Aynur Mətləb qızı Səfərli

Azərbaycan Dillər Universitetinin əməkdaşı

Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü,

BDU-nun dissertantı

“Dədə Qorqud hələ bizə qayıdacaq, bilmirəm necə, amma hökmən qayıdacaq” (Kamal Abdulla).

             Ədəbiyyat tarixi və ədəbi mətnlər hər zaman təcrübə emalatxanası rolunu oynayıb.İstər forma, istərsə də məzmunda olan keyfiyyət dəyişiklikləri dövrünün ədəbiyyat kəşfləridir.Xüsusilə də modern ədəbiyyat sabit və dəyişkən düşüncə arasında böyük bir fərq sərhəddi yaradandan sonra təcrübələr çoxaldı.Yeni poetik, estetik strukturlar ədəbiyyatın praktiki imkanlarını genişləndirdi. Azərbaycan ədəbiyyatında da bu proses öz əksini tapdı.

İki əsrin qovşağında ədəbiyyat tarixində paradoksal vəziyyət yaradan Azərbaycan postmodern romanının görkəmli nümayəndələrindən olan K.Abdulla müasir ədəbiyyatımıza yeni ruh, yeni baxış gətirmiş yazıçılardandır.Yazıçının fərqli, özünəməxsus cəhətlərinin olduğunu müşahidə etdiyimiz əsərlərinin mahiyyəti demək olar ki, ilk dəfədən başa düşülmür, əsərlərindəki qeyri-adi hadisə və süjet, reallıqla irreallığın sintezi və s. xüsusiyyətlər oxucunu heyrətləndirir.Yazıçı əsərlərində qaranlıqlara, müəmmalara, miflərə, reallıqlara, miflə reallığın sintezinə müraciət edir ki, məhz  bu kimi xüsusiyyətlər onun yaradıcılığına hopmuş, ayrılmaz hissəsinə çevrilmişdir.Arxetiplər bütləşmiş anlayışları təkrarlamır, yeni ədəbi mexanizmin içində bir detal kimi təqdim olunur.Bu baxımdan K.Abdulla nəsri modernist və postmodernist estetikanın bir çox komponentlərini özündə cəmləşdirir. Yazıçının qələmində təzahür edən modernist-postmodernist poetika və mədəniyyət dünyada baş verən proseslərlə virtual əlaqə yaradır.Yazıçının romanlarında həmin zəruri amillər, poststruktural sosial funksiya, fərqli, orjinal estetik formatda işlənir.Bu mənada “Sehrbazlar dərəsi” romanı modern düşüncə miqyası və yeni yazı texnikası ilə fərqlənməklə yanaşı, həyata yeni baxışın estetikasını kəşf edir.İntiqam hissinin nə qədər qeyri-hümanist olması göstərilir.“Unutmağa kimsə yox” romanında zaman kəfkiri bütün dövrlərlə əlaqədardır. Eramızdan əvvəl başlayan vaxt qrafiki 2057-ci ilə qədər uzanır.Yazı sənətinin çoxqatlılığı, polifonizmi bir dünya ilə kifayətlənməyən müəllifin postmodern yozumunda mənalanır.“Sehrbazlar dərəsi”ndə kinin daim təkrar olunan arxetip olması estetik səviyyədə şərh olunur və postmodern süzgəcdən keçirilir. Yazıçı intiqam hissilə yaşayan insanın məhvini nağıl dilində nəql edir.

“Yarımçıq əlyazma” romanında isə bütləşdirilən, tabulaşan dəyərlər poststruktural, estetik mahiyyət kəsb edir.Bəs poststrukturalizm nədir? “Poststrukturalizm insan, dünya və məna haqqında nəsə yaratmaq və yenidən yaradılan anlayışlar arasındakı əlaqələrə verilən addır”.Yazıçı bu romanda yeni, alternativ bir baxış dünyası təqdim edir.Tabu mətn – “Kitabi Dədə Qorqud” eposu təzə kompozisiya libası geyinir.Poststrukturalizm ənənəni sorğu-sual edir. K.Abdulla da “Yarımçıq əlyazma” və digər romanlarında yeni semantik ovqat yaradır.Keçmişlə indi arasında ünsiyyət genişlənir.Roman sanki dil, mədəniyyət və ədəbiyyatın sabit qalan dəyərləri dəyişdirməsi,yaxud yenidən baxışıdır.Bu poststrukturalizmin ən vacib xüsusiyyətləridir.Bunun ilkin,əsaslı xüsusiyyətləri “Yarımçıq əlyazma” romanında təzahür edir.“Kitabi Dədə Qorqud” eposunun dekonstruksiyası olan roman estetik zərurət kimi yaranmışdır.Ancaq bu köçürmə, yeni mətn yaratma mexaniki, texniki xarakter daşımaqla qalmır, polifonik mətn dünyası yaratmaq və sonsuz sayda, tolerant düşüncə sisteminə xidmət edir.

