Xalq yazıçısı, akademik Kamal Abdullanın “Seçilmiş əsərləri”nin yeddinci cildi çapdan çıxıb.
Kult.az xəbər verir ki, yeddinci cildə müəllifin son dövrlərdə qələmə aldığı və əvvəlki cildlərində yer almayan bir romanı, hekayələri, səhnələşdirilmiş, yaxud səhnə həllini gözləyən pyesləri, “Kitabi-Dədə Qorqud” dastanının semantikasından bəhs edən monoqrafiyası, mif və dilin əlaqələrindən bəhs edən “Mifolinqvstika” adlı elmi əsəri və həmmüəlliflə-AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə yazdığı “Kitabi-Dədə Qorqud” dastanının qeyri-səlis məntiqlə əlaqəsindən bəhs edən elmi əsəri daxil edilib.
Yeddinci cildə daxil edilən və son iki ilin məhsulu olan hekayələr, əslində, müəllifin “Seçilmiş əsərləri”nin ikinci cildindəki hekayələrin ruhunu, hətta bəzən arxetiplərin daşıyıcıları və davamıdırlar. Bu cildə daxil edilmiş “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar” bölməsinin əhatə etdiyi esselər müəllifin əbədi “Dədə Qorqud” axtarışlarının davamıdır.
Kamal Abdullanın “Yarımçıq əlyazma” ilə başlayan roman yaradıcılığının hələlik finalı kimi özünü göstərən “Laokoon, Laokoon”…(yaxud bir romanın “gerçək” yazılma tarixçəsi)” romanı müəllifin zaman-zaman gəldiyi yolboyu nəzəri və yaradıcılıq emalatxanasında yaşananların xatirəsidir. Müəllifin qeyd etdiyi kimi bu “romanvari” romanın hər bir bölməsi Laokoonun Troya atına nizə atması kimi Kamal Abdullanın romançılıq səyahətində qarşılaşdığı, amma mübhəm səbəblərdən mətnlərə daxil etmədiyi təhlükələrə daha uzaq zaman məsafəsindən oxlar atmaqdır.
Kitabdakı “Mifolinqvistika” bölməsində təqdim edilən mətləblər onu deməyə əsas verir ki, Kamal Abdulla bu addımı ilə, əslində, Azərbaycan dilçilik elmində yeni bir elmi istiqamətin əsasını qoymuş olur.
Yeddinci cildə daxil edilmiş “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq (Rafiq Əliyevlə birlikdə) əsəri Azərbaycan elm tarixində xüsusi yeri olan dahi alim L.Zadənin qeyri-səlis məntiqinin ədəbi-bədii əsərə tətbiqinin ilk təcrübəsidir.
Kamal Abdullanın “Seçilmiş əsərləri” yeddi cildliyinin sonuncu cildini vərəqləyən diqqətli oxucu bilməlidir ki, müəllifin yaradıcılığı yeddi cilddən ibarət deyil, müəllifin yaradıcılığı yeddi cildin hüdudlarından kənarda da davam edir.
Bu mənada Kamal Abdullanın yaradıcılığının əsasən toplandığı bu yeddi cildlik oxucular üçün mayakdır, mütaliə istiqamətini göstərən kompasdır.
Qeyd edək ki, kitabın tərtibçiləri Şəlalə Nəqşani və Cavid Zeynallıdır. Buraxılışa məsul Sərraf Balaxan, texniki redaktor Rita Müslümovadır.
Şərh yoxdur