Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın ASAN Radioya müsahibəsini təqdim edirik.
– Kamal müəllim, siz həm yazıçı, həm də fərqli universitetlərin rektoru kimi uzun müddətdir fəaliyyət göstərirsiniz. Yazıçı kimi fəaliyyətinizdəki uğurlara görə Xalq yazıçısı adına layiq görülmüsünüz. Universitet fəaliyyətinizdəki uğurlara görə isə bir müddət əvvəl sosial şəbəkədə keçirilən sorğuda “İlin rektoru” seçildiniz. Mənsub olduğunuz sahələrdəki uğurlara görə nəyə borclusunuz?
– Elə həmin tələbələrimə, müəllimlərimə. Mən belə deyərdim.
– Bu gün bəzi yaradıcı adamlar özlərinə dağınıq həyat tərzini imic seçdikləri halda, elmlə, siyasətlə, belə bir böyük universitetə rəhbərlik fəaliyyəti ilə məşğul olmaq sizi yormur və yaxud yaradıcılığınıza mane olmur?
– Yaradıcılığıma mane olur, ya olmur, siz cavab verə bilərsiniz, amma mən öz payıma düşən hissəyə deyirəm ki, yorucu deyil. Əksinə, birindən o birinə keçəndə beyin dincəlir, ürək dincəlir. Bunların hamısı biri-birini tamamlayır.
– Burada siz daha çox insanlarla ünsiyyətdə olursunuz. Gənclərlə görüşürsünüz. Bu sizə yaradıcı şəxs kimi müşahidə imkanları yaradırmı?
– Bilirsiniz, mən heç vaxt tanıdığım və ünsiyyətdə olduğum adamlara müşahidə obyekti kimi baxmıram. Ola bilər, kimdəsə hansısa xüsusiyyəti beynimin bir güşəsinə həkk eləmişəm ki, lazım gələndə istifadə edəcəm. Bunu demək mənim üçün çətindir. Amma hər halda, mənim həyatım boyu ünsiyyətdə olduğum adamlar çox maraqlı insanlar olub. Necəliyindən, kimliyindən asılı olmayaraq.
– İki ildi ADU-ya rektor təyin olunmusunuz. Müxtəlif maraqlı layihələr etdiyinizin şahidi oluruq. Universitetdə tələbələrlə bağlı hansı yenilikləri etmisiniz?
– Deməzdim ki, mən hansısa yenilikləri gətirdim. Universitetdə yeni proyektlər baş tutdu. Hal-hazırda tələbələr və müəllimlər bu proyektlərdən zövq alırlar. Bu, həm də öz intellektual potensiallarını başqaları ilə bölüşmək imkanı yaradır. Bizim tələbələr əvvəllər pedaqoji təcrübələrini yalnız Bakı məktəblərində keçirdilər. İndi pedaqoji təcrübənin coğrafiyası genişlənib. Bizim bütün qaçqın, köçkün məktəblərində, Cocuq Mərcanlıda, Nardaran məktəblərində pedaqoji təcrübəmiz keçirilir. Mənə elə gəlir, bu, yaşayacaq bir proyektdir və bu proyekt təkcə universitet üçün deyil, həmin məktəblərin şagirdləri və tələbələr üçün də çox faydalıdır.
– Kamal müəllim, Slavyan Universitetində rektor vəzifəsindən azad olunan vaxt tələbələr israrla sizdən ayrılmaq istəmirdilər. Daha sonra sosial şəbəkədə sorğu keçiriləndə sizi ən yaxşı rektor seçdilər. Niyə sizi bu qədər çox istəyirlər, bilmirsiniz?
– Mən ona inanıram ki, digər rektor həmkarlarım heç də az sevilmirlər. Yəni onlar da həqiqətən gördükləri işlər müqabilində tələbələr tərəfindən sevilir. Əməli dürüst adam olanda, sözü və niyyəti dürüst adam olanda, onun qiyməti bu cür olur.
– Bəs universitetdə tələbələrin sosial vəziyyəti ilə bağlı hansı layihələr var?
– Deyim, müraciət edənlərə biz yardım edirik, bu fikir bu gün çox kasıb görünər. Hətta o yardım nə qədər böyük olsa da. Mən bir məsələni demək istəyirəm. Məncə, bu, həm universitet həyatına, həm də universitet camiəsinə layiq bir proyektdir. Biz birinci kurs tələbələri üçün, yenicə formalaşmağa başlayan tələbələrimiz üçün cəmiyyətə faydalı olmaları, tələbə kimi sabah vətənə, dövlətə xidmət etmələri üçün bir layihə etmişik. Hər birinci kurs tələbəsi kitab mağazasından kitabı alır, qəbzini gətirir və biz onun pulunu ödəyirik. Bu, tələbələrə öz kitabxanalarını qurmaq üçün imkan verir. Bəli, deyilə bilər, internetdən kitabı yükləyib oxuya bilərlər. Amma kitab mədəniyyəti elədir ki, kitaba gərək toxunasan, onu sığallayasan, onunla ünsiyyətdə olasan. Gələcəkdə o tələbələr də o kitabları öz övladlarına ötürə bilərlər.