Romanın adı – “Yarımçıq əlyazma” başlığı qədim əlyazmanın – möhtəşəm dastanın, yazılışı üçün hazırlanmış qeydlərin səbirli oxunuşudur:“Yəqin, dərk etdiniz ki, mən qədim Azərbaycan dastanı “Kitabi-Dədə Qorqud”dan danışıram” – romanın başlanğıcında təhkiyəçi belə yazır.

Yazıçı dastanını təqdim edərkən, oxucunu həm də informativ – elmi qeydlərlə tanış edir və dastanın bütün türk xalqları üçün əhəmiyyətini vurğulayır.

“Yarımçıq əlyazma”nın süjetində qədim əlyazmanın elmi iş olaraq oxunuşu Milli Əlyazmalar İnstitutunun (fondunun) orta əsrlər şöbəsində, üzərlərini toz basmış köhnə və yeni əlyazmaların yığıldığı kitab şkafları, rəflər arasında baş verir.

Kitabxana sisteminin bu sahəsinin bəzi təfərrüatları – ümumiyyətlə, əlyazmaların əldə edilməsi, saxlanılması (qorunması) və bərpası, eləcə də bu əlyazmanın dəqiq kataloq nömrəsinin (A 21/733) göstərilməsiylə yanaşı, onun oxunuşunun (zəruri hallarda şərqşünas qızın iştirakı ilə) təmin edilməsi prosesi romanda təqdim edilir.Eyni zamanda, əlyazmanın aşkar olunma anındakı vəziyyətinin qısa təsviri verilir və göstərilir ki, əlyazma zamanın bəzi izlərini-od, torpaq və insan etinasızlığının izlərini özündə əks etdirir.

Guya əlyazma bizim eranın XII əsrinə aiddir və o, 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi barəsindədir.Əlyazmanın bu tarixçi alimlər tərəfindən öyrənilməsinə xüsusi marağın olmamasının səbəbi də həmin hadisəylə bağlı məlumat verməməsidir.

Bu macəralı oxunuşun lap başlanğıcında məhz İnstitutun kitabxanaçı-alimi təsdiqləyir ki, “…əlyazma yarımçıq əlyazmadır.Nə əvvəli var, nə sonu”.Və o, yəqin, tədqiqatçını həvəsdən salmaq üçün belə bir saymazyana əlavə edir:“Sizin üçün maraqsız olar”.Təhkiyəçi elə birinci, səthi oxunuşdan sonra əlyazmanın yarımçıq olduğunu təsdiqləyir, amma məhz bu hal onun dar elmi maraqdan tamamilə fərqli, başqa bir marağına səbəb olur.Mətnin sirli və unikal (hətta yarımçıq əlyazmalar janrı mühitində belə) mahiyyəti onu heyran edir.Əslində, məhz bu ikitərəfli yarımçıqlıq təhkiyəçiyə əlyazmanın fərqli cəhəti kimi görünür:“Bizim “Yarımçıq əlyazma”nın bütün digər yarımçıq əlyazmalardan bəlkə bir əsas fərqi var ki, bu da bizim əlyazmanın sonu olmadığı kimi əvvəli də yoxdur”.

Deyərdim ki, ədəbiyyatımızda K.Abdulla romanları struktur və ifadə estetikasının cəmindən doğulmuş əsərlərdir. Necə ki, “Yarımçıq əlyazma” romanı yeni ədəbi oyun strukturu qurdu və oxucuyla ünsiyyətə girib, oxucunu sonsuz sayda variantı ola biləcək ədəbi oyunun bir iştirakçısına çevirdi.Əslində bu keyfiyyət antik dövrdən bugünə qədər ədəbi əsərin əsas şərtidir.Əslində bu tip romanlarda ədəbi oyun və priyomlar ən vacib xüsusiyyətdir.Çünki oxucu virtual mətn dünyasına inanmalıdır.“Yarımçıq əlyazma”nın  poststruktual estetikası Mixail Baxtinin “Karnaval Roman”,L.Fiedlerin “Xəndəkləri doldurun” tezisi ilə üst-üstə düşür.Sanki yazıçı “Yarımçıq əlyazma”da sonu bilinməyən bir struktur estetikası sərgiləyir.Fuko belə bir quruluşun tərifini verir:“Oyun ancaq sonunda nə olacağını təsəvvürünüzə gətirə bilmədiyiniz vaxt dəyərli olur”.“Yarımçıq əlyazma” romanında Şah İsmayılın oxşarı ilə yer dəyişməsi, Dədə Qorudun içində gizlətdiyi sirlər təsəvvür edilməyəcək qədər gözəl və dəqiq işlənib. Hər iki xəttin bir sirri var.Bu həm süjetdə özünü göstərir, həm də məna baxımından dəyər ifadə edir.K.Abdulla hər gün yaşadığımız həyatda nə qədər gizli məqamlardan, sirlərdən xəbərsiz, nagüman olduğumuzu da estetik semantikanın mərkəzinə çəkir.Deməli, Şah İsmayıl və Dədə Qorudla bağlı bilmədiyimiz, bilməyimiz imkansız olan təbii, qanunauyğun sirrlər mövcuddur.

