara dartmır. Bu hal Şərifdə, Mirmehdidə, Mübarizdə, Kəramətdə də hiss edilir, bu yazarlar artıq söz stixiyasının içinə girib orada var-gəl edə bilirlər. Əsas olan öz stixiyasının içinə girməkdir. Yəgin ki, yazı prosesində onlar özləri bu məqamı hiss edirlər. Etməsələr – olmaz. Bu o zaman baş verir ki, yazı prosesi yağ kimi gedir. Mətni sonsuz lüğətin içindən qaşıyıb elə çıxarmaq olur ki, sanki yağ içində tiyəsi qıl qədər iti bıçaq işləyir. Bax, bu məqam ritmin, ahəngin tapıldığı məqamdır. Onu tapmaq asan deyil. Amma tapdınsa, o məqamın içinə düşdünsə, ordan çıxmaq da asan deyil.
Qanturalı bu məqamı “Fələk qırmancı” romanında tapa bilib. Bu, onun hekayə-hekayə, esse-esse, bir sözlə, addım-addım yaxınlaşdığı “özünüifadə rahatlığı” kimi ayıra biləcəyimiz məqamdır. Qanturalı rahat ola bilər. Bundan sonra kiminsə xoşuna gəlib gəlmədiyinin bir nasir kimi onunçün əhəmiyyəti itib getdi. Bu ola da bilər, olmaya da. Amma artıq ortalıqda mətn olacaq. Vacub olan budur! Velosipedi sürməyi bir dəfə öyrənirsən.
“Fələk qırmancı” öz missiyası ilə maraqlıdır. Haqqı verilməyənlərin haqqını vermək cəhdi bu romanı Sizif zəhmətinin yaxşı mənada parodiyasına çevirir. Mən belə adamları tanıyırdım. “Ya ədəbiyyatın şah damarını tutacağam, ən ölməz nöqtəsinə qalxıb orada əbədi bərqərar olacağam, ya da heç nə… özümü bu dünyadan götürüb çıxıb gedəcəyəm…” Təxminən belə. Zaman keçdi, şah əsərlər görünmədi, çıxıb gedənlər isə oldu. Onları birləşdirən bir məqam vardı: hamısı sözünü tuturdu. Özlərini bizim yaddaşımıza buraxıb bir-bir yox olurdular.
Bihudə zəhmətdir. Bizim yaddaşımızdan başqa yaddaşlara yol, cığır açmaq cəhdini deyirəm. Amma şərəfli işdir.
Mən, əlbəttə, xatırlayıram, mən Mehdi Bəyazidi tanıyırdım. Bu tanışlıq məktəb illərinə təsadüf edir. O zaman o, Mehdi Bayramov idi. Bir sinifdə, təxminən, 5-cidən 9-cuya qədər bir yerdə oxumuşduq. Sinifdə bizi birləşdirən məqamlar çox idi. Ən vacibi, ikimiz də şeir yazırdıq. Onların evlərində olmağım da yadıma gəlir. Anası ilə Əlyazmaları İnstitutunun həyətində qalırdılar. Yaxınlığımız var idi. Məncə, sinifdə məndən başqa heç kim onların evində olmamışdı.
Bəlkə də yanılıram. Mənim tanıdığım Mehdi Qanturalının Mehdisi deyil. Romandakı Sufi Şeyxində olan kimi mənim tanıdığım, hətta dostluq etdiyim Mehdinin də son dərəcə gözəl xətti var idi. Mənim o “nəstəliq” bu gün də gözümün qabağındadır. Hərflər eynən mirvari kimi bir-birinin yanına düzülürdü. Bəyazid qalasının ölümsüz əskərləri kimi… Amma bəlkə də qala Bəyazid deyildi, başqa qala idi… Mənim tanıdığım Mehdi gözəl şeirlər yazırdı. Yaşından yaşlı idi şeirləri. Sintaksisi sirli və hardasa qoca idi. Özünün isə nə yaşı vardı ki…
Mehdi bizim sinifdən tez getdi. Məktəbi bir yerdə bitirmədik. Gedən kimi də bir parça əppək oldu, göyə çəkildi. Bir də onun haqqında çox sonralar – ədəbiyyatda olub, ədəbiyyatı tərk edib gedəndən sonra, dünyasını dəyişəndən sonra eşitdim. O, Bəyazidə dönəndən sonra. Bunun özü əməlli-başlı romandır. Niyə belə oldu — sirri-Xuda. Anlaya bilmirəm. Başqa-başqa ədəbi məkanlarda idikmi?! O məni asanlıqla tapa bilərdi… Bəlkə axtardı – bilmirəm. Bildiyim odur ki, nə qədər tanıyıb hörmət elədiyim ədəbiyyat adamı onun xatirəsini bu gün də minnətdarlıqla anır.
