Bütün zamanların sehrbazları
Birdən güc gələlər – dəyişə dünya.
Gələ bu dünyanın solmaz baharı,
Dəyişə bir səhər, gül aça hər yan.
Gözümüz önündə hər şey dəyişə:
Gözümüz önündə məhv ola iblis,
İtə yaşıl rəngin yaşıllığında…
Ağacı içindən yeyən qurdlar da
Onun yarasına məlhəm qoyalar.
İlkin qardaşlığı duman içində
Qaralan yol kimi xatırlayaq biz.
Elə sarılaq ki, bir-birimizə,
Bir ürək, bir beyin, bir adam olaq.
Uzaqdan Allah da baxıb kövrələ,
Cənnətdə mələklər amin deyələr.
Bu gözəl yuxunun gözəlliyində
Hər şeyi unudaq
Və yada salaq.
Və birdən ayılaq.
Və birdən ayılıb görərik ki, biz
Və biz ayılanda bu xoş yuxudan,
Bəlkə həyəcandan, bəlkə qorxudan
Bir az da şiddətlə vurar sinəmiz.
Və birdən ayılıb görərik ki, biz
Heç nə dəyişməyib bu boş dünyada:
İtir dumanların içindəki yol –
Biz yenə görürük bir-birimizi.
Yenə həmin qurdlar yeyir ağacı,
İlbizlər qayıdır ilbizliyinə.
Həmin yaşıl rəng də cavan iblisi
Könülsüz buraxır yaşıllığından.
Heç nə dəyişməyir bu boş dünyada!
İblislər qayıdır iblisliyinə –
Hər şeyi unudaq,
Və yada salaq.
Və birdən ayılaq.
Qovaq bir dərəyə sehrbazları,
Dərəyə onların adını verək.
Əridək buzları, salxım buzları,
Sehrlər tökülsün ləçək-ləçək.
Şərh yoxdur