R.Bart “Kritonun sahilində” yazısında yeni ədəbi qaydalar və qaydasızlıqlar,mətnlə harmoniya və xaos anlayışlarını təhlil edir,qaydaya qarşı qaydadankənar yazı metodunu, mücərrədə qarşı konkreti,ümumiyə qarşı xüsusini,yeniliyə qarşı həm də dəyişən məna və nəsnələri, ölümə qarşı yaşamağı seçir.“Yarımçıq əlyazma” romanı da Rolan Bartın yuxarıda sadalanan prinsiplərini ədəbiyyatımıza konseptual ədəbi mətn səviyyəsinə gətirən ilk romandır.İranlı tədqiqatçı Eyvaz Taha bildirir ki, insan cəmiyyətinin keçmişə qayıdışı “bakirə insanın yox, boşanmış (bəlkə də bir neçə dəfə boşanmış) insanın qayıdışına bənzəyir”. “Yarımçıq əlyazma”da bu kinayəli qayıdışı görürük.Bu qayıdışda qəhrəmanların talanmış məsumiyyəti ilə qarşılaşırıqsa, bu zaman axarında tutduğumuz yerlə bağlıdır. Oğuz ellərində cəsusun axtarışına həsr edilmiş “Yarımçıq əlyazma” bizlə özgənin, dostla düşmənin sərhəddini pozur: məgər real aləmdə torpağı, milləti, ölkəni satan adamlar dostun özü deyilmi? Cəsus məgər Oğuz xanlarının özü deyilmi?Cəsusun tutduğu məqamda onun hərəkətini Oğuza ağır bir zərbə kimi qiymətləndirən bütün Oğuz bəyləri sonda onu günahsız elan edərək açıb buraxırlar. Çünki cəsus Boğazca Fatmanın oğludur və o hər kəsə sübut edə bilir ki, bu elə sənin oğlundur”.

“Yarımçıq əlyazma” ilk baxışda tarixi romana bənzəyir.Yazıçı romanı əsasən bir əlyazma üzərində qurur ki, bu əlyazma da tarixi hadisəni rəvayət edir.Kökünə baxanda belə deyil, roman öz yoluna gedir və tarixi hadisələri qaynadıb estetik şərtlər içində əridir.Ən əsası bu əritmə prosesini heç bir siyasi güc və ya ictimai tapşırıq müəyyənləşdirmir.Məncə romana endirilən tənqid qılınclarının bəzisi belə bir ideoloji səciyyəli yaradıcılığa alışqanlıqdan irəli gəlir:əsər hansısa əqidəni, siyasi quruluşu və ictimai məqsədi gur səslə təbliğ etməlidir. Bununla da romana yönələn bəzi tənqidlərin başlıca özəllikləri ədəbiyyata dəxli olmamasıdır.Bu tənqidlərdə deyilir ki, K.Abdulla Dədə Qorqud, Şah İsmayıl və Beyrəyi komik duruma salaraq, onların tarixi imicinə xələl gətirmişdir.Bu da Azərbaycanın milli kimliyinin başlıca atributlarından sayılan şəxsiyyətlərin təhqiri kimi qarşılanmışdır.Bəziləri soruşur: “Milli-mənəvi varlığımızın dayaqları kimi tapındığımız mifoloji obrazlar  öz təbiətlərindən niyə çıxarılıb? Başqa sözlə K.Abdullanın Beyrəyi, Qazan xanı, Dədə Qorqudu, Burla Xatunu biz tanıdıqlarımız deyil.

Halbuki bu anlaşılmazlıqlar romanın reallıq şərtlərinə uğurla boyun qoyduğundan irəli gəlir.Oxucunun baxışında roman o qədər gerçək bir atmosferdə qələmə alınır ki, çox vaxt onun qondarma bir rəvayət olduğunu unuduruq.Sözsüz ki, əsərin real görünməsi üçün yazıçı böyük zəhmətə qatlaşmasaydı, roman bu qədər real görünməzdi.Yəqin ki, günlər, aylar çalışıb, hansısa personajı özündən uzaqda saxlayıb, o birisinə ehtiyatla yaxınlaşıb, üçüncüsünü bağrına basıb, yazıb, pozub və bizi bu reallığın kəhrizinə gətirib çıxarıb.

