Loğman Rəşidzadə

(Xalq yazıçısı Kamal Abdullanın realizmi, modernizmi, postmodernizmi)

       Zaman, bəzən instinktiv olaraq düzgün seçim edir: tarixlər pozulub yenidən yazılır, düşüncə və anlam parametrləri təzələnir, bütlər sındırılır, ehkamlar qırılır, dəngələr dəyişir, dünyanın yeniləşmə çabaları təzadlarla izlənsə də son anda insan ağlı və ruhu qalib gəlir. Pozulan şüurları, itən yaddaşları yeniləri əvəz edir – daha canlı, daha coşqun və ehtiraslı ürəklər, düşünən beyinlər ədaləti zorakılığa qurban verən dünyanın yeni müdafiəçiləri kimi öz bayraqlarını ucaldırlar. Yaddaşların pozulması inqilabı baş verir. Söhbət sıfırlanmadan, yaddaşın ölü nöqtəyə qayıdışından getmir. Sadəcə, yaşamağa mane olan, yaradıcı ruha çəpər çəkən ləbələb dolub daşan beyindən imtinadan gedir. Yenilənmək, yenidən dolmaq, yeni energetik yüklə gərginləşmək, hər şeyi yenidən içinə çəkib qavrayışa çevirmək, həyat hadisələrini üstün düşüncə və ideyalarla mayalandırmaq üçün mütləq köhnə yaddaşdan xilas olmalısan. Bəlkə elə buna görə də biz Xalq yazıçısı, Akademik Kamal Abdullanın təbirincə, unutmağa daim kimsə, nəsə axtarırıq.

                                                       ***

       Kamal Abdulla “Unutmağa kimsə yox” romanında (və təbii ki, bütün əsərlərində) unutmaq və yaddaşı təzələmək fəlsəfəsinə çox söykənir. Etiraf olunmalıdır ki, onun bütün əsərlərinin ruhunda  yaddaş fenomeni aşkardadır, yaradıcılığının şah damarı bu kodlardan, bu estetik şifrələrdən güc alır. Bəlkə insan nəslinin tam humanistləşməsi, ibtidai vəhşilikdən qurtarması yolunda köhnə şüurun silinməsi və təzələnməsi vacib deyil?.. Təkrar da olsa, qeyd edək ki, söhbət yaddaşın itməsindən deyil, pozulmasından, silinməsindən, yeni müstəvidə reabilitasiyasından, bərpasından və təzələnməsindən gedir. Pis vərdişlərin, empirik təsəvvürlərin, sxolastik özünəvurğunluğun, yalançı qəhrəmanlığın şüurdan və şüuraltından silinməsinin nəyi pisdir?.. Qəhrəman keçmişimizi öyən şüur aktlarımızın mistik xülyasında nə qədər vurnuxmalıyıq?.. Zorakı istəkləri buxovdan azad edib onu insanların digər hissəsinə, insanlığa qarşı yönəldən ideoloqları və ideologiyaları unutmaq ehtiyacı pisdirmi məgər?.. Ədəbi düşüncələrin və estetik görüşlərin təzələnməsi necə? Qoruq-qadağa tanımayan yazıçı yaşantılarının fantaziyası, azad fikrin uçuşu, insan ruhunu buxovdan qurtaran, ona əbədilik və ölməzlik verən sənətkar fəlsəfəsinin demokratizmi necə? Bu yeniliklərin hər biri bizim daima təşnədə olan ruhumuzun, uçmaq, ucalmaq həvəsilə döyünən qəlbimizin mənəvi menyüsünə yeni dəyərlər əlavə etmirmi? Bunları biz Kamal müəllimin əsərlərindən öyrənirik, onun metafizik estetikasının güzgüsündə çox yaxşı əxz edirik.

      Yaddaş duyğusu, onun ağır basqısı antik alimlərdən üzübəri, görünür hamını düşündürmüşdür. Antik müdriklər də öz fəlsəfi görüşlərində buna eyham vururlar. Seneka Lütsiliyə yazdığı məktubda deyirdi: “Bizə isə həm gələcək əzab verir, həm də keçmiş. Bizə bəxş olunmuş nemətlərdən çoxu zərər gətirir –  məsələn, yaddaş bizi keçirdiyimiz qorxu dəhşətlərinə qaytarır, bəsirət isə gələcəyin əzab-əziyyətlərini indidən verir. Yalnız indiki hadisələr heç kəsi dərhal bədbəxt etmir”.

