İşıqdan qaranlığa…
Qaranlıqdan işığa…
Var-gəl.
Var-gəl.
Yə’ni gəzinti.
Əllər arxaya,
Gözlər yumulu.
Kəlmələr itələşər
Və dişlər – səngər.
Yumru-yumru günəş çıxar hardasa,
Hardasa batar.
İşıqdan qaranlığa,
Qaranlıqdan işığa.
Var-gəl.
Var-gəl.
Yə’ni hıçqırıq.
Bircə dəmir çərçivəsi çatışmır.
Kimi dindirirsən, tənhaymış,
Kimə baxırsan, təkmiş.
Nə isə çoxaldı bu təklər, tənhalar…
Tənhalıqdan təkliyə,
Təklikdən tənhalığa
Əyilə-əyilə –
Başımız göyə dəyər.
Var-gəl.
Var-gəl.
Yə’ni məşəqqət.
Hər şey sənin içindəymiş:
Amma ölür yavaş-yavaş,
Amma ölür addım-addım,
Amma ölür qanad-qanad
Ölür uçmaq həvəsi.
Dünya sənin qəfəsindi,
Ya sən dünyanın qəfəsi?
Var-gəl.
Var-gəl.
Yə’ni pıçıltı.
Bir az daha!
Bircə addımın qaldı.
Bir az daha.
Amma yox –
Yenə də çatmadın üfüqə.
Bir addım sola atsan,
Bir addım sağa –
Güllə yeyəcəksən.
Ləngər vurmaq da olmaz,
Ay səni kəndirbaz!
Yolun ancaq irəli,
Və bir də geri.
Var-gəl,
Var-gəl,
Yəni qaranlıq