“Elm və fəlsəfə” həqiqət, əxlaq ədalət, sənət isə zövq üzərində qurulur.Romanın dilində köhnə görünən, türkcənin başqa qollarından olan sözlərdən yararlandığı üçün müəllifi qınayanlar var.Demək olar ki, K.Abdullanın Dədə Qorqudla yaxşıca tanışlığından dolayı, elə bir dilin ironik səviyyədə yenidən ortaya çıxarılması uğurla nəticələnmişdir.Müəllif oxucusunu nəzərə alaraq rəvayətin dilini, romanın tarixi kontekstinə dayanaraq qurmuşdur.Burada dialoqlar xüsusi vurğulanmalıdır. Ədəbiyyatımızda bu cür güclü danışığa az rast gəlirik.Bəkillə Beyrəyin söz atışması sanki canlı mübahisədir.Şah İsmayıl bölümünə keçdikdə dil yenə XVI əsrin ümumi ab-havasına uyğun olaraq dəyişmişdir.Ancaq bu bölümdə dil uyğunluğu Dədə Qorqudun qələmindən axan cümlələr qədər deyildir.

Ədəbiyyat dilin təşkilatlanmasından sonra özünü göstərir.Bu proses axınında mətnin özü vacibdir.Belə ki, oxucunun diqqəti mətnin necə formalaşmasına çəkilir ki, bu da “Yarımçıq əlyazma”da baş verir.Bu kimi əsərlər  tanış səhnəni ələk-vələk edir, alışdığımız düşüncə tərzini deşir, onları diz çökdürüb yenidən formalaşdırmağa çalışır.

Romanın ən maraqlı cəhəti “yarımçıqlıq” anlayışıdır.Roman forma və məzmun baxımından bu anlayışa uyğun gələ bilirsə demək Azərbaycan nəsrində yeni bir mərhələyə daxil oluruq.İlk baxışda “yarımçıqlıq” bir növ naqislik kimi görünür bu isə ölməzliyə, əbədiliyə, yetkinliyə can atan insan oğluna yaraşan məsələ deyil.“Yarımçıq əlyazma”da əlyazmanın yarımçıq qalması, bəzən də oxunaqlı olmaması, habelə şərqşünas qızın təhrifi ilə anlamların lillənməsi kimi məsələlər diqqətə layiqdir.Bunlar sanki işarələnənlə işarələyən arasındakı birbaşa əlaqəni pozur.Əsərdəki önsözlük və sonsuzluqla bərabər, əlyazmanın ortasından düşmüş vərəqlər, oxucunun  diqqətini mətnə çəkməyə ən gözəl hazırlıq imkanı yaradır:“Səhifələr əsil qədim yazılardakı kimiydi-saralmış, solmuş, şaxlığını itirmişdi.Bəzi yerlərdə cırılmış, bəzi yerlərdə yanıq izləri açıq-aydın qalmışdı”.Söz yox ki, bunların hamısı əlyazmanın düzgün və mükəmməl oxunmasına əngəl törətməlidir.Yazıçı bununla kəlmələrin sabit və mirmənalı durumunu xaosa sürükləyir, eyni anda rəvayətin birbaşa və aydın axarını bilərəkdən pozur.Yəni kollaj kimi yaranmış bu əsərdə təkcə yazılmış sözcüklər önəm daşımır,bəlkə əsərdə sükut anlarını və ya sətirlərdə ağ qalmış yerləri oxucu özü doldurmalıdır.Məncə hər bir əsərin uğurunun önəmli göstəricilərindən biri də oxucunun diqqətini əsərdə deyilməmiş sözlərə çəkməkdir: “…Əhalinin zəlzələdən sonra Gəncədən müsibət içində əziyyət çəkdiyini görən şəhər başçıları elə haman…” bu sətirlərdə başlanmış əsər birdən örpəyini atır və başqa bir hadisəni açıqlamağa başlayır: “…Bayandır xan yenə məni öz yanına istədi və mən Günortaca,xanın dərgahına özümü yetirib, ədəblə salam verdim”.Amma iş burda bitmir.Oğuz ellərində casus axtarışına həsr edilmiş bu rəvayətin özü də başqa bir rəvayəti öz içinə alır və “Xanım, uyquda gördüm ki,…” cümləsindən sonra bizi birdən-birə Şah İsmayıl sarayına aparır:“…Şah bu gün niyəsə yuxudan erkən oyanmışdı”.Sükut anlarının, ağ sətirlərin yaranması deməli “iç-içəlik” üslubundan təbii olaraq doğur, bu da özlüyündə əsərin anlam qatlarını artırır.Yazara verilmiş “yarımçıq mətn, hansısa böyük, onun özünü də ehtiva edən bir başqa mətnin içində idi. Mətnlər bir-birinə qarışmışdı.Əgər belə olmasaydı, o zaman bu yarımçıq əlyazmanı tanımaq ilk baxışdan da mümkün olardı”.Əslində “Yarımçıq əlyazma”nın əsas qatı iki müxtəlif, amma bir-birini tamamlayan istiqamətlərin yanaşı gedişidir.Birinci istiqamət Oğuz cəmiyyətinin daxilində baş vermiş ekstraordinar bir hadisə ilə bağlı Bayandır xan tərəfindən (Dədə Qorqud katibliyi ilə) aparılan istintaq prosesinin qələmə alınmasıdır.İkinci isə istiqamət müəllifin, yəni Dədə Qorqudun xüsusi qeydləri, müşahidələridir.Bəlkə də istintaqın gedişi öz-özlüyündə bu müdrik insan üçün bir çox Oğuz adamlarını dərindən tanımağa, onların həqiqi qiymətlərini verməyə təkan olur.