***

      Kamal Abdullanın əsərlərində yaddaşın basqısı, ağır yükü bütün çalarlarıyla öz əksini tapır. Kiminsə yaddaşının tör-töküntüsüylə yaşamaq, başqasının şüur süzgəcində öz ömrünün troyektoriyasını cızmaq, yolsuzdan yol öyrənmək… büsbütün əzab və əziyyətdir. Ən dərdli iş isə kimsənin sirr yükünü daşımaqdır. “Yarımçıq əlyazma” romanında bu duyğular hər kəsə doğma bir ağrı kimi sızlayır, yara yeri kimi zoqquldayır. Dədə Qorqud Beyrəklə sirr bölüşüb- sirr alır və həmin andan bu sirrin əsirinə çevrilir, onun ağır yükü altında yaşamaq zorunda qalır. Bamsı Beyrək Dədə Qorquda sirrini açır ki, mənim yol kəsib qan tökməyim, heç də bilindiyi kimi deyil. Bəzirganların karvanına yürüş, sən demə onun öz qurğusuymuş. Bəzirgan, karvan, filan, eləcə öz dostlarıymış. Ad çıxarmaq üçün bu yalanı uydurubmuş. Sonra Beyrək deyir: “…Beləcənə mən sirri sənə açdım. Qorunması səndə Dədə”. Dədə Qorqud məcburiyyət üzündən bu sirri Bayındır xana ağrı və hüznlə açır: “Mən, dəxi istədim-istəmədim, onun bu sirrini bundan sonra qorumağa məhkum idim. Zülümdü bu xanım, əsl zülüm. Bu cürə sirrə sahib olmaq zülümdən də betərdi, biləsən…”.

       Ədibin başqa bir əsərində (“Unutmağa kimsə yox”) Patriarx söhbət arasında F.Q.-yə deyir: “Stiks çayını keçən ruhlar… ölmüş adamların ruhları çayın ortasında yaddaşlarını itirirdilər. Onları o biri sahilə – ruhlar səltənətinə ötürən qayıqçı günlərin bir günü dözə bilmir, öz taleyinə qarşı çıxır. Allahların ona tapşırdığı işi görməkdən imtina edir. Çünki bu ruhlar çayın ortasında yaddaşlarını ona buraxır, özləri azadlıq tapır, o isə əzab-əziyyət, zülm içində bu yaddaşları əmanət kimi qorumağa məhkum olurdu. Qayıqçının adı Xeron idi”.

       Yaddaşın ötürülməsi insan təbiətinin idiotizmi, zəif və spesifik mütəhərrikliyinin göstəricisidir. Mifik təsəvvürdən metafizik anlama, real paradiqmalara qədər ağıl və ehtirasın qovuşuq təzahürü kimi özünü göstərən bu nəsnənin, hətta ədalətliliyinin, iltifatlılığının, doğruluğunun altını bəlkə az çəkmişik?.. Biz bəzən başqasının yaddaşını bir miras kimi məmnuniyyətlə qəbul edirik, lakin onun əzablarının küt ağrısını ömrümüz boyu canımızdan çıxara bilmirik. Kamal Abdulla da məhz, bu zəif və zərif nöqtələrə toxunur, bütün iztirab və ağrısı ilə yaddaş probleminin fəlsəfəsini açır.

