IMG_34482014-cü il mayın 7-də Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” V Beynəlxalq elmi konfransı işini yekunlaşdırmışdır.
AzərTAc xəbər verir ki, AMEA-nın Rəyasət Heyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransda 12 ölkədən 30-dan çox tədqiqatçı, həmçinin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından alimlər iştirak etmişlər.
Konfransın bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri professor Kamal Abdullayev müzakirə olunan mövzuların müxtəlifliyi və aktuallığı ilə seçildiyini qeyd etmişdir. O bildirmişdir ki, Bakı Slavyan Universitetinin artıq beşinci dəfə keçirdiyi bu konfransa tanınmış alimlər və tədqiqatçılar toplaşmışdır. Kamal Abdullayev belə tədbirlərin Azərbaycanı tanıtmaq baxımından böyük rolunu qeyd edərək demişdir: “Ulu öndər Heydər Əliyevin yaratdığı bu universitetin qarşısında azərbaycanşünaslığı geniş arealda təbliğ etmək, Azərbaycanın mədəniyyəti, tarixi və reallıqları haqqında bilgilər yaymaq vəzifəsi dayanır. Azərbaycan dünya xalqları üçün tolerantlıq və multikulturalizm nümunəsidir və bunu açıq şəkildə dünyaya nümayiş etdirmək lazımdır”.
Sonra konfransın bölmə rəhbərlərinin hesabatları dinlənilmişdir. Çıxış edənlər Heydər Əliyev irsi və azərbaycançılıq, Azərbaycanın strateji inkişafı, onun tarixi və mədəniyyəti, regionda rolu ilə bağlı mövzular ətrafında maraqlı müzakirələrin keçirildiyini bildirmişlər.
Bağlanış mərasiminin sonunda Bakı Slavyan Universiteti ilə Bolqarıstanın Avropa Politexnik Universiteti və Polşanın Adam Geyster adına Humanitar Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev bildirmişdir ki, Humanitar Akademiya ilə bağlanan müqaviləyə əsasən, bu ali tədris ocağında Azərbaycan mərkəzi açılacaqdır. Rektor tezliklə bu istiqamətdə işlərin başlanacağını qeyd etmişdir.
Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümü və beynəlxalq elmi konfransla əlaqədar BSU-da nəşr edilən “Tələbə dünyası” qəzetinin xüsusi nömrəsi dərc edilmişdir.