QHT numayendeleri ile gorusMayın 7-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində xarici ölkələrin QHT rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kamal Abdullayev qonaqlara Azərbaycanda tarixən formalaşan multikulturalizm ənənələri, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi dövlət multikulturalizm siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması və həyata keçirdiyi layihələr barədə məlumat verib. O, xarici QHT rəhbərlərini Multikulturalizm Mərkəzi ilə əməkdaşlığa dəvət edib.
Xarici QHT rəhbərləri mayın 3-dən Azərbaycanda olduqlarını və bu müddət ərzində iştirak etdikləri toplantılarda ölkəmizi daha yaxından tanıdıqlarını, buradakı çoxsaylı etnik və milli qrupların birgə yaşayışlarına heyran qaldıqlarını bildiriblər.
Xatırladaq ki, görüşə qatılan 19 xarici ölkənin 30-dək QHT rəhbəri “Mədəni irsi qoruyaq-sülhlə gələcəyi təmin edək” devizi altında “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısının iştirakçılarıdır. Kampaniyanın ölkəmizdə təşkilatçısı Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatıdır.