Sərraf Balaxan 

İstənilən bütöv ədəbi mətn immanentdir. Hansı zamanda, hansı məkanda yaranmasından, hansı zamanı və ya məkanı, yaxud obrazları öz bətninə almasından asılı olmayaraq əvvəli və sonu olan ədəbi mətn – bədii əsər sakraldır. Amerikan mifoloji tənqidinin nümayəndələrinin bu məsələ ilə bağlı yekdil qənaətləri ilə xüsusən mayasında mifema dayanan bədii əsərlərə yanaşdıqda ortaya olduqca maraqlı məqamlar çıxır.

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” sinkretik romanının mətn və obrazlar aləminin arxitektonikasında, romanın xronotopik, arxetipik xüsusiyyətlərində müşahidə edilən özəlliklər haqda qeydləri romanın müəllifi və oxucuları ilə paylaşmaq, romanla bağlı ədəbi-tənqidi polemika başlatmaq niyyətindəyik.

Nortrof Fray yazırdı ki, sərgüzəşt axtarışı ilə evdən çıxan və qələbə ilə geri dönən qəhrəman haqqında monomif bütün bədii yaradıcılığın əsasını təşkil edir. Dünya ədəbiyyatının ən qədim, Orta əsr və elə müasir romanlarında da biz belə qəhrəmanı çox asanlıqla tapa bilərik. Odisseylə başlayan, Don Kixotla davam edən, Santiaqo (“Kimyagər”) ilə bu gün də davam etməkdə olan sərgüzəştlərin bir ali məqamı vardır. Bu məqam qəhrəmanın arzusuna, öz taleyinə və nəhayətdə özünə qovuşmaq istəməsidir. Klassiklərimizdən tutmuş müasir ədəbiyyatımızda yazılan romanların hansına baxsaq, biz bu axtarışı aydın şəkildə görə bilərik. Bu mənada, “Sirlərin sərgüzəşti” romanı əslində Hacı MirHəsən ağa Səyyahın sirlər dəryasında sərgüzşətindən ibarətdir.

Roman xronotopik baxımdan o qədər əngin və zəngin universal xüsusiyyətlərə malikdir ki, bu məkan və zamanlarda gəzişmək fövqəlbəşər Həsən Səyyah üçün heç bir maneə yaratmır. O, istənilən zamana və məkana zühur edə və sirr çözülənə qədər orada səyyah ömrü yaşaya bilir.

Romanda hər obraz bir sirrə vaqifdir. Əslində, burada sirr hələ alleqoriyaya çevrilməmiş mifin özüdür. Nə zaman ki, mif (sirr) alleqoriyaya çevrilir, nəql olunur, bu zaman mif parçalanır, sirr açılır və açılan sirr öz qurbanını həmən tələb edir.

Kamal Abdullanın oxucuları, yəqin, bu məqamda “Yarımçıq əlyazma”nı da, “Sehrbazlar dərəsi”ni də, “Unutmağa kimsə yox”u da bir anlıq olsa belə fikirlərindən keçirdilər. Bu məqamın fikirdən keçməsi romanın ilk sətirlərində baş verən milyon illik hadisələrin Həsən müəllimin fikrindən bir anda keçməsi kimi baş verir. Burada belə bir sual yaranır, Kamal Abdulla “Sirlərin sərgüzəşti”ni əvvəl yazıb yoxsa, yuxarıda adları keçən digər romanları?! Bu sualın belə bir əsası da olmamış deyil, Kamal Abdulla Oğuzun başına gələn bəlaların, Şah İsmayılın sirrini çözdükdə “Yarımçıq əlyazma”nı, cəlladın sirrini çözdükdə “Sehrbazlar dərəsi”ni, çiçəkli yazının sirrini çözdükdə “Unutmağa kimsə yox”u və bütün bu ilğım romanların, çərxi-fələyin içindən keçən Səyyahın sirrini çözdükdə “Sirlərin sərgüzəşti”ni yazıb.

Yuxarıda qeyd etdiyimiz kimi, sirr əslində mifdir. Mifin alleqoriyaya çevrilməsi və bu çevrilməyə kömək edən vasitələr, əslində, mətni öz sakrallığından çıxarır, bununla da can alınır, sirr açılır, mif dağılır. Kamal Abdullanın zaman baxımından əvvəlki romanlarında olduğu kimi, bu romanda da hər kəs öz sirrinin qurbanı olur:

– Odunçunu açdığı sirr çəkib öz içində əridir, odunçunun arvadının sirrinin faş olması onun ruhunun insan cismində yaşamına son verir.