       Məhz, yaddaş probleminin fəlsəfi dərinliyinədək nüfuz edə bildiyindən Kamal Abdulla öz intellektini, şüur aktlarını yenidən cilalaya bildi, yeni düşüncə və duyğularla yaradıcı ruhun qüdrətini, iradi gücünü bir daha sübut etdi. Və ədəbiyyata öz təzə və təmiz yaddaşı ilə gəldi. Onun dərin və hərtərəfli savadı, dünyagörüşü, iti intellekti, sərhədsiz və hüdudsuz coşqun ruhu, hissi – emosional energetikası sübut etdi ki, insan Azərbaycanda yaşaya-yaşaya dünya çapında qeyd-şərhsiz qəbul edilən yeni, qeyri-adi, heyrətamiz yaradıcı model təqdim eləyə bilər. O, bunlara yeni təfəkkür, dünyaya və hadisələrə fərqli yanaşma, köhnə yaddaşdan xilas olub, öz düşüncə və hisslərini yeni yaddaş ahəngi ilə süsləməklə nail oldu. O, köhnə yaddaş buxovlarından qırılıb yeni yaddaş prinsiplərinə keçidi uğurla təmin etdi. Daxili azadlıq, döyüşkən ruh, yenilməz iradi enerji onun qələbəsini təmin etdi, ona ümumən Azərbaycan ədəbiyyatı içində yeni fenomenal bir ədəbiyyat yaratmaq imkanı qazandırdı.

       Yeni yaradılana qədər mövcud olanı dağıtmaqmı, kökündən laxlatmaqmı? Təbii ki, kökündən yox etmək çətindir, bəzən mümkün deyil. Ola bilsin, heç lazım da deyil. Həyatın inkişaf ritmi köhnəni tamamilə məhv etməyə köklənmir. Bütün mənəvi inqilablarda tənqidçi və maarifçi yaradış islahatçılıqdan öndə gedir. İslahatçılıq çox vaxt yenilikçiliklə uzlaşmır. Tarixi bəsirət göstərir ki, belədə passiv islahatçılıq, qorxaq şəkkaklıq bəzən yeniliyin qarşısına sədd çəkir, coşqun insan ruhunun, vurub keçən ehtirasın soyumasına, yarıyolda qalmasına, məğlubiyyətinə səbəb olur. Yenilik yaratmaq üçün əvvəlcə köhnəliyin içinə girməlisən, sonra isə onun içindən meteor kimi tamam fərqli şəkildə çıxmalısan. Köhnəni dağıtmadan (buna lüzum da yoxdur, o onsuz da yenilik işığı və parıltısı qarşısında öləziyəcək, kölgədə qalacaq), öz yeni postulatlarına, üslub və ideyalarına, yaradıcı əməyinə güvənməlisən. Köhnəni köhnəltməli, köhnənin köhnəliyini sübut etməlisən. Kamal Abdulla Azərbaycan ədəbiyyatına belə bir meteor sürətiylə və siqlətiylə, yeni bir ədəbi ölçü və kriterlərlə, kosmik ovqatla, cəsarət və inamla, ən nəhayət, yeni yaddaş və düşüncə ilə daxil oldu. O, sanki, köhnə ədəbi yaddaşını tamam unutdu, yaxud köhnə yaddaşının bazasında yeni yaddaş formalaşdırdı və bu yeni yaddaşı, baxışı, bəsirət gözünü, bədii ovqatı, ədəbi tendensiyanı Azərbaycan ədəbiyyatına gətirdi və yeni ədəbiyyatın damğasını vurdu. Heç kim kimi yazmadı, heç kim kimi düşünmədi, heç kimin yolunu getmədi, heç kimi təkrarlamadı. Azərbaycan ədəbiyyatına təzə nəfəs gətirməklə bir ilkə, özünə məxsus uzunömürlü, əbədi bir ilkə imza atdı.

***

      “Unutmağa kimsə yox” romanında Kamal müəllim, sanki öz ədəbi kredosunu, yaradıcılığının estetik ayarlamasını bəyan edir. “Çiçəkli yazı” barədə F.Q. ilə söhbətində Patriarx deyir: “Bilirsən, ən qorxulu olan nədir? Sənin yaddaşında əvvəldən müəyyən kodların mövcud olması… Bu kodlar yeni olan nə varsa, ona düşməndir. Onlardan (kodlardan) təmizlənmək lazımdır. Birinci qayda! Yaddaşımız bizim düşmənimizdir. Amma o biri tərəfdən yaddaşımız olmasa biz elmin paradiqmasını… yarada bilmərik… Deməli ikinci qayda! İnsan üçün ən əsas olan yaddaşdır. Yaddaşımız bizim dostumuzdur. Həm dostumuzdur, həm də düşmənimiz?! Həm düşmən, həm də dost! Ya düşmən, ya dost – yox!! Həm düşmən, həm dost!”