Kişi söyləmi əsasında yazılan romanda kişi səsi olduqca gurdur, qadınlar isə bir çox hallarda ağlıyıb-sıdqamaqdan başqa bir şeyə yaramırlar.Məsələn, “Qorqud, Qorqud! Sənə inanmayan ölsün.Sən dədəsən Qorqud, sənin qüdrətinlə bu iş oldu.Allah-taala sənin könlünə ilham verdi.Sağ ol, əsən ol.Səni görüm umurun açıq olsun.Sözlərin məlhəm olsun.Bizlərə həmişə dayaq ol. Sən söylə bəyə…Söylə….Xanına asi olanın işi rast gətirər ya gətirməz?-Sürməlicə Çeşmə Xatun bu sözləri ağlaya-ağlaya, sısqaya-sısqaya elə yanıqlı bir səslə oxşadı ki,ürəyimə dağ qoydular, ürəyim dözmədi…(s.92). Kişi mərkəzdə oturub, qadın isə ucqara sıxışdırılıb.

“Kitabi Dədə Qorqud”un orjinal nüsxəsində Banuçiçəklə Bamsı Beyrəyin tanışlığı zamanı  Şərq ənənəsinə riayət olunmur.Onların münasibətləri kontekstində qadın sərbəstliyi (müəyyən əxlaqi prinsiplər əsasında maraqlı və səmimi davranışlar) dalğalanır.

“Yarımçıq əlyazma” bənzərsiz və sevimli dünyanın çağdaş dünyada əks-sədasıdır.Buna görə də digər romanlara oxşamır və oxu ləzzəti daha da artır.Ancaq Dədə Qorqud dünyasının bəzi təfərrüatlarının canlandırılmasında yazıçı indinin şərtlərinə boyun qoyur, nəticədə çağdaş dünyanın yaşam tərzi onları puça çıxarır.Bu kölgəni xüsusilə qadın məsələsi üzərində görürük. Baxmayaraq ki, kölgə geniş deyil, xalı kimi yerə sərilmiş qarağacın kölgəsi boydadır.

Dədə Qorqud kitabının qadınlarla münasibətdə maraqlı dünyası “Yarımçıq əlyazma”nın çağdaş cinsiyyət anlayışında gözdən itir: qadın ucqarda oturur.Gözüyaşlı, çəlimsiz varlığa çevrilir.Kiminsə rəhmini, yardımını diləmək üçün onun ayaqlarına sərilir, ikiəlli qucaqlayır.Başlayır yalvarmağa.Ya da boş yerə o qədər ağlaya-ağlaya yanıqlı bir səslə oxşayır ki, ürəklərə dağ çəkir.Sanki qadının daş üstündə oturub ağlamaqdan, və ya başına döyməkdən başqa bir işi yoxdur.Qadın ağlayış, yalvarışlardan yan keçib, siyasi rol oynamağa başladıqda yenə də “Yarımçıq əlyazma”da ürəkaçan bir hadisə baş vermir.Belə hallarda qadınlar bəzən “saray tülküləri”nin donuna girir.Məsələn, Burla Xatun Qazan xanın evinin bağçasının uzun pınar axıb gedən yerində gizlincə Beyrəklə görüşür, hansısa sui-qəsdi planlaşdırır, bununla da kişi tarixçilərin formalaşdırdığı ənənəvi saray qadınının məkri ilə çıxış edir.

Nadir hallar istisna olmaqla, “Yarımçıq əlyazma”da da qadın daha çox alın yazısının əsiridir. Yazıçı bu köləliyin bacasından həm indiyə baxır, həm də keçmişə.

Romanda Dədə Qorqudun Beyrəyin mağarada qadınlarla xoş bir gecə keçirtməsini böyük hadisə donunda təqdim etməsi diqqət çəkən məqamlardandır.Beyrəyin bu gözlənilməz hərəkəti Oğuz elinə böyük təhqir kimi Bayandır xana çatdırılır.

