Bu gün Xalq yazıçısı Kamal Abdullanın doğum gündür. Onun 70 yaşı tamam olur. Kulis.az bu münasibətlə Şərif Ağayarın Kamal müəllimlə müsahibəsini təqdim edir.
– Yubileyiniz münasibətilə sizi təbrik edirəm. Bu yaşınızın belə bir tarixi dövrə düşməsi, yəqin, maraqlıdır sizin üçün.
– Maraqlı yox, çox fəxredici haldır. Biz doğma torpaqlarımızın düşmən əsarətindən azad edilməsinin sevincini, fərəhini, qürurunu yaşayırıq və bu kontekstdə, əlbəttə ki, sevinc sevincə qarışır.
– Kəlbəcər rayonu işğalçılardan azad ediləndə Vəng kəndi birdən-birə aktuallaşdı. Məlum oldu ki, Qarabağda bir neçə Vəng varmış. Bu kənd mənim yadımda daha çox sizin “Unutmağa kimsə yox” romanınızdan qalıb. Sizin yazdığınız hansı Vəng idi?
– Mənim yazdığım Vəng Naxçıvanda yerləşir.
– Orda da Vəng kəndi var, demək…
– Bəli. Kəndin adı Vəng deyil. Vəng qədim türk sözüdür, ona görə, mən o sözdən istifadə etmişəm. Bəzən bizə elə gəlir ki, ermənilərin bizim kəndlərə, yaşayış yerlərinə verdiyi adlar erməni sözləridir, amma elə deyil. Onlar özlərindən xəbərsiz çox vaxt qədim türk sözlərindən bol-bol istifadə edirlər. Soyadlarından tutmuş ailə-məişət söhbətlərinə, elmi söhbətlərinədək… Vəng sözünün romanda etimologiyası da verilir. Mənası “inilti”yə bağlanır.
– Hə. Dağlardan inilti gəlir və bunu yalnız Bəhram kişi eşidir.
– Elədir.
– Maraqlıdır, azad edilən vaxt dedilər, Kəlbəcərdə üç min beş yüzdən çox qayaüstü yazı var. Sizin romanda da “Çiçəkli yazı” var və onun sirrini alimlər aça bilmir. Axırda sadə kənd sakini açır və məlum olur ki, bu, iki misralıq sevgi şeiri imiş.
– Əyyamı-qədimdən beynimə belə bir fikir girmişdi ki, bəlkə, dünya tarixi savaşların tarixi deyil, şahların, padşahların tarixi deyil, xalqların biri-biri ilə toqquşmasının tarixi deyil, bir insanın başqa bir insana sevgi məktubudur. Dünya tarixini bu cür görmək məni həmişə düşündürürdü və onu həmin romanda düşündüyüm kimi görrməyə çalışdım.
– Kamal müəllim, bilirəm, “kitabdan gəlmə” ifadəsini qəbul etmirsiniz…
– Çünki mənə gülməli gəlir…
– Amma yenə hərlənib-fırlanıb bu söhbətə gəlirik…
– Bu bölgü və onun ədəbiyyatımıza təsiri, əlbəttə, var, amma məncə, kökündən doğru deyil. Niyə? “Ədəbiyyatdan gəlir”, “həyatdan gəlir” bölgüsü aparanlara belə bir klassik sual ünvanlamaq olar ki, sən əgər ədəbiyyata həyatdan gəlirsənsə, bu cür düşünürsənsə, ədəbiyyatı sənin həyatından silək, onda həyatdan ədəbiyyata gələ biləcəkdin? Sən həyata gəlmisən, torpaq üstündə addımlamısan, amma o oxuduğun kitablar olmasaydı, necə gələcəkdin ədəbiyyata? Bir ağıllı söz var e, Nabokov deyir, Folkneri ona görə oxumalıyıq ki, Tolstoy kimi yazmamağın mümkün olduğunu bilək. Sən ədəbiyyatdan istər-istəməz keçməlisən. Ən vacib məqam ədəbiyyatdan keçməkdir. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi də odur ki, çox vaxt kənddə doğulub böyüyən, oraya aid yazanların həyatdan gəldiyini deyirlər. Bəyəm şəhərdə, asfalt üstündə dünyaya göz açanlar həyatdan gəlmir? Hökmən gərək torpağın üstündə yeriyəsən? Asfalt da bizim evimizdir də. Əgər söhbət münasibətdən gedirsə, ayağını nəyin üstünə basmağının əhəmiyyəti yoxdur.
