9b4c7393bf4b8dc594b40d441cf9afe8

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisinin monitorinqini aparan tanınmış ziyalı və ictimai xadimlərin, multikulturalizm mövzusunda araşdırmaçı alimlərin və yazar-jurnalistlərin iştirakı ilə görüş keçirib.

Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizdə multikulturalizm siyasətinin növbəti əhəmiyyətli addımı kimi mayın 15-də yaradılmasının bir illiyi tamam olan BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr ətrafında geniş müzakirə aparılıb. Dövlət müşaviri Kamal Abdullayev deyib: “Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biri “Azərbaycan multikulturalizmi” anlayışını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun bir çox yolları var. Seçdiyimiz yol Azərbaycan multikulturalizmini xarici ölkələrdə, xüsusilə gənclər arasında yaymaqdır. Bunun üçün həmin ölkələrin ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın 8 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Artıq həmin fənnin tədrisi bu semestr başa çatmaqdadır. Nəticələr çox müsbətdir. Tələbələr fənnə böyük diqqət göstərdiklərini bildirirlər. Hətta bu fənni öyrənmək istəyənlərin sayı artmaqdadır.”

Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizmi” fənninin tədrisi bizə nə verir” sualı ətrafında fikirlərini belə açıqlayıb: “Onun siyasi əhəmiyyəti barədə geniş danışmağa ehtiyac yoxdur. Bu, böyük ideoloji, elmi, mədəni, maarifçilik sıçrayışıdır. Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq məfkurəsini, tolerantlığı bir yerə toplayıb sistemləşdirmək və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir. Bununla dünyada başqa obrazımızı yaratmaq istəyənlərə göstərmək istərdik ki, görün bizim dostlarımız bizim haqqımızda hansı fikirdədir. Biz bu addımımızla ətrafımızı genişləndiririk. Faktlar onu göstərir ki, ilk təşəbbüslər özünü doğrultdu. Universitetlərlə əlaqə yaratdıq, onlara təkliflərimizi bildirdik və bu təşəbbüsümüz yüksək dəyərləndirildi. Bəzi universitetlərdən gələn təkliflərə əsasən, bu fənnin tədrisinin gələn semestr davam etdirilməsi arzulanır. Bütün bunlar Azərbaycana maraqdan irəli gəlir. Son illər ölkəmizdə görülən işlər, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu və çəkisi həmkarlarımızı daha çox maraqlandırır və bu barədə dolğun məlumat əldə etmələrinə stimul verir. Sevindirici haldır ki, yeni yaranmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün səylər artırılır.” Akademik Kamal Abdullayev qeyd edib ki, Multikulturalizm Mərkəzi cəmiyyətdən gələn sifarişlərə açıqdır. İrəli sürülən təkliflər dəyərləndirilir və onların həyata keçirilməsinə dəstək göstərilir.

Tanınmış ziyalılarla, media nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdıran Dövlət müşaviri bildirib ki, birgə fəaliyyət jurnalların, qəzetlərin, kitabların işıq üzü görməsi deməkdir: “Bizimlə əməkdaşlıq xarici konfranslara səfərlərin reallaşması deməkdir. Əməkdaşlığımız Azərbaycanın ən müxtəlif guşələrində keçirilən çoxşaxəli konfranslar deməkdir. Əməkdaşlığımız, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan millətlərin mədəniyyətlərinin qorunmasına, təbliğinə dəstək deməkdir.”

Görüşdə bir daha qeyd olunub ki, xarici ölkələrin universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ölkəmiz haqqında həqiqətlərin təbliği missiyasını yerinə yetirən diasporumuzun təkmilləşdirilməsinə köməkdir. Həmin universitetlərin tələbələrinin Azərbaycanın bölgələrində “Yay məktəbləri”ni təşkil etməklə qarşıya qoyduğumuz məqsədə daha yüksək səviyyədə nail ola bilərik.

Akademik Kamal Abdullayev çıxışında bu fikri xüsusilə vurğulayıb ki, Azərbaycan multikulturalizmi ölkəmizin simasının əsas cizgilərindən birinə çevrilib. Bu, Azərbaycan multikulturalizminin siyasi banisi, ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi.

Görüşdə cari ilin fevral-aprel aylarında “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” proqramları əsasında təlimi uğurla başa vuran bir qrup müəllimə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sertifikatları təqdim olunub.

Sonda görkəmli ziyalıları, media nümayəndələrini maraqlandıran suallar cavanlandırılıb, onların təklifləri dinlənilib.