       Bəli, Kamal Abdulla Azərbaycan ədəbiyyatına hazır kodlarla, şifrələrlə, standart, şablon yaddaş kartları ilə gəlmədi. Məhz, yeni, təzə, başqa sözlə, dost olan yaddaşla gəldi. İstedadlı bəstəkar Cavanşir Quliyev müsahibələrin birində deyir ki, mahnını yaxşı duyub qiymətləndirmək üçün təmiz qulaq lazımdır. “Təmiz şüur”, “təmiz yaddaş”, “təmiz düşüncə”, ən nəhayət, “təmiz qulaq”. “Təmiz qulaq” mahnını ruhsal duymaq üçün təkcə dinləyiciyə lazım deyil. Yazıçıya təmiz düşüncə və yaddaş lazım olduğu kimi, əbədi nəğmələr yaratmaq üçün daha çox bəstəkarın özünə təmiz qulaq lazımdır. Kamal Abdulla Azərbaycan ədəbiyyatı sferasında bu missiyanı ilk yerinə yetirənlərdən oldu və nəsrimizə yeni nəfəs gətirdi.

Bu yeni düşüncə tərzi və ədəbi təmayül üçün zəmanə nəyə görə məhz onu bayraqdar seçdi? Bəlkə heç seçmədi, o, özü-özünü bəyan etdi, cəsarətli inadkarlığı, ruhi təlatümü, intellektual əzəməti, emosional coşqusu ilə. Belə insanlar axı, öz yenilikləri, dünyaya təzə baxışı, fərqli dəngələrilə hətta, zəmanəsini də qabaqlaya bilirlər. Kamal Abdulla öz yeni ədəbiyyatıyla, estetik mühiti, bəşəri konsepsiyasıyla zamanı qabaqlayanlardan, dünyanın inkişaf tempinə təkan verənlərdən, yaxud bu inkişafın sükanı arxasında duranlardandır. O, yaradıcı əməyi, ədəbi və kulturoloji fəaliyyətilə hər cür geriliyə, inkişafa və tərəqqiyə əngəl olan istənilən ənənəçiliyə (hətta, ənənəyə də) qarşıdır. O, bu yeni üslub və bədii təmayül içində rahat və baqidir. Stefan Sveyq belə bir ruhi halət və psixoloji durum barədə yazır: “Sənətkar bütün istedadını harmonik tamlıqla sərf edə bildiyi sənət mövzusu və forması tapanda həyatının müqayisəyəgəlməz xoşbəxt günlərini yaşayır”.

      Azərbaycan ədəbiyyatında ədəbi məktəblər, dövr və zamanların, hətta əsrlərin ruhunu yaşadan, birləşdirən ədəbi mərhələlər çox ciddi ənənələr və milli vərdişlərdən intişar tapmışdır. Bizdə konservatizmi və ənənəyə sadiqliyi də nəzərə alsaq, bu düşüncə tipinin və reformasiyanın iradi gücü barədə də kifayət qədər fikir yürütmək olar. Dörd yüz ildən çoxdur ki, poeziyamız Füzuli mifindən qurtula bilmir, hələ də onun işığı ətrafında pərvanə eşqi və sədaqətilə fır-fır fırlanır. Düzdür, bir dəfə M.F.Axundzadə bu poetik hadisəyə şübhəylə yanaşdı, yüngül ironiya etdi, o da top-tüfənglə qarşılandı. Amma nəhayət, zaman öz işini gördü, Füzuli mifi, tam olmasa da belə, qırılası oldu. Düzdü, ona məftunluq və əbədi sədaqət simptomları bu gün də üzdədir, Füzuli həmişə təzə və yenidir. Lakin, təbii ki, həm də köhnədir. Bu inkarla yox, təlqinlə, yeniləşməklə yerini müasir poeziyaya vermişdir.