Vaqif Nəsib Sarıhüseynoğlu

Söhbət Kamal Abdullanın “Ədəbiyyat qəzeti”ndə esse kimi təqdim olunan üç poetik söhbətindən gedəcək. Öncədən onu deyək ki, həmin üçlük öz elmi izləminə və məzmununa görə esselikdən uzaqlaşıb başqa ədəbi formaya yaxınlaşır. Həm də müəllifin qələmindən çıxıb uğur qazanmış, poetik, fəlsəfi bir traktatını xatırladır.

Kamal Abdulla çoxşaxəli yaradıcılarımızdandı. Və bunun istedadının parçalanmadığı olduğunu uğurlu şeirləri, məşhur (bənzərsiz) hekayə və romanları, dəyərli (gərəkli) elmi məqalə və monoqrafiyaları ilə sübut etmişdir.

(Bunu zahirən, müəllifin yaradıcılığının bütün şaxələrinə eyni gözlə baxması hesab etmək olar. Əslindəsə əsl yarananların istinadı ilahi yanacaqdı. Həmin materiallardan yarananların hamısında, həmin od, alov, həmin sahələrin xüsusiyyətlərinə, tələblərinə uyğun yüksək vüsətinə çatır).

Ədəbiyyatımızın bütün sahələrinin uçarlığı hesab oluna bilən “Dədə Qorqud” dastanlarının poetikasını Kamal Abdulla çox böyük elmi təfəkkür və məharətlə təhlil edib Dədə Qorqudşünaslığa böyük töhfə vermişdi.

Onun Füzuli üçlüyünü müəllifin özündən xəbərsiz yeni addımı hesab etmək olar. Bircə müəllifin Füzuli poetik dəryasına qəvvaslığı sona çatmayıb. Bunlar da davamını tapıb Füzuli poetikasına yeni nəzərə çevriləcəkdi.

Füzuli poetik dəryasının hər zaman öz gəvvaslarına ehtiyacı var. Çünki onun incilərinə bu günün özündə də kifayət qədər baş vurulmayıb. Öz məna siqləti ilə necə var elə üzə çıxarılmayıb.

Bu fikirlər, əlbəttə, Həmid Araslı, Mir Cəlal, Mirzağa Quluzadə kimi füzulişünaslarımızın, həmin sahədə nərdivan ayanlarına çevrilmiş elmi fədakarlığına kölgə salmır. Həmin adamlar zaman-zaman həmin sahəyə üz tutanlar üçün səriştəli bələdçilərə çevrilir.

Bu yerdə onu da qeyd edək ki, Füzuli yaradıcılığı xalqımızın bütün yaradıcılarının zaman-zaman ilham mənbəyinə çevrilmişdi. Heykəltəraşlarımız, rəssamlarımız onun böyük dühasını sənətinin materialına çevirib heykəlini ucaltmış, simasını kətandan dünyaya gətirmişdi. Bəstəkarlarımız “Füzuli kantatası” səsləndirmiş, xanəndələrimiz qəzəllərinin pərvanələrinə çevrilmişdi.

Azərbaycan bu sahədə, necə deyərlər, bir yaradıcı qüvvəyə (ansambla da demək olar) çevrilib böyük Füzulisini böyük xalqına çatdırmaq istəmişdi.

Hələlik, indiki şəkildə Kamal Abdullanın Füzuli xələfi bir şair İlhamı ilə yazılmış həmin üçlüyünü bir növ Füzuli kantatası da adlandırmaq olar. (Həmin üçlüyü müəllifin elmi səriştəsinə, şairlik odu-alovunun qarışdığı aydın şəkildə özünü büruzə verir).

Əruz vəzninin muğamların boyuna biçildiyi məlumdu. Öz musiqisiylə fərqlənən həddən ziyadə bəhvlərə malik əruzun bütün bəhvlərinin fərqli musiqisi var. Elə ona görə Füzulini incəliyi ilə təhlil edə bilən alimlərimizin əsərlərini də bir növ poetikanın kantatası adlandırmaq olar.

Füzuli deyərkən üzlər Bağdadın Kərbəlasına, Boyat elimizin ustad şairinə doğru çevrilir. İnanmaq olar ki, Kamal Abdulla həmin mövzusunda qələmə sarılarkən onun da üzü oralara, doğma türkman boyumuza tərəf çevrilmişdir. Və Füzuli avazının sehrinə düşmüşdü. Və “Füzuli səsləyir” yazmağa başlamışdı: “Füzuli başdan-başa səsdi. Başdan-başa köks dolusu nəfəs və bu nəfəsin son iqamətgahı olan səs! Nəfəsin səsə çevrilməsi, yaxud səsin arxasındakı nəfəs Füzuli sənətinin canı, mayası, hətta bəlkə də iddiasıdır”.

Füzuli, müəllifin təbiri ilə Füzulivari səslənir. Bu da demək olar ki, başqa səslənişlərə bənzəmir: Füzuli ahənrüba kimi səni özünə çəkir. Sözlərindən əlavə bunu səsiylə edir. Öz səsiylə yox, sözünün səsiylə edir. Onun sözünün səsi qədər cazibədar, bu səs qədər eyni zamanda mülayim və mügtədir bir səs yoxdur.

