Loğman Rəşidzadə

(Xalq yazıçısı Kamal Abdullanın realizmi, modernizmi, postmodernizmi)

Kamal müəllim dünyamızın bu günündən, real hadisələrdən danışdığı dəm bir də görürsən ki, bir-iki cümləylə tamam başqa əhval-ruhiyyə oyatdı, mistik ovqatla oxucunu paralel dünyalara apardı, yaxud mətnin içində yeni mətn yaratmaqla oxucunu çaş-baş saldı, aləmi bir-birinə vurdu. Bu real hadisələrdə hər an o biri aləmə, paralel dünyalara mistik işarələr və səfərlər var. İnsanların real həyat tərzindən, yaşam formasından, mövcud aləm ilə bərabər “o tərəf”in də qoxusu gəlir. İnsanlar gah “bu tərəf”də, gah “o tərəf”də peyda olurlar. Bəzən də həm “bu tərəf”də, həm də “o tərəf”də eyni vaxtda, eyni saatda görünür, eyni anları bölüşürlər. Bir sözlə, Kamal Abdulla realizmi formal, quru, çılpaq, şablon həyat hadisələrinə söykənmir. Bəzən oxucunu çaş-baş salan da elə bu olur. Oxucu bu labirintdə təkcə düşüncələrinə qədər yox, hətta duyğularına, hisslərinədək cələyə düşür, vurnuxub-vurnuxub dayanır və fikrə gedir. Bəli, Kamal Abdulla ədəbiyyatı beləcə, fikrə aparan və bəzən fikir səfərindən heç qaytarmayan ədəbiyyatdır. Oxucuda hünər lazımdır ki, reallığa qarışmış bu mistik və xəyali gəzişmələrin içində ədibin həqiqi niyyətini, ideyasını, ədəbi məramını saf-çürük edə bilsin.

       Bütün bunlar Kamal Abdullaya heç də canlı həyati obrazlar yaratmağa mane olmur. “Yarımçıq əlyazma”nın fabulasında epos və tarixi təfəkkür, nağıl-dastan poetikası dominantlıq edir, hadisələr “Dədə Qorqud”un proyeksiyasıdır, olaylar uzaq keçmişdən günümüzə dekonstruksiya edilib daşınır. Lakin hadisələr son dərəcə canlı obrazlar, real əhvalatlar, təbii yaşantılarla assosiasiya edir. Əslində, “Yarımçıq əlyazma” miflərin qırılması, qəhrəmanlığın müqəddəslik taxtından endirilməsidir. Eposdan reallığa, mifdən bu günə, qədimdən svilizasiyaya daşınan hadisələr, insanlar daha da adiləşdirilir,  təbiiləşdirilir, insani cildinə daha kip otuzdurulur. Dastan qəhrəmanlarına xas təmizliyi, səmimiyyəti onlarda görmürük. Əksinə, onlar yalan da danışır, hiylə də işlədir, bir-birinin ayağını da qazır, bir-birini fənaya da verirlər. Bu xüsusda Kamal müəllim “Gizli Dədə Qorqud” əsərində yazır: “Dastana xas olan cəhətlərdən biri harmoniyadır. Dünyanın harmoniyalı çağı idi ki, onun varlığı dastana da hopmuşdu, dastanı da mayalandırmışdı. Oğuz cəmiyyətinə harmoniya xasdır ki, dastanda da harmoniya öz əksini tapmışdı…” Məsələ bundadır ki, “Yarımçıq əlyazma”dakı Oğuz cəmiyyəti dastandakı Oğuz cəmiyyəti deyil, onun deqretasiyaya uğramış variantıdır. “Yarımçıq əlyazma”da, məhz Oğuz elinin harmoniyasızlaşmış, xaoslaşmış, başıpozuqlaşmış dövrü canlandırılmışdır. Bu da hadisələri eyforik dastan poetikasından endirmiş, fərqli, real paradiqmalara kökləmiş, obrazları günümüzün müstəvisində qərarlaşdırmışdır.

      “Unutmağa kimsə yox” romanında mistisizmlə realizm paraleldir. Xüsusən, Dil və Təfəkkür İnstitutunun təsviri, alimlərin şux iddiaları, mühitin daxili snobizmi, insanların formal birliyi və həmrəyliyi o qədər ustalıqla verilib ki, bunu yalnız Kamal Abdulla realizminin dili ilə bu qədər parlaq və mükəmməl təsvir etmək mümkündür. F.Q. məmnunluq anlarını həyəcanlanmış və həyəcanlaşdıqca kütləşən qəzəbli alimlərdən, davakar fanatiklərdən, donuq və sxolastik professorlardan sonra axır ki, mənəvi və ruhi rahatlıq tapdığı guşədə, Vəng dağının ətəklərində, çoban papağı adlandırdığı Bəhram kişinin komasında yaşayır. Bu müqayisəlrin özü də real dünyanın iç qatında yaşayan iki həyat tərzinin paralel dünyalar seqmentinə işarədir. Reallıqla metafizik təfəkkürün qovuşduğu bu romanda da adi məişət qayğılarından tutmuş, mürəkkəb psixoloji yaşantılaradək hər şey öz təbii əndazəsindədir.

