Bir dəfə yazmışdım: “Yol” mənim üçün xüsusi isimdir. Bununla demək istəməmişdim ki, gör mən Yolu necə gözəl sevirəm. Yox, əslində, Yol məni üzən bir reallıqdır. Yola düşənədək min bir əzab içində oluram, az qala dərd çəkirəm. Yola düşmək çətin olur, qıvrılıram,, vaysılanıram, daha hansı bicliklərə əl atmıram ki, Yol məni çəkib aparmasın. Olmayanda olmur, bir də görürsən yolçuya dönmüsən, gedirsən. Hara? Niyə? Nə üçün? Bizə elə gəlir ki, biz bunun cavabını bilirik. Əslində, bilmirik, bunu bilmək nəsibimiz deyil. Nə yaxşı ki, deyil. Əslində, təkcə Yol yox, cavabını bilmədiyimiz mətləblərin hamısı bizim üçün xüsusi isim olmalıdı.
Ruhunda Yol məzmununu daşımayan mətn yoxdur. Məncə, belə bir mətn ola bilməz. Yol barədə olsa da, yollçuluqdan bəhs və nəql etsə də, etməsə də. Mətn də adam kimi yol gedir, yaxud yol ilə gedir. Sən mətni anlamaq üçün ilk öncə onun getdiyi yolu anlamalısan. Ya mətn səni yola gətirir, ya da yol səni mətnə. Nəriman Əbdürrəhmanlının “Yolçu” adlı romanı məni Yolun başlanğıcına gətirdi, sonra da Yolun içinə saldı. Və mən gördüm ki, Yol özü mənə tərəf gəlir. Yol mənə tərəf gələ-gələ çox mətləbləri mənə əyan etdi və çox vaqeləri mənə göstərdi.Yol məni ağuşuna aldı və balaca, yeniyetmə, gənc, cavan, yaşlı, ahıl, qoca Yusifin arxasınca düşüb mən də 18-ci əsrin bir ucundan vurub o biri ucundan çıxdım.
Nəriman Əbdürrəhmanının “Yolçu” romanı, məncə, Azərbaycan ədəbiyyatının fəxrediləsi bir romanıdır. Ağır romandır. Mətnlə işləyənlər (mətndən danışanlar yox, mətnlə işləyənlər!) bilir, mən nə demək istəyirəm.
Mən ikinci belə bir roman tanımıram ki, yol ilə yolçu bu qədərinə bir-birinə qaynayıb-qarışmış olsun. Bu roman kiçik miniatürlərin mozaik birləşməsindən çağlayan möhtəşəm şəlalə kimidir. Nəhəng həcminə baxmayaraq zərif bir kəpənək kimidir.
Mən bu romanı həm beynimlə oxudum, həm qəlbimlə. Əsl oxucular (oxuyucular yox!) bilir bu nə deməkdir. Bu ağırlığında mətndə bir-birini inkar edən, ən uzaqda belə dursa, bir-birilə uyuşmayan söz, cümlə, mətləb, xətt, demək olar ki, yoxdur. Necə Nəriman buna nail olub – bilmirəm. Böyük ədəbi hünərdir. Dili, cümləni, sözü hiss etməyin ən yaxşı nümunəsi elə budur. Nəfəs bütövlüyü elə budur. Beynim mənə oxuduqca deyirdi ki, sən düz yoldasan, narahat olmağa dəyməz, hər şey yerli-yerindədir, mətn üçün təhlükəli heç nə yoxdur, gözüyumulu da gedə bilərsən bu yolu – arxayın ol, ayağın daşa dəyməyəcək. Qəlbim isə deyirdi, öz uşaqlığından ayrılmış bu qoca, nəhayət, o bakirəliyin, röyanın, ruhun vətəninə geri dönüb qayıda biləcəkmi, öz ilk məhəbbətini görə biləcəkmi? “Ol zamanlar”da axı bir şəhərdən çıxıb başqa şəhərə getmək, əslində, ömürlük vidalaşma demək idi. Tiflis, Şeyx Sənanların Tiflisi uzun onillərdən sonra yerin təkindəki xəyallar aləmindən çıxıb bir daha onun gözlərinə həqiqətlər aləmində görükəcəkmi? Səhifədən səhifəyə qəlbim çırpınırdı, bir istəyirdim, səhifələri on-on, beş-beş çevirib mətləbdən, yəni yoldan kənara çıxım, sualıma tez-tələsik cavab tapım, amma səhifənin cazibəsi məni özündən belə süni şəkildə aralanmağa qoymurdu. Bu roman rəngli televizorun göstərdiyi, səni qıcıqlandırmayan, “niyə belə yox, belə oldu?” dedirtməyən bir romandır. “Kiçik” nəsrdə bunu Şahmar etmişdi, “böyük” nəsrdə Süleyman Rəhimov etmişdi, İsa Hüseynov edir…
