1421394157kamal

İnkişafın Azərbaycan fenomeni iqtisadi yüksəlişlə yanaşı, mənəvi tərəqqini də ehtiva edir.

– Kamal müəllim, Siz Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin olunan gündən etibarən ölkəmizin demək olar ki, bütün rayon və şəhərlərində olmusunuz, bölgə ictimaiyyəti, ziyalıları, din xadimləri və milli azlıqların nümayəndələri ilə müxtəlif görüşlər keçirmisiniz. Bu görüşlərin nəticəsi olaraq ölkəmizdəki etnik-milli və dini durumla bağlı təəssüratlarınızı və ümumiyyətlə Xidmətin işi barədə fikirlərinizi öyrənmək istərdik…

– İlk gəldiyim qənaət ondan ibarətdir ki, Azərbaycanda bu gün ancaq iqtisadi inkişafdan danışmaq artıq yetərli deyil. Müstəqillik dövrü Azərbaycan insanının mənəvi inkişafı göz önündədir və onun müxtəlif aspektləri təhlil edilə bilər. Ən ucqar kəndimizdə, ən müasir şəhərimizdə də dəyişən yalnız küçələr, parklar, binalar deyil. İnsanlarımız daxilən dəyişir. Onlar ictimai mənafeni, dövlətçilik və azərbaycançılıq prinsiplərini artıq daha çox önə çəkir, bəşəri ideyalara daha çox bağlılıq nümayiş etdirirlər. Ona görə də bu gün Azərbaycan fenomeni deyərkən iqtisadi inkişafla yanaşı, mənəvi inkişafı da görmək vacibdir. Bu gün bu ikisi bir-birini üzvi surətdə tamamlayır.

Dediklərimin fonunda məscid, kilsə, sinaqoq, məbədlərdə din xadimləri, yerli ziyalılar və müxtəlif milli icma nümayəndələri ilə çoxsaylı görüşlərdə hiss etdiyim ən vacib məqam səmimiyyət oldu, desəm, səhv etmərəm. Çalışdığı yerdən, tutduğu məqamdan asılı olmadan vətəndaşlarımız bu gün ölkəmizdə yaranmış təmiz, saf mənəvi iqlimə, siyasi-ictimai duruma və ölkədaxili, ölkəxarici uğurlu siyasətə görə Prezident İlham Əliyevə, bütövlükdə Azərbaycan dövlətinə səmimi-qəlbdən minnətdardırlar. Dünyada gedən kataklizmlər fonunda Azərbaycan reallığının hüzur dolu mənzərəsinin hansı titanik zəhmət və çalışmalar hesabına başa gəlməsini bu gün insanlar daha yaxşı anlayır.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin bu gün gördüyü çoxşaxəli işlərdən danışarkən ən önəmlisi kimi son yarım ildə üç dövlət konsepsiyası layihəsinin üzərində işləyib onları tamamlanmasını qeyd eləmək olar. Bu, “Azərbaycan Respublikasının milli münasibətlər konsepsiyası”, “Azərbaycan Respublikasının din siyasəti konsepsiyası” və “Azərbaycan Respublikasının multikulturalizm konsepsiyası”nın layihələridir.

–  IV Bakı Beynəlxalq Humanitar Forumunda ölkə Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti kimi dəyərləndirdi. Sizin rəhbərlik etdiyiniz Xidmət də Forumun çox önəmli bölmələrindən biri olan “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” bölməsinin işini təşkil etdi. Sizcə, budəfəki Humanitar Forum bizə nələri qazandırdı?

– Prezident İlham Əliyevin ardıcıl olaraq multikulturalizmi Azərbaycan siyasətinin əsas xətlərindən biri kimi təqdim etməsi bir daha onun öz böyük sələfi ulu öndər Heydər Əliyevin siyasi kursuna sədaqətinin göstəricisidir. Bu bəyanatın arxasında həm beynəlxalq aləmdə, həm də Azərbaycanda həqiqətən gərgin zəhmət sayəsində görülmüş real işlər durur. Azərbaycan multikulturalizminin tarixi və bu günü durur.

