“Dövlətimizin və cəmiyyətimizin qurduğu və keçdiyi möhtəşəm yola heç kim ləkə sala bilməz”.
Bunu Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla Gəncə hadisələrinə münasibət bildirərkən deyib.
K.Abdullanın sözlərinə görə, Azərbaycan cəmiyyəti artıq bütövləşmiş, formalaşmış bir cəmiyyətdir:
“Müstəqilik illərindən bəri biz Azərbaycanın belə görünməmiş bir yüksəlişinə, inkişafına şahid oluruq. Keçirdiyimiz illər Azərbaycanın yüksəliş illəridir. Qonşu dövlətlərlə müqayisəsi fonunda Azərbaycanın dirçəlişi və irəliləyişi daha çox gözə çarpır. Bunun müqabilində bu gün Azərbaycan dövlətçiliyinə, cəmiyyətinə qarşı arxadan vurulan zərbələri nə cəmiyyət, nə də dövlət qəbul edə bilər. Bunu heç Allah da qəbul etməz. Bu işi törədənlər Azərbaycanın bu gününə, gələcəyinə və ideallarına qarşı çıxan, onu dağıtmağa çalışan insanlardır. Onlar övladlarımızın, gənclərimizin gələcəyinə qarşı çıxan, onu məhv etmək istəyənlərdir. Ancaq onlar bu mənfur niyyətlərinə çata bilməyəcəklər.
İki Azərbaycan polisini qətlə yetirmək birbaşa Azərbaycan dövlətçiliyinə yönəlmiş sui-qəsdir, cinayətdir. Bu cinayəti törədən cinayətkarlar isə qanun qarşısında tutduqları əməllərə görə cavab verməli və cəzalandırılmalıdırlar. Onlar Azərbaycan vətəndaşlığından məhrum edilməyə qədər bütün cəzalara layiqdirlər. Azərbaycan dövlətinin, cəmiyyətinin birgə şəkildə qurduğu və keçdiyi bu möhtəşəm yola heç kim ləkə sala bilməz. Azərbaycan dövləti qarşısına çıxan həm xarici, həm də daxili maneələri dəf etməyə qadir olan qüdrətli bir dövlətdir. Azərbaycan xalqı isə yüksək etimad göstərdiyi prezident İlham Əliyevə güvənir və onun arxasındadır”.
Şərh yoxdur