Gözlə görünən kainatdan savayı, başqa kainatların var olma düşüncəsi kainatın bir parçası olan insanın həmişə marağını çəkmişdir. Bəzi elm adamlarına görə, kainatın sonsuz boşluğunda bizim görə bilmədiyimiz paralel kainatlar mövcuddur. Bizim kainat, bəlkə də, saysız-hesabsız paralel kainatlardan sadəcə biridir. Çoxlu kainat demək çox sayda dünya deməkdir. Paralel dünya anlayışına görə, yaşadığımız dünya yeganə dünya, yaşadığımız həqiqətlər də yeganə həqiqətlər deyildir. Bu da, eyni zamanda çoxlu ehtimal deməkdir.
Paralel kainat insanın verəcəyi qərarların və atacağı addımların yaratdığı sonsuz sayda ehtimallar dünyasıdır. Bu fikrə görə, həyatda bizdən başqa bizlər mövcuddur və bizlərin başqa dünyada başqa bir həyatı yaşama ehtimalımız var. Bu düşüncə “hər kəsin sonsuz sayda həyatı var, hər kəs sonsuz sayda eynizamanlı həyat yaşayır” fikrini ağıla gətirir. Bu nəzəriyyə üzərində baş sındırmaq həyatı və ölümü mühakimə etməyə aparıb çıxararaq “Yaradan Tanrıdır” düşüncəsini sual altında qoyur: “Qəribədir ki, paralel kainat nəzəriyyəsi aspektindən baxanda ölüm deyə bir şey yoxdur. Çünki bir nəfər bir kainatda ölsə belə, digər kainatlarda hələ də həyatdadır. O halda sonsuz sayda kainat varsa, həyat da sonsuzdur”. Buna nümunə kimi “Unutmağa kimsə yox” romanında Bəhram öldükdən sonra F.Q.-nin Bəhramın olduğu digər dünyada olmaq istəməsini misal göstərmək mümkündür. Yaxşı, bəs, çox sayda dünya həyatı varsa, hansı dünya daha gerçəkdir? Paralellik mövcuddursa, o zaman gerçəklik də bərabər səviyyədə olmalıdır.
Təkcənəlik vaxtı, paralel dünyalar, möhtəşəm ahəng, Hadisələrin üfüqü kimi fəlsəfi anlayışların Kamal Abdullanın əsərlərində işlənməsi təəccüblü deyil. Çünki bu kimi təbirlər Kamal Abdulla fenomenidir, fəlsəfəsidir, onun geniş təxəyyülünün məhsuludur, yaradıcılıq fantaziyasının nəticəsidir. Yazıçı bir essesində paralel kainat anlayışını bu şəkildə açıqlayır;
“Deyirlər ki, bizim yaşadığımız və tanıdığımız dünya öz mövcudluğunda tək deyil. Onunla bərabər ona qismən bənzər digər dünyalar da sonsuz fəzada mövcuddur. Hətta bizim hər birimiz o biri paralel dünyalarda tamam başqa-başqa tərzlərdə öz həyatımızı davam etdiririk. Mən nə zamansa (deyəsən, tələbəlik illəri idi) filologiyanı atıb musiqiçi olmaq istəyirdim. İndi o dünyaların birində mən öz gənclik arzumun ardınca gedib, bəlkə də, ala-babat bir musiqiçi olmuşam. Başqa bir Kamal Abdulla isə başqa bir dünyada, bəlkə də, artıq həyatda yoxdur (O müdhiş gündən sonra yaşamağa dəyərdimi?). Beləcə sonsuz dünyalarda, sonsuz reallaşmalarda, sonsuz paralellərdə…
Məncə, mənim üçün paralel olan dünyalarda yaşayanların özləri üçün də başqa paralel dünyalar var.
Mənim paralel dünyalarımla oralardakı hər hansı “mən” üçün də mövcud olan paralel dünyalar eyni deyildir. Bu, həqiqətən də bitmək bilməyən, əsl sonsuz çoxluqdur: Hər paralel dünyanın öz paralel dünyaları var.
Deməli, paralel dünyalar bir müstəvidə deyil, bütün kəsişən xətlərdədir. Evklid həndəsəsindən Lobaçevski həndəsəsinə keçid də bu mahiyyətin dərkindən başlayır”.