– “İzm”lərlə bağlı həmişə bizim dostlar arasında müzakirələr, mübahisələr olur. Siz necə düşünürsünüz, “izm”ləri bilmək, onlara riayət etmək yaradıcı işdə yazıçıya nə qədər kömək edir?
– Siz hələ dostlar arasında “izm”ləri kimin daha çox bilməsi yarışından çıxmamısınız? (gülür) Mən “izm”lərlə əvvəl oxuduqca maraqlanırdım. İnanırsan, vurma cədvəlini mən hələ də axıra qədər bilmirəm. Bu dəqiqə mənə vurma cədvəlindən elə sual verərsən, cavabını tapa bilmərəm, amma eləsini verərsən, taparam. “İzm”lər də belədir. Heç vaxt onları öyrənməyi qarşıma məqsəd qoymamışam. Vaxtı, yeri gəldikcə onlar haqqında məlumat beyninə yapışır, ya da yapışmır. “İzm”lər bizi ədəbiyyatın dərinliyinə aparan cığırdırmı, yoxsa bilmədiyimiz mətləbləri daha aydın və anlaşılan edir, bilmirəm.
– Yazanda hansısa “izm”i məqsədyönlü şəkildə tətbiq etdiyiniz olubmu?
– Qətiyyən! Qətiyyən!
– Amma sizi əsasən postmodernist sayırlar.
– Ömrümdə ağlıma gəlməzdi ki, yazdıqlarım postmodernizmə, ya başqa nəyəsə yozula bilər. Qəribə səslənsə də, mən özümü oxumağı sevirəm. Sonradan öz romanlarıma, yazılarıma yenidən qayıdıb onları oxuyanda gördüm ki, hər yazımdan, əsərimdən bir başqa düstur çıxır. Ona görə, yazıb qurtarandan sonra romanlarıma bir də baxmaq istədim və onların felinə uymadım. Sən yazan zaman yazdığına inanmalısan, oxuyan zaman inanmaya da bilərsən.
– Kamal müəllim, biz intellektual mətndən təzə-təzə danışmağa başlamışıq, amma Füzuli “Dibaçə”sində demək olar, bunun düsturunu verib. Deyir, mənim şeirlərim həm zahirpərəstlər üçündür, həm batinpərəstlər. Sizə hansı tərəf daha çətin və məsuliyyətli gəlir: zahiri estetikliyi təmin etmək, yoxsa daxili dərinliyi?
– Heç bir tərəfi çətin gəlmir. Çətin yazılan əsərlərimi hələ yazıb bitirməmişəm. Yazılarımı asan yazmışam. Nə zahiri tərəfi, nə də batini tərəfi mənə çətin görünüb. Onlar qəribə şəkildə vəhdət yaradıb və sonradan onları oxuyanlar görüb ki, bunu yazan həm alimdi, həm yazıçıdı, ona görə qərar veriblər. Yekunda əsəri bütöv şəkildə qəbul eləmək lazımdı.
– Azərbaycan ədəbiyyatında da, dünya ədəbiyyatında da elmdən ədəbiyyata gələnlərin sayı artır. Sizcə, bu nəylə bağlıdır? Nəsrin elmə ehtiyacı var?
– Mən bu suala belə cavab verərdim. Dünyada çox möhtəşəm bir qanun var: tarazlıq qanunu. Görünür, ədəbiyyatımızın belə bir tarazlığa ehtiyacı olub. Sevgi romanını sadəcə sevgi nağılı kimi oxumaq oxucuları bezdirib. Onlar sadəcə oxumaq istəmir, oxumaqla paralel düşünmək də istəyir. Yazıçının ona təqdim etdiyi dünyanın içinə girib öz təfəkküründə “yazıçılıq” etmək istəyir. Görünür, bütün bunlar o biri tipli romanlarda mümkün deyildi. Birinci tip romanları hər yerdə oxumaq olar. Avtobusda, metroda, küçədə, plyajda… Amma roman var, onu plyajda oxuya bilməzsən.
