“Türkologiya” jurnalının növbəti nömrəsi nəşr edilib<b style="color:red"></b>

Bu yaxınlarda “Türkologiya” jurnalının 2016-cı il üçün 4-cü- son sayı çapdan çıxıb.

Beynəlxalq elmi jurnal Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin “Rusiyada əvvəlimci türk qəzetəsi” yazısı ilə açılır.

Dərginin “Dilçilk” rubrikasında M. Mahmudov, R. Fətullayev, S. Abbasov, Ə. Fətullayev və N. Abdullayevin həmmüəllifliyi ilə “Azərbaycan dili üçün NLP sistemləri və milli korpusun yaradılmasının nəzəri və tətbiqi məsələləri” məqaləsi dərc edilib.

Həmin rubrikada həmçinin polşalı müəllif Kamila Barbara Stanekin ingilis dilində işıq üzü görən məqaləsində “Türk, Azərbaycan və polyak dillərindən seçilmiş atalar sözlərində “söz” anlayışının qavranılmasında linqvistik oxşarlıqlar”dan söz açılıb.

Jurnalın “Mədəniyyət və incəsənət” rubrikasında yer alan Ərtegin Salamzadənin rus dilində qələmə aldığı “Türk təsviri sənətində Dədə Qorqud surəti” yazısında Dədə Qorqudun vizual surətinin tarixindən bəhs olunub: “Qorqudun vizual surəti XX yüzilliyin ortalarından başlayır. O vaxtdan türk ölkələrinin rəssamları Qorqudla bağlı süjetləri təsvir etməyə başlamışlar. Bu işdə Azərbaycan rəssamları ön sırada dayanır”. Müəllif Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, İsmayıl Məmmədov, Məmməd Şirzad və başqa görkəmli rəssamların Qorqudun portretlərini yaratdığını vurğulayıb və türksoylu rəssamların işlərinin hamısının seçdikləri Qorqud ikonoqrafiyası baxımından xeyli fərqləndiyini qeyd edib: “ Qorqud müxtəlif atributlarla təsvir edilir: bu, qopuz və ya dombra, qılınc, əsa və ya kitab ola bilər. Bundan asılı olaraq Qorqud müdrik, aşıq-dastançı, qam-ata (şaman), döyüşçü, hətta bəzən hökmdar kimi çıxış edir. Amma bir şey dəyişməz qalır: bu, Qorqudun məkandakı koordinatlarıdır: o, həmişə dünyanın mərkəzində yerləşib və təsvir edilmiş bütün hadisələr onun ətrafında cərəyan edir”.

Ukraynadan Yaroslav Pilipçukun “Mərkəzi Asiyanın türk tayfaları və Qaraxanlılar xaqanlığı” və Moldovadan Güllü Qərənfilin “Qaqauzların ənənəvi mədəniyyətinin aktuallaşdırılması özünü qoruyub saxlamanın yeganə yolu kimi” məqalələri jurnalın ənənəvi “Tarix və etnoqrafiya” bölümündə oxuculara təqdim edilib. Məqalələrdə müvafiq olaraq Qaraxanlılar və Mərkəzi Asiya tayfaları arasındakı münasibətlər, digər yazıda isə qaqauz xalqının tarixi, türk dünyasındakı rolu haqqında qısa məlumat, eləcə də bu xalqın mədəniyyəti, milli ənənələri

işıqlandırılıb, xristianlığın qaqauzların etnik təkamülünə və əcdadlarının mənəvi mədəniyyətinə olan təsiri araşdırılıb.

Özbəkistandan Nilufər Maksudovanın “Dini yazılar atalar sözləri və aforizmlər mənbəyidir” yazısında vurğulanıb ki, özbək və ingilis dilllərində mövcud olan atalar sözü və aforizmlərin əksəriyyəti Quran, hədislər və Bibliya kimi müqəddəs kitabların əsasında meydana gəlib.

Jurnalın “Müzakirə və diskussiya” rubrikasında Abbas Abbasovun təqdim edilən “Yazılı abidələrin leksikoqrafiyasının əsasları” (“Kitabi-Dədə Qorqud dastanı əsasında”) məqaləsində yazılı abidələrin mətnləri əsasında müxtəlif növ lüğətlərin hazırlanması məsələsi işıqlandırılıb.

İrandan Bəhruz Bekbabayi məqaləsində “İranda Türkologiya: imkanları, problemləri və gələcəyi” ilə bağlı düşüncələrini bölüşüb.

Möhsün Nağısoylunun “ Vasilyev A. D. Aeroplan “Oktyabrskiy alfavit” yazısı dərginin “Resenziyalar” rubrikasında oxucuların ixtiyarına verilib.

Jurnalın “Konfranslar” bölümündə “VI Beynəlxalq müqayisəli ədəbiyyat konfransı”, “TÜBA-AASSA beynəlxalq simpoziumu”, “Macarıstan türkologiyası və Azərbaycan”, “Türkoloji qurultay-90”, “Amerika-Türk müəllimləri Assosiasiyasının I konfransı: türk dilləri və ədəbiyyatlarının tədrisinə yanaşmalar”, “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər”, “Türkologiyanın bu günü və gələcəyi” mövzularında ötən il ərzində təşkil olunmuş beynəlxalq konfranslar, qurultaylar və simpoziumlar haqqında məlumat verilib.

“Türkologiya”dərgisinin baş redaktoru, akademik Kamal Abdullanın moderatorluğu ilə baş tutan sözügedən jurnalın nəzdində ilk seminar haqqında material “Dəyirmi masalar” rubrikasında yerləşdirilib.

Jurnalın “Personalia” rubrikasında görkəmli türkoloqlar Aqafanqel Krımskinin 145, Annamari von Qobainin 115, Faqima Xasimovanın 80 və İsmayıl Məmmədlinin 70 illik yubileyi ilə bağlı yazılar yer alıb.

“Nekroloqlar” bölümündə Krım –tatar yazarı Rza Fazil və özbək şairi Abdulla Aripovun xatirəsi yad edilib.

Xatırladaq ki, “Türkologiya” beynəlxalq elmi jurnalı 1970-ci ildən, ildə dörd dəfə olmaqla çap olunur.