fil.e.d., prof.Tahirə Məmməd
Neosufizmin və postmodernizmin “Sirri-zəmanə”si
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EİF-2013-9 (15)-46/35/5)
Yüksək elmi səviyyəsi, məlumatlılığı olan yazıçıların əsərlərində postmodernizmin dil oyunlarını və kodlaşmış elementlərini açmaq üçün mədəniyyətin məlum ilkin faktlarından indiyə qədər mövcud olan təcrübəsinə (xəzinəsindən, anbarından) müraciət etməyə ehtiyac yaranır. Dünya mədəniyyətinin, sivilizasiyasının yaddaş qatına daxil olan sufizmin zəngin xəzinəsi müasir yazıçının maraq dünyasından kənarda qala bilməz. Kimisi, həmin mədəniyyətin daşıyıcısı olmadığı halda xəzinə axtaran kimi ona üz tutur (Poelo Koelo kimi). Kimisi öz ruhunda, canında olan xəzinənin içindədir (Kamal Abulla kimi). Sufizmin yeni interpretasiyalarda necə neosufizmə çevrilməsi probleminə aydınlıq gətirmək baxımından Kamal Abdullanın yaradıcılığı xarakterik nümunədir. Hüseyn Cavid romantizmdə neosufizmin modelini formalaşdırdı, Kamal Abdulla postmodernizmdə bu ənənəni davam etdirdi. “Sirri zəmanə” hekayəsi bu baxımdan mükəmməl nümunədir.
“Sirri-zəmanə” hekayəsinin əvvəlindən mifoloji və təsəvvüfi motivlərin iştirakı açıq görünür. “Səhər yuxusunun şirin vədəsində sol böyrünə, elə bil, xəncər soxdular. Diksinib ayıldığında, gözləri hələ yarıyumuluykən kiminsə cod səsi yuxunun axırıncı vaqelərinin içindən Fərhad Qürublunun qulağına yavaşdan, amma təkidlə pıçıldadı ki, tez ol, dur ayağa, get yazı masasının üstündən Səvvab Təbrizinin iki gün əvvəl oxuduğun, özü də, guya ki, diqqətlə oxuduğun risaləsinin üzköçürməsini al əlinə, on dördüncü səhifədə aç və yuxarıdan yeddinci sətri bir də oxu.” (1) – Sübh üzü, yarıyuxulu sanki hatifdən, səba yelindən xəbər gəlir. Bu cür oyanıb eşitmə, həm mifologiya, həm də təsəvvüf üçün xarakterikdir. Qeyb aləminə qara cildli sirli yazı surətinin səhifələri və sətirləri arasından görünən əlamətlə dəvət alma isə cəzbəyə düşmə, ağıldan eşqə keçid anının assosasiyasıdır. Qəhrəmanın arayışları, hərdənbir haqqın cilvələnib özünü göstərməsi (nazı) hekayədə təsəvvüf yellərini əsdirir.
1.“Sirri-zəmanə” tayyi-zaman, tayyi-məkan inancı üzərində qurulub. “Zaman və məkan qavramlarının kənarına çıxma “tayyi-məkan, tayyi-zaman” terminləriylə ədəbiyyatımızda və təsəvvüfdə yer almışdır” ( 2,1). Tayyi-zaman və tayyi-məkan təsəvvüf anlamı olsa da, özündə həm mifoloji, həm də dini başlanğıcı daşıyır. Mifoloji varlıqların istənilən zamanda istənilən məkanda olması və Məhəmməd Peyğəmbərin meracı bu qavramın formalaşmasının əsas qaynaqlarıdır. Bir çox sufilərin həyat mənqibələrində onların tayyi-zaman və tayyi-məkanı yaşadıqları göstərilir. Bektaşilikdə bu inanc geniş yayılmışdı.