***

      Kamal Abdullanın romanları roman-essedir, hekayələri hekayə-essedir, pyesləri pyes-essedir, poeziyası da hakəza. Dil, üslub, təhkiyə nəsr ölçülərinə sığmır, esse sərhədlərini də ötür…

      Kamal Abdullanın dili qarışıq üslubun sintezi kimi üzə çıxan yeni bir üslubdur. Mif, əsatir, dastan dili, intellektual esse ritmi, kənd koloriti, sinədən qaynayan kəndçi avazı, müdrik hikmətlərlə dolu ağsaqqal söhbətləri, şəhər adamlarının ötkəm danışığı, bəlağətli çıxışlar, ziyalı snobizmini açan intellektual təşbehlər, metaforalar… Bütün bunlar onun ədəbi dilinin elementləri və tərkib hissəsidir. K.Abdulla bu konqlomeratdan aydın, duru, şəffaf və səlis bir ədəbi dil, özünəməxsus poetik bir üslub yaratmışdır.

***

       Mistika, psixoanalitika, sehr, cadu insan varlığının ən dəruni bir qatıdır. Kamal Abdulla da bundan söz açır. O, yalançı mistikadan qaçdığı kimi, qaba, kobud metafizikanı da qəbul etmir.

***

        Kamal Abdulla insan təbiətindən, insan xarakterindən daha çox insan ruhundan yazır.

***

         Kamal Abdullanın bir yazıçı kimi bədii obyekti mifdir. Təkcə mifologiya yox, mifik təfəkkür yox, həm də insan dünyasının bəşəri mifik və mistik varlığı. O, yazılarında ciddi-cəhdlə reallıqdan mifə sarı yönəlir, amma reallıqdan qaça bilmir. Onun mifik təsəvvürləri, bilgiləri ilə reallıq culğaşır, bəzən də paralelləşir. O, əsərlərində başqa həyat yaratmağa cəhd edir. Lakin bu, bizim adi həyatımızla təzad təşkil etmir.

***

         Kamal Abdulla heç vaxt nəsihət vermir. İstənilən nəsihətdə dayaz bir boşluq var. O, hər şeyi açıb-tökür, göstərir, ortaya qoyur. Nəyi qəbul edirsən, nəyi qəbul etmirsən bu, sənin işindir, oxucu haqqındır. Kamal buna həmişə ədalətlə yanaşır. Amma elə şeylər var ki, sən özün o tilsimdə ilişib qalırsan, ha çabalasan da o cazibədən çıxa bilmirsən. Burada Kamal Abdulla sadəcə magik bir yazıçı rolu oynayır.

***

         Onda nifrət yoxdur. O, böyük sevgilərdən danışır, bəşəri məhəbbət təlqin edir.

***

         Onun kəsilən başlarının dodaqlarında həmişə istehzaya bənzər incə bir təbəssüm olur – qanlı təbəssüm.

***

         Kamal Abdulla tarixi təqdir, yaxud təftiş etmir, interpritasiya edir, onun yalan və həqiqətlərini ələyib xəlbirdən keçirir, əridib xəlitəsini çıxarmağa çalışır.

***

         K.Abdulla yaradıcılığı onun özünün istəkləri, ideyaları, iddiaları və eqosunun diqtəsi üzərində qurulur. Həyat da, obrazlar da, baş verən gərdişlər də bu istəklərin proyeksiyasıdır. Bəzən bu istək və iddialar təzadlarla da izlənir. O, istər-istəməz reallığa tabe olur, həyatın faniliyi ilə barışır, qəzavü-qədəri qəbul edir.

***

         O, Azərbaycan dililə son dərəcə məhrəm bir ünsiyyətdədir. Mənəvi azadlığını və ruhi yüksəlişini bu dilin munis qoynunda tapır. Bu dillə oynayır, rəqs edir, əylənir, min cür mərasimlər düzənləyir – istədiyini alanadək. O, bu dilin sayəsində özünü söküb-tökə bilir, içini açır, qəlbini arıdır, ruhunu təqdim edir, intellektini, ağlını, düşüncəini son dərəcə yüksək tezlikli bir amplitudada dalğalandırmağı bacarır. Dil də mehriban ana kimi onun bu yazıçı şıltaqlığına nəvaziş göstərir, istədiklərini, umduqlarını ana şəfqəti və səxavətilə pay verir. O, öz daxili aləmini, şəxsi mənini, özəl fəlsəfəsini, ruhi ahəngini, ritmini, mənəvi varlığını bu dilə səmimiyyətlə  kökləyə bilir.