– Tacirin oğlu Novruzəlini vaqif olmaq istədiyi sirr bu dünyadan o dünyaya – paralel dünyalara aparır.

– Ürəyində yaşatdığı, kimsəyə etiraf etmədiyi, hər gün əzablar içində qıvrıldığı qəriblik əzabı, vətən intizarı və bir də atası Poseydonun ona bəxş etdiyi tək gözünün ətdən olması sirrini qulluqçuların bilməsi Təpəgözü qurbana çevirir.

– Bamsı Beyrəyi bəlkə də, nə zamansa Oğuzda faş olmasından qorxduğu yalnız Banuçiçəyin bildiyi sirr oğuzların dünyasından qoparıb aparır.

– Gülzarı Həsənlə olan sirrinin açılacağı məqam intihar kəndirinə sürükləyir.

– Elə Bəyimi də, öz kölgəsindən ayrı düşən cadugəri də, Həsən müəllimi də, Mir Həsən ağa Səyyahı da sirr aparır. Onlar hamısı sirrə xilafın, mifə xəyanətin cəzasını alırlar.

Hər kəsi bir çürə cəzalandıran mif – sirr, Həsən müəllimi də yaddaşını əlindən almaqla cəzalandırır. Mif, əslində, Həsən müəllimi Gülzara verdiyi sözə xəyanət etdiyinə görə, zamanın – Xronosun sirrinə vaqif olduğuna görə (bu, əslində, yalnız Xronosun səlahiyyətindədir) cəzalandırır, onu Xaronun mərhəmətindən belə istifadə edə bilməkdən məhrum edir.

Hacı Mir Həsən ağa Səyyah isə sirlərin sirrinə vaqif olduğuna görə, həm zamanda, həm də paralel dünyalarda sayyahlıq etmək qabiliyyətinə sahib olduğuna görə təbiətin içində əridilir, yenidən yoğrulub insan kimi doğulmaq üçün ağacla həzm edilib torpağa qaytarılır. Amma bəlkə də Səyyahın bu aqibətinin səbəbi sirlərlə dolu, ağ vərəqin dibindən gələn hərflərlə öz sirrini bəyan edən əlyazmanın Səyyah tərəfindən bəşərə faş olunmasıdır. Çünki əlyazma öz sirrini ancaq Səyyaha verir, ona etibar edir, o isə yolunu, izini belə bəyan etdiyi Hünkür mağarasında öz ömrünü bilərəkdən öz övladı kimi sığalladığı əlyazmaya bağışlayır. Bu məqam öz ruhunu insana üfürməklə onu xəlq edən və bununla da ölən Nitsşenin Allanına bənzəyir.

Bütün bunlar rasional düşüncədən daha çox, altşüurun diktəsinə bənzəyir. Bu ədəbi məziyyətləri ilə Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı, əslində, birbaşa təhtəlşüurun, arxetipin məhsulu kimi ortaya çıxır.

Roman 4 fəsildə baş verən hadisələri – sirlərin pərdələrinin açılmasını əhatə edir. Tənqidçi N.Fray ümumən ədəbi əsərləri, mifləri 4 fəsildə təsnif etməklə onları belə mənalandırır. Bahar qəhrəmanların doğulması və sərgüzəştə başlaması, yay qəhrəmanın qələbəsi, evlənməsi və ilahiləşməsi, payız qəhrəmanın ölümü, qış isə xaosla assosiasiya olunur. “Sirlərin sərgüzəşti” romanının əsas qəhrəmanı Səyyah (Həsən müəllim) bu fazaların hər birindən keçir. Bahar fəslində Həsən müəllim ailə-uşaq, iş yerində nüfuz sahibi olur, yayda əlyazmanı oxuyub sirləri çözür – məqsədinə çatır, N.Frayın “allahların ölümü” deyə mənalandırdığı payız fəslində Həsən müəllim yaddaşını, bununla, əslində, qazandığı həyatı itirir, qış fəslində isə həm müəllim Həsəni, həm də Səyyah Həsəni xaos öz hüdudsuz qucağına alır.