IV Bakı Beynəlxalq Humanitar Forumunun müxtəlif ölkələrdən gəlmiş görkəmli nümayəndələri bunu bir daha təsdiqlədilər. Forum artıq Nobel mükafatçılarının, eks-prezidentlərin, eks-baş nazirlərin, görkəmli siyasətçi və dövlət xadimlərinin, elm və mədəniyyət nümayəndələrinin həvəslə qatıldıqları ənənəvi bir ünsiyyət məkanına çevrilmişdir. Və bu məkanın ümumi mənəvi adı Azərbaycan multikulturalizmidir. Beləliklə, dünya görür ki, Avropa və digər qitələrdə multikultural dəyərlərin və prinsiplərin iflasa uğradığını qeyd edən ölkə liderlərinin bacarmadığını Azərbaycan lideri xalqına, onun milli-mənəvi xislətinə arxalanaraq bacarır. Və bütün dünyanın qabaqcıl zəka və qəlb sahibləri Azərbaycan liderinin səsləndirdiyi belə bir çağırışı qəbul edir: “Dünyada multikulturalizmin alternativi yoxdur!”

Artıq ənənəyə çevrilmiş bu Forum təkcə bizə qazandırmır. Bu Forum onun işində çalışan bütün insanlara qazandırır. Forum müxtəlif ölkələrə qazandırır. Mənəvi fayda artan xətt üzrə bütün sülhsevər, ədalətsevər bəşəriyyətə çatır. Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” şüarının dərin qatında çox böyük mənalar var. Bu şüar, əslində, ancaq Azərbaycan insanına ünvanlanmayıb, onu bütün ləyaqətli bəşər övladına ünvanlanmış saya bilərik. Azərbaycan bu gün öz sərvətini bütün dünyanı daha da gözəlləşdirmək, saflaşdırmaq, təmiz və sağlam etmək istiqamətinə yönəldir. Budur azərbaycanlı mənəviyyatı!

Bir faktı deyim. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandı. Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu Mərkəzin xarici qonaqlar qarşısında ilk prezentasiyası oldu. Hər bir Forum iştirakçısı bu xəbəri əsl müjdə kimi və ən vacibi, Azərbaycanın mənəvi haqqı kimi qəbul etdi. Bu gün Mərkəzin işində yaxından çalışmaq istəyən onlarla, yüzlərlə xarici ölkə mütəxəssisi var. Mən Forumun Azərbaycana verə biləcəyi real mənəvi faydalardan ancaq bir qismini qeyd edə bildim.

– Kamal müəllim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmasından bəhs etdiniz. Eyni zamanda, ölkə Prezidentinin digər fərmanı ilə bir neçə ay əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da təsis olundu. Bu qurumların əsas fəaliyyəti nədən ibarətdir, onlar hansı istiqamətlərdə dövlətimizə faydalı olacaq?

– Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas strateji istiqaməti onun əsasnaməsində yazıldığı kimi, əhalinin ən müxtəlif sahələrdə biliyinin artırılmasını, dünya elmi nailiyyətlərinin Azərbaycana gətirilməsini və Azərbaycan elminin dünyada tanıdılmasını, daxili və xarici siyasətimizin cəmiyyət içində daha adekvat və effektli şəkildə yayılmasını təmin etməkdir. Bu strateji istiqamətlərin içindən onlarla, yüzlərlə son dərəcə vacib və faydalı xətlər, cığırlar çıxır. Ən əsas məsələ isə ondan ibarətdir ki, bu yollar, xətlər, cığırlar, cəmiyyətimizin bütün üzvlərini birləşdirəcək. Xüsusilə də kənd və rayonlarımızda yaşayan yeniyetmələrdən, gənclərdən tutmuş yaşlı nəslə qədər bütün vətəndaşlarımızın fəaliyyətini özündə ehtiva edəcək.