– Plyaj məsələsini sizə Umberto Eko demişdi…
– Bəli. Unudulmaz Umberto Eko.
– Sizə bəzən Azərbaycanın Ekosu deyirlər…
– Kim kimin yadında düşürsə, oxuduğu zaman, bu, onun özünün göstəricisidir.
– Məncə, siz Borxesi daha çox sevmisiniz.
– Borxeslə görüşməmişəm, amma ikisini də eyni dərəcədə sevmişəm.
– Borxeslə sizin aranızda belə bir paralel aparmaq olar: o da sizin kimi janrsız yazırdı. Şeir, esse, nəsr və s.
– Amma romanı olmayıb, mən bilən. Onun hər bir hekayəsi roman siqlətində idi…
– O həm də Latın Amerikası ədəbiyyatına öz yaradıcılığı ilə təkan verən bir yazıçı olub.
– Mən elə deməzdim. Çünki Markesi də, Kortasarı da tamam başqa yolun yolçuları kimi görürəm.
– Mən ümumilikdə ədəbiyyat üçün təkanı nəzərdə tuturam. Dünyada tanındı, qəbul olundu, yaxşı əsərlər çevirdi… Bir növ Qərblə körpü rolunu oynadı.
– O dövr üçün bəlkə də, hə. O dövrdə görürük ki, xüsusi yazarlar pleyadası, musiqiçilər pleyadası, futbolçular pleyadası ortaya çıxdı. Ümumiyyətlə, Cənubi Amerika təbiətin insanlarla ünsiyyətinin ən yaxşı nümunələrindən sayıla bilər.
“Umberto Ekoyla görüşə xüsusi həvəsim yox idi”
– Səhv etmirəmsə, “Yarımçıq əlyazma” romanı ilə bağlı Eko sizə demişdi ki, ən böyük probleminiz “Dədə Qorqud” dastanının dünyada yetərincə tanınmamasıdır.
– Şəxsən mən bir çox inandığım adama bu sualı vermişəm ki, əgər sən “Dədə Qorqud” dastanını oxumasaydın, bu roman sənə necə təsir edərdi? Müxtəlif cavablar verilib. Məsələn, amerikalı naşirim cavab vermişdi ki, “Dədə Qorqud” dastanını oxumamışam, amma sənin romanını gülməkdən qarnımı tuta-tuta oxudum. Yəni, ona mənim romanım özlüyündə tutarlı görünürdü. Adam da var deyirdi, gərək, o dastanı oxuyasan ki, romanı anlayasan. Eko da mənə təəssüflə demişdi ki, əgər “Dədə Qorqud”u oxusaydım, sənin romanını daha çox qiymətləndirə bilərdim.
– Oxumamışdı?
– Oxumamışdı. Danışdıq bu haqda. İtaliyada “Dədə Qorqud”un cəmi 6 boyu vardı. Vatikanda.
– Məncə, Eko haqlıdır. Belə mətnlərdə hara göndərmə edildiyini bilmək vacibdir.
– Bəli. Ekonun dostu, italiyalı professor Franko Kardini romanımı oxuduqdan sonra mənə yazmışdı ki, biz Qərb olaraq mədəniyyət baxımından Şərqə borcluyuq. Mən sizinlə söhbət edəndə, görürəm ki, bizim mifoloji panteonumuzu, ədəbiyyatımızı, mədəniyyətimizi çox gözəl bilirsiniz, amma biz sizi bilmirik. Buna görə sizin qarşınızda borcluyuq. Eko da belə düşünürdü. Qərbin ümumiyyətlə belə bir günah kompleksi var.
– Bilənlərin də?
– Allah bilməyənləri bilənlərin qəzəbindən qorusun! (gülür)
– Kamal müəllim, İtalo Kalvinoya münasibətiniz necədir? Bir çox əsərlərinizdə ovqat qohumluğu hiss olunur.