Hərdən romanın gedişatına qatılan, rəvayəti söyləmək vəzifəsində görünən, sanki keçmişi çağdaş zamana daşımaqdan çəkinən müəllifin eyni zamanda rəvayətə qeydlər artırması maraqlı və ləzzətlidir.Eyni zamanda müəllifin bu növ iştirakı “ani qovuşma” xarakteri qazanır.O, istənilən vaxtda Dədə Qorqudun yerini alaraq onun bəzi səhvlərində düzəliş aparır və ya Dədənin gələcəkdə söyləyəcəklərindən xəbər verir:“Qorqud bir qədər əvvəl əlbəttə ki, haqlı deyildi. Onun təsəvvürünə görə Bəkillə söhbətinin əsas məsələyə bir elə dəxli yoxdu.Əlyazmada o elə belə də yazır: “…Bəkilin tarixçəsi uzun tarixçədi.Bizim məsələyə dəxli varmı, yoxmu onu mən bilmənəm, onu sən bilərsən xanım”.

Romanda iç-içə mətnlərdə anlamların gizlənişinə də rast gəlirik.Yarımçıqlıq və bir-birini tamamlayan iki paralel mətn özünü dekonstruksiya etməyə əlverişli şərait yaradır.Romanın qatları iç-içə olmaqla yarımçıqlıq kürkünə də bürünür.“Yarımçıq əlyazma”nın içərisindəki bir çox məqamlar əvvəl barədə tam və aydın təsəvvür yaradır.Əgər belədirsə, deməli mətn ancaq bizə özünü yarımçıqmış kimi göstərir.

Romanda maraqlı olan başqa bir məsələ ravilərin (rəvayət edən, hekayə edən, bir əhvalatı olduğu kimi danışan) çoxluğu və dəyişməsidir.İki rəvayəti ehtiva edən əlyazma və yazarın özü üç bucaqdan rəvayətin inkişafına qatılırlar.

Romanın birinci bölümündə yazar əlyazma ilə birbaşa ünsiyyətə keçə bilmir.Əlifbanın örtüyü arxasından hadisələrə baxır, bu da hermonetikaya (müəllif yoxdur, bir əsərdir, bir də biz) zəmin yaradır.Bu örtüyü aradan qaldırmaq uğrunda bir şərqşünas qız (könülsüz də olsa) vasitəçi rolunu oynayır.Beləliklə, müəllif romanı iki-üç gün ərzində latın qrafikasına köçürən şərqşünas qızı da ortaya çəkməyə çalışır.Bu münasibət də orda uğurla nəticələnir ki, müəllif qızın köçürməsindən şübhələnir:“şərqşünas qız doğru deyirmiş, bu ki, tamam başqa bir mətləbdir.Bayandır xan, Qılbaş, Dədə Qorqud bunlar nədən danışırlar?!Bəlkə də o şərqşünas qızın necə dəyərlər bu işdə “barmağı var?”

Yazıçının özü tam bilici-ravi olmaqdan qaçınır.O digər raviləri özü oturduğu mövqedən daha yüksək mövqedə əyləşdirir və onlara daha geniş baxış bucağı bağışlayır.Bu da hadisənin tam real alınmasına kömək edir.Yazıçı roman qəhrəmanlarını müəyyən məqsədə doğru qamçılayır.Nəticədə hətta Azərbaycanın adlı yazıçılarını elə bir əlyazmanın Əlyazmalar İnstitunda tapılmasına inandırır.

Romanı oxuduqca hiss olunur ki, yazıçı formanı müəyyənləşdirdikdən sonra yazmağa başlamayıb. Mövzu ilə doğma münasibət qura bilib.Bu yerdə Nazim Hikmətin “biçim (forma) nazik corab kimi, gözəl bir qadının yaraşıqlı ayaqlarını daha da gözəl göstərir, eyni zamanda görünmür”sözləri yada düşür.Məhz buna görə də “Yarımçıq əlyazma” nazik corab kimi gözə görünmədən, içində gizlətdiyi “büllür ayaqları” görməyə imkan yaradır.

“Yarımçıq əlyazma”nı sırf iqtibas (bir sözü və ya fikri başqasından götürüb mənimsəmək) hesab edə bilmərik (burda iqtibas deyərkən sırf mövcud mətnlərə ironik və məzhəkəli qayıdış tərzini nəzərdə tutulur).İranlı tədqiqatçı E.Taha romanı bir dəcəlliyin məhsulu hesab edir. Məsələn, Dədə Qorqudun tarixi şəxsiyyəti dəyişdirilərək, bir katib səviyyəsinə endirilir; Qazan xan Bayandır xanın qondarma və qorxunc istintaqı gedişində ələ salınır; Bamsı Beyrək isə həvəsbaz və laübali bir şəxsiyyət kimi qələmə verilir.

“Yarımçıq əlyazma”da zamanın xəttiliyinin pozulması ilə qarşılaşırıq.Dədə Qorqud zamanına geri qayıdıb, birdən-birə Şah İsmayılın sarayında baş çıxarmaq, habelə tapılmış əlyazmanın öz dövründən çox-çox sonralar baş vermiş Gəncə zəlzələsinə işarə etməsi, azğın düşmənin məhz bu zaman uçub-dağılmış şəhərə hücumunun fəhmlə qurulması zamanın xəttiliyinin pozulmasından başqa bir şey deyildir.

Müəllif, təsvir etdiyi, yaratdığı dünyaya “heyrət və heyranlıq” duyur.O, təəssüf edir ki, “bu cəmiyyət artıq mövcud deyil, o, antiklikdə, uzaq üfüqlərin arxasında və əlçatmaz bir keçmişdə qalmışdır”, “bu gün bizi antik dövrlə çox az şey birləşdirir”.

Hiss olunur ki, qəhrəmanlıqların müstəqil tarixi təsdiqini epik rəvayətlərdən almaq və beləliklə, “yarımçıq əlyazmaları” “tamamlamaq” hələ də mümkündür.Deməli, başqa əlyazmalar da aşkarlana bilməsi mümkünsüz deyil.

Dədə Qorqud razılaşır ki, “əvvəlcə söz olub”.Dədə Qorqud aforizm olaraq “əgər bir şey lap əvvəldən yazılmayıbsa, o heç vaxt baş verməyəcək” deməklə sözün əlahiddə gücünü öncədən görürdü.Və Kamal Abdulla da “Yarımçıq əlyazma”da yazının dekonstruktiv potensialının, epik sözün, mütləq keçmişin və monumental tarixin logosunun-sözünün bütün nəticələrindən istifadə edir.Bu mənada, insan varlığının natamamlığı və yarımçıqlığı əzəldən təyin olunmuşdur. 

Dədə Qorqudun xələfi kimi, hətta romandakı Dədə Qorqud xarakteri onun yazı proyeksiyası kimi nəzərdən keçirilə bilər.Daha vacib odur ki, romanda Dədə Qorqud təkcə Bayandır Xanın katibi deyil, O, sözün ən güclü mənasında katibdir.O, sadəcə, yazıçı-təhkiyəçi yox, həm də “sirrlərin qoruyucusudur”.Oğuz cəmiyyətində hər kəs bilir ki, “Dədəyə etibar edilmiş sirr həmişə qorunub-saxlanacaq”.Bu məqamda Con Kaputonun “sirr qorunub-saxlanmağa başlandığı andan yayılmağa başlayır, o öz qorunması ilə yayılır” sözləri yada düşür.

Bu mənada, Bayandır xana, beləliklə də, qədim əlyazmanın oxucusuna təkcə Beyrəyin “qəhrəmanlığı”nın sirri açılmır.Əksinə, hər dəfə əlyazmanın müəyyən yarımçıqlığı ortaya çıxdığında sirrin “üstünün açılması” və “yayılması” baş verir.Gizlilik “Yarımçıq əlyazma” üçün faktiki olaraq, baş obraz rolunu oynayır.Bu gizlilik sirrin faş olması ilə olmaması arasında oyunun obrazıdır.Necə deyərlər, özünün-onların həqiqətinin obrazıdır, yaxud üzə çıxan bədii obrazın həqiqətidir:“Dədə Qorqudun hazırlıq qeydləri, müşahidələri və eskizləri sis-duman örtüyü kimi açılaraq, öz həqiqi cizgilərini itirmiş və sənətkarın qələmə aldığı xəyala çevrilmiş ideya və mənaları aşkarlayır – buludlar göy üzündən yox olduqda nəhayətsizliyin maviliyi daha ehtişamlı görünür və sən Tanrıya, böyük ali həqiqətə daha yaxın olursan”. 

Təhkiyəçinin eyni əlyazma çərçivəsində bir-birindən uzaq mətnlər – Dədə Qorqud  və Şah İsmayıl hekayələri arasında əlaqənin nədən ibarət olmasını belə cavablandırmaq olar:Natamamlıq!

Romandakı bu cümlə məndə çaşqınlıq yaratdı: “İtib getmiş, ancaq adları qalmış, bu dünyada, hansının az, hansının çox, nə isə işlər görən qədim xəzərlər, qədim hindlilər, qədim misirlilər, qədim ermənilər, qədim yunanlar kimi, qədim oğuzlar da diqqətəlayiq bir mədəniyyət yaratmışdılar” (s.11). Ermənilərin qədimliyini, oğuzlar, xəzərlər, hindlilər, misirlilər, yunanlarla eyni sırada sadalandığını görəndə, hələ də ki, diqqətəlayiq bir mədəniyyət yaratdığını  oxuyanda dəhşətə gəldim. Erməni deyilən bir millət nə zamandan olub ki, onun tarixi, qədimliyi, hələ bir qədim mədəniyyəti də olsun. Əlbət ki, yazıçının buna bir açıqlaması olmamış olmaz.