– Sosial şəbəkələrdən nə qədər aktiv istifadə edirsiniz?
– Sosial şəbəkədə yoxam. Ancaq müxtəlif saytları izləyirəm.
– Bu gün Azərbaycan dilini sosial şəbəkələr daha çox zənginləşdirir, nəinki kitablar. Siz necə düşünürsünüz?
– Yəni bunları bir-birə qarışdırmadan, dilin zənginləşmə prosesində hər ikisinin rolunu qeyd etmək olar. Dilin zənginləşməsi, əlbəttə, ona yeni gələn dialektlərdən, başqa dillərdən gələn sözlərlə baş tutur. Amma bu o demək deyil ki, bütün o sözlər bizim xoşumuza gələn sözlər olmalıdır. Zənginləşmə prosesi keyfiyyətindən asılı olmadan hər hansı bir sözün ədəbi dilin materialına, ədəbi dilin orqanizminə daxil edilməsidir. Bəzən bizə elə gəlir ki, hə, bu söz xoşuma gəlmədi, bu sözü işlətmək olmaz, bunu Azərbaycan dilinə buraxmaq olmaz… Bu, son dərəcə səhv və yanlış təsəvvürdür. Hər hansı bir sözü sən işlətdinsə, demək, o, Azərbaycan dilində var. Hə, onu kim bəyənəcək, kim bəyənməyəcək, kim istifadə edəcək, kim istifadə etməyəcək, o, başqa məsələdi. Ona görə də, dilin bu cürə zənginləşməsindən qorxmaq lazım deyil. Dağ çayı gələndə özüylə hər şey gətirir. Amma eyni zamanda, çayın özü, suyun özü son dərəcədə lazımlıdır və qalan da elə o olur. Yerdə qalanları itir-batır, dağılıb gedir.
– Kamal müəllim, Rusiya səfirliyinin Yevgeni Primakovla bağlı elan etdiyi esse müsabiqəsinə qatılması səbəbindən Slavyan Universiteti böyük bir qınaqla üzləşdi. Sizin universitetə oxşar təkliflər olurmu, ümumiyyətlə, belə situasiyalarda universiteti qınamaq nə qədər doğrudur?
– Şərhsiz! Deyə bilərsiniz ki, şərh vermədi.
– Hazırda bir çox universitetlərdə tələbə və müəllimləri müxtəlif ölkələrə təcrübə mübadiləsinə göndərirlər. Nəzərə alsaq ki, siz də müxtəlif xarici dilləri tədris edirsiniz, universitetiniz necə, bu cür təcrübə mübadilələrinə qoşulurmu?
– Biz bir çox beynəlxalq proqramlarda iştirak edirik. Bunların içərisində bizim tələbələrimiz müxtəlif Avropa ölkələrinə, uzaq şərq ölkələrinə gedirlər. Bir semestr, iki semestr orda təhsil alıb yenidən geri dönürlər. Belə bir fakt var və bundan biz böyük məmnuniyyətlə istifadə edə bilirik. Bundan başqa, dediyim kimi, tələbələrimizə pedaqoji təcrübəni təkcə Azərbaycan məktəblərində deyil, xarici ölkə məktəblərindədə keçmək şansı yaranıb. Biz artıq bu istiqamətdə müəyyən danışıqlara başlamışıq. Ola bilsin, Almaniyanın Berlin şəhərinə bizim tələbələrimiz təcrübəyə getsinlər və hətta alman şagirdlərinə dərs də desinlər. Bu, bir təcrübənin xaricdəki formasıdır. Bundan kənarda bizim əməkdaşlarımız Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə bir yerdə bir başqa proyekt də həyata keçirirlər. Tələbələr də o proyektdə iştirak edir. Bu yaxınlarda bizim bir əməkdaşımız Latın Amerikasının üç ölkəsində olub, Azərbaycan multikulturalizmini orada böyük uğurla təmsil edib. Azərbaycan modeli haqqında danışılıb. Bilirsiniz ki, cənab Prezident multikulturalizmin Azərbaycan modelinə böyük önəm verir və multikulturalizmi dövlət siyasəti elan edib. Məhz elə buna görə də multikulturalizmin üzərindən Azərbaycanı tanıyanların da sayı çoxalıb, dostlarının da sayı çoxalıb. Dünya masştabında Azərbaycan həqiqətlərini cəsarətlə deyə bilən və dostları tərəfindən bu həqiqətləri deyə bilən bir ölkəyə çevrilib.