2.Zəmanənin sirrinin ölümsüzlük motivi ilə əlaqələndirilməsi, zəmanə sirrini iksir halına gətirir və hekayəyə kimya inancını da daxil edir. “Dəyərsiz maddələri qızıla çevirmə, bütün xəstəlikləri sağaltma və həyatı sonsuz biçimdə uzadacak ölümsüzlük iksiri əldə etmə arayışlarına kimya, bu işlə uğraşanlara kimyacı deyilir.” (3) Tarixən əlkimya, simya kimi tanınan bu elm, təsəvvüfdə insanın öz varlığının gerçəkliyini, ilahi başlanğıcını dərk edərək özünün dəyərsiz maddəsini qızıla çevirməsini, qaranlıqlığını işıqlandırması mənasını bildirir.
3.Hekayə sufizmlə bağlı anlamların ornamentləri içərisindədir – yuxu, sübh üzü, sakral rəqəmlər və s.
Rəqəmlərin ezotorik mahiyyəti fərqli dünyagörüşləri ilə izah olunur. “Sirri-zəmanə”nin də rəqəmləri (3,7,14), bu mənada təsadüfi xarakter daşımır. Sirrin ilk bəlirtisi 14-cü səhifənin yuxarıdan 7-ci sətrindədir. 14 bizə assosiativ olaraq 14 məsumu, 7 isə nəfsin mərtəbələrini xatırladır. Təsəvvüfə görə nəfsin sonuncu, 7-ci mərtəbəsi onun kamilliyidir. “NEFS-İ KAMİLE (Seçkin, saf, tertemiz nefstir)…”, bu nəfsin sahiblərinin “…muradı Allah’ın murad ettiği şeydir. .. ” (4). Bu mənada sufizmdə həm də 7 məqam və aşılması lazım olan 7 vadi vardır. Yeddinci rəqəm burada Pifaqorun da yozumu ilə uyğunluq təşkil edir. Pifaqora görə, “7- kainatın tamlığı Tanrı gücü 3-lə dünyanın, 4-ün cəmidir və ya Tanrı ilə dünyanın birləşməsidir.” (5). Qara cildli əlyazmanı Xeybər baba Fərhad Qürubluya 3 günlüyə verir. 3 də burada Pifaqor yozumu – “…bütünlük, başlanğıc, orta və son, tanrısal güc” və təsəvvüfün bir çox yozumları (bəzi təriqətlərdə nəfsin üç mərtəbədən ibarət olması, təriqətdəki yolun 3 dərəcəsi, 3-cü elementin dövriyyəyə girməsi ilə şübhə və tərəddüdlərdən qurtarma, aşiq-məşuq-eşq və s.) (6) ilə izah oluna bilər. Əslində Pifaqorun və təsəvvüfün dəyərləndirmələri arasında da ənənəvi bir bağlılıq var.
4.Əlamətlərin, ulduzların yol göstərməsi, yəni kainatı oxuya bilmək; sirlərin açılması üçün əlamətlərin göstərilməsi; Başqalarının görmədiyi sətirlərin Fərhad Qürubluya görünməsi. Bu, təsəvvüfdə Allahın lütfü sayılır və firasət kimi səciyyələndirilir. “Firasət, uca Allahdan gələn bir əlamətlə işin iç üzünü bilməkdir. Bu əlamət, uca Allah ile qul arasında olur; qul onunla işin iç üzünə vaqif olar; sirləri çözər.” (7).
5.Səbr və mətanət. Təsəvvüfə görə qəlbin sağlamlığa yetişməsi üçün səbr və mətanət lazımdır; “Səbr edən dərviş, muradına ermiş”, misalı.
6. Fərhad Qürublu sirrə yaxınlaşdığı anlarda həmişə yağış yağır. Bu yağış, vəhdəti-vücudun qətrə və dərya münasibətinin assosiasiyasıdır; damlalar dəryadandır. Eyni zamanda, yağış Tanrının yerə bir lütfüdür, onunla həyat canlanır, rənglər yaranır, daha sonra bir də rənglər yox, olur, quruyur, toz halına gəlir, təkrar, bir də yağışdan sonra hər şey yenidən rəng qazanır … Quran`ın Məhəmməd Əsəd tərəfindən hazırlanan məalında Zumər surəsinin 21-ci ayəsində deyilir: “Görmezler mi göklerden yağmur indiren ve onu su kaynakları şeklinde yeryüzünde akıtıp duran Allah’tır. Ve sonra onunla çeşitli renklerde ekinler yetiştiren, sonra da onları kurutan O’dur. O zaman sen ekinlerin sarardığını görürsün; ve sonunda Allah onları toz haline getirir. Şüphesiz bunlarda akıl iz’an sahipleri için gerçek bir ders vardır!.” (39 zümer 21) (8)
7.“Sirri-zəmanə”də rənglərin simvolikası da təsəvvüf qavramlarına uyğundur; xüsusən, spektirdə görünməyən qara və ağ.