– Sənə desəm ki, Kalvinonu heç oxumamışam, inanarsan? Məni onunla bir çox adam, həmçinin Kardini də müqayisə edib. Onun haqqında eşitdiklərim mənə o qədər maraqlı gəlib ki, hökmən oxuyacam.
– Orxan Pamuk deyir, necə ki, dünyanın bir çox xalqlarının taleyini şəkilləndirən kitablar var, türkün də tale kitabı “Dədə Qorqud”dur.
– Yaxşı fikirdir. Mənə Fuad Köprülüzadənin fikri daha maraqlı gəlmişdi. Deyir, tərəzinin bir gözünə “Kitabi Dədə Qorqud”u, o biri gözünə bütün türk ədəbiyyatını qoysaq, birinci ağır gələr. Həm də mən inanmıram ki, Pamuk “Dədə Qorqud”la bu qədər yaxından tanış olsun. Yəni romanlarından hiss olunmur. Səncə, onda Dədə Qorquddan nəsə var?
– Yox, o, bu kontekstdə haqqında danışdığı kitabını – “Qırmızı saçlı qadın”ı farsların “Rüstəm və Söhrab” əhvalatından götürüb. Ata-oğul məsələsi…
– Halbuki, “Dədə Qorqud” dastanından Buğacla bağlı əhvalatı da götürə bilərdi. Ata və oğul mövzusudur o da.
– Bizdə, Koroğlu-Kürdoğlu hekayəti də var.
– Var. Var. O ümumdünya mövzusudur. Edip süjetidir.
– Pamuk qəribə bir analogiya aparır: Şərqdə ata oğlunu öldürür, Qərbdə oğul atanı. Deyir, bəlkə də bizim problemlərimizin kökü burdadır. Patriarxallıq həmişə qələbə çalır.
– Qərbdə bilirsən necə olub? Qərbdə atalar oğullarını öldürmək istəyir, amma buna nail ola bilmirlər. Qəribə bir təsadüf nəticəsində oğullar sağ qalır. Edipin özünü hündür bir yerdən atırlar, ondan sonra çobanlara verirlər ki, apar öldür… Təsadüfən sağ qalır.
– Uşağı qayadan atmaq, azdırmaq kodu bizim nağıllarda və dastanlarda da var. Misir miflərində da bu cür əhvalatlara rast gəlmişəm.
– Məşhur süjetlərdir. Səyyar süjetlər…
– Siz “Dədə Qorqud” dastanına müraciət edəndə, bunun bizim taleyimizi şəkilləndirən kitab olduğunu bilirdiniz?
– Yox. Mənə ilk dəfə bu dastanı sevdirən müəllimim Musa Adilov olub. Onda üçüncü kursda oxuyurdum. Musa müəllim mənə “Dədə Qorqud” dastanının lüğətini tərtib etməyi təklif etdi. Başladım işləməyə. Balaca kartoçkalara dastanda keçən hər cümləni yazırdım. Özü də hər cümləni o cümlədə nə qədər söz varsa o qədər yazırdım. Hər sözün altından ayrıca xətt çəkirdim. Evim bu kartoçkalarla dolmuşdu. Axıra kimi edə bilmədim, sadəcə iki-üç boyu işləyə bildim.
– Bununla dastanı sizə sevdirmək istəyirdi?
– Xeyr. Lüğət tərtib etməyin qaydası belə idi. Həm də, görünür, sevdirməyə nail oldu. Birinciyə nail ola bilmədi, ikinciyə nail oldu.
– Pamukla görüşmək istəyiniz olmayıb heç?
– Pamuk Bakıya, Yazıçılar Birliyinə gələndə görüşmüşdük.
– Mən daha rahat görüşü deyirəm. İkilikdə.
– Açıq deyim ki, elə bir istəyim olmayıb. Hətta Umberto Ekoyla da görüşə xüsusi həvəsim yox idi. Kimsə Ekoyla görüşə canfəşanlıq etdiyimi yazmışdı. Elə deyildi.
– Sizin əsərləriniz dünyanın 20 ölkəsində çap olunub, satılır. Siz və sizdən öncə də bizim ədəbiyyatımızda yaxşı əsərlər yazılıb. Bəs niyə nüfuzlu beynəlxalq mükafatların heç olmasa uzun siyahısına düşə bilmirik?