Bu və digər fəlsəfi düşüncələr yazıçının əsərlərində ya açıq, ya da qapalı şəkildə əksini tapır. Yazıçının əsərləri, xüsusilə son romanı “Unutmağa kimsə yox”u dərin fəlsəfi məzmun daşıyır. Kamal Abdulla bu romanında illərdir elm dünyasını məşğul edən paralel kainatlar nəzəriyyəsinə toxunmuş, dərin məzmuna malik bu nəzəriyyəni romanına naxış kimi işləmişdir. Elm dünyasını uzun illərdir məşğul edən belə mürəkkəb və dərin məzmunlu məsələnin Kamal Abdulla romanında işlənməsi yazıçının fərqli və qeyri-adi düşünmə qabiliyyətinin nəticəsidir.
“Unutmağa kimsə yox” romanında paralel dünyalar məfhumuna tez-tez toxunan yazıçı əsərdəki bir çox hadisəyə bu baxımdan aydınlıq gətirmiş, bir çox nəticəni bu məfhumla əlaqələndirmişdir. Əsərdə paralel dünyalardan ilk dəfə söz açan Arxeologiya İnstitutunun rəhbəri Patriarx ləqəbli akademik Mirəhmədovdur. O, F.Q.-dən paralel dünyalara inanıb inanmadığını soruşur. F.Q.-nin bu suala reaksiyası onun paralel dünyaların varlığına inamını ortaya qoyur: “F.Q. elə bil ömrü boyu həsrətlə bu sualı gözləmişdi: İnanıram! Bir saniyə belə düşünmədən qətiyyətlə cavab verdi. “Var, var, bu dünyalar. Uff. Ürəyimdən, elə bil, tikan çıxartdı” (“Unutmağa kimsə yox”: 277). Bundan sonra Patriarx F.Q. bunu daha da aydınlaşdırmaq üçün müəllimi Molla Güləlinin danışdığı Parislə ilahələrin alma rəvayətini izah edir və bu hadisənin başqa bir paralel dünyada baş vermə ehtimalını vuğulayır. Bu rəvayətə görə, Paris üzərinə “Gözəllər gözəli üçün” sözləri yazılmış almanı Heraya verir. “Bəli, almanın sahibəsi Hera olmuşdu, Paris almanı, əlbəttə ki, Heraya vermişdi. Ancaq və ancaq Heraya!” (UKY: 302). Homerə görə, Paris almanı Afroditaya verir. Bununla Patriarx hadisələrin müxtəlif zaman və məkanlarda baş verə biləcəyi paralel dünyalar məfhumuna diqqət çəkir.
Yazıçı “Unutmağa kimsə yox” romanında paralel dünyalar məfhumuna baş qəhrəman F.Q.-nin izahı ilə aydınlıq gətirir: “Paralel. Yeni, sonsuz, çoxlu, ağlagəlməyən dərəcədə bitib-tükənməz ulduzlar var ha, o qədər sonsuz… Paralel, yeni bizim dünyamıza oxşar. Həm oxşar, həm də oxşar olmayan” (UKY: 328).
Hər qapının arxasında sonsuzluğa açılan sonsuz yollar var. Bir dünyada görülməmiş bir iş başqa bir paralel dünyada, bəlkə də, görülmüşdür. Bəhram əmi məhz bu məqamda söhbəti F.Q.-nin heç cür izah edə bilmədiyi “Çiçəkli yazı”ya gətirir: “Onda belə çıxır ki, sən bir başqa dünyada bu çiçəkli yazını artıq oxumusan” (UKY: 325). Bu söhbət F.Q.-nin başqa dünyada çiçəkli yazını “dilini açan” başqa bir F.Q.-nin açar sözü söyləməsini (hayqırmasını) istəməsi qədər inandırıcıdır.
F.Q. Bəhram əmi ilə eyni gündə fərqli saatlarda eyni yuxunu görür. İki ayrı adamın eyni yuxunu görməsini zəif bir ehtimal hesab edən F.Q. uzaq, sonsuz gələcəkdəki paralel bir dünyada Bəhram əmi ilə qarşılaşdığını düşünür. Eyni yuxuların ayrı-ayrı şəxslər tərəfindən eyni gündə görülməsində bir paralellik var. F.Q. də belə düşünür: “paralel dünyalar deyirdik, bu da paralel dünya…” (UKY: 351). “Paralel dünyalar, paralel dünyalar… Bu, deyilmi?!” (UKY: 371).
Çiçəkli yazının oxunmasında belə bir “paralellik” var. Saxta şifrə çiçəklərdəki ləçəklərə uyğun gəlir və bu saxta şifrənin köməyi ilə yazı oxunur, ancaq bu oxunuş gerçək oxunuş, həqiqi mətn deyildir. Bəlkə də, başqa bir tədqiqatçı başqa bir açar sözün köməyi ilə mətni fərqli şəkildə oxuya bilər. Bu da sonsuz sayda çoxluq və ehtimal deməkdir.
