2014-cü il iyunun 28-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Beyləqanda ziyalılar, din xadimləri və ağsaqqallarla görüş keçirmişdir.
AzərTAc xəbər verir ki, görüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzmüş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edən Kamal Abdullayev ölkəmizdə dövlət-din münasibətlərinin prioritet istiqamətləri, milli mənəvi dəyərlərin, tolerantlığın qorunub saxlanılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində görülən işlərdən, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti tərəfindən həyata keçiriləcək layihələrdən danışmışdır.
Görüşdə dövlət-din münasibətlərinin mövcud durumu, yad dini ideologiya və radikal təriqətlərin qarşısının alınması zərurəti və digər aktual mövzular müzakirə edilmişdir. Əsas diqqət gənc nəslin milli mənəvi dəyərlər və Vətənə sədaqət ruhunda tərbiyə olunmasında ziyalıların, ağsaqqalların, məscidlərin roluna və din xadimlərinin üzərinə düşən vəzifələrə yönəldilmişdir.
Səmimi dialoq şəraitində keçən görüşdə rayon ziyalıları müxtəlif təkliflər irəli sürmüşlər.
Həmin gün dövlət müşaviri Beyləqan rayonundakı Həzrəti Cərciz Peyğəmbər ziyarətgahında olmuş, din xadimləri ilə söhbət aparmışdır.
Şərh yoxdur