– Məni nəzərdə tutursansa, heç vaxt mükafat hərisliyi ilə nəsə yazmamışam.
– Təkcə sizi nəzərdə tutmuram. Ümumilikdə Azərbaycan olaraq ədəbiyyatımızı dünyaya təqdim etməyi bacarmamışıq?
– Axı biz bacardığımızın da başına daş salırıq. Məsələn, mən “Skanno” mükafatı aldım. Onun ətrafında necə xəbis və hədyancasına söhbətlər getdi. Moskvada ”Qızıl Delviq” mükafatına layiq görüldüm, burada “Humay” mükafatını aldım. Qəribədir, bir azərbaycanlının xoşbəxt olması üçün öz arzularını yerinə yetməsi kifayət etmir, gərək qonşusu da bədbəxt ola!
– Nobel mükafatı ilə bağlı da ən çox adı hallanan siz oldunuz. Həmin müddətdə mən ədəbi mühitimizi izlədim və gördüm, heç kim bizdən kiminsə Nobel almasını istəmir.
– Yəqin ki. (Gülür) Bu Nobel ilə bağlı proseslər tamam fərqlidir. Nobel mükafatı ilə bağlı Azərbaycandan nəsə etmək qeyri-mümkündür. Onlar cürbəcür üsullar ilə, bütün dünyaya yayılmış ekspertləri ilə namizədi müəyyən edirlər. Hansısa bir qurum, hansısa bir ittifaq, hansısa qüdrətli bir imza kimisə təqdim edə bilməz.
– Belə bir “inanc” da var ki, o mükafatı almaq üçün yəhudi olmaq ən vacib şərtlərdən biridir. Siz bu barədə nə düşünürsünüz?
– Mən ümumiyyətlə bütün bu proseslər barədə heç düşünməmişəm. Bəzən, deyirlər, filankəs Nobelə namizəd oldu. Axı orda yazırlar, mənə gələn məktubda da yazmışdılar ki, biz sizin əsərinizi qəbul elədik, amma xahiş edirik, bu, gizlində qalsın. İsveç Akademiyasının Nobel Komitəsinin mənə ünvanladığı iki məktubun mətni məndə hələ də qalıb. “Əsərinizi verməyinizi xahiş edirik” və “Əsər qəbul olundu”. 6 nəfərin imzası olan məktublardı. Ümumiyyətlə, o komitənin iş prinsipini hələ tam anlamamışam. Əsərlərin siyasi prizmadan da qiymətləndirildiyi deyilir, amma hansı siyasi fikrə qulluq etdiklərini bilmirəm. Son vaxtlar Nobel alanların əksəriyyətini tanımırdım. Məsələn, Umberto Eko Nobel almadı, Borxes almadı. Bunlar maraqlı məqamlardır. Görünür, bu mükafatın özü də hamının bir nəfər kimi etibar etdiyi nöqtə deyil. İnanın, bu məsələlər mənə maraqlı da deyil.
– Amma bir anlıq düşünək ki, Azərbaycandan kimsə Nobel alır. Bu, təkcə həmin şəxsin deyil, bütün ədəbi-mədəni mühitimizin dünyada tanınıb qəbul olunması deməkdir.
– Mən demirəm ki, Nobel versələr, imtina eləyərəm, ya xoşuma gəlməz, ya nə olar. Əlbəttə, hər kəs istəyər ki, yaradıcılığı qiymətləndirilsin. Və hamı özünü müqtədir sənətkar kimi hiss eləyir. Belə olmasa, əlinə qələm alıb yazmağa da dəyməz. Amma deyim ki, bu barədə düşünürəm, gecələr yata bilmirəm, belə söhbət yoxdur.
“Heç kimin göz yaşlarına inanma”
– Gəlin bir az da ənənədən və ədəbi mühitdən danışaq…
– Ənənə deyəndə nəyi nəzərdə tutursan?