Mətn ki, dedin, ilk olaraq yada dil düşür. Roman dili bu gün hamının yaralı yeridi. Bilən də danışır bu barədə, bilməyən də. Bilməyən daha bərkdən danışır. “Yolçu”da dil elə şəhdi-şövqlə axıb gedir ki, müəllifin hansısa məqamda hansısa sözü axtarmasına inanmırsan, söz burada öz-özünə zühur edib öz-özünə mətnin içinə girmiş kimidir. O, müəllifin saldığı yolla gəlir, yol sözü ahənrubə kimi özünə çəkir. Sonra daha qəribə hadisə baş verir. Sonra söz səni dəmir qəfəsə salır və təsvir etdiyi dövrün cazibəsindən buraxmır. Cümlənin gözəlliyinə baxın: “Yüngül yaz dumanı get-gedə dağılır, günəş dağları, elə bil, sonsuzluğun içindən çəkib çıxarırdı.” Flober nahaqdan demirdi ki, cümləni mətnə daxil etməzdən əvvəl, onu ayrıca yazmaq lazımdır. Əgər o gözə də xoş görünürsə, o zaman o cümləni işlətmək olar.
Orta əsr tarixçi və təzkirəçilərinin, salnaməçilərinin təbiət, əxlaq, xasiyyət və dil cazibəsi romana elə hopub ki, və bu üslub ədası, dil təşəxxüsü müəllif tərəfindən elə incə bir ustalıqla romanın toxumasına daxil edilib ki, Firəngistanda da, Türkiyədə də, İranda, Azərbaycanda və Gürcüstanda da o səni əsas məqsəddən (Yoldan) yayındırmır. Parisdə onu fransız ahəngi, İstanbulda türk ahəngi, İranda fars və Azərbaycan intonasiyası ilə qəbul edirsən.
Müəllifi nə qədər axtarırsan bu romanın içində axtara bilərsən, sən onu tapmayacaqsan. Sən onu roman personajlarının genetik şəcərəsini özündə yaşadan uzun və dərin keçmişə aparan adlar labirintində itirəcək, Parisin Bulon meşəsində (bilmirəm bu meşənin o zamankı adı Bulon meşəsi idi, ya başqa cür adlanırdı) tapdığını sanacaqsan, olmayacaq, İstanbulun dəniz limanının girəcəyindəki yelkənlərini qaldırmaq istəyən gəmiyə minən yerdə yenə də onu, elə bil ki, görəcəksən. Amma yenə də yox. O, çayqovuşandadır, Nadir xanın Nadir şaha çevrildiyi əzəmətli alaçıqdadır, düşünəcəksən, odu, şahın hüzurundakı bu şücaətli, əsilli-nəsəbli adamlar arasındadı, bu dəfə də çifayda, hər biri tarixin az qala özü olanlar arasında sən yenə də müəllifi ilğım kimi itirəcəksən. Müəllif yenə də yoxdur. O, ümumiyyətlə, yoxdur! Burada hamı var – dərvişlər, tacirlər, tarixçilər, saray əyanları, alimlər, salnaməçilər, avantüristlər, əxlaqlı və əxlaqsız qadınlar, yolkəsənlər, qatillər, qurbanlar, saray ağaları, əskərlər, nökərlər, keşikçilər, mollalar, hacılar, məliklər… burada kimlər yoxdu?! Burada müəllf yoxdur.
Amma Yolçu var. Kim deyə bilər ki, bu yolçu həm də o müəllif deyil?! Baxtinin arzuladığı, prinsiplərini ortaya qoyduğu polifonizm “Yolçu”da özünün pikinə çatıb.
