Xalq yazıçısı, akademik Kamal Abdulla və akademik Rafiq Əliyevin bir yerdə yazdıqları yeni əsər – “Uşaqlar üçün qeyri-səlis məntiq” müəlliflərin birlikdə ərsəyə gətirdikləri sayca üçüncü kitabdır. Qeyd edək ki, qeyri-səlis məntiq Avropa məktəblərində uşaqlara məhz bu cür mətnlər vasitəsilə təqdim olunur. Yeni bir “ilk”in başlanğıcı olan “Uşaqlar üçün qeyri-səlis məntiq” əsəri də belə bir ehtiyacdan ərsəyə gəlib. Ümid edirik ki, Azərbaycan tədris prosesində də bu kitabdan faydalanacaq, orda yer alan mətnlərin orta məktəb dərsliklərinə salınmasını təmin edəcəklər.
Rafiq Əliyevlə həmmüəlliflikdə
(1-ci hissə)
Əhməd orta məktəbin 8-ci sinfində oxuyurdu. Yay tətilindən sonra məktəbdə ilk dəfə idi ki, yoldaşları ilə görüşürdü. Həmən gün son dərs bitdikdən sonra məktəb həyətində dostlar yeni dərs ilinin ilk gününün necə keçdiyini müzakirə edirdilər. Onların məktəb proqramına yeni fənn daxil etmişdilər. Fənnin adı “Qeyri-səlis məntiq” idi. Əhməd, Hüseyn, Mina, Zaur arasında söhbət bu yeni fəndən gedirdi.
– Bu yeni dərs mənim heç xoşuma gəlmədi. Qeyri-səlis məntiqi deyirəm. – Hüseyn narazı bir halda fikrini olduğu kimi birbaşa dedi.
– Mənim də… amma bəlkə… – Əhməd isə tərəddüd içində idi.
Hüseyn dediyindən dönmədi:
– Necə yəni, elə çıxır ki, bu fənnin adından belə çıxır ki, indiyə qədər biz məntiqsiz yaşamışıq?!
– Hə, elə çıxdı. Bizə yeni məntiq öyrədəcəkmişlər. Bizə lazımdırmı bu?! – Bu sözləri dilə gətirən isə Mina idi.
– Canım, mənə mənim məntiqim yetər. Hələ ki, bir çətinliyi yox idi. – Hüseyn Minanın dediklərini tələsik dəstəklədi. Daha doğrusu, belə də demək olar: Hüseyn Minanın münasibətinə qoşuldu. Çünki Minanın sözlərində yeni fənnə qarşı bir etiraz hiss edilirdi.
Zaur hələ ki susmuşdu.
Bu gün uşaqlara təzə dərs ilindən yeni fənn keçəcəklərini elan etmişdilər. İlk dərs də artıq baş tutmuşdu. Onların dərs proqramına yeni fənn əlavə edilirdi. Həyata, ətraf mühitə, dünyaya baxışları bu fənnin köməyilə daha cilalı, daha aydın və səlis olacaqdı. İndiyə qədər bu niyə belə olmamışdı – bunu onlara izah edən, deyən yox idi. Birinci dərsi Fəxrəddin müəllim adlı bir elmi İnstitutdan gəlmiş müəllim aparmışdı. Təkcə birinci dərsi yox, bu yeni fənnin bütün digər dərslərini də həmən Fəxrəddin müəllim deyəcəkdi. Fəxrəddin müəllim ilk dərsindəcə ümumiyyətlə məntiq və qeyri-səlis məntiq mütəxəssisi olduğunu qeyd elədi. Yeni fənnin mütəxəssisi Fəxrəddin müəllim dərs boyu dediklərini çox aydın şəkildə təqdim etməyə çalışdı.
Məktəb bağçasında isə dərs bitdikdən sonra başlanan qızğın mübahisələr davam edirdi. Uşaqlar sinif otağında deyə bilmədiklərini indi burada sıxılmadan bir-birinə deyirdilər.
– Sanki bizim dünyaya baxışımızda, ətrafı qavramamızda qeyri-dəqiqlik var imiş?! – Hüseyn yeni fənlə heç cür “barışa” bilmirdi.
Mina bu dəfə daha kəskin danışdı:
– Biz indiyə qədər nəyi doğru, düzgün etmədik?! Bizim bu günə qədərki məntiqimiz niyə təftiş edilir?! Edilməsin.