– Tutaq ki, Axundov kimi, Mirzə Cəlil kimi, Haqverdiyev kimi yazıçılarmız daha çox olsaydı…
– Mən çox istəyərdim, məni Haqverdiyevlə müqayisə etsinlər. Ən sevdiyim yazıçılardan biridir. Hekayə ustası deyəndə yadıma ilk olaraq Haqverdiyev düşür.
– Bəlkə ona görə ki, sizə daha yaxındır? Mirzə Cəlil sosial ağrılara daha çox gedib.
– Haqvediyevdə sosial ağrı nə qədər desən.
– Bəs niyə o birilərdən fərqləndirirsiniz?
– Onun janrını sevirəm. Mənim aləmimdə, Mirzə Cəlilin hekayələrini götür qoy Haqverdiyevin hekayələrinin davamı kimi, eyni mənzərədir, eyni əxlaqdır, eyni üslubdur, eyni dünya baxışıdır. Sən fərqləndirə bilərsən?
– Məncə, Haqverdiyev daha eleqantdır.
– Mən cilalanmış deyərdim. Biri monumentaldır, o biri o monumentallığın bir qədər də cilalanmış forması. Haqverdiyevin ən komik əsərlərinin içindən birdən elə bir haray çıxır ki, dəhşətə gəlirsən. Haqverdiyev əvəzolunmazdır.
– Çəmənzəminlinin hekayələri, romanları haqqında nə düşünürsünüz?
– Onun haqqında çox yüksək fikirdəyəm, çünki Çəmənzəminli faktiki olaraq bizim keçmişimizi adekvat olaraq vermək istiqamətində mücadilə aparan adam olub.
– Amma çox az oxunan və təhlil edilən yazıçılarımızdandır.
– Elədir. Bunun niyəsini demək çətindir. Bəlkə də o vaxt roman yox, hekayə vaxtı idi, ona görə. Görürsən, indi hamı roman yazır. Görünür, meyvələrin vaxtı olan kimi janrların da öz vaxtı olur. Sonralar 20-ci illərin axırında, 30-cu illərin əvvəlində o nəfəs açıldı. Biz də roman yazmağa, oxumağa başladıq. Əbülhəsən, Süleyman Rəhimov, Süleyman Vəliyev, Mehdi Hüseyn, daha kimlər, kimlər…
– Bir az da indiki ədəbi mühitdən danışmaq istəyirəm. Kitab sənayesinin formalaşması, ədəbiyyatımızın müasir dünya standartlarına çata bilməsi…
– Bunu bizim ədəbi məmurlar eləməlidir. Bizdə hamı özü ilə əlləşib. Yaradıcılıq İttifaqları məşğul olmalı idi bununla. Düzdür, onlar da çalışıb nəsə etməyə. Bəlkə də sovet vaxtında bu, daha asan idi, indi daha çətindir. Bu müstəvini indi başqa şəkildə qurmaq lazımdır. Hansı şəkildə? Demək çətindir. Bayaq dedin ki, bizim yazıçılar istəmir bizdən kimsə qabağa getsin. Ən birinci bunu aradan qaldırmaq lazımdır. Bu, bilirsən nəyə oxşayır? Qabağa qaçan futbolçunu əllə tutub qoymurlar, dartırlar. Təxminən belə bir mənzərədir bizim ədəbi mühitdə. “Bibliya”dan gələn iki gözəl fikir var. Birincisi, öz ölkəndə peyğəmbər olmaq mümkün deyil, ikincisi, heç kimin göz yaşlarına inanma.
