Dastan deyir ki, Aruz Qoca Salur Qazanın dayısıdır. Heç bir boyda biz bu qohumluq dərəcəsinin verdiyi imtiyazların biruzəsini görmürük. Bu informasiya son dərəcə adi təsvir səviyyəsində təqdim edilir. Bu qəhrəmanların bir-birinə münasibəti Dastanın aşkar qatında bu qohumluğa görə nə daha yaxın olur, nə də daha uzaq olur. Qohumluq amili münasibət qurmaq işində heç bir rol oynamır.
Amma Dastanın başqa bir gizli qatı da var. Salur Qazan ova getməyə hazırlşırkən Aruz Qoca ondan soruşur: elini-obanı qoyub gedirsən. Sası dinli Gürcüstan ağzına gedirsən. Ordun üstünə kimi qorsan?
Bəlkə də təhlilin sentimental (intim) tərəfi belə bir təxmin üçün əsas verir ki, Aruz Qoca bu sualı verərkən məhz özünü ordu başında görmək istəyir. Bu onun gizli niyyəti kimi qəbul edilə bilər. Salur Qazan isə təcrübəli Aruz Qocanı deyil, təcrübəsiz oğlu Uruzu evini qoruyan ordunun başına təyin edib ağır səfərə yola düşür. Salur Qazanın bu addımını Aruz Qocaya qarşı bir münasibət bildirişi kimi anlamaq olar.
Qədim əcdadlarımız da digər dünya xalqları kimi öz qədim tarixlərində matriarxat dönəmində yaşamışlar. Anaxaqanlıq kimi qəbul etdiyimiz bu dönəm qadınların cəmiyyət daxilində aparıcı mövqeyi ilə səciyyələnir. Bu dönəmin ən əsas göstəricisi Dastanın Müqəddimə hissəsində belə bir ifadə ilə öz təzahürünü tapır: “Oğul kimdən olduğun ana bilir”. Məhz bu ifadə öz semantikası ilə ananın (qadının) cəmiyyətdə tutduğu əsas yerə aydın şəkildə işarə edir.
Ananın (qadının) rolu bu şəkildə başlayır və elə Dastanın bizə daha yaxın dövrünün məhsulu olan məqamlarında “Ana haqqı – Tanrı haqqı” ifadəsi ilə başa çatır. “Oğul kimdən olduğun ana bilir”dən “Ana haqqı – Tanrı haqqı” düşüncəsinə qədər gələn inkişaf yolu, əslində, matriarxatdan daha sonrakı patriarxat dövrünü kompressiyalaşmış (sıxılmış) şəkildə əhatə edən bir bədii modeldir.
Matriarxat dövründə “ana” və onun təmsil etdiyi mənəvi – genetik zümrənin nümayəndələri cəmiyyətdə (əslində, tayfada) xüsusi bir “nəvazişlə” dəyərləndirilir. Qədim dövrlərdəki münasibətlərdən birini ifadə edən belə bir anlayış var: avankulat. Bu, dayıya münasibətin adıdır. Dayı kultu deməkdir. Aydındır ki, bu anlayışın arxasında anaya itaət durur. Avankulat mtriarxatın ən bariz münasibətbildirmə göstəricilərindən biridir. Qədim cəmiyyətlərdə bu şəkildə dayı kultunun mövcudluğunu görə bilirik.
Aruz Qocaya bir dayı kimi münasibət, hətta onun faciəli şəkildə sonuncu boyda iki bacıoğlu (Salur Qazan və Qaragünə) tərəfindən amansızcasına öldürülməsi onu göstərir ki, Oğuz cəmiyyəti matriarxat dönəmidən artıq sıyrılıb çıxmaqdadır.
Sual edilə bilər: Aruz Qocanın suçu böyük idi. O, Qazanın sevimlisi Beyrəyi hiylə ilə evinə çağırmış, onu Qazana qarşı mübarizəyə dəvət etmiş, rədd cavabı almış və ölümünə səbəb olan qılınc zərbələri ilə yaralamışdır. Oğuz içinə ikitirəlik salmış, üsyan bayrağını qaldırmışdır. Ona görə də Salur Qazanın hətta döğma dayısına qarşı bu cür amansız hərəkəti anlaşılan deyilmi?!