Qara sirr və vüslat rəngi kimi xüsusi məna daşıyır və üstün məqam sayılır. Fərhad Qürublunu sirrə yaxınlaşdıran da qara cildli üzköçürmə və qara cildli əlyazmadır. Maraqlıdır ki, Qürublunun özündə olan “Yuxuların idarə olunması”nın qara cildli üzköçürməsidir; onunla sirlər dünyasına qədəm qoyur, “qara darvazadan” keçib “qara cildli” kitaba çatmaq üçün çox zəhmət çəkir. Axırda əliniə çatan qara cildli əlyazma ona yalnız 3 günlük verilir. Qara cildli əlyazmada nə vardı bilinmir, Fərhad Qürublu öz-özünə açılan, sanki onu dəvət edən qara darvazadan içəri keçib əlyazmanı sahibinə qaytarır. Hiss olunur ki, bu üç gündə o qara cildli əlyazmanın sirrini çözə bilməyib.
Təsəvvüfə görə, qara rəngin məqamı belə səciyyələnir: “Bu makamda artık kul yoktur, bu Velayet makamıdır. Bunun üstünde bir tek makam vardır ki; o makamsızlıktır, safiyedir. Onun rengi renksizliktir. Nefsin Meryem seviyesine ulaşmasıyla zuhura gelir. Mar-diye makamının rengi siyahtır. Çünkü İnsan-ı Kamil’e baktığı zaman insan kendi aksini görür”. (9) Fərhad Qürublu yarıyuxulu, yarıoyaq bu rəngi səyahət edə bilir, orada öz əksini görə bilmir. Ancaq darvazadan çıxan vaxtı yağan yağış onun “rəng səyahətinin” yenidən başlaya biləcəyinə ehtimal oyadır.
Ağ, rənglərin ən mürəkkəbi sayılır. Yazıçı da sirləri Ağ dərvişdə düyümlüyür. Təsəvvüfə görə ağ “rənglərin sevgilisi”dir. Əgər belədirsə, ağda, məşuqda itən aşiq (ağda qeyb olan rənglər) öz yoxluğunda var olur. Hekayədəki Ağ Dərviş haqqında söylənənlər də onun haqqında belə bir yoxluqda varlıq təsəvvürünü formalaşdırır.
Həm qara, həm də ağ bir-birlərinə yaxın məna bildirməklə sirrin qaynağı və sirrə çatma kimi mənalandırılır hekayədə.
8.Hekayənin dil-informasiya məkanına sufizmin ən önəmli anlamlarından biri olan ceyran da gəlir. Üzköçürmə və gerçək əlyazmaların qarşılaşdığı kimi rəsm ceyranla gerçək ceyran da paralelləşdirilir – həqiqi var olan və güzgü (mirat) kimi. Ceyran məşuqun bənzəri və kainatın gözəllərindən biri olduğu üçün sufizmin xüsusi məzmunlarından biridir. Hekayənin süjetində gerçək bir eşq yaşamayan Fərhad Qürubluya burada gözəlin sirrini ceyran açır.
9.Maraqlı məqamlardan biri də hekayədə haqqında bəhs olunan əlyazmaların sayının 4-ə bərabər olmasıdır. Bu, göndərilən 4 dini kitabı simvolizə etməklə bərabər, həm də əsərdə sufizm simvolikasını gücləndirir. Dəhnamə janrında yazılan bəzi məsnəvilərdə də məktubun sayı 4-dür.
