Yolla gedən olmasa bilinməz
Bilinməz gəlir bu yol, ya gedir.
Bir dünyaya sal məni, İlahi,
İki üstəgəl iki beş edir.
Yaratdığın dünyalar hesabsız,
Mənim burda nə işim var idi?!
Yaratdığın bir başqa dünyada
Mənə bircə yer tapılar idi.
Rəhm et, məgər çoxmu şey istədim?!
Heç olmadı bunca bir həqiqət.
Bu zavallı dünyada yaşamaq
Məşəqqətdi, İlahi, məşəqqət…
Yaxınlıqda bir Allah varmıdır?!
Heç olmasa səsimi eşitsin.
Bir dünyaya sal məni, İlahi,
İki üstəgəl iki beş etsin.
may, 2017
Hörmətli Kamal müəllim . Sizin internetdə yerləşdirdiyiniz əsərlərinizi həmişə oxuyuruq. Sizə təşəkkürümüzü bildiririk . Biz kitabxanaya getmədən, kitab almadan əsər oxuyuruq. Sizin Xalq yazıçısı adına layiq görülməyiniz münasibəti ilə təbrik edirik. Sizə uzun ömür, can sağlığı arzu edirik .
BSU -nun məzunu ÜLkər Əliyeva