– Məncə, biz lazımınca sağlam mühit formalaşdıra bilmədik…
– Haqverdiyevin “Mirzə Səfər” hekayəsi var. O Mirzə Səfər mühiti itdi getdi. Mirzəsəfərizm! Mən buna belə deyərdim. Cəmiyyətin özündə Mirzə Səfərlik qalmadı. Kiməsə nəyə görəsə üzgörənlik eləməmək… Demokratiya deyirik… Mən bir dəfə yazmışdım ki, demokratiya ölkəni doğmur, ölkə demokratiyanı doğur. Bu o deməkdir ki, gərək ölkə inkişaf edə və demokratik model yarada. Onu süni şəkildə edəndə, heç bir effekt vermir, eybəcər bir şey alınır. Bax o cəmiyyəti də gərək ölkə özü versin. Məsələn, niyə Bolonya sistemi bizdə Avropadakı qədər effektiv deyil? Çünki bu sistem onların içindən çıxıb, bizim yox. Təəssüf, bizim 18-ci əsrdə Volterlərimiz olmayıb. Volter elə bil, demokratiyanın məhək daşıdır. O deyir ki, mən sənə nifrət edə bilərəm, amma fikirlərini azad ifadə edə bilməyin üçün canımı verərəm. Bax Avropa buna riayət eləməyə çalışdı. Nə qədər müvəffəq ola bildi, bunu deyə bilmərəm, amma çalışdı. Həmçinin Amerikada demokratik proseslər elə dərin gedib ki, biz onu tam dərk etmirik. Məsələn, amerikan filmini izləyirsən, qızla oğlan ayrılanda oğlan etiraf edir ki, mən sənə bunu mütləq deməliyəm, filan vaxtı belə şey etmişəm. Adama deyərlər, nə vacibdir? Demə də! Biz heç vaxt demərik. Oğlan bunu deməsə, qız heç vaxt bilməyəcəkdi, amma oğlan həqiqəti deyir. Bu da həqiqət uğrunda mücadilənin bir növüdür.
– Axırıncı çap olunan “Sirlərin sərgüzəşti” romanınızı oxuyanda, mənə belə gəldi ki, bunu sonuncu roman kimi yazmısınız.
– Mən “Unutmağa kimsə yox” romanımı da sonuncu kimi yazmışdım. Və mənə elə gəlirdi ki, bir də əlimə qələm götürməyəcəm. Bəlkə hekayə, esse, amma roman yox.
– “Sirlərin sərgüzəşti”ni həm də əvvəlki romanlarınızın xülasəsi hesab etmək olar.
– O xətt mənim bütün romanlarımda var. Eyni obrazlar cürbəcür düşüncələri ilə… Məsələn, Həsənağa Səyyah. Bu romanımda onun belə bir fikir var: Dünyadan ayrılmağın yüz min yolu var, insan isə onlardan sadəcə biri ilə, ölümlə tanışdır. Bu romanda əvvəlki romanlarımın hamısından nəsə var.
– Bir az da qüssə hiss elədim romanda.
– Görünür, yazı prosesi hər kəsdə özünəməxsus şəkildə həyata keçir, qurulur. Şəxsən mən bu barədə düşünə bilmirəm. Bunu belə edim, orasını elə edim. Sadəcə yazıram və gedir, gedir… Yata da bilmirəm, dura da bilmirəm. Kiminləsə söhbət edirəm, paralel şəkildə hansısa tamamlamadığım yazı haqqında düşünürəm. Beynimdə hər şey paralel gedir. Bunu mən tənzimləmirəm. İndi yazdığım nəsə yoxdur deyə həm beynimdə, həm reallıqda sənlə danışıram. Bu düşünüləsi şey deyil.
“Onlardan danışanda qəhərdən boğuluram”
– Ad günləri ilə aranız necədir?
– Çox pis. Bilirsən, qəribə bir şey var. Bizim ən kədərlənəcəyimiz gündə sevinirik. Mənim üçün ad günü kədərli bir gündür. İldə bir dəfə son dərəcə kədərlənirəm. Sözüm onda yox, amma biz ölüm günümüzlə də ildə bir dəfə rastlaşırıq. Yəni, ayın neçəsi öləcəyik, ildə bir dəfə həmin tarixin üstündən bilmədən keçirik. Yalnız bir dəfə həmin tarixdə büdrəyirik. Heç ölümə də kədərlənmək lazım deyil. Paralel dünyalardan birində həyatımıza davam edəcəyik.
– Mən çox vaxt yubiley yaşını qeyd edən ahıl yazıçılarımızı qeyri-iradi Səməd Vurğunla yanaşı qoyuram. Sizi də Səməd Vurğunla yanaşı qoysaq, ata və oğul kimi görünərdiniz. Halbuki indi siz onun atası yaşındasınız. Sizcə, bu nə ilə bağlıdır?