Heç bir insan özünü vətəndaş cəmiyyətindən təcrid olunmuş hiss etməməlidir. Qabaqcıl və geridə qalan arasındakı fərq sovet dövrünün ştampları ilə deyil, yeni əxlaq tərzi ilə aradan qaldırılmalıdır. Bilik Fondunun bu məqamla bağlı bir proyekti var – “Epizod” adlanır. Məktəbdə “iki” və “üç” qiymətlə oxuyanlara, peşələrində və həyatda uğursuzluqdan qaça bilməyənlərə tuşlanıb. Biz indiyə qədər daha çox əlaçılara və qabaqcıllara diqqət ayırmışıq. Amma o biri qisim də var. Uğursuzluqdan yayına bilməyənlər qismi. Bu qismə münasibət boşluqdan ibarətdir. Bu qisim insanların potensialının üzə çıxarılması yolları araşdırılıb gerçəkləşdirilməlidir. Bu gün vətəndaşın bütün və hər cür ehtiyaclarını ödəməyə dövlətin imkanı və marağı var. Yaradılmış adıçəkilən qurumlar məhz bu birləşdiricilik xəttini gerçəkləşdirən mexanizmlərdir. Artıq Bilik Fondu tərəfindən reallaşdırılan proyektlərdə məktəblərimizin, din xadimlərimizin, alim və mütəxəssislərimizin səmərəli birgə əməyi nəzərdə tutulur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu gün özünün formalaşma mərhələsini yaşayır. Bu qurum, sözün hər mənasında, Prezident İlham Əliyevin uzaqgörən və son dərəcə müdrik siyasi yanaşmasının nəticəsində yarandı. Milli və dini tolerantlıq məsələləri, Azərbaycan multikulturalizminin ənənələri və dünya multikulturalizm təcrübəsinin öyrənilməsi, Azərbaycan multikultural mühitinin inkişafı yolları, milli və dini özünəməxsusluqların çiçəklənməsinə şərait yaradılması və s. və i.a. bu kimi həyatımız, varlığımız üçün son dərəcə vacib məqamlar öz təhlil və gerçəkləşməsini gözləyir. Maraqlı layihələrin həyata keçirilməsi mexanizmi qurulur.

Vacib olan isə odur ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin örnək götürə biləcəyi və artıq stabil dəyərlər sistemi yaratmış möhtəşəm nümunəsi var. Bu, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə tək Azərbaycanda deyil, bütün dünyada gördüyü işlərdir. Həqiqətən, Azərbaycan bu gün multikulturalizmin mənəvi vətəninə çevrilmişdir desək, səhv etmərik. Bizim başqa ölkələrdə analoqu olmayan, yaxud zəif şəkildə olan möhtəşəm ənənələrimiz var. Bölgələrimizə xas dillərin, mədəniyyətlərin, adətlərin mövcudluğu, ulu öndər Heydər Əliyev deyən kimi, bizim hamımızın ümumi sərvətimizdir. Bu ideya bizə mayak kimi işıq saçır və saçacaq! Onları yaşatmaq, inkişaf etdirmək, insanlarda dözümlülük, qarşılıqlı ehtiram hisslərini təşviq etmək, əslində, ölkəmizin multikultural təhlükəsizliyini qorumaq deməkdir.

Multikultural təhlükəsizliyini qoruya bilməyən ölkələrin bugünkü mənəvi durumu göz qabağındadır. Bu ölkələrdə faşizm neofaşizm şəklində yenidən baş qaldırır, antisemitizm tüğyan edir, qatı millətçilik şovinizmə çevrilir. Təkmillətli olmağın fəsadları gizlində alışaraq gələcəkdə gur yanğına dönəcəkləri vaxtı gözləyir. Bütün bunların fonunda isə belə cəmiyyətləri dözümlülük, ədalət, mərhəmət, hörmət, məhəbbət hissləri gözə görünmədən, bəzən də açıq şəkildə tərk edir. Həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, “dünyada multikulturalizmin alternativi yox imiş”…

– Multikulturalizmin dövlət siyasətinin vacib komponentlərindən biri kimi daha da inkişaf etdirilməsi, Azərbaycanın dünyaya multikulturalizm məkanı kimi tanıdılması istiqamətində daha hansı işləri görməyi düşünürsünüz?

– Bu istiqamətdə bəzi işlər artıq görülür. Bakı Slavyan Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə “Multikulturalizm” adlı elmi-metodik seminar yaradılıb. Bu seminara digər ali məktəblərin elm və tədris mütəxəssisləri də qoşulurlar. Məqsəd çox vacib bir məqamla bağlıdır. Multikulturalizmin ayrıca bir fənn kimi tədris proqramını hazırlayıb universitetlərimizin bakalavriatura və magistratura pillələrində onun tədrisini təşkil etmək. Bu, Azərbaycan multikultural dəyərlərinin gənclərin ürəyinə, beyninə hopması, həyat tərzinin əsas komponentinə çevrilməsi işində son dərəcə önəmli bir məsələ olacaq. Təsəvvür edin: Azərbaycan ali məktəblərində “Multikulturalizm” adlı fənn tədris edilir. Bu, əsl multikultural nailiyyətdir.