Əhmədə aydın oldu ki, indi bağçada mübahisə edən, fikirlər söyləyən sinif yoldaşlarından heç biri bu yeni fənnin tədrisini bəyənməyib. O düşündü ki, dostlar bu fənnə, bəlkə də, bir qədər tələsik münasibət bəsləyirlər. Amma bəlkə bu yeni fənnin onların anlamadığı bir özəlliyi var?! Bu yeni fənn köhnə məntiqimizə bəlkə yeni impulslar verəcək?! Amma digər tərəfdən niyə də bəyənməli idilər?! Niyə onlar alışdıqları köhnə məntiqin onların həyatına hopmuş qanunlarından yaxa qurtarmalı idilər? Nə üçün bu məntiq köhnə sayılmalı idi? Bunu onlara hələ ki düz-əməlli başa salmamışdılar. Fəxrəddin müəllim, ola bilər ki, bu vacib məsələləri növbəti dərslərdə şərh edəcəkdi. Hələlik isə, uşaqlar özləri bəzi suallara cavablar axtarmağa məcbur olurdular. Əhmədə görə onlar tələsməməli idilər. Hüseynə və Minaya görə isə… Onlar üçün məsələ tam aydın idi.
– Mənim bu günə qədərki məntiqim məni tam olaraq qane edir. Bax, mən deyirəm, Əhməd, ya mənim dostumdur, ya da deyil. Başqa bir durum varmıdır Əhməd üçün? O, ya dostdur, ya da yox, dost deyil. Düzdü? – Hüseyn dostu Əhməddən soruşdu.
Bu misalı dərsdə Fəxrəddin müəllim səsləndirmişdi. Doğrudur, o, başqa bir ad çəkmişdi, “Sokrat, ya dostumdur, ya dostum deyil” demişdi. Sonra da əlavə eləmişdi ki, bunu vaxtilə dahi qədim dünya filosofu Aristotel irəli sürürdü. Və Aristotel Sokrat üçün üçüncü halı istisna edirdi.
– Düzdü! – Əhməd bu dəfə Hüseynin dediklərini birmənalı şəkildə təsdiq etdi. – Əlbəttə ki, məsələ kəskin şəkildə qoyulursa, mən bu iki durumdan birindəyəm. Mən, ya Hüseynin dostuyam, ya da dostu deyiləm. Amma…
– Sənin bu “amma”ların qurtarmadı ki, qurtarmadı. Yenə də “amma!” Bunun daha nəyi “amma” oldu? Sən, ya dostsan, ya da deyilsən. – Hüseyn bu dəfə az qala inciyəcəkdi.
İndiyə qədər Zaur susmuşdu, daha susub dura bilmədi. O da söhbətə qarışdı:
– Yadınızda deyilmi, Sadıq müəllim bizə Aristotel barədə nə demişdi?! Yadınızdamı?
Sadıq müəllim onların riyaziyyat müəllimi idi. Sinifdə həmişə uşaqlara dərsdən əlavə, lazım bildiyi bilikləri verməyə çalışırdı.
Mina tələsik Zaurun sualına cavab vermək istədi:
– Bu adam ya ölüdür, ya da diridir. Hələ Sadıq müəllim yadınızdasa, Əhmədi misal gətirdi. Bütün sinifdən soruşdu ki, bax bu Əhmədi görürsünüz?
– Görürük, dedik … – Zaur cavab verdi.
– O diridir? – Mina soruşdu.
– Diridir, dedik. – Zaur yenə də eyni cavabı verdi.
– Əstəğfürullah, o ölü deyil ki? Sadıq müəllim elə bu cür də dübarə soruşdu. – Bunu xatırlayan yenə Mina oldu.
– Bütün sinif xorla bağırdı: yox, müəllim, ölü deyil, diridir! Diridən də diridir.
– Bəs Sadıq müəllim nə dedi? Dedi ki, Aristotel də siz deyəni deyir. Adam, ya ölüdür, ya diridir. O başqa bir halətdə ola bilməz.
– Ola bilməzmiş… – Əhməd fikirli-fikirli söylədi. – Amma…
– Yenə də amma! Daha bunun nə “amma”sı?! Min illərdi hamı bunu deyib durur ki, bir adamın, ya ölü, ya da diri olmasından başqa bir haləti yoxdur. Yeni məntiq nəydi adı, hə, qeyri-səlis məntiq bunun qarşısında nə deyəcəkdir? Deməyə bir söz qalmadı daha. – Hüseyn öz fikrində hələ də qəti idi.
– Amma mənim bu iki haldan əlavə, onların arasında daha bir halın da ola bilməsinə… inanmağım gəlir. Nə isə mən tərəddüd edirəm. Mənim…
– Hə, nəyin var? De, biz də bilək… – Mina artıq hövsələdən çıxmaqdaydı.
Əhməd, elə bil, hansısa uyğun bir sözü itirmişdi, indi onu axtarırdı. Axtarırdı, amma tapa bilmirdi.
Dostlar söhbət edə-edə məktəbin bağçasından çıxıb evlərinə tərəf yol aldılar. Onların yolu eyni idi, çünki bir-birilə qonşuluqda yaşayırdılar.
