Ədəbiyyat adamı üçün bir key Balaxanım faktoru var. Öz-özünə ədəbiyyat kimi nəhəng bir aysberqlə təkbətək qalmaq asan məsələ deyil. Bunun üst tərəfindən daha qorxulu alt tərəfi var, bunun üzünə gülənlərin dalca hırıldayanları var, hırıldayanların xəbisliyi var, namərdliyi var, çoxüzlülüyü var.  Bunun təkəbbüründən yerə-göyə sığışmayanı var. Təkəbbürlük eyləyəni isə hələ Dədə Qoprqud deyirdi, Tanrı sevməz. Key Balaxanım bu işlərdə bir losman kimidi. Səni bütün təhlükəli sualtı “ədəbi” qayalardan yan keçirməyə çalışır. Hər adamçün bu ad müxtəlif ola bilər. Amma bu key Balaxanımla ədəbiyyatın sirləri haqda söhbət eləmək adama xüsusi ləzzət verir. Bəzisi üçün bu, dəli Şeytandır. Və qəribədi ki, dəli Şeytan dedikləri çox zaman həqiqətdən bir o qədər də uzaq olmur. Key Balaxanım və Dəli Şeytan. Məliküş-şüəralar demiş,  bu iki adda nə böyük mənalar yatır…

Bu gün ədəbiyyat müstəvisində ( bizdə, əlbəttə ki…) maraqlı bir müftəxorlar yuvası yaranıb. Ədəbiyyatı müftəxorlar yuvasına çevirməkdə kim maraqlı idi? Ölkəmizin düşmənlərimi? Yox. Xarici kəşfiyyatmı, yox, o da deyil. Daxili bədxassəli həşəratmı? O da yox. Bəlkə bəzi əzizi-mənlərin mühacirət həsrəti? Bəli, bu artıq daha çox ağlabatandır.  Key Balaxanım deyir ki, bu bir bəladı ki, millətin eşqi özündən böyük, özü eşqindən böyük kütləsini sərasər əli-qolu bağlı edib salıb çöllərə. Kimi qələmini itiləyib alıb əlinə, kimi də… Nə isə…

Bu əzizi-mənlərə elə gəlir ki, heç bir zəhmət çəkmədən məşhur olmaq olar, hamı tərəfindən görkəmli şəxs kimi tanınmaq mümkündür. Kifayətdi ki, dəftəri qoy qabağına, əlinə də qələm al və başla yazmağa. Nə gəldi ağlına… ağzına yaz. Mütaliəyə sonra da, adda-budda, pərakəndə halda, məsələn, redaktə etdiyin kitabla da başlaya bilərsən. Hərdən də başqalarına çamur at. Öz vacibliyini göstərmək üçün məsələləri şişirt, əvvəlcə “problem”i yarat, sonra da onu hello, yox, həll elə. Ədalət və həqiqət carçısı yarlıkını yapışdır üstünə yapon kleyilə. Bu məqamda provakasiya və şantaj yerinə düşən Vaxtını gözlə. Ayının yüz oyunu var, bir armudun üstündə. Əlinə bəhanə yığ ki, səni söyürlər, hədələyirlər, sən də sonuncu divara qısılmış kimi abrına qısılmış adamsan və sənin artıq əsasın var bu mənfur və sənin qanına susamış ölkədən çıxıb gedəsən. İstedadın ancaq süfrə başındakıları qane etsə də nə qəm?! “Tifl həm cövlan edər…” Mənəvi müqəvva olsan da yetər. “Tifl həm cövlan edər…” Deyir, çətini qeyrətli olmaqdı, dalı asandı. Cövlan eləməyə nə var ki?.. “Tifl həm cövlan edər, amma ağacdan atı var.” Nə isə, söhbətin dalı qalsın key Balaxanımın başqa bir vaxtdakı hüzuruna… O da olar, inşallah. Amma indilik bu əzizi-mənlər Nuhun gəmiyə almadığı o biri heyvanlar, yox, canlılar kimi vurnuxa-vurnuxa, gəminin ətrafında sülənə-sülənə qalıblar…

Roman bumu bu gün çoxunu bihuş edib. Hamı yazanlar ən azından Borxesin və Ekonun şöhrətini paylaşmaq istəyir və bunu özləri üçün səmimi-qəlbdən məqbul sayırlar. Haqqı verilməyənlər nəsli yaranıb. Soruşsanız hardadı bu nəsil, deyərəm, ədəbiyyatda yox, feysbukda, çayxanadadı… Haqqı verilməmiş”klassiklər” nə qədər desən – saymaqla qurtarır ki… Ədəbiyyatı bu hala salanlar, əslində, belə bir iddia ilə yaşayanlar deyil, belə iddianın mümkünlüyünü bu adamlar üçün yaxın və əlçatan edənlərdir. İndi onlar kimdir – özünüz düşünün. Key Balaxanım deyir ki, bu işdə çox adamın aşikar və gizli əli var. Günahımı mən dəxi boynuma almaq istirəm. Key Balaxanımın gözündən iraq. (1-ci hissənin sonu)

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

Mənən qullar bütün qabiliyyətlərini tədricən unudurlar, birindən başqa. Bu, dönük çıxma qabiliyyətidir.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Dənizin dərinliyində üzdəki təlatümün əksinə olaraq  sakitlik hökm sürür. Poeziyada isə əksinədir. Üzdəki sakitlik dərindəki təlatümdən xəbər verir.

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

Nuhun gəmisinə çatıb minə bilməyən canlılar nooldu?