Bu gün ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq sənət adamları ilə görüşür, onların problemləri, qayğıları ilə şəxsən maraqlanırlar. Bütün bunlar ölkə rəhbərliyinin mədəniyyətə böyük sevgisinin göstəricisidir.

Eyni zamanda, sənət adamları və ədəbiyyat xadimləri müxtəlif adlarla, mükafatlarla təltif edilir. Bir müddət öncə Prezident İlham Əliyevin “Xalq yazıçısı” adı verdiyi insanlar arasında yazıçı, dramaturq Kamal Abdulla da var.

Xalq yazıçısı Kamal dövlətin bu diqqətindən xüsusi məmnunluqla danışıb:

“Azərbaycan Prezidenti İlham Əliyevin bu addımları çox təqdirəlayiqdir. Fəxr edirəm ki, cənab Prezidentin diqqəti mənə də yönəldi və mənim yaradıcılığım böyük qiymətə layiq görüldü. Mənimlə bərabər bu adı alan mədəniyyət və ədəbiyyat xadimlərinin hamısı Prezident İlham Əliyevə və Azərbaycanın bu gününə böyük məhəbbət bəsləyir. Güman edirəm ki, mədəniyyət müstəvisində aparılan bu siyasət cənab Prezidentin geniş siyasətinin bir hissəsi kimi Azərbaycanı yüksəlişə doğru aparır”.

Yazıçı ölkəmizdə bütün sahələrdə əldə edilən uğurlarla bağlı ziyalı mövqeyini də bildirib:

“Mən dəfələrlə şahidi oluram ki, xaricdən gələn qonaqlar Bakını görəndə valeh olurlar. Söhbət təkcə Bakıdan getmir – bu dəyişmə yeni küçələrin, bağların, meydanların, tikilən evlərin dəyişməsi deyil – bu dəyişmə Azərbaycan xalqını daxilən dəyişib, onu daha çevik və mobil edib. Ona görə də düşünürəm ki, Prezident İlham Əliyevin Azərbaycanın rifahı, dünya çərçivəsində yerinin möhkəmlənməsi istiqamətində atdığı addımlar son dərəcədə vacib və millətimizin gələcəyi üçün son dərəcədə faydalı işlərdir”.

https://525.az/site/?name=xeber&news_id=126350#gsc.tab=0