Hadisələri qabaqlasam da, demək istərdim ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qarşısına daha bir məqsəd qoyub. Yaxın gələcəkdə “Azərbaycan multikulturalizmi” adlı xüsusi kurs hazırlayıb xarici ölkə universitetlərinin bakalavriatura və magistratura pilləsində tədris etmək. Bunun üzərində artıq iş aparılır. Təsəvvür etmək çətin deyil ki, bu layihənin reallaşması nəticəsində xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənnini öyrənən gənclərin Azərbaycan, onun tarixi, mədəniyyəti, dili, adət-ənənələri, bu günü haqqında təsəvvürləri necə zənginləşəcək. Əslində, bu şəkildə onların Azərbaycanın dostlarına çevrilməsi prosesi başlayacaq.

– Bu gün cəmiyyətimizdə dini ritualların həyata keçirilməsi, xüsusən yas mərasimlərində ehsan verilməsi ilə bağlı fikir ayrılıqları vardır. Hətta bu məsələ ilə bağlı aidiyyəti qurumların arasında problemlərin olması barədə mətbuatda müxtəlif yozumlara da rast gəlirik. Siz bu barədə nə düşünürsünüz?

– Bu, vətəndaş cəmiyyətinin daxili problemləridir. Onların bu və ya başqa şəkildə həlli yolları da cəmiyyət tərəfindən həyata keçirilməlidir. Birmənalı şəkildə deyirəm – nə dövlət, nə də icra strukturları bu məsələlərlə bağlı direktivlər vermək fikrində deyil. Hər şeyi həyat tənzim edir. Söhbət ondan gedir ki, cəmiyyətin bir üzvü süfrədə (istər yas olsun, istər toy) ifrata qarşıdır, başqa bir üzvünü isə bu hal narahat etmir, daha başqa bir üzvü də hələ düşünür… Aydındır ki, söhbət prinsip söhbəti deyil, əslində, menyu söhbətidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də, qəlbində Allah eşqi yaşadan digər din xadimləri də, ziyalılar da, adi insanlarımız da dəfələrlə bu istiqamətdə müzakirələr zamanı deyiblər ki, adət-ənənələrimizlə bağlı bütün məsələlərdə son dərəcə həssas, anlayışlı olmalıyıq, əsl islam dəyərlərindən çıxış etməliyik. Yenə təkrar edirəm ki, bu kimi məsələlər direktivlər, göstərişlərlə deyil, həyatın tələbi ilə tənzim edilə bilər. Amma biz cəmiyyətə bəzi zəruri hissləri təlqin etməyi bacarmalıyıq. Məsələn, heç kəs utanc hissi keçirməməlidir ki, verdiyi çay ehsanı başqasının ifratçılıq üstündə qurulmuş dəbdəbəli ehsanından ayıb sayıla bilər. Məsələnin canı budur! Bunun üzərində çalışmaq lazımdır.

O ki qaldı siz deyən “qurumlar arasında problemlərin mövcud olması” məsələsi, məncə, bu barədə danışmağa belə dəyməz. Bu, absurddur və bunu ortaya atanın səviyyəsizliyini, cahilliyini, ən azı, məsələdən xəbərdar olmamasını göstərir. Eyni zamanda, əgər hansısa mətbu orqan mütəmadi olaraq bu cəfəngiyatı ortaya atırsa, o zaman belə hal bu mətbu orqanın hər şeydən əvvəl öz oxucusuna olan münasibətini, yəni, hörmətsizliyini nümayiş etdirir.

– Müxtəlif rayonlarda insanlarla keçirdiyiniz görüşlərdə, məscidlərdə dindarlarla dizbədiz oturaraq apardığınız söhbətlərdə bu gün Azərbaycanda məscidin necə olması ilə bağlı maraqlı fikirlər səsləndirmisiniz. Sizcə, müasir Azərbaycan cəmiyyətinin dini-mənəvi ehtiyaclarını ödəyə bilən məscid necə olmalıdır?

