Elnarə Qaragözova

Kamal Abdullanın postmodern nəsrimizin yeni və maraqlı nümunələrindən biri olan “Sirlərin sərgüzəşti” romanında ilk diqqəti cəlb edən mətnlərarası əlaqədir. Romanda mətnlərarası əlaqə iki formada təzahür edir:

1. Müəllifin öncəki əsərləri ilə üst mətn səviyyəsində hipertekstual əlaqə. Bu əlaqəni Kamal Abdulla yaradıcılığına bələd olan oxucu və araşdırmaçı asanlıqla müəyyən edə bilir. Əsərdə yazıçının daha öncələr yazdığı hekayə və romanların qəhrəmanları iştirak etməklə bərabər bəzən bütöv bir hekayə mətni romanın teksturasına daxil edilir. Bu, Kamal Abdullanın oxucuya verdiyi açıq mesajlardır.

2. Digər mətnlərarası əlaqə isə daha mürəkkəbdir və oxucudan hazırlıq tələb edir. Burada hipertekstuallıqdan daha çox intertekstuallıq önə çıxır. Əgər hipertekstuallıq mətnlərarası görünən əlaqədirsə, intertekstuallıq daxili, gizlədilmiş əlaqədir.

Bu iki əlaqə növü keçmişə yönəlib. Daha öncəki yazıçı mətnlərinə, folklordan, mifdən gələn məqamlara əsaslanır.

Üçüncü növ mətnlərarası əlaqə isə Kamal Abdulla mətninin özünəməxsusluğunu vurğulayan və gələcəyə yönələn əlaqədir.

Fikrimizcə, romanın əsas özünəməxsusluğunu məhz gələcək mətnlərlə mətnlərarası əlaqə təşkil edir. Postmodern ədəbiyyatda mətnlərarası əlaqə yalnız real deyil, irreal mətnlər arasında da mümkündür. Məsələn, X.L.Borxesin bəzi hekayələri yazılmamış kitablara resenziya şəklindədir. Fikrimizcə, Kamal Abdullanın “Sirlərin sərgüzəşti” əsəri, əslində, bir deyil, üç romandır. Biz bunu deyərkən yazıçının əvvəlki əsərləri ilə əlaqəni nəzərdə tutmuruq. Romanda, əslində, 3 əsər var. Eyni əsərin 3 əlyazması. Ümumiyyətlə ədəbiyyatda həm XX əsrdə, həm də XXI əsrdə əlyazma arxetipinin yüksək işlənmə tezliyi müşahidə olunur. Kamal Abdulla yaradıcılığında “Yarımçıq əlyazma” romanı buna ən bariz nümunədir. Bu roman haqqında daha öncə söz açmışıq. İndi isə “Sirlərin sərgüzəşti”ndə gördüyümüz əlyazma – romanlara qayıdaq.

1. Hacı Mir Həsən ağa Səyyahın ərəb əlifbası ilə yazdığı əsər.

2. Həsən müəllimin köçürdüyü, əslində isə fərqli şəkildə yazdığı əsər.

3. Gələcəkdə peyda olacaq əsər.

Açıqlayaq.

Səyyahın özü mətnə soldan baxanda yazdığının dəyişdiyini görürdü. “Hacı Mir Həsən ağa Səyyah yenicə yazmağa başladığı risalənin başlanğıcını bu cür yazdı və qələmi qarşısındakı mizin üstündə qələmdana qoydu. Bir xeyli bu yazdığını kənardan seyr eləməklə məşğul oldu. Bir az sağa başını əyib baxdı, bir az sola əyib baxdı. Ona elə gəldi ki, başını sola əyib baxarkən hərflər göz önündəcə hərəkətə gəlib elə bil ki, rəqs eləməyə başladı, onlardan hansısa yerini dəyişdi, hansısa yox oldu, yerini yenisinə verdi. Bəzi sözlər itdi, əvəzinə yeni sözlər üzə çıxdı”. Niyə soldan sağa baxanda dəyişdi mətn? Çünki o yazdığı mətn ərəb əlifbası ilə sağdan sola yazılmışdı. Həsən müəllim isə onu soldan sağa yazılan qrafikalı əlifba ilə köçürürdü. Və Hacı Mir Həsən ağa Səyyahın insanların real sirlərindən danışan əsəri Həsən müəllimin qələmindən keçərək irreal sirlərə çevrilir. Hacı Mir Həsən ağa Səyyah əlyazmanın müqəddiməsində gələcəkdən gələn hissəni də saxlayır. Beləliklə, biz həm Həsən müəllimin, həm də Hacı Mir Həsən ağa Səyyahın əsərinin sintezini oxuyuruq. Digər tərəfdən, Hacı Mir Həsən ağa Səyyah da əlyazmanın səyahət edəcəyindən xəbərdardır: “Hacı Mir Həsən ağa bu qəribə və sirli rəvayəti birnəfəsə yenidən kağıza köçürüb arxayın oldu ki, o yazdıqca rəvayət göz önündəcə yox olur, deməli, əsl ünvanına yetişir”.

Üçüncü variant da var. O variantı oxucu hələ ki oxuya bilmir. Amma müəllif üçüncü variantın da müjdəsini verir. “Haman hərflər, haman sözlər zamanın burulğanından keçib, fırlana-fırlana gəlib Həsən müəllimin kabinetində onun yazı masasının üstündəki kağızda zühur edirdilər. Sonra da yox olurlar”.

Beləliklə, fikrimizcə, bu roman yalnız sirlərin yox, həm də əlyazmanın sərgüzəştidir. Əlyazmanın növbəti zühurunda yazıçının bizə yeni sirlər, sərgüzəştlər təqdim edəcəyinə əminik.

https://edebiyyatqazeti.az/news/diger/4992-sirlerin-serguzesti-yoxsa-elyazmanin-seyahetnamesi