Füzuli başdan-başa Səsdir. Başdan-başa köks dolusu nəfəs və bu nəfəsin son iqamətgahı olan səs!.. Nəfəsin səsə çevrilməsi, yaxud səsin arxasındakı nəfəs Füzuli sənətinin canı, mayası, hətta bəlkə də iddiasıdır.

Füzuli ahənrüba kimi səni özünə çəkir. Sözlərindən əlavə bunu səsi ilə edir. Öz səsilə yox, sözünün səsilə edir. Onun sözünün səsi qədər cazibədar, bu səs qədər eyni zamanda mülayim və müqtədir bir səs yoxdur.

Başqaları çağırır,  Füzuli səsləyir.

***

Bu səsin rəngi var. Bu səs səni rəngli bir dünyaya aparır, sən o səsin arxasındakı məqamı, mənzərəni rəngli televizorda olan kimi görürsən. Bu səsin nəvazişi dözülməzdir, məsumluğu inanılmaz, sadəliyi aldadıcı, mürəkkəbliyi nümayişkəranədir. Başqaları bu səslə min  oyun qurardı, Füzuli bu səslə səsləyir.

… Leyli ölüm yatağındadır. Belə bir məqamda onun üçün ən böyük məşəqqət sevgilisi ilə görüşüb demək istədiyini, son arzusunu ona çatdıra bilməməsidir. Amma Leyli usanmır. O bilir: o biri, sevgi dolu aləm var. Heç olmazsa bu aləmdə könül sirdaşı ilə bir yerdə olmaq ümidi Leylinin Məcnuna göndərdiyi son vida sözlərində öz əksini tapır. Anası vasitəsilə o Məcnuna belə bir xəbərmi, xəbər deyil, arzumu, arzu deyil, xahişmi, xahiş deyil, bəs o zaman Leylinin ölüm qabağı Məcnuna göndərdiyi dəvət  nədir?! Bu, əhli-kamildən əhli qafilə ünvanlanan bir səsləyiş deyilmi?! Odur. Füzuli səsləyir:

Sən həm gələ gör, təəllül etmə

Mən müntəzirəm, təğafül etmə.

Gər sadiq isən bu yolda sən həm

Səbr eyləmə, eylə tərki-aləm.

Başqaları bəlkə də hiylə qurub dəvət edərdi. Füzuli açıq-aşkar səsləyir.

Leyli uzaqdan-uzağa anası vasitəsilə Məcnuna xitabən belə deyir:

… Ey vəfalı dildar!

Can verdi yolunda Leyliyi-zar.

… Key eşqdə laf edən vəfadən!

Xəlvətgəhi ünsə məhrəm oldum.

Azadəvü şadü xürrəm oldum.

Öz ölümünü özü görmüş kimi qələmə alan, ölümün “şad və xürrəm olanların” məskəninə çevrilməsini duyan Leyli əhli-kamil mərtəbəsinə ucalır. Amma bu, artıq gənc və eşq alovunun yandırıb-yaxdığı Leyli deyil, bu, dünyanın möhnətindən əzab çəkən və eyni zamanda bundan sonsuz dərəcədə yorulmuş, “qəm oduna tutuşmuş” könlünə heç bir əlac tapa bilməyən Füzulinin özüdür. Və Füzuli artıq bu dünyada yox, “şad və xürrəmlər” dünyasındadır və özü qədər yorğun Məcnunu da öz yanına səsləyir. “Sən həm gələ gör”, deyir. “Mən müntəzirəm”, deyir. Və bir də deyir ki, əgər sən mənə sadiqsənsə, bir an belə səbr eyləmə, dərhal tərki-aləm eylə.

Füzuli öz fikrində qətidir. Amma bu qətilik nəcib və nazik qətilikdir, Leyli zərifliyindən keçirilmiş qətilikdir.

Başqaları tələb edərdi, Füzuli səsləyir. 