– Bu gün Azərbaycanda məscid ancaq məscid olmamalıdır. Bu gün məscid həm də mədəniyyət ocağı olmalıdır. Həm də mənəviyyat ocağı olmalıdır. Dövlətçilik, azərbaycançılıq ocağı, vətənpərvərlik məbədi olmalıdır. Bir yeniyetmə məscidə gələrkən məktəbin gözü bu uşağın arxasında qalmamalıdır ki, ay aman, məscid əhli çalışacaq ona təcili namaz qılmaq öyrətsin! Bilirsinizmi, əgər bu yeniyetmənin alnında varsa ki, o, namaz qılmalıdır, o, namaz qılacaq. O uşaq məscidə bir kitab dalınca gələ bilər. Və məsciddə bu kitab olmalıdır.

Özünü “hüsni-xuda şairi” sayan Hüseyn Cavidin tutulub məhv edilməsinin bir səbəbi də “Peyğəmbər” kimi əsər yazması idi. Nə üçün onun əsərləri məscidlərimizdə olmasın?!

Füzuli ömrü boyu həyatının mənasını İmam Hüseynin məqbərəsinə xidmətdə görürdü, özü də ölərkən İmam Hüseynin ayaqları altda basdırılmasını vəsiyyət etmişdi. Kərbəla şəhidlərindən ürək yanğısı ilə bəhs edən “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağı”) kimi bir əsər yazan dahi şairimizdir. Nə üçün Füzulinin əsərləri məscidlərimizdə olmasın?!

Nizami Şeyx rütbəsinə yüksəlmiş və dövrünün ən ali mənəviyyat, elm sahiblərindən biri olmuşdur. Hər poemasını Allaha, peyğəmbərə sevgi dolu müraciətlə başlayır. Varmı Nizaminin əsərləri bizim məscidlərimizdə?! Onlarla, yüzlərlə bu cür misallar yada salmaq olar.

Arzum budur ki, məscidlərimizdə dünyəvi kitablar olsun və bu kitabları həm gənclər oxusun, həm də, vacibi də elə budur – məscid əhli oxusun.

Çox yaxşı haldır ki, bu gün məscidlərdə səslənən xütbələrdə Qarabağ şəhidlərimiz yad edilir, ağıllı, müdrik axundlarımız, imamlarımız vətənpərvərliyin, dövlətçiliyin həyatımızda nə dərəcədə vacib yer tutduğunu qeyd etməyi unutmurlar, din xadimlərimizin hərbi hissələrlə əlaqəsi möhkəmlənir. Və əlbəttə, dövlət gözləyir ki, məscidə gələn gənclərin qəlbinə burada Allah eşqi ilə bərabər, vətən, xalq, dövlətçiliyə sədaqət eşqi dolsun.

Nə deməkdir dövlətçiliyə sədaqət? Əslində, bu ailəyə sədaqət deməkdir. Məscid bu ideyanı beyinlərdə möhkəmlətməlidir. Əgər bir məscidə gəlib-gedən yeniyetmə “Sən böyüyəndə kim olacaqsan” sualına “Mən böyüyəndə Azərbaycan zabiti olacağam!” cavabını versə, halal olsun bu məscidin axunduna və yaxud imamına, dini icmasına. Budur bu gün bizim məsciddən gözlədiklərimiz! Müstəqillik dövrünə 17 məscidlə qədəm qoyduğumuz halda, bu gün dövlətin qayğısı sayəsində 2000-ə yaxın məscidin fəaliyyət göstərdiyi ölkə üçün bu gözləntilər o qədər də çox deyil.

– Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycanda bu gün həm siyasi, həm də mədəni-mənəvi baxımdan yeni dövr başlayıb. Belə bir zamanda ölkə dindarlarının böyük əksəriyyətini birləşdirən Qafqaz Müsəlmanları İdarəsi öz işinin öhdəsindən gələ bilirmi?

– Çox gözəl gəlir! Şeyxin təşəbbüsü ilə bir sıra faydalı tədbirlər həyata keçirilir. Biri haqda xüsusi demək istərdim. Azərbaycanın bütün bölgələrdəki məscidlərinin axund və imamları bir yerdə, altını cızaraq deyirəm: bir yerdə, çox səmərəli təkmilləşmə kursları keçirlər, öz dünyəvi və ruhani biliklərini möhkəmlədirlər. Onlar üçün eyni geyim forması hazırlanır. Yeməkləri-içməkləri, qalmaqları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilir. Bir ay müddətində növbə ilə bu kurslarda hamı təhsil alacaq. Çox böyük maarifçilik işidir. Bu din xadimləri dini biliklərini təkmilləşdirməklə yanaşı, ölkənin bir sıra dövlət və hökumət, hüquq-mühafizə, televiziya, mətbuat adamları ilə də görüşür, maraqlandıqları sahə ilə bağlı əlavə məlumatlar alırlar. Mən özüm onlarla bir neçə dəfə görüşüb dərs keçmişəm. O məqam diqqətimi çəkib ki, bu ruhani şəxslərin dünyəvi biliklər almaq ehtiyacları və ən vacibi, həvəsləri var. Şeyxin təşəbbüsü təqdirəlayiqdir.

