…Qapı isə yüz yerə açıla bilər. Bu gün bizim hər birimizə maraqlı görünən yüz bir yerə. Buyurub keçin içəri. Azərbaycandan dünyaya qədəm qoymaq bilsəniz nə qədər maraqlıdır. Yavaş-yavaş dünyadan da Azərbaycana qədəm qoymaq maraqlı olmağa başlayır.

Bu qapı hər şeydən əvvəl təmizliyə, ləyaqətə açılsaydı… Bu qapı ürəkləri qəlbə döndərmək istəyənlərin niyyətinə, əməlinə açılsaydı… Nəhayət, bu qapı ümidsiz qapı döyənlərin üzünə açılsaydı…

Mənəviyyatımızın, ruhumuzun canında bir qayıdış ideyası yaşamaqdadır. Ədəbiyyatımız, sənətimiz, mədəniyyətimiz daim harasa qayıtdığını zənn edir.   Belə düşünən zaman çox zaman yerində sayır. Amma bəzən də qayıtmağa nail olur. Hara qayıdır? Nəyə qayıdır? Renessans qayəsi qarşıda duran qapıların birinci ünvanıdır. Açılan qapılar bizi ilkin hislərimizin mənşəyinə, doğma evə, məhləyə, məktəbə, uşaqlığa, ana qucağına, ata sığalına, əzizliyini qoruyub saxlamış neçə-neçə məkana və məqama qaytarır. Bəzimizi qələmə, bəzimizi fırçaya, klaviaturaya qaytarır.

Gəldiyim yolla da qayıdacağam

Yolun başlanğıcı – Yolun sonucu…

Mən qayıtmalıyam nə qədər sağam,

Mən nə birinciyəm, nə də sonuncu…

 

Sim-sim, qapını açarsanmı?!