Beləliklə, Füzuli (Leyli yox, Füzuli) Məcnunu – yəni özünü dünyanı tərk etməyə sövq edir. Bir tərəfdən, Məcnunun sadiqliyini son dəfə imtahan edir, digər tərəfdən, özünün öz xatirələrinə sədaqətini yoxlamadan keçirir. Özü özünə səbr etməməyi, tərki-aləm etməyi tövsiyə edir. Çöllü-biyabanın məlum əfsanəsi əgər Leylini bu dünyada Məcnunsuz qoya bilmişdisə, İntibah dövrünün Füzulisi Leylini o biri dünyada Məcnunsuz qoymaq istəmir. Bəs Məcnundan gözlənti nədir, onu hara səsləyirlər?! Onu harada gözləməkdədirlər?! Və Məcnunun bu dəvətə cavabı nə olacaqdır?!

Gəl kami-dil ilə olalım yar

Bir yerdə ki, yoxdur onda əğyar…

Daim olalım bir evdə həmraz

Kim, çıxmaya dışra ondan avaz.

Bir səsi (avazı) belə kənara çıxmayan “ev” haradadır? Cavab bəllidir. Bu ev ancaq və ancaq “könül” adlı məkan ola bilər. Zamanında “şad və azad görünən” könül eşq “macəra”sına yoluxub onu yaşadıqdan sonra axırda yenə öz əvvəlinə – “şadü xürrəm”, “azad” məqamına, “əğyar”ların olmadığı cağına qayıdır, məhz belə bir aləmdə “azadəvü şadü xürrəm” olduğunu bəyan edir. Və Füzuli özününküləri rahatlığa, sakitliyə səsləyir. Füzuli Leylini və Məcnunu hüzura layiq bilir. Neçə əsr sonra Bulqakov öz Sənətkarını hüzura layiq bildiyi kimi. Və ona hüzur bəxş etdiyi kimi.

Füzuli də Məcnunu hüzur dolu bir məkana tərəf, elə bil, ona “səsimdən yapış” deyə-deyə arxasınca aparır.  Amma bu artıq Füzuli deyil. Bu, Leylidir. Məcnunu arxasınca aparan Leyli. Flober madam Bovari olduğu kimi, Füzuli də Leyliyə çevrilmişdir. Və bir azdan o, yenidən Məcnun olub Leylinin arxasınca haman şad və xürrəmlər məskəninə yol alacaqdır. Onun bunu etməyə Allahın rizası ilə “iradəti” vardır.   

Məndən səni eyləmək xəbərdar,

Bismillah, əgər iradətin var.

Leyli öz sevgisinə cavab gözləyir. Başqaları tələb və təzyiq edərdi. Füzuli səsləyir.

Füzuli bəzən sözün arxasında gizlənir, bu zaman səsləniş sözün arxasından yüksəlir, söz artıq deyilmişdir, səsləniş isə əks-səda kimidir. Bu səsləniş özünü göstərmir, amma o vardır.

Ey Füzuli, şamü qəm ənzamına yoxdur ümid

Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.

Füzuli misra xaricində, sanki gizlənib təsəlli verir, ümid verir, sübhün gələcəyinə inanmağa təşviq edir. Füzulinin bütün aşiqanə qəzəlləri Leyliyə və Məcnuna xitabən deyilir. Onun bütün yaradıcılığı muğam tarla kamançanın sevgisi və mübahisəsi üzərində qurulduğu kimi, Leyli ilə Məcnun üzərində qurulur. O, kimə üzünü tutub bunu edir? Leyliyə və Məcnuna. Başqaları usanardı. Füzuli yenə də səsləyir.

***

Füzuli öz-özünə pıçıldayır:                            

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz…

Yaxud eşq əlindən zülümlər çəkdiyini, əqilli vaxtını cani-dildən xatırladığını, eşqini pünhan tutub  dərdinə dərman etmək üçün təbiblərə uğramamasını yenə də pıçıltı ilə yalnız özü özünə (bəlkə də Leyliyə və Məcnuna) deyir:

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?!