– Səfər etdiyiniz rayon və şəhərlərdə məscidlərlə, kilsə, sinaqoq, məbədlə yanaşı, hətta bu gün fəaliyyəti olmayan bəzi kilsələrə də baş çəkmisiniz və bu kilsələrlə bağlı müxtəlif layihələrin həyata keçiriləcəyini bildirmişdiniz. Bu sahədə hər hansı iş aparılırmı?

– Qazaxda bir kilsədə olarkən gördüm ki, bu, təmir olunmuş bir abidədir, ancaq gələni yoxdur. Rus Pravoslav Kilsəsinin başçısı arxiyepiskop Aleksandr Ataya təklif etdim, o, kilsənin Multikulturalizm Muzeyinə çevrilməsinə ürəklə razılıq verdi. İndi bu istiqamətdə işlər aparılır. Azərbaycanda məscid ilə kilsənin, sinaqoqun dünyanın heç bir yerində analoqu olmayan anlaşıqlı, səmimi, dərin qarşılıqlı hörmətə əsaslanan münasibəti var. Bu münasibətin əsl katalizatoru bir tərəfdən əgər cəmiyyətdirsə, digər tərəfdən dövlətdir. Elə bilirəm, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu istiqamətdə həyata keçirəcəkləri dəyərli layihələrlə cəmiyyətimizi sevindirəcəklər.

– Kamal müəllim, Sizə elə gəlmirmi ki, yad dini təmayüllərin ölkəmizə ayaq açmasının kökündə insanlarımızın dini biliklərinin azlığı dayanır. Bununla bağlı hansı işlər görülməlidir?

– Bəli, doğrudur. Dini biliklərin aşağı olması özünü göstərir. Belə olmasaydı, bəzi rayonlarda bəzi yeniyetmələr təmiz islam dininə yad təmayüllərə uymazdılar. Məktəb və universitetlər bu bilikləri artırmağın, dolğunlaşdırmağın daha optimal yollarını axtarmalıdırlar. Bunu təkcə müəllimlər, alimlər deyil, onlarla birgə din xadimləri, ilahiyyatçılar həyata keçirməli, bəlkə mövcud dərsliklərə, xüsusilə, “Həyat bilgisi” dərsliyinə müəyyən əlavələr etməyin faydasını götür-qoy etməlidirlər. Belə boşluqlar dərsliklərimizdə var. Bu istiqamətdə addımlar atmağın yollarını düşünürük.

– Siz ötən əsrdə olduğu kimi, Azərbaycanda hələ də dindar kəsimlə elmi mərkəzlər, dünyəvi təhsil ocaqları arasında uçurumun olduğunu müşahidə edirsinizmi?

– Maraqlı sualdır. Bu “uçurum”u kimlərsə əgər hökmən görmək istəyirsə, görəcək! Əslində, “bardağın o biri yarısı doludur”. Tarixən elmi və dini mərkəzlər bir-birinin içində də mövcud olublar. Elm və din xadimləri, ədəbiyyat və din adamları bir personada da özünü göstəriblər.

Bax, belə məqamları öyrənmək, üzə çıxarmaq vacibdir. Dünyəvi və dini düşüncə nə zaman birlikdə olub, nə zaman bir-birindən ayrı düşüb – bunun faydası nə olub, fəsadı nə olub?! Elm tarixi üçün bu, son dərəcə vacib məsələdir və deyim ki, mən bunun birmənalı cavabını bilmirəm.

Bu gün Bilik Fondu “Dini abidələrimizdə tarixin izləri” adlı çox səmərəli bir layihə həyata keçirir. Bərdə İmamzadəsi kimi müqəddəs bir məkanın elmi təhlili, bərpası məsələləri gündəmə gətirilib. Görkəmli alimlər, din xadimləri, bərpa üzrə mütəxəssislərlə bir yerdə Bərdə ictimaiyyəti bu proyektə qoşulub. Bu hal həm elm ilə dinin yenidən bir-birinin yanında olması deməkdir, həm də məhz dini abidənin tarixi dərinliyində elmi dəyəri olan məqamların real olaraq üzə çıxarılmasıdır. Yenə də elm ilə dinin qədim birgəlik dövrünə işarəni görməmək olmur. Nəticədə, Bərdə İmamzadəsi kompleksinin hərtərəfli öyrənilməsi ilə Azərbaycan tarixinə kiçik bir cümlə də əlavə olunsa – nə böyük sevinc!..

– Bu gün ölkəmizdə bəzi müsəlman ailələrinin qeyri-ənənəvi müsəlman, hətta xristian dini təriqətlərinə qoşulduğunun şahidi oluruq, sizcə, bunun səbəbi nədədir – informasiya bolluğunda, ya informasiya azlığında?

– Hər ikisində – həm informasiya bolluğunda, həm də informasiya azlığında. İnformasiya qədərində olmağı sevən dəyərdir.

– Ölkəmizdə dini sahədə yerli kadr hazırlığı ilə bağlı fikirlərinizi bilmək istərdik.

– Bu, çox mürəkkəb və çoxşaxəli məsələdir. Təkcə tədrislə bağlı problem deyil. Amma faydalı həlli mümkünsüz də deyil. Bu söhbət çərçivəsində indilik dərinə getmək istəməzdim. Xüsusi mövzudur.

– Bu gün cəmiyyətdə ölkə televiziyalarında yayımlanan bir çox proqramlardan narazılıq vardır. Sizcə, insanların narazı olduqları bu proqramların yerini hansı tipli verilişlərlə, TV müsabiqələrlə doldurmaq olar?

– Bölgələrin mədəniyyəti, arxeoloji zənginlikləri, mənəvi dünyası, flora və faunası ilə bağlı müəllif verilişlərini bir layihə kimi mütəmadi işləməklə biz TV-lərin vaxtını bizim hər birimizə faydalı məzmunla doldura bilərik. Təsəvvür edin: bölgə ziyalıları bu filmi özləri yaradır və TV-lərin vaxtı belə filmlərlə dolur. Bizdə milli coğrafiya, “Diskoveri”, tarix, maarifçiliklə bağlı ayrıca TV-lər olmadığından bu məzmunda hazırlanmış verilişlər mövcud kanalları doldurub izləyiciyə nəfəs dərməyə imkan verməməlidirlər. Bunun realizə yolları var və bu istiqamətdə maraqlı məsələlər ortaya çıxır.

– Uzun müddət rəhbərlik etdiyiniz Bakı Slavyan Universiteti ilə indi də hansısa əlaqəniz varmı?

– Mən əvvəllər də, indi də Bakı Slavyan Universitetinin “Tərcümə” elmi-tədqiqat laboratoriyasına başçılıq edirəm. Bu laboratoriyanın çox önəmli məhsulları var. “Filoloqun kitabxanası – 100” seriyasını kitabsevərlər gərək yaxşı xatırlasınlar. Başqa bir layihəmiz artıq başa çatmış “Azərbaycan tərcümə ensiklopediyasıdır”. Ölkədə belə bir ensiklopediya ilk dəfə hazırlanıb və onun işində bir çox görkəmli mütəxəssislər iştirak edir. Bakı Slavyan Universiteti, əslində, multikultural rejimdə işləyən nadir tədris müəssisəsidir. Bu gün də çalışırıq, əldə etdiyimiz dəyərlər, əlaqələr, ab-hava itməsin.

– Sizin fəaliyyətinizi izləyirik və iş qrafikinizin çox gərgin olduğunu müşahidə edirik. Yaradıcılığa vaxt tapırsınızmı?

– Bilavasitə yazmağa – çətin! Amma mən bu son aylarda, demək olar ki, bütün Azərbaycanı gəzib-dolaşdım. Müxtəlif insanlarla görüşdüm, münasibət qurdum. Çox şey yazıldı qəlbimə, yaddaşıma. Kim bilir, nə vaxtsa bu yazılar bəlkə də kağıza köçəcək?! Bəlkə də köçməyəcək?! Amma bu son 7-8 ay mənim özüm üçün başqa bir həyat universiteti oldu…

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”