Başqaları çağırır, Füzuli səsləyir”.

Bu səsləniş həm də Füzulinin incilər düzən lələyini göz önünə gətirir, ordan süzülən qəzəlləri səsləndirir. Həmin səslər də bir-birilə elə uyuşub, elə vəhdətləşib inci kimi öz qəlibinə yerləşir. Və həmin incilər həm də öz qəvvaslarını səsləyir. Bizləri poetik parlaqlığımız, məna çalarlarımızla necə var elə üzə çıxardın, – deyir.

Füzuli qəzəllərinin məna dərinliyini poetikamızın riyazi dillə desək söz üstü ən böyük yüksəkliyi hesab etmək olar. Onlara çata bilmək üçün dövrünün ədəbiyyatı fəlsəfə təbabət, bütün şölələrindəki mənəvi sərvətləri ilə tanış olmaq lazım gəlir.

Daş dəlir ahim oxu şəhdi ləbin sövqündən,

Nola zənbur evi nə bənzəyə beytül həzənim.

Hüzn evini daxilini hesab eyləyən, sinəsini arı şanısına bənzətmək istəyən şairik məna çalarlarını əxz etmək üçün, nə qədər sahəyə səyahət etmək lazım gəlir. Ən birinci “Yusif və Züleyxa” dastanından xəbərdarlıq gərək olur. (Yaqub peyğəmbər oğlu Yusifi ölmüş bilib xanələrinin birində onun rəmzi məzarını yaradır ki, bu, Şərq poeziyasında özünə hüzn evi adı qazanır). Müəllifin ahının oxu daş dəlir, (ahın məhsulu göz yaşları, oxusa suların daş dəlməsidi) bir dodağın balının eşqindən. Bal şirəsi o dəqiqə avını çəkir. Füzuli sinəsinin zənbur evinə bənzəməsini arzulayır.

Həmin qəzəlin ilk beytində də dövrün təbabətilə tanışlıq gərəklənir. (Vücudunun hər yerinə cünun dağı çəkilib dağlanmış bir aşiqin dağlarının yerinə basılmış pambıqlar onun diriykən libasına, ölərkən kəfəninə çevrilir).

Füzulinin, bəlkə də, bu şəkildə səslənişi hesabına onun yaradıcılığına Leyli ilə Məcnun təşrif gətirir. Və Kamal Abdullanın təbiri ilə həmin dostuna, həmin səsləniş sonrası bu şəkildə nəzər salmalı oluruq: “Beləliklə Füzuli (Leyli yox, Füzuli) Məcnunu, yəni özünü tərk etməyə sövq edir… Çöllü-biyabanın məlum əfsanəsi əgər Leylini bu dünyada Məcnunsuz qoymuşdusa İntibah dövrünün Füzulisi Leylini o biri dünyada Məcnunsuz qoymaq istəmir. Bəs Məcnundan gözlənti nədir, onu hara səsləyirlər? Onu harda gözləməkdədirlər?! Və Məcnunun bu dəvətə cavabı necə olacaqdı?!

Gəd kami dil ilə olalım var

Bir yerdəki yoxdu onda əğyar…

Daim olalım bir evdə həmraz

Kim çıxmaya dişrə ondan avaz.

Müəllif tərəfindən Füzulinin hər səslənişi özünə uyğun məna avazını, rəngini, nəvazişini tapır. Füzuli yaradıcılığına belə bir yaraşmanı tamamilə Kamal Abdullaya aid hesab etmək olar. Müəllifdən sözə qüvvə: “Bu səsin rəngi var. Bu səs səni rəngli bir dünyaya aparır, o səsin arxasındakı məqamı, mənzərəni bütün rəng çalarları ilə görürsən. Bu səsin nəvazişi dözülməzdi, məsumluğu inanılmaz, sadəliyi aldadıcı, mürəkkəbliyi nümayişkaranədi. Başqaları bu səslə min oyun qurardı. Füzuli bu səslə səsləyir”.

Bəs Füzuli nəyə inanır. (Əsrlərdi Sərgi təfəkkürünə, ilhamına, poetikasının məna dərinliyinə inandırmış ustad. Kərbəlada Şərqin poeziya məktəblərindən birini yaratmış ululardan ulu).

Füzuli inancını aşkarlamaq üçün Kamal Abdulla olduqca bənzərsiz bir üsluba əl atmış, Füzulinin iki misrasının cəngini təşkil etmişdi. (Bu yerdə misraların yox, beytlərin qarşılaşdırılmasına üstünlük veririk).

Gər dersə Füzuli ki gözəllərdə vəfa var,

Aldanma ki şair sözü, əlbəttə, yalandır.

Və:

Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən,

Nola zənbur evinə bənzəyə beytül həzənim.

(Misralar deyil, beytlər şairin fikrini tamamlayır).

Amma K.Abdullaya misraların üz-üzə gəlməsi sərf etdiyindən onların natamamlığını qırılmaz məntiqi ilə tamamlayır.

Əslində, misraların qarşılaşdırılması yalan və doğrunun üzə çıxmasına xidmət edir. Müəllifsə həmin vəziyyətdən çox məharətlə çıxa bilir. Və beləliklə, Füzuli inancına doğru addım atılır:

…Şairin öz sözünə yalan deməsi, faktik olaraq özünü yalançı elan etməsi yalan olacaq. Biz bu tərəflərin ikisindən birinə inana bilərik. Füzuli isə onların hər ikisinə inanır. “Füzuli paradoksu” Füzulinin sarsılmaz inamının hər iki qütbünü ehtiva edir”.

Sonra Kamal Abdullanın ana fikri səslənir. Bu da bütün yaradıcılığında böyük Füzulinin özünə inancından ibarət olur. Müəllif bunu Füzuli misralarının təhlili əsasında inandırıcı şəkildə verir: “Beləliklə, Füzuli özü-özünə inanır:

Əhli-nəfsdi, əhli cahan, bilməz fəna qədrin

Füzuli tərki-təcridi sənə ancaq müsəlləmdi.

Bu beytin içində Füzuli vardır. Bu beytin içində Leyli vardır. Bəs bu beytin içində Məcnun, dəxi varmıdır?! O da var. “Tərki-təcrid” adlı bir hiss dairəsindən ancaq Füzuliyə “müsəlləmdirsə” “fəna qədrini”, fənaya uğrayanlar, o cümlədən Leyli əgər bilirsə, bəs Məcnunun payına nə düşür?! Məcnun hələ ki bu beytdə “Əhli-nəfs”ə uymuş “əhli-cahan” tərkibindədir, başqa yerdə deyil”.

Həm də bu misralar Füzuli lələyindən süzülüb.

Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi-sadıq mənəm, Məcnunun ancaq adı var.

Və bax beləcə Füzuliyə inanıb inanırıq ki, harda Füzuli varsa orda Məcnun, harda Məcnun varsa orda Füzuli var.

Müəllifin üç fərqli başlıq altda verilmiş Füzuli dünyasına söz yürüşünün hər üçünün qayəsi eynidir. Çünki hər üçü yaradıcılığı Leyli və Məcnun məhəbbətiylə qüdrətlənmiş Füzuli yaradıcılığından bəhs edir. O yaradıcılığa olduqca yeni bir baxışla nəzər salınır:

Hətta bu qəbildən beytlərində belə böyük Füzulinin yaradıcılığından nağümanlığına inanılmır. Bunu ancaq müdriklərə məxsus təvazö hesab etmək olur:

Ey Füzuli, şamü-qəm ənzamına yoxdu ümid

Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.

Füzuli yaradıcılığı məhəbbətin gücü ilə poeziyamızın əbədi sönməz, cazibədar dan yerinə çevrildi.

Nəyin hesabına: “Tam oxşarlıq, Tam bənzərlik. Tam birləşmə və qovuşma. Ruhların təntənəsi. Leylinin vəsiyyətindəki şübhənin tamamilə yox olması və Məcnunun “iradəti”.

Leyli inanmırdı. Füzuli inandı. Əğyarlar olmayan məkanda iki nakam aşiqin yer bilmə haqqına inanan yenə də Füzuli oldu.

Başqaları çoşqunluq içrə tərəddüd eyləyərdi.

Füzuli inandı”.

…Vaxtilə universitetin Yaşar Qarayevlər yetirmiş korifey professorlarından Məmməd Cəfər ustada bir tələbə Füzulinin bir beytinə görə yanğılı sual vermişdi.

Həmin beyt:

Ləhceyi-türki qəbuli-nəzri tərkib etməyib

Əksərən Əlfazi namərbutü-nahəmvar olur.

Tələbəni həmin beyt həmin şəkildə narahat etmişdi:

“Nə üçün bu belədi? Nə üçün əksər sözlər, ifadələr ləfzi-türk” belə bir nahəmvar müstəvidədir? Nə etmək lazımdı?

Həmin tələbə Kamal Abdulla olmuşdu.

Bəlkə elə həmin zamanlardan türklük müstəvisindən Füzuli ağrısı inci dəryasına məhəbbət oyatmışdı.

Günümüzün akademiki bu gün qəvvasa dönüb həmin dəryaya baş vurmağa başlamışdı.

Və ilk yazılarından çoxşaxəli yaradıcılıq sahibinin onlara var qüvvəsini həsr etdiyi anlaşılır.

Bu yazıları müəllifdən fərqli, esse deyil. “Dədə Qorqud” dastanlarının poetikasına giriş monoqrafiyasından sonra, Füzuli poetikasına giriş (və poetik şəkildə qələmə alındığından, hətta “Füzuli kantatası” adlandırdıq).

Füzuli K.Abdullanı səsləyib, inandırıb və həmin şəkildə dilləndirib.

Biz də bunun Füzuliyə layiq poetik traktata çevriləcəyinə inanırıq. Və o, oxucularına Füzuliyə layiq monumental bir əsər bəxş edəcək.

http://edebiyyatqazeti.az/news/edebi-tenqid/5297-fuzuli-poetikasina-uc-basvuru-ve-ya-fuzuli-kantatasi