“Bu xamır çox su aparacaq”; “Bu xına o xınadan deyil” (s.31); “Qızmış başda ağıl olmaz” (s.99); “Tək əldən səsmi çıxar”; “Sükutun səsi çıxar tək əldən” (s.152) kimi hikmətli sözlər əsərin qayəsini daha da qüvvətləndirmişdi. Romanda işlənən bəzi sözlər bu gün dialektlərimizdə  işlənir: Bəli, bu həqqən (yəni doğurdan) belə idi (s.25); Bilmirsən, sən avda (yəni evdə) yox idin (s.91); Əppək (çörək) olub göyə çəkildilər (s.162) və ya Qız Banıçiçək, sən dəxi birdəfəlik əppək olub itmə (s.191).(Hər üç söz Naxçıvan dialektindən mənə tanışdı).

Romanda bənzətmələrə də rast gəlirik:Yürüdüm, baba, taxta qılıncı bunun boynuna bir vurdum, nehrə yağına qarnımın qaba tükü girən kimi bu tərəfdən girdi, o tərəfdən çıxdı (s.244).

Romanda söz sırasının pozulması ilə də qarşılaşırıq təbii olaraq:“Mən onun, dedi, bir neçə gün öncə ziyarətinə getmişəm, əlini öpmüşəm, gözəl-gözəl söhbətlər onunla etmişəm, dedi.” (s.38). “…Lələ, mənim bir günahım bu işdə yoxdur (s.221). Bu mənada romandan zaman-zaman “Sehrbazlar dərəsi”nin ruhu duyulur. 

“Selləmə çayı” toponiminə ilk dəfə romanda rast gəlirik: “Selləmə çayının buzlu suyu kimi sopsoyuq oldu” (s.40).Nur daşı da yazıçının bildiyi, yaratdığı bir tapınma yeridir.

Bilmənəm (s.54), seçəmməz (s.74), sırça barmaq (s.55), qomur (s.79), beləcənə (s.12), yerdəncə (s.39), qoymanam (s.224), zaman formaları: “O evin qabağında bir xatunu daş üstündə oturub ağlayır gördüm”(s.85), və s. əsərin qədimliklə bağlılığını əks etdirəm məqamlardandır.

Yuxarıda da qeyd olunduğu kimi “Yarımçıq əlyazma”da tarixi faktların təhrif olunması ilə bağlı tənqidlərə çox rast gəlmişik.Ancaq unutmamalıyıq ki, təhkiyə tarixin ögey bacısı yox, doğma qardaşıdır.Həm tarix, həm də təhkiyə dil üzərində qurulmuş fenomenlərdir.Hər ikisi dilin dəhşətli dəhlizindən keçir, təhrifə, yalan-palana uğrayır, dilin ideoloji qüsurlarını çiyinlərində gəzdirirlər”.Aldadıcı yarımçıqlığına baxmayaraq,“Yarımçıq əlyazma” qorqudşünaslıqda böyük dəyişikliklər doğuracaqdır.Bununla qalmayacaq, həmçinin müasir ədəbiyyatın oxunuşuna və tədqiqinə, eləcə də onun qədim (epik, mifik) ənənə ilə əlaqəsinə və digər ənənələrlə qohumluğuna da təsiri olacaqdır.

Müxtəlif illərdə Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxstan, Misir, İtaliya və s. ölkələrdə çap olunan, dünyanın müxtəlif dillərində 100-dən çox rəy və resenziya yazılan romanı Rusiyanın «İnostrannaya literatura» jurnalı (Azərbaycan ədəbiyyatından ilk dəfə) müzakirəyə çıxarıb.Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab yenə də “Yarımçıq əlyazma”dır.Türkiyəli tənqidçilər bu əsərə görə yazıçını “Azərbaycanın Borxesi” adlandırıblar.Tanınmış rus yazarı Aleksandr Tkaçenko bildirmişdi ki, “Folkner öz Yoknapatofunu, Markes öz Makondasını, Fazil İsgəndər öz Çegemini yaradan kimi, Kamal Abdulla da öz «Yarımçıq əlyazma»sını yaradıb”.

“Allah özü bilməyənləri bilənlərin qəzəbindən qorusun. Amin.”(Yarımçıq əlyazma. Bakı-Mütərcim-2012, s.23). Deyərdim ki, sonuncu önsözdə gedən mətndə işlənmiş bu cümlə kitabın ən ağır kinayəsidir. Bununla hörmətli akademik demək istəmişdir ki, “bilməyənlər, xüsusilə də “Kitabı Dədə Qorqud”u bilməyənlər, nəsə bilib fikrini yazanlara və hətta “Yarımçıq Əlyazma” kimi bir şah əsər yaradan Kamal Abdulla kimi insanlara elə yersiz və nahaq tənqid edirlər ki, Tanrıya sığınmaqdan başqa yer qalmır”.