10.“Sirri-zəmanə”yə sufizm ab-havası gətirən əsas motivlərdən biri mürid-mürşid, ustad-şagird məsələsidir. Fərhad qürublu həm sirr, həm də ustad arayışındadır.
Sirri-zəmanəni sufizmə aid mətndən neosufi-postmodernist mətnə çevirən təsəvvüf sisteminin tam şəkildə özünü göstərməməsidir; sufizmə aid bir mətn yratmaq heç müəllifin məqsədi də deyil. O, sufizmdən pastij məqsədilə istifadə edir.
Hekayənin qəhrəmanı sirrə və ustada yaxınlaşsa da ona çata bilmir və Səvvab Təbrizinin Xeybər baba olması həqiqətini görmür. Burada Xeybər baba adı da təsadüfi seçilməmişdir. Xeybər yeddi qapılı deməkdir. Vaqif Əsirzadə və Fərhad Qürublu (bunların da soyadları adlarındakı funksiyanın tam mənası ilə yerinə yetirilməsinə maneçilik törədən və qəhrəmanların qaldıra bilmədiyi bir hicabdır. Vaqif adı bəzi məqamlarda Əsirzadəsiz olsa da, dolanıb gəlib Əsirzadəyə düşür – əsrinin əsiri; gözəl tapıntıdır. ) İlk gəlişdə bu qapılardan birini döyüb açırlar, ikinci və tək gəlişində Fərhad Qürublu qapını özü açıb keçir. Lakin onun da qürubu (Qürub Mövlanaya görə Günəşin batmağını yaxınlaşdırdığı üçün vüslata yaxınlaşmadır; ancaq yaxınlaşmadır, vüslatın özü deyil.) Xeybər babanı olduğu kimi görməyə qoymur.
Sirrə dostluq gerçəyi idrak etmədir. Gerçəyi idrak etmənin yolu aşiqlikdən keçir. Fərhad Qürublu aşiq deyildi; məşuqu yoxdu. Onu ötəri şəkildə qıyıqgöz Svetanın saçlarının ətri narahat edir. Ancaq kitabxanada əlyazmanın oxunması üçün vasitə olan Sveta onun ağlını başından almır. Bu, bəlkə də Svetanın öz başlanğıcından (işıq olma mahiyyəti və irqi mənsubiyyəti) uzaq düşməsi idi. Bir vaxtlar qıyıqgöz gözəllər ədəbiyyatımızda aşiqə doğru yolu görməkdə çox işıq tutmuşdular; qıyıqgöz Fitnə kimi. Məncə, hekayənin əsas transformasiya mərkəzi də buradadır; Svetanın transformasiyası və Fərhadın onda öz Şirinini görə bilməməsi. Fərhadda birləşmə, bütünləşmə hadisəsi baş vermir. Çünki onun mürşüdü Vaqif olsa da Əsirzadədir və yolgöstərn məşuqu da yoxdur.
Postmodern dünyagörüşünə görə qəhrəman qəliblərdən, özünü fəda edəcəyi məqsəd və ideallardan azaddır. O, qarşılaşdığı maneələri keçməkdə sərbəstdir. Postmodernist əsərin dili, mətn qurğusu onun qəhrəmanından daha öndədir; mərkəzi qəhrəman yoxdur. “Sirri-zəmanə”də də demək olar ki, həmin vəziyyətdir; müəllif fikrini qəhrəmandan çox kodlara yönəldib. Oxucuya informasiyanı ötürən qəhrəman yox, hekayənin dil qurğusudur; qəhrəmanı yox, dili anlamağa çalışılır. Mətnə daxil olan oxucu kodları obrazlarla açır; obrazın özünün də bəzən özünə məlum olmayan kodunu açmağa çalışır.
Postmodern baxış dünyəvi elmlərinin nailiyyətlərinə, rasional ağla ironiya və şübhə ilə yanaşır, onların ölçülərinin mütləqliyini pozur; “Sirri-zəmanə”də olduğu kimi.