“Sirlərin sərgüzəşti” romanı arxetiplərin həm obraz, həm kompozisiya, həm də dili baxımından tüğyan etdiyi bir ədəbi bütövdür. Məlikməmmədi zülmətdən qurtaran, Səidə məsləhət verən, ona əhvalatlar danışan (“Tutinamə”), Robinzona həmdəm olan, Cimin çiynindən düşməyən (“Dəfinələr adası”) tutuquşu – quşların insanlardan gizli saxladığı (təkcə Süleymana agah olan) sirrini faş edən tutuquşu özlüyündə ikiləşmənin, eyni zamanda həm quş, həm insan ola bilmənin, paralel yaşamın simvolu kimi bu romana da yansımışdır. Həsən müəllim eyni zamanda həm real, həm də irreal zaman və məkanda ola bildiyi kimi, romandakı tutuquşu da eyni zamanda həm diri, həm də ölü müqəvva ola bilir. Düşünürəm ki, romana tutuquşu obrazını məhz təhtəlşüur tapıb gətirib, bəlkə də müəllifdən xəbərsiz.

Romandakı obrazlar qəribə şəkildə fırlanan, fırfıra zamanın içində dönürlər, bəzən hətta bir-birinin içinə girib gah orda qalır, gah da Banuçiçəyin oxu Beyrəyin oxun yaran kimi onu yarıb keçirlər. Kələ Div-Sarı Div, Əliqismət-Zaur, Novruzəli-Nəzərəli paralelləri stereometrik müstəvilərdə, paralel zaman və məkanlarda hətta bir-biri ilə kəsişirlər, eyniləşirlər. Nənə Bəyim-nəvə Bəyim, Köhnə adı özündən uzun Gülü qahqah xanım – Yeni adı özündən uzun Gülü qahqah xanım obrazları ən dərində olan paralellərdən bizi xəbərdar edir. Mərasim folklorundan gələn “naqquli” sözü, “Bəyim” adı açar sözlər kimi mətnin ayrı-ayrı hissələrini görükməz tellərlə bir-birinə bağlayır.

Bizim nağıllardan bildiyimiz “əkil-bəkil”, “ikiləri xan əkbəri”, “gün bura, kölgə dağlara” ifadələri bu romanda öz ilkin immanent mənası ilə təmsil olunur, hər biri bir mifin – sirrin açılması üçün parol funksiyasını daşıyır.

Ümumiyyətlə, “Sirlərin sərgüzəşti” romanı oxucunu özü ilə paralel bir dünyaya götürür, o dünyanın sirlərindən oxucunu agah edir. Romanda zaman və məkan Səyyahın sirrini bizə faş etdiyi əlyazmada buğda kirkirədə üyüdülən kimi üyüdülür, bununla Səyyah da öz sirrini agah etməklə canını sirrə bağışlayır. Biz isə sirlərin ilğımında Sindbad kimi var-gəl edirik.

Düşünürəm ki, əslində, bu roman ən sonda yazılmasına baxmayaraq, Kamal Abdullanın bütün romanlarına müqəddimədir. Adını qeyd etdiyimiz digər romanlardakı sirlərin ruhu, ilkin aşkarlanması məhz bu mətndə baş verir, bu roman sirlərin izharçısı Həsən Səyyahın da sirlər dünyasındakı odisseyasının sonunu gətirir. Rəvayətlərin birində Odisseyin cadugər nimfa Kalipso ilə nikahından doğulan oğlu tərəfindən öldürüldüyündən danışılır. Bu mifik paralel Həsən Səyyahın faş etdiyi sirlərin birində odunçunun məhz cadugərdən olan oğlunun əliylə məhv olmasında büruzə verirsə, sonda Mir Həsən ağa Səyyahın qucağına aldığı övladı kimi əzizlədiyi əlyazmaya öz canını verməsində özünü göstərir.

Romanda bir-birinin içində baş verən sirlərin odisseyası oxucunu sirlərin, sanki dəryasına deyil, səhrasına götürür. Hüdudsuzluq, şüursuzluq və yaddaşın itməsi kimi fenomenlər sirlərin səhrasını daha da genişləndirir. Və bizi Nitsşenin “Səhra böyüyür!” qorxusuyla üz-üzə qoyur. Kamal Abdullanın digər romanlarından fərqli olaraq, biz burada heç hadisələrin üfüqünü belə görə bilmirik.

“Sirlərin sərgüzəşti”nə yeni başladığı dünyasında uğurlu yollar diləyilə.

http://edebiyyatqazeti.az/news/muzakire/4667-sirlerin-serguzesti-haqda-qeydler