Fevralın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinovla görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə K.Abdulla rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən danışıb. O, qonağa bir çox ölkələrin ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri barədə məlumat verib. Rektor mərkəzlərə nəinki universitet heyətinin, həmçinin digər şəxslərin də maraq göstərdiyini deyib, Özbəkistan universitetləri ilə əlaqələrin qurulmasında Ş.Siracəddinovun dəstəyini yüksək qiymətləndirib. K.Abdulla “Kitabi-Dədə Qorqud” dastanı, onun müxtəlif layihələr çərçivəsində tanıdılmasından danışaraq, Ş.Siracəddinovun ADU ilə birgə bu istiqamətdə konfranslar keçirməsinin mümkünlüyündən söz açıb.
Özbəkistanla Azərbaycan arasında əlaqələrin inkişafını yüksək qiymətləndirən Ş.Siracəddinov elm və təhsil sahələri üzrə əməkdaşlığın, dilin təbliğinin önəmli amil olduğunu vurğulayıb. Qonaq rəhbərlik etdiyi universitetin fəaliyyətindən, həmçinin özbək ədəbiyyatı nümunələrindən söz açıb.
Daha sonra əməkdaşlıq, tələbə və müəllimlərin təkmilləşməsi istiqamətində aparılacaq işlər, tələbə-müəllim mübadiləsi, birgə layihə və konfransların təşkili məsələləri müzakirə olunub.
Şərh yoxdur