– Yusif Səmədoğlu da eləydi, elə təxminən Vaqif Səmədoğlu da. Yaşlarından daha qoca görsənirdilər. Ola bilər, genetik bir şeydir. Səməd Vurğunun atasının da o yaşda şəklini görə bilsək, daha dəqiq nəsə demək olardı. İstəmirəm, “O dərd çəkirdi” kimi banal nəsə deyim. Amma deyə bilərəm ki, haqlısan. Hətta şeirlərində də tez yaşlaşırdı. Səməd Vurğun böyük şair idi, amma təkcə Azərbaycan şeirləri ilə yox. Məsələn, onun “Gəl, əziz bayramım, bir də öpüşək” misrası Blokun Rusiyanı öz nişanlısına bənzətməsi kimi gözəldir. Metafora genişliyi var.
Ümumiyyətlə, mənə görə şeir odur ki, onun misrasını cümləyə çevirə bilməyəsən. Hətta cümlə olsa belə. Çünki şeir məqalə deyil.
– Bəlkə kitablardır insanı gənc və güclü saxlayan?
– Mən kitab barədə çox iş görmüşəm. Hətta, bir vaxtlar insanlara ilk sualım bu idi: “Axırıncı dəfə hansı kitabı oxumusan?” Sonra bir gün ağlıma qəribə bir şey gəldi. Mənimlə birgə böyüyən uşaqlar ki var, son dərəcə düzgün, səmimi, qeyrətli adamlar idilər, amma heç iki kitab oxumamışdılar. Aslan adında bir dostumuz var idi, Allah rəhmət eləsin, biz ona “Həyat professoru” deyirdik. Əgər o iki kitab oxumuşdusa, mən adımı dəyişərəm. Onu demək istəyirəm ki, kitab oxumağın bizə nə verdiyini demək son dərəcə çətindir. Bəlkə, kitab oxumasam daha xoşbəxt olardım. Bəlkə, biz öz xoşbəxtliyimizi birinci kitabı əlimizə alanda itirmişik? Bu da narkomaniya kimi bir şeydir. Hərislikdir.
– Bəlkə, əksi olardı.
– Düzdü. Bəlkə, kitabsız daha mutsuz olardım. Bir dəfə bir dostumu pyesimin tamaşasına çağırmışdım. Mənə qayıtdı ki, yenə ölülərdən yazmısan?! (Gülür) Yəni, məni oxumayan dostlarım da var və heç də mutsuz deyillər.
– Kamal müəllim, çağdaş ədəbi mühitdəki gəncləri necə görürsünüz? Postqələbə dövründə bizi nə gözləyir?
– Azərbaycan gəncliyinin nümunə götürəcəyi bir nöqtə var – ordu, əsgər. Bizim əsgər çox şeyi həll elədi. Tək müharibədə qələbə qazanmadı, həm də sevgini, hörməti müəyyənləşdirdi cəmiyyət üçün. Bundan sonra onlar bizim yönləndiricilərimiz olacaq. Bizim gənclik bu barədə çox iş gördü. Bizim universitet şəhid olan biləsuvarlı bir gizirin üç övladını himayəsinə götürdü. Mən özüm də görüşdüm onlarla. Gül kimi uşaqlardır. Onlar ataları ilə fəxr edirlər. Göz yaşlarının içində sevinc var, qürur var. Bax bizim gənclərimiz bizə bunu verdi. Qazilərimiz də, şəhidlərimiz də. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən onlardan danışanda qəhərdən boğuluram. Gənc yaşlarında canlarından keçdilər və dünyaya göstərdilər ki, azərbaycanlılar vətənini necə sevir. Söhbət bundan gedir. Biz dünyaya bunu sübut etdik.
– Sizcə, qələbə ədəbiyyata və mədəniyyətə necə təsir edəcək?
– Mənə görə, hələ bir müddət keçməlidir ki, ədəbiyyat özünə gəlsin. Ədəbiyyat riqqət halındadır. Bu riqqət keçməlidir ki, sən bütün bunları daha yaxşı yaza biləsən. Düzdür, mən də dayana bilməyib bir-iki hekayə yazdım, amma əsl Qarabağnamələr bir müddət sonra yazılacaq.
Şərh yoxdur