İndi Qanturalının romanını oxuyub düşünürəm: İnsan üçün ən vacib olan, amma ən vacib olan elə budur: minnətdar olmağı bacarmaq. Qanturalının romanı minnətdar olmağı unutmayanların, unuda bilməyənlərin romanıdır.
Əlbəttə, bu roman mətn içində mətn deyil. Bunu belə yazmaq mətn arxitektonikasını duya bilməməkdəndir. Bu romanda isə qarşılaşdığımız, sadəcə, mətnlərin parça-parça edilib bir-birinin yanında, bir-birinin içində yox, ard-arda yer almasıdır. Mətn içində mətn bir başqa şeydir. Klassik nümunəsi “Şeytanın cəhənnəm məktubları”ndakı “Odabaşının hekayəti”dir. Amma orası da var ki, Qanturalıda məqsəd heç də mətnlə oynamaq deyil. Bu, öz-özünə gəlir. Hislər adamı hər tərəfdən bürüyəndə sən o hisləri sahmana salmağa məcbursan və bunu etməyə çalışırsan.
Qanturalı bu romanda həyəcanlıdır, hardasa təngnəfəsdir: elə bil, onu bürüyən hislərdən hansınısa itirəcəyindən qorxur. Amma yenə də təmkini onu tərk etmir.
Qanturalı həssas bir dirijordur. Sufi parçaları ilə bağlı hissələrin “bəhri” ilə “Mehdi” hissələrinin “bəhri” ayrı-ayrıdır – biri sakit, aramlı rəməl bəhridir, o biri tələskən səri bəhri… Və hər ikisi bir vahid ritmin içində əridilir.
Qanturalı maraqlı nağılçıdır. Əvvəlki hövsələsizliyi burda yox kimidir. Səbrlə mənəvi arxeologiya dediyimiz pilləkənlə dərinliklərə enə bilir.
Ən vacib olanı isə — Qanturalı öz mətninin içində yoxdur. Təhkiyə 1-ci şəxsin adından aparılsa da, biz müəllifi görmürük. Vaxtilə Nərimanın möhtəşəm “Yolçu” romanı ilə bağlı mən bu münasibətlə yazmışdım. Bu, əlbəttə ki, ədəbi hünərdir. Belə olarkən bütün ədəbi energiya personajların üstünə düşür. Qoşqunu onlar özləri çəkməyə məhkumdular. Belədə potensial daha diqqətlə “şumlanır”, yeni bədii cığırlar açılır.
“Fələk qırmancı” artıq eksperiment deyil. Əxlaqa, mənəvi və fiziki yaddaşa, özünəqiymətverməyə, tərbiyəyə və sosial mühitə yönəli bir əsərdir. Fikir verdinizmi, ədəbi dəyərlərə demədim. Çünki, mətn, əslində, özündə ədəbiyyatdan başqa hər şeyi daşımalıdı. Ədəbi eksperimentlər elə bu sadalananları əldə etmək üçün ortaya atılır. Deməli, məqsədə nail olunub.
Amma əsəs məsələ məqsəd də deyil. Səni düşündürən, səninlə “danışan” mətn varsa, qalanı təfərrüatdır.
Şərh yoxdur