Dəmir məntiq məni cana gətirər,
Yalanlara inanaram nəhayət.
Mən kasıba yaman baha oturar
Əfsanələr aləminə səyahət…
Bir də görrəm tapammıram özümü,
Dönüb sənə, ona, buna – itmişəm.
Güzgülər də göstərmirlər üzümü,
Ay Allahım, mən sənə nə etmişəm?
Unudaram yaxşılığı, günahı,
Rahat-rahat unudaram düzü mən.
Unudaram qaş-gözümü, vallahi,
Bir başqasın elə billəm özüməm.
Əvvəl-axır əfsunçular yorular,
Hər şey dönər qəlibinə, yerinə.
Asudəlik marşı çalar borular,
Mat qalarıq bu dünyanın sirrinə.
Dəmir məntiq sahibləri çağrılar,
Heç kim bilməz nə baş verdi bizimlə.
Bütün miflər bircə-bircə dağılar,
Yenə qallam təkcə özüm özümlə.