Bu suala belə bir sualla cavab vermək olar. Bütün bunlara baxmayaraq matriarxat dövründə avankulata qarşı belə bir addım atmaq mümkün olardımı?! Yəqin ki, bu suala “yox” deməli olacağıq. Mifoloji təfəkkür belə bir faciəli sonluğa yol verməzdi. Ya da biz bu gün başqa bir strutur-semantik mikromətnlə üz-üzə qalmış olardıq.
Aruz Qocanın Dastanda təsvir edilən kimi nümayişkəranə (bizə görə – amansız, mətnə görə geridönməz) şəkildə məhv edilməsi (başının bədəndən ayrılması) Dədə Qorqudun Oğuz cəmiyyəti üçün nəzərdə tutulmuş həyat dərslərindən biri kimi diqqəti cəlb edir. Cəmiyyətin Dədə Qorqud dərslərinə ehtiyacı var idi və ulu ustad cəmiyyətin inkişafı naminə bu dərsləri bir-bir, usanmadan cəmiyyət üzvlərinə təqdim edirdi.
Dayı kultundan (avankulatdan) uzaqlaşmaq, düşünürük ki, qədim cəmiyyətin ilk növbədə fiziki gücünü təmin edə bilən reallıqlara üz tutmaq demək idi. Və cəmiyyət üzvü bu şəkildə dayı qəzəbindən, ana qəzəbindən azad olmağa hazırlanırdı. Bu bir keçid dönəmi idi və Dastan bu keçid dönəmini məhz bu şəkildə modelləşdirirdi.
“Bacıoğlu-dayı” münasibətlərinin dərininə, Dastandakı gizli məqamlarına keçmək istəyiriksə, onların ayrı-ayrılıqda bəzi səciyyələrinə bir daha nəzər salmaq lazımdır. Bu nəzər nöqtəsi bizə qəhrəmanlarda indiyə qədər görmədiyimiz bəzi cəhətləri üzə çıxarmağa imkan verir.
Salur Qazandan başlayaq. Bəylərbəyinin bir sıra düşünülməmiş hərəkətləri Oğuz tayfaları üçün əməlli-başlı təhlükəli məqamlar yarada bilər deyə düşünürük. Misal üçün “Bəkil oğlu İmran” boyuna müraciət edək.
Bəkil Oğuzun sərhəddini qoruyan bir qəhrəmandır. Bayındır Xanın sərhəddə bu missiyanı həyata keçirmək təklifini Oğuz bəyləri içindən təkcə o qəbul etdi. Onu Oğuzda ağırlamağı, zəhmətinə və xidmətinə qarşılıq olaraq isti-ilıq münasibət bildirməyi Oğuz bəyləri özlərinə borc bilir.
Bəylər Bəkili ova dəvət edirlər. Onlar Bəkilin ov məharətindən ağız dolusu danışıb ona hədiyyələr verir, Bəkilə xoş gəlsin deyə öyüb dururlar. Bəkilin bir ovçu kimi şücaəti bir oxla heyvanın qabaq ayağını qulağına vurub pərçimləməkdir. Onun bu məharətindən bütün Oğuz əhli xəbərdardır, çünki Bəkil bu şəkildə ovladığı heyvanı hər dəfə Oğuza göndərirmiş. Oğuz bəyləri bunu əsl ovçu məharəti kimi qəbul edir və Bəkili dəvət etdikləri ov zamanı tərif edib könlünü xoş etmək istəyirlər. Bəs Salur Qazan nə edir?!
Salur Qazan Bəkilin bu məharətinə ağız büzür, məharətin Bəkilə deyil, onun atına aid olduğunu iddia edir. Bu sözlərdən pərt olan Bəkil bəylərin hədiyyələrini yerə tökür, təkcə Qazana deyil, bütün Oğuza küsür, dəstəsini çəkib evinə, Oğuz sərhəddinə qayıdır. Bəkil hətta kafir elinə gedib məskən salmaq, Oğuza asi olmaq barədə düşünür. Qazanın, belə deyək, düşünmədən dediyi sözlər Oğuz üçün belə acı perspektivlər yarada bilərmiş.
Başqa bir məqama diqqət yetirək. Dastan deyir ki, “ol zamanlar” Salur Qazan İç Oğuz və Dış Oğuz bəylərini ağırlamaq üçün ildə bir dəfə halalı Boyu uzun Burla xatunun əlindən tutub evindən çıxar, İş Oğuz, Dış Oğuz bəyləri bundan sonra onun evinə girər, evdə nə varsa yağmalar, kim nə istərsə özü üçün götürərdi. Qədim bir cəmiyyət üçün səciyyəvi olan və bu günkü təsəvvürdə demokratik münasibətin ilkin qədim təsəvvürü kimi özünü göstərən bu prinsip bir dəfə Salur Qazan tərəfindən pozulur və Dış Oğuz bəyləri yağmaya çağrılmır.
Aruz Qoca Dış Oğuz bəyi və ağsaqqalıdır. O, Qazanın bu hərəkətinə qarşı üsyan bayrağını qaldırır, digər Dış Oğuz bəylərini ətrafına yığır və İç Oğuzla, bəylərbəyi Salur Qazanla münasibətini kəsir.
Əslində, “əgər…onda…” kimi qeyri-səlis məntiq prinsipini tətbiq edərsək, cərəyan edən hadisələrin münasibətini belə qura bilərik: əgər cəmiyyətdə demokratik prinsiplərin pozulması səbəb kimi özünü göstərərsə,, onda nəticədə hakimiyyətə qarşı üsyan baş erə bilər”.
Salur Qazan məhz bu prinsipi pozmuşdu və onun doğma dayısı Aruz Qoca, əslində, bu demokratik prinsipin pozulmasının qarşısını almaq üçün üsyan bayrağını qaldırmışdı. Oğuz cəmiyyəti iki yerə bölünmüş, qarşıdurma yaranmış və üsyan Aruz Qocanın qanı bahasına yatırılmışdı. Yenə də Salur Qazanın bir bəylərbəyi kimi əsaslandırılmamış, Oğuzun başına bəlalar gətirə bilən hərəkətinin şahidi oluruq.
Beləliklə, biz nəyi görə bilirik?! Biz qədim bir cəmiyyətə xas olan və bəlkə də Salur Qazanın özünün ortaya atdığı ilkin demokratik prinsipin onun özü tərəfindən pozulmasını və bu demokratik prinsipin bərpası uğrunda öldürən və ölən Aruz Qocanı görürük.
“Kitabi-dədə Qorqud” dastanı öz ideoloji-bədii yönü ilə qədim cəmiyyətin inkişaf kompasıdır. O, cəmiyyətin xaosdan kosmosa, sistemsizlikdən sistemə, matriarxatdan patriarxata keçid dönəmini mənəvi cəhətdən hazırlamaq funksiyasını həyata keçirir. Bir növ unudulmuş bir mənəvi məkandan yeni bir dünyaya aparan körpü kimi özünü göstərir.
“Bacıoğlu-dayı” münasibətlərinin Dastanda bu şəkildə dərin, gizli qatdakı təzahürü həmin körpünün etibarlı olmasının daha bir göstəricisidir.
Bu gün özündən razı ölkələrdə bəzi siyasətçilərin “yeri gəldi-gəlmədi”, demokratiyadan danışması fonunda əcdadlarımızın hələ, Dastan dili ilə desək, “ol zamanlar” demokratiya uğrunda apardıqları mücadilə bizə belə deyir: qədim təsəvvürlərimizi öz dərin qatında bəzən gizlədib yaşadan Dastanımız bu gün dünyaya təqdim etdiyimiz Azərbaycan həqiqətləri istiqamətində hələ çox mətləblər ortaya qoya bilər.
https://edebiyyatqazeti.az/news/diger/11939-salur-qazan-ve-aruz-qoca
22.07.2024 / 13:00
Şərh yoxdur