– Hə, tapdım! – Əhməd sevincək xəbər verdi.
Hamı maraqla Əhmədə baxırdı. “Nəyi?! Nəyi tapdın?” Bütün baxışlarda bu sual yazılmışdı.
– Tapdım. Şübhə! Əlbəttə, şübhə! Şübhə edirəm. “Şübhə” sözünü tapdım. – Əhmədin çiyinlərindən sanki yük götürüldü. O, rahat nəfəs aldı.
– Eh, mən də dedim, görəsən, nəyi tapıb? – Mina güldü. – Şübhəsi varmış…
– Sən hər şeydən şübhəlisən, oğlum. Keçən səfər sinfə topu kimin gətirməsini Etibar boynuna aldı, amma sən şübhə etdin. Dedin ki, topu bəlkə Zakir gətirib. Yox, belə dedin: topu, deyəsən, Zakir gətirib…
– Nooldu? Kim gətirmişdi topu? – Əhməd gülə-gülə soruşdu.
– Zakir gətirmişdi, sən haqlı idin. Amma məsələnin həlli bu deyildi ki. Ortada nəticə vardı. Bu nəticə də göz qabağında idi. Top vurub sinif pəncərəsinin şüşəsini qırmışdı. Məsələnin canı bu idi. Sən şübhə etdin, ya etmədin, nə dəyişdi? – Zaur soruşdu.
– Yox, dəyişdi. – Əhməd xeyli ciddiləşdi. – Etibar gətirsə idi, bəlkə də biz sinifdə futbol oynamayacaq idik. Pəncərə də qırılmayacaqdı. Şübhənin mənası var idi. Hüseyn Cavid bilirsiz, nə deyir?
– Nə deyir? – Hamı ayaq saxlayıb dayandı və maraqla Əhmədə baxdı. Onlar bilirdilər ki, Əhməd Hüseyn Cavid vurğunudur, saatlarla bu böyük və faciəli həyat yaşamış şairin şeirlərini əzbər deyə bilər.
Əhməd sözünə davam etdi:
– Hüseyn Cavid deyir:
Şübhədir hər həqiqətin
atası,
Şübhədir əhli-hikmətin
anası,
Şübhə etməkdə həqlidir
insan…
– Ay Zərbəli müəllim, hardasan? Bu Əhməd sənin bütün dediklərini əzbərləyib. – Zaurun gülə-gülə dediyi və digər dostların da gülüşünə səbəb olan bu sözlərdə hər şeydən əvvəl onların Zərbəli müəllimə sevgiləri əks olunmuşdu.
Zərbəli müəllim onların sevimli ədəbiyyat müəllimi idi. Onlara öyrətməyə çalışırdı ki, həyatda aydın və izahı var kimi görünən hər məsələyə şübhə ilə yanaşmaq, beləliklə də, məsələnin dərininə varmaq onların borcudur. Hər məsələnin məğzinə nüfuz etmək, “niyə?”, “nə üçün?”, “səbəb nədir?” kimi suallar təkcə bilmədiklərinə deyil, bildiklərinə də yönəlməlidir, həqiqət bundan yalnız uda bilər.
– Yaxşı, bəs şübhənin “ya dostdur, ya dost deyil” hökmünə nə dəxli var? – Gülüş səsləri kəsilən kimi Zaur soruşdu.
– Dost – dost olmayanı hələ saxla, bəs Əhmədin şübhəsinin “ölü, ya diri” qütblərinə nə dəxli var?! Sənin şübhən varmı ki, hər hansı bir adam, ya ölü, ya diri deyil?! Bu iki halətdən birində deyil?! – Hüseyn məsələni kökündən həll etməyə çalışırdı. Ona elə gəldi ki, Əhmədin bu möhtəşəm məntiqə qarşı deyiləsi bir sözü olmamalıdı. Bu məntiq Aristoteldən bəri bütün həqiqətlərə gedən yolda açar idi.
– Bəli, buna şübhəm var! – Əhməd inamla cavab verdi.
Dostların təəccübü sonsuz və son dərəcə səmimi idi.
– Sən nə danışırsan???
– Ola bilməz!!!
– Bunu mən sizə sabah deyərəm. Sağ olun. – Əhməd yoldaşlarına gülə-gülə əl edib küçəni keçdi və yaşadığı evinə tərəf yönəldi.
– Hara? Qaçma! Dayan. Bu gün. Bu gün söylə …
Uşaqların gülüş dolu səsləri bir-birinə qarışdı. Onlar Əhmədin arxasınca küçəni qaçaraq keçdilər və çantalarını havada yelləyə-yelləyə hərə öz evinə doğru yol aldı.
(Ardı var)
Şərh yoxdur