– Kamal müəllim, son günlər ölkə Prezidenti islahatlar keçirir. Xüsusilə rəhbər vəzifələrdə gəncləşmə siyasəti gündəmdədi. Hansı yaşdan sonra istirahət etməyi planlaşdırırsınız?
– Yəqin ki 70 (gülür).
– Axı çox az qalıb…
– Olsun (gülür). Çox gözəl. İşləməyə və beynində olan planları həyata keçirməyə daha çox vaxt olar.
– Bəs növbəti parlament seçkilərində özünüzü millət vəkili kimi görmək istərdinizmi?
– Bu barədə heç düşünməmişəm. Hökmən gərək hansısa strukturda təmsil olunasan? Olmamaq da olar. Kifayət qədər özünəyetərli bir insan üçün, mən də özümü belə insanlardan hesab edirəm, qüsura baxmayın, harda olmağın heç bir mənası yoxdu. O, ölkəsinə, vətəninə həmişə sədaqətli olacaq, o, dövlətinə, Prezidentinə həmişə sədaqətli olacaq, bayrağına, himninə həmişə sədaqətli olacaq. İstər oturub evdə yazısını yazsın, istərsə də hansısa bir idarədə oturub işini görsün.
– Bəs, 70 yaşdan sonranı necə planlaşdırırsınız?
– Vallah, demək çətindi. Amma yenə də demək istəyirəm ki, mən sizin verdiyiniz sualların bəzilərini heç düşünməmişəm, yəni planlı şəkildə yaşayan adamlardan deyiləm. Bilmirəm, bu, pisdir, yaxşıdır, amma plan qurmamışam ki, müəyyən yaşdan sonra bunu belə eləyəcəyəm, onu belə eləyəcəyəm. Əlbəttə, adam gəzmək istəyir, çox yeri görmək istəyir. Çox universitetlərdən mənə dəvətlər gəlir. “Gizli Dədə Qorqud”la bağlı, “Dədə Qorqudun poetikası” ilə bağlı mühazirələr deməyə çağırırlar. Mən böyük məmnuniyyətlə 2-3 ay əvvəldən razılıq verirəm, daxilən hazırlaşıram. Vaxt gələndə isə getmək mənə çox çətin görünür. Əlbəttə, bu, işlə də bağlıdı. Bu yaxınlarda Rumıniyada öz kitabımın və mənim haqqımda yazılan bir kitabın müzakirəsinə bu şəkildə qatıla bilmədim. Buna görə özümü çox pis hiss elədim. Əlbəttə, imkan olsa, bunların hamısında iştirak etmək vacibdir.
– Sabiq baş nazir Novruz Məmmədov həm Dillər Univeristetinin məzunudur, həm də uzun illər burada çalışıb. Vəzifədən azad edildikdən sonra yenidən universitetdə elmi işlər üzrə prorektor təyin olunub. Novruz müəllim yeni işinə adaptasiya ola bilirmi?
– Çox gözəl şəkildə adaptasiya olunur. Çünki Novruz müəllim uzun illər burada kafedra müdiri, dekan kimi fəaliyyət göstərib. Novruz müəllimi burda yaxşı tanıyırlar, böyük hörmət bəsləyirlər. Özü də kollektivi doğma hesab edir, özünü də bu kollektivə doğma hesab edir. Novruz müəllim böyük həvəslə, ləyaqətlə öz işinin başındadır.
– Kamal müəllim, bu gün Azərbaycan gəncliyini necə görmək istərdiniz?
– Bilirsiniz, mənim həyatda özüm-özümə və dostlarıma tez-tez dediyim bir tezis var: “Docendo discimus” . Bu, latıncadan “Öyrədərək öyrənirəm” deməkdir. Tələbədən, müəllimdən asılı olmadan hamı həm öyrədir, həm öyrənir. Müəllim auditoriyada tələbəni həm öyrədir, həm də ondan öyrənir. Tələbə heç özü də bilmədən müəlliminə nəsə verir, ötürür. Bəlkə müəllim də bunu təsəvvür etmir, amma nəsə yığılır, nəsə qalır. Mən hamıya arzu edərdim ki, bu iki sözün ikisini də həyatlarında normal şəkildə reallaşdıra bilsinlər. Həm öyrətsinlər, həm də həyat boyu öyrənsinlər.
https://525.az/site/index.php?name=xeber&news_id=130737#gsc.tab=0
Şərh yoxdur