Romanın içindəki bir bənzərlik və ya paralellik də dörd yüz il əvvələ aid bir hekayədir. Bu hekayə F.Q.-nin Çiçəkli yazını oxumağa çalışmasından bəhs edən hekayə ilə paralellik göstərir. Dörd yüz il əvvələ aid bir hadisə də paralel dünyalar anlayışına nümunədir.
1657-ci ilin bir qış günü Əli Qumral Yüzbaşı və gənc yol yoldaşı bir yazını oxutmaq üçün Mirzə Pirqulunun yanına gedirlər. F.Q. də mağaradakı yazını oxumaq üçün Vəng kəndinə gəlir. Hər iki hekayədə məqsəd yazının oxunmasıdır. Dörd yüz il əvvələ aid hadisədəki Mirzə Pirqulu ilə Bəhram əmi obrazı arasında oxşarlıq özünü göstərir. Hər iki hekayədə işlənən mağara və yazı mövzusu bənzər xüsusiyyətlərə malikdir. Hətta Mirzə Pirqulunun oxuduğu “yadıma salmağa bir kimsə qalmadı dəxi” cümləsi (UKY: 207) ilə F.Q.-nin oxuduğu “Xatırlamağa kimsə yox. Unutmağa da kimsə yox” (UKY: 472) sözləri arasında məna etibarilə fərq yoxdur. Mağaranın qabağında olan, içindən işıq saçan daş da hər iki hekayədə var. Hər iki hekayənin böyük-kiçik oxşar xüsusiyyətlər daşıması paralel dünyalar anlayışı ilə izah oluna bilər.
Bəhram əmi öləndən sonra F.Q. onun başqa bir dünyada ölmədiyini, ondan adəti üzrə “Çay qoyummu, balası, təzə dəm çay içəkmi?” (UKY: 447) – deyə soruşduğunu düşünür. F.Q. Bəhram əminin olduğu “o başqa dünyada olmaq istəyir” (UKY: 448) F.Q. paralel dünyalara bu qədər ürəkdən inanır.
Ayazla Afaqın şəhərdən kəndə F.Q.-nin yanına gəlməsini belə, yazıçı iki fərqli şəkildə işləyir. Öncə Ayaz, Afaq, Mübarizin evə keçməsi təsvir edilir: “Əvvəlcə bu gələnlər F.Q.-nin arxasınca gedib evə girdilər” (UKY: 459). Daha sonra onların gəlişi fərqli təsvir edilir: “Heç evə girmədilər. Əllərindəki (qırmızı paketləri və balaca çamadanı) artırmaya qoyub “buralar nə gözəlmiş, ay Allah…” ??? Afaq Qarağacın altına tələsdi” (UKY: 460).
İkinci təsvirdə Bəhram əmi sağdır, qonaqları o qarşılayıb samovar yandırır; “Üz-gözündən aşkar bir məmnunluq yağan ev sahibi hərdən əlini atıb ağ saqqalını tumarlaya-tumarlaya (başında ala-bəzək araxçın var idi) samovarla əlləşməyində idi” (UKY: 461). Ən son təsvirdə ilk təsvirdə olduğu kimi, qonaqların birbaşa evə keçdikləri bildirilir. Bu, bir çox ehtimaldan yalnız ikisidir. Afaqgilin kəndə gəlişi bir çox ehtimallar arasından yalnız ikisi ilə verilib. Bir dünyada Afaqgili birbaşa evin içinə keçdikləri halda, başqa bir paralel dünyada gələr-gəlməz, evə keçmədən Qarağacın altında otururlar.
Afaqın çiçəkli yazının sehrinə qapılıb özünü mağarada hiss etməsi də paralel dünyalar məfhumuna bir nümunədir. Baxmayaraq ki, Afaq çiçəkli yazının tapıldığı mağaranı görməmişdi, ancaq o, mağaranı ən incə cizgilərinə qədər “görür”, hətta oradakı çiçəklərin ləçəklərindəki qoxunu da hiss edir.
Hər yazıçı əsərlərində özünü, öz dünyasını gizli, yaxud aşkar əks etdirən bir qəhrəman yaradır, duyğu, düşüncə və fikirlərini bu qəhrəman vasitəsilə ortaya qoyur. Kamal Abdulla bu əsərdə yaratdığı F.Q. obrazı vasitəsilə paralel dünyaların varlığına inamını ortaya qoymuşdur. Kamal Abdulla yaradıcılığındakı ən böyük paralellik isə “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanları arasındakı paralellikdir.
Şərh yoxdur