Var Azərbaycan ədəbiyyatında ağır mətnlər. Məsələn, ilk yadıma gələn Süleyman Rəhimovun “Saçlı” romanıdır. Bədii sənətkarlığın zirvələrindən biri. Bu bütöv nəfəsi, bu mükəmməl üslubu, bu möhtəşəm idarəçiliyi (bəli, bəli, idarəçiliyi! Mətn daxilində də idarəçilik var!) itirilmiş bədii cənnət, qurumuş ağac sanmağa tələsənlər yəqin ki, oldu. Amma elə deyilmiş. Azərbaycan bədii təfəkkürü bir daha bu düşünülməz ağırlığın altına girməyi bacardı. Eyni xəttin bu gün də davam etməsinin ədəbi və bədii sevincini “Yolçu” yaçatdı.
“Yolçu”dan alınan təəssürat, əlbəttə ki, bir yazıya sığmaz. Tolstoyları, Dostoyevskiləri. Folknerləri, Heminqueyləri, Coysları, Kafkaları və daha kimləri bir su içimində oxuyanlar və bayılanlar düz edirlər. Əlbəttə ki, adını sadaladığım müqtədirlər olmadan ədəbiyyat yoxdur. Əlbəttə ki, bu oxuyucuların, məncə, böyük əksəriyyəti nə oxuduqlarını adekvat olaraq bilmirlər, amma nə etməli, bu internet cocuqlarını anlamaq mümkündür. “Biz də tumançaq deyilik, biz də nəsə bilirik” sindromunun bu gün baş alıb getdiyi bir ədəbi məkanda yaşayırıq. Olsun. Heç olmasa adlarını bilsələr də bəsdi. Amma…
“Bibliya”dan gələn bir kəlam var. Deyir, “öz vətənində peyğəmbər olmaz!” Bu vəsiyyətin acısı ilə böyüklərimiz xeyli yaşadı, bəsdi! Gəlin bir görək, başqa cür yaşaya bilərikmi? Mən çox istərdim ki, güllü-bağçalı vətənimizin ədəbiyyat fədailərini də anlamadığımız, amma oxumağımızla kiməsə yanıq verdiyimiz xarici ustadları görə bildiyimiz qədərin yarısıycan görə bilək. Mən istərdim ki, “Prustu oxuyub bayıldım, Pamuk bilirsən, neyniyib?!” deyənlərin dilinə, böyük Şəhriyar demiş, bizimkilərin də bir adı gəlsin. Unutmayın, siz “Yolçu” kimi əsərləri görməsəniz, yaxud özünüzü görməzliyə vursanız, sizi gələcək nəsillər bağışlamayacaq. Yox, bu çox politik oldu, gələcək nəsillər bu cür ağıldangöyçək tənqidçi və tənqidçibaşılara təsadüfi adamlar kimi baxacaq, onları, sadəcə, mətndən uzaq adamlar sayacaq.
Nəriman artıq neçə romanıyla Azərbaycan ədəbiyyatı deyilən “uzun, incə” bir yoldadır. Sakit tərzi, mütəvazi durumu ilə öz-özüylə danışa-danışa getməyindədir. Bilirsizmi, Yol da onunla bir yerdə hərəkət edir. Çünki, həqiqətən, kim deyibsə düz deyib: “yolla gedən olmasa, bilinməz, bilinməz gəlir bu yol, ya gedir.” Yol da onunla bir yerdə bizə tərəf gəlir. O, yolu bizim yanımıza gətirə bilənlərdəndir.
Həcmcə Sizif qaldıran qayaya bənzəyən, amma həm də bir kəpənək qədər, qanadının tərpənişiylə Sakit okeanda tufan yarada bilən kəpənək qədər zərif olan “Yolçu” özü heç kimdən heç nə istəmir. Neç nə gözləmir. O, öz yolu ilə gedə-gedə, sadəcə, bizi görmür. Nəhayət, ən acılı olanı, o, sizdən, bizdən heç nə ummur. Bunun özü bir ağrı deyilmi?
Həqiqətən, Yol xüsusi isim imiş.
Şərh yoxdur