"Seçmələrin seçməsi - qranulalar" - təqdim olundu - FOTOLAR

Sentyabrın 25-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Kamal Abdullanın “Seçmələrin seçməsi – qranulalar” adlı yeni kitabının imza günü və təqdimat mərasimi keçirilib. “Libraff” kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında həyata keçirilən tədbirdə bir çox görkəmli ziyalılar – tanımış ictimai xadimlər, yazıçılar, ədəbiyyatşünas alimlər və oxucular iştirak ediblər.

Böyük maraqla qarşılanan təqdimat mərasimində, ilk öncə, “Seçmələrin seçməsi – qranulalar” kitabının müəllifi, akademik Kamal Abdulla söz alıb, nəşrin yazılma səbəblərindən danışıb. Xalq yazıçısı bildirib ki, indiyədək yazdığı əsərlərdən seçilmiş bir sıra qranula-cövhər sayıla biləcək məqamlar ayrı-ayrı şəkildə ilk dəfə bu kitabda toplanıb. Eyni zamanda, kitabda əhvalat və tərzə uyğun olaraq müəllifin sevdiyi yazıçı və şairlərin misraları, fikirləri də öz əksini tapıb:

“Günlərin bir günü illərdən bəri yazdığım şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, elmi-publisistik məqalələrin hər birinin içində yer almış və bu gün də öz məzmunu ilə diqqətimi çəkən cümlələr, sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy. Bizi bir-birimizin yanında yerləşdir. Onda biz tamamilə yeni bir cazibədə zühur edəcəyik”.

Xalq yazıçısı bildirib ki, qranula, əsərin özəyini təşkil edən, artıq və lazımsız hissələrdən təmizlənmiş saf düşüncələri, mətnin cövhərini ifadə edir. Müəllif yeni kitabında məhz bu qranulalar vasitəsilə öz bədii dünyasını oxucuya daha aydın və qısa bir şəkildə çatdırmağı, yalnız əsərin cövhərinin saxlanılmasını qarşısına məqsəd qoyub:

“Bu kitabda yer alan qranulalar vaxtilə yazdığım mətnlərin hər birində müxtəlif əhvalın məhsulları kimi ortaya çıxmışdı. Onları bir-birindən nəinki onilliklər, hətta tamamilə əks əhval-ruhiyyələr, səviyyələr ayırırdı. Həmçinin onları bir-birindən müxtəlif məqsəd və niyyətlər də fərqləndirirdi. İndi isə onlar bir-birinin yanında doğma bacı-qardaş kimidirlər. Mən bir daha inandım ki, ömrüm boyu sahəsindən, janrından, məzmunundan asılı olmayaraq bir əsər yazmışam. İndi o əsərin “ən ləyaqətli nümayəndələri” bu kitabda bir-birinin yanında yer alıb. Mənə elə gəlir ki, bu qranulalar bir-birinin yanında dururkən təkcə özlərini deyil, aid olduqları mətnləri də bir-birilə yaxın edə biliblər. Əgər bu qranulalar oxucunu yenidən aid olduqları ilkin mətnlərə doğru yönəldə biləcəksə, demək, məqsədə nail olunmuşdur”.

Təqdimat mərasimində çıxış edən akademik Vaqif Abbasov, Xalq şairi Ramiz Rövşən, millət vəkili Fazil Mustafa, akademik Muxtar İmanov, professor Cəlil Nağıyev Xalq yazıçısı Kamal Abdullanın Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, təqdim edilən kitabın bədii məziyyətlərindən danışıblar.

Bildirilib ki, Kamal Abdulla oxucuların onun yaradıcılığını daha dərindən dərk etmələri üçün onilliklər ərzində yazdığı əsərlərin ən dəyərli hissələrini yeni kitabda bir araya gətirərək cövhər kimi təqdim edib. Bu qranulalar bədii əsərlərin içindəki əsas məqamları, mətnin ən saf və qiymətli hissələrini təşkil edir. Beləliklə, Kamal Abdulla illərlə müxtəlif janrlarda qələmə aldığı mətnlərin hər birindən ən vacib hissələri bir araya gətirərək yeni və bütöv bir əsər yaratmışdır. Məhz bu cəhətlərinə görə, “Seçmələrin seçməsi – qranulalar” kitabı Kamal Abdulla yaradıcılığının məğzini ifadə edən bütöv bir əsər kimi son dərəcə qiymətlidir. Kitabda təqdim olunan qranulalar fərqli janrlarda və mövzularda olsa da, bir araya gəldikdə yeni bir cazibə və mənəvi bütövlük yaradır.

Çıxış edənlər vurğulayıblar ki, yeni nəşr seçilmiş incilər toplusu olmaqla yanaşı, eyni zamanda, yazıçının geniş ədəbi dünyasının incəliklərinə işıq salır. Nəticə olaraq, “Seçmələrin seçməsi-qranulalar” kitabı Azərbaycan ədəbiyyatında yeni bir mərhələni təmsil edir. Bu kitab Azərbaycan ədəbiyyatının ən gözəl incilərindən biri kimi yaddaşlarda qalacaq. Həmçinin oxucular üçün bir çox yeni suallar doğuracaq və onları fəlsəfi düşüncələrə, mənəvi axtarışlara sövq edəcək.

Nəşrin redaktoru, dosent Maral Yaqubova mülahizələrini bölüşərkən kitabın Azərbaycan ədəbiyyatında unikal layihə olduğunu bildirdi. Qeyd olundu ki, Kamal Abdulla yaradıcılığına yeni baxış bucağı bəxş edən “Seçmələrin seçməsi-qranulalar” kitabı ədəbiyyatımızın gələcəyinə işıq tutacaq orijinal bir sənət incisi kimi yaddaşlarda qalacaq.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin şagirdlərinin Kamal Abdullanın yaradıcılığından seçmələr səsləndirməsi tədbirə xüsusi rəng qatdı. Gənc nəslin nümayəndələrinin yazıçının əsərlərini dərindən mənimsəməsi və yüksək səviyyədə ifa etməsi Kamal Abdulla yaradıcılığının oxucular tərəfindən nə qədər çox sevildiyini bir daha təsdiqlədi.

Tədbirin sonunda Xalq yazıçısı Kamal Abdulla hər kəsə təşəkkürünü bildirərək, yeni kitabı oxucular üçün imzaladı.

Qeyd edək ki, “Everest” nəşriyyat evində nəfis şəkildə çap olunan kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Kitabın redaktorları akademik Muxtar Kazımoğlu və tənqidçi Maral Yaqubovadır. Rəyçilər Qismət Rüstəmov, Cavid Zeynallı və Toğrul Mehdidir. Müəllifi kitabı yazmağa ruhlandıran imzalar isə Xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli və Fərhad Təhməzlidir.

Sadiq Zaman,

Filologiya üzrə fəlsəfə doktoru

https://525.az/news/274334-secmelerin-secmesi-qranulalarin-teqdimati-olub