Neosufizmin postmodernizmdə təzahürü onun özünəməxsus tipini formalaşdırır. Belə ki, postmodernizm qəliblərə, normalara qarşıdır, sufizmdə isə qəliblərdən, normalardan çıxmağın yolu bir müddət onlara əməl etməkdən keçir; şəriət və təriqət normaları kimi. Sufinin yetişdiyi sonsuzluq içində yox olduğu, öz mənliyini itirdiyi sonsuzluqdur. Postmodernizmin qəhrəmanı isə əvvəldən normaları, qəlibləri pozmağa meyllidir; onun özünü dərki, gerçək varlıqda yox oluşu deyil. Lakin sufizm ənənələrini yeni dünyagörüşündə yaşatmağa çalışan postmodernist, əsərdə qurduğu qurmacaları həqiqətə gedən yoldakı sınaqlarla paralelləşdirir.
“Sirri-zəmanə”də qəhrəman qaydalara meyllidir; kitabın, mürşidin, sözün normalarına onda intuitiv bir meyl var, lakin axtardığı norma qarşısına çıxdığı halda onunla ünsiyyət qura, o qapıdan keçə bilmir; onun sərbəstliyi normaların – qıyıqgöz gözəlin, yağışın, ceyranın, əlyazmanın… nəhayət mürşidin dilindən uzaqlaşıb içinə düşdüyü məkandadır. Postmodernizm üçün sufizmin qəliblərindən çox erişilən sonsuzluğu maraqlıdır. Bütün kodlar və motivlər də həmin sonsuzluğun – lazamanlığın və laməkanlığın işarətləridir. Lakin postmodernist qəhrəman genetik koduna görə bəzi informasiyaları alsa da, özünü sufinin keçdiyi yolun sınaqlarından azad etdiyindən məhz onun lazamanlığından və laməkanlığından kənarda qalır: “zəmanə”nin sirrini çözə bilmir. Bu, qəhrəmanın daxili rahatlığa qovuşmasının da maneəsidir; qəhrəman hər nə qədər yağış zolağı, ceyranın su içdiyi bulaqla postmodernist şəkildə zaman-məkan çərçivəsindən çıxsa da, zəmanəyə gedən yolu tapa bilmədiyi üçün qəmli və narahatdır; o da ustadı kimi sirrə çatmır, ancaq “sirrin dadını” bilir. “Şəxsi-alimlər” sirrə ona görə çatmır ki, həyatın mənası itməsin, axtarış davam etsin; yaxşı məntiqdir.
Sirri-zəmanə axtarışı həm də qurulmuş bir oyundur; burada yazıçının qurduğu oyunla fələyin qurduğu oyun şəbəkələnir. Aşiq olmasan, ahından canını və fələkləri yandırmasan, can yanğın bulud yaratmasa, buluddan yağış yağmasa “fəsli-gül” olmaz və aşiqə də vüsal müjdəsi gəlməz…
Hekayədə hər şeyin başlanğıcını və sonunu görən, qəhrəmanlarının trayektoriyasını ilk adlandırmadan damğalayan və qurmaca ilə onlara, eyni zamanda özünə ironiya edən bir müəllif obrazı da var; əzab çəkən, kədərli, səbr və mətanət göstərən. Postmodernizm hər nə qədər maneələri aşmağı, uçurumları, zaman və məkan ölçülərini yox etməyi ilə xarakterizə olunursa, bu baxımdan mifologiyadan gen-bol yararlanırsa da, ənənvi yaddaş qatı və hazırkı durum müasir Şərq, o cümlədən türk, Azərbaycan yazıçısını öz daxili sərbəstliyi ilə başqa bir postmodernist model formalaşdırmağa sövq edir; “Sirri-zəmanə”də olduğu kimi.
Hekayənin qəhrəmanı hicabları eşq və səbrlə qaldıran sufi qəhrəman deyil, onun acizliyini daha çox qabardan postmodernist qəhrəmandır. Postmodernist ədəbiyyatda dastan qəhrəmanları, tarixi şəxsiyyətlər həyatının ayrıntılarından sıyrılmış halda yox, daha çox həmin ayrıntılarla təqdim olunurlar. “Sirri-zəmanə”də qəhrəmanın həyatının ayrıntıları yox, həmin ayrıntıların yaratdığı çöküntü öndədir. Bu, onun roman yox, hekayə qəhrəmanı olmasından da irəli gəlir.