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?!

Əqldən yar olmamasını Allah bəndəsi olan kəs özü-özündən başqa bir kimsəyə əmanət edib deyərmi? Əgər deyərsə, divanə olmağı dünyada hər şeydən üstün saymazmı?

Rüsvalərindən ol məh saymaz məni, Füzuli

Divanə olmayımmı dünyadə, yoxmu arım?!

Yenə ayrılma. Yenə Füzuli şairdən aralanır. Kim kimdən şikayətçidir – bilinməz! Şair Füzulini səsləyir. “Mən neçin divanə olmadım?” sorur. Amma ona cavab verən varmı? Həmən gecə – yox, yoxdur. Cavab o biri gecələrin birindən gəlir. Bu dəfə Füzuli şairi səsləyir. Deyir:

Məndə Məcnundan füsun aşiqlik istedadı var

Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Füzulinin Məcnunu, yəni şairi ona deyilən bu sözləri qəbul edir. Qəbul edir ki, Füzuli yenə də onu səsləyir. Və dediklərini ona söyləyir. “Ey Məcnun! Ey şair!” – deyə qəlbində özü-özü ilə danışır. Başqaları rişxənd edərdi. Füzuli səsləyir.

***

Füzulinin sözü o sözdən əvvəl səslənir. Onun qəlbində, beynində səslənir. Səslənən sözün, adətən, gözəgörünməz və eşidilməz “giriş” hissəsi olur. Bu hissə sualdan ibarətdir. Füzulinin özünün özünə verdiyi sualdan. Sözün başlanğıcı isə o sualın cavabıdır.

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Cavab kimi səslənən bu başlanğıcın beyindəki sualı isə budur:

“Farsi ləfzilə nəzmin çox olmasının səbəbi nədir?” Və: “Nəzmi-nazik nə üçün türk ləfzilə çətin olur?”.

Qitənin başlanğıc beytində məhz bu suallara cavab verilir.

Sonra bir səsləniş daha:

Ləhceyi-türki qəbuli-nəzmi tərkib etməyib

Əksərən əlfazi namərbutü-nahəmvar olur.

Yenə mətn arxası suallar…

Nə üçün bu belədir? Nə üçün əksər sözlər, ifadələr – “ləfzi-türk” belə bir nahamvar müstəvidədir? Nə etmək lazımdır?

Görkəmli Azərbaycan alimi Məmməd Cəfər Cəfərovun bir tələbəsinə dediyi sözləri xatırlayıram, çünki o tələbə, mənəm. O sözlər də budur: “Səbr və mətanət!”. Səbr və mətanət tövfiqə gətirən yollardır. “Tövfiq olar ikən isə” düşvar dağılır, növbaharda tikan içindən güllər çıxır. Və Füzuli vəd verir. Yəni səsləyir:

Məndə tövfiq olsa bu düşvarı asan eylərəm

Növbahar olğac tikəndən bərgi-gül izhar olur.

Kimə verilir bu vəd? Kimi arxayın etmək istəyir Füzuli?! Füzuli narahat bir şairi arxayın etmək istəyir. Şairə vəd verir və şairə üz tutur. Füzuli inanır. Onun tövfiqinə inanır, nə zamansa gələcək növbahara inanır (“Bir təsəllidir sənə ol söz ki, derlər var sübh”). Bu gün biz deyə bilərik ki, həqiqətən də belə olmuşdur. Sübh açılmış, növbahar gəlmiş, Füzulinin bir şair kimi tövfiqi tikəndən solmaz güllər çıxarmışdır. Füzuli şair Füzulini aldatmamışdır. Şair Füzuli də Füzuliyə inamında aldanmamışdır. Füzuli onu tövfiqə səsləmiş və bu tövfiqi onda görmüş idi. Füzuli pıçıltısında şəlalə nəfəsi var.

Başqaları guruldayardı. Füzuli səsləyir.

http://edebiyyatqazeti.az/news/muzakire/4728-fuzuli-sesleyir