***

         Onun ədəbi-bədii sistemi: mif – mif içində reallıq; reallıq – reallıq içində mistika; mistika – mistika içində sehr; magik həyat və düşüncələr, magik realizm – magik realizmdə kosmik təcəssüm… Bir sözlə, təzadlar və təzadlarda birləşib nəhəng yazıçı dünyasına çevrilən bəşəri fəlsəfə – “Möhtəşəm Ahəng”.

***

       Kamal Abdullanın həyatla mistik, sürreal ruhi təbəddülatları sintez bacarığı, realizm və neorealizmi, fizika ilə metafizikanı birləşdirmək səyləri ona yeni ədəbi qanunlar yaratmağa, təzə ədəbiyyat icad etməyə təkan verdi.

***

       Mistikada şaqral təfəkkür, arxitep zənginliyində müasirlik simvolları…

***

        Bədiilikdə sehr, magiya – sözün sehri, təhkiyənin magiyası…

***

        Sirr içində sirr, gizlində gizlin, qeybdə qeyb. Sirri açdıqca sirr gəlir, gizlini çözələdikcə yeni gizlinlə qarşılaşırsan. Niqabı nə qədər qaldırırsan qaldır, niqaba tuş gələcəksən, pərdələri ha aç, yenə pərdədir… Görüntülər də hakəza – ilğım yüklü, bulud mürgülü, duman təbəssümlüdür. Belədə biz iki dünya arasında nigaran hisslər keçiririk. Oxucu bütün şübhə və tərəddüdləriylə məğlub, yazıçı bütün inamıyla qalib durum yaşayır.

***

        Kamal Abdulla nədən yazır-yazsın, onu öz fəlsəfəsinə yerləşdirir, öz magik dünyasından süzüb keçirir. Bir bənövşənin boynubükük mistik görünüşündə də, bir kosmik yaşantının təhtəlşüur kosmoqoniyasında da bu fəlsəfə işlək və fəaldır. Bu, onun öz dünyasıdır.

***

        O, harmoniyadan yazmır, həyatda harmoniya axtarmır, harmoniyanı özü yaratmağa çalışır. O, dövrümüzün kamil strukturunda natamamlıqlar tapa bilir və yaşadığımız kosmos mükəmməlliyində bir xaos qüsuru görür. Odur ki, xaosdan yazır, xaosun içində harmoniya yaratmağa, harmonik ritmlər tapmağa çalışır. Və bu yol son anda “Möhtəşəm Ahəng”ə aparıb çıxarır.

***

       Unutmaq nə qədər xilas vasitəsi olsa da həyatda unudula bilməyən çox nəsnələr var: qəlbin, ürəyin, ruhun yaddaşı. Amma bəzən unuduruq. İxtiyarımız olmaya-olmaya unuduruq. Belə məqamda Kamal Abdulla, onun yaradıcılığı kara gəlir. Bizi diksindirir, unutmağa haqq etmədiklərimizi yaddaşımızda oyadır. Bax, bu da harmoniya yaratmaq missiyasıdır.

***

         Ədəbi coşqular və ruhi təlatümlər ilə alim müdrikliyi, akademik təvazökarlığı K.Abdullanın bütün yaradıcılığında həmişə tarazlıq təşkil edir.

***

         Kamal Abdulla çağdaş kulturoloji məkanda ədəbi hadisədən daha yüksəkdə dayanır. O, dövrümüzün avanqard mənəviyyat adamıdır, yenilənmək istəyən ruhsal nəslin simvoludur. Bu gün özü-öz mahiyyətini şüurlu şəkildə dərk etməyə çalışan kəslər ona mənəvi ideal və nümunə kimi baxmaqda haqlıdırlar.

***

        P.S. Yazıçının “Korneliusun ölümü” adlı hekayəsində oxuyuruq: “O, elə bilirdi ki, yazdığı qalın traktatlar onu ölümün sirrini anlamağa yaxınlaşdırır. Bihudə düşüncələr… İlk dəfə bunu ona uzaq ölkələrdən keçərək Görünməz təpə adlanan dağın yanında məskən salmış sehrbazlar diyarından gəlmiş uzun bir karvanın mirzəliyini edən Hacı Mir Həsən ağa Səyyah dedi: “Sən, böyük ustad, həqiqət axtarışındasan, bu isə həm də həyatın mənasını axtarmaq deməkdir”.

       P.S.S. İ.Stalin zamanında İ.Bunin haqqında demişdir: “Bu dvoryan yazıçısı deyəsən həyatın faniliyi və ölümün sirri haqqında yazır”. Təbir caizsə bu fikri Kamal Abdulla yaradıcılığına da tam məsuliyyətlə aid etmək olar. Doğrudan da, yazıçı öz ədəbi fəlsəfəsiylə həyatın faniliyi və ölümün sirri haqqında düşündürür. Bu, həm də əbədiyyət nəğməsidir. Həyatın da, ölümün də bir yerə sığdığı – “Möhtəşəm Ahəng” barədə fikirlərdir.