Hekayənin qəhrəmanını sirr çəkir, lakin onun sufizmin qəlibləşmiş qayda və normalarına etinasızlığı, Xeybər babadakı Səvvab Təbrizini görməyə imkan vermir, yəni Xeybər babanın yeddi qapısından birini aça bilir.
Zaman-məkan gerçəkliyinə fərqli bir yanaşma var “Sirri-zəmanə”də. O, postmodernist yanaşmaya uyğun olaraq dəyişkən və qeyri-müəyyəndir. Fərhad Qürublu və Vaqif Əsirzadə başqa bir gerçəkliyin varoluşuna inanır və onun sirrini arayırlar; ancaq sirrə dost olub “şəxsi-alim”likdən çıxa bilmirlər.
Elmi və intuitiv biliklər, real və irreal informasiya formaları və vasitələr (real vasitələrlə bərabər yuxu, qeyri-adi varlıqlar, elmin qəbul etmədiyi siqnallar və s.) postmodernistlər tərəfindən inandırıcı şəkildə qəbul edilir. K.Abdulla hekayə içərisində hekayə ilə gerçək var olanın sirrinə yönləndirir oxucunu; hekayə qəhrəmanının hərdən başqa bir gerçəkliklə qarşılaşması və işarə olunan gerçəkliyə təsəvvüfi dünyagörüşünə əsasən olan inam, təsəvvüfün ənənvi mədəniyyət və dünyagörüşü sistemində tutduğu möhkəm yer əslində yaddaşımızda olan gerçəklik təsəvvürünü oyadaraq gerçəklilərdən hansının qurmaca olması qənaətinin verilməsini oxucunun ixtiyarına buraxır.
Həm sufizmdə, həm də postmodernizmdə final haçalanmış, açıq sonluqla bitir. Sufizmdə bu, çoxqatlılıqla – əbədi və keçici olanla əlaqəli dünyagörüşü, postmodernizmdə isə qənaətin formalaşmaması, oxucu təxəyyülünün dövriyyəyə qoşulması, qeyri-müəyyənlikdə sirlərin gizlənməsi… ilə bağlıdır. Fərhad Qürublunun da qürubluluğunun hansı müstəvidə gerçəkləşəcəyi sonda bəlli olmur, Mövlananın yozumu kimi vüslat, yoxsa yarıqaranlıq içində qürub edib, batıb getmə…
Postmodernizmin ayrılmaz bir xüsusiyyəti kimi qəbul edilən intertekstuallıq (mətnlərarasılıq) metodu hekayədə sufizmin qəlib və anlamlarının həm olduğu kimi, həm də assosasiyaları (çağrışımları) ilə istifadəsi şəklində gerçəkləşir.
Müəllif sufizmə aid obraz, motiv və anlamlardan postmodrnist müstəvidə istifadə edir. Bununla da sufizmin törədiciliyi ilə meydana gələn neosufizmlə romantizmdən, modernizmdən sonra bu dəfə də postmodernizmdə rastlaşırıq.
Qaynaqlar:
bukinist.az/?p=3241
- Prof. Dr. Ahmet BURAN.Dil İlişkileri ve Kavram Tercümeleri Üzerine Bir Değerlendirme
turkoloji.cu.edu.tr/…/ahmet_buran_dil_iliskileri…
- Simya nedir, vikipediya
- NEFSİN 7 MERTEBESİ – elsissmila – Blogcu.com
elsissmila.blogcu.com/nefsin-7-mertebesi/7902464
www.sozvesiir.com/…/numeroloji-sayilarin-sembolizmi-ve-r
yenidunyadergisi.com › Diger Yazılar
www.tahavi.com/imam_gazali_hak_yolunun_e..
www.kuranmeali.org/…/zumer…/21…/kurani_kerim_mealler.
www.ayshadergi.com/tr/…/her-mertebenin-bir-rengi-vardir.h…
Şərh yoxdur