2014-cü il 4 iyulda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev iyulun 3-də Lerik Rayon Mədəniyyət Evində rayon ziyalıları və dindarlarla görüşmüşdür.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayonun rəhbər işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, dindarların və ictimaiyyət təmsilçilərinin iştirak etdikləri görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılmışdır.
Dövlət müşaviri Kamal Abdullayev ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışmışdır. O, Prezident İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələri diqqətə çatdırmış, bundan irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək işlərdən bəhs etmiş və dövlət-din münasibətləri, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrlə bağlı fikirlərini bölüşmüşdür.
Qeyd olunmuşdur ki, Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin nümayəndələri, etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq şəraitində yaşamışlar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilmişdir. Məhz bu tolerantlığın, birgəyaşayışın və dövlət başçısının həyata keçirdiyi düzgün siyasətin nəticəsidir ki, Azərbaycan tolerant bir ölkə kimi dünyaya nümunə göstərilir, ölkəmizdə mədəniyyətlərarası və dinlərarası münasibətlərə həsr olunmuş beynəlxalq forumlar keçirilir.
Azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər ulu öndər Heydər Əliyev tərəfindən bizə miras qalmış və bu prinsiplər dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlətin dinə münasibəti çox loyaldır. Müstəqilliyə qədəm qoyduğumuz dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə məscidlərin sayı 2000-ə çatdırılmışdır. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz nümunəsidir.
Dövlət müşaviri son vaxtlar qeyri-ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirmiş, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı, dini ibadət evlərinin, məscidlərin də üzərinə düşən vəzifələrlə əlaqədar tapşırıq və tövsiyələrini vermişdir.
Sonda görüş iştirakçılarının sualları cavablandırılmışdır.
Görüş başa çatdıqdan sonra Dövlət müşaviri Kamal Abdullayev rayondakı “Babagil” pirini ziyarət etmiş, Lerik şəhərindəki Cümə məscidində dindarlarla görüşmüşdür.
Çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılmış yeni xidmətin dövlətimizin başçısının dövlət-din münasibətlərinə, milli mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz nümunəsi olduğunu bildirmişlər.
Qeyd edilmişdir ki, ölkəmizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş üçün demokratik-hüquqi və mədəni-mənəvi şərait yaradılmışdır.
Günün ikinci yarısında Dövlət müşaviri Kamal Abdullayev Yardımlı rayon ziyalıları və dindarları ilə görüşmüşdür.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olmuşlar.
Görüşdə çıxış edən Dövlət müşaviri Azərbaycanda hökm sürən tolerantlıq mühiti, dövlət və din münasibətləri barədə ətraflı söhbət açmışdır.
Sonra Dövlət müşaviri iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Görüş başa çatdıqdan sonra Kamal Abdullayev Yardımlı Cümə məscidində dindarlarla görüşüb söhbət etmişdir.
Şərh yoxdur