Sentyabrın 16-da Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dini və milli tolerantlıq – millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” mövzusunda Beynəlxalq Forum işə başlayıb.
Forum dünyanın müxtəlif ölkələrindən dəvət olunan qonaqları, jurnalistləri və ekspertləri Azərbaycandakı tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək məqsədilə təşkil olunub.
Forumu açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından önəmli olduğunu deyib. Bildirib ki, bu gün sadə insanların milli, dini heysiyyatı, azad və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür.
Forumda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkə olduğunu vurğulayıb. Bildirib ki, burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən söz açan Dövlət müşaviri qeyd edib ki, bu yay 11 ölkədən universitet tələbələri Azərbaycanda multikulturalizmi öyrənmək və öz ölkələri ilə müqayisə aparmaq üçün müraciətlər ediblər. Biz də bu məqsədlə onları Azərbaycana dəvət etdik, müxtəlif bölgələrə səfərlərini təşkil etdik. Səfər çərçivəsində özləri vəziyyətlə tanış oldular. Bu tədbirin iştirakçılarının da belə bir fürsəti var. Onların da bölgələrə gedib Azərbaycan reallıqlarının şahidi olmalarını istəyərdik.
Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Biz digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırıq. Biz öyrənməyə və öyrətməyə çalışırıq. Cəmiyyətlərdə qarşılıqlı anlaşma, bir-birinə dözümlülük şəraitində yaşayan insanların olmasını istəyirik və bunun üçün əlimizdən nə gəlirsə etməyə çalışırıq.
Bahar Muradova vurğulayıb ki, hazırda Qərbdəki dəyərlərlə mövcud reallıq fərqlənir. Dəyərlərin reallığa çevirməsi sahəsində medianın ciddi fəaliyyətinə ehtiyac var. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli mənəvi dəyərlərimiz üzərində qurulub.
Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın dövlət siyasəti səviyyəsinə qaldırılmasının tarixi hadisə olduğunu söyləyib. O vurğulayıb ki, Azərbaycana ilk dəfə gələn insan buranı görəndən sonra onda ölkəmiz haqqında yüksək fikirlər yaranır. Azərbaycan ənənəvi tolerant ölkədir. Azərbaycanda heç vaxt dini zəmində münaqişə olmayıb. Burada yaşayan digər xalqlara qarşı hər zaman hörmətlə yanaşılıb.
Sonra Forum işini panel iclaslarda davam etdirib.
“Qloballaşma dövründə tolerantlıq. Mədəni müxtəlifliyi olan cəmiyyətlərdə dini və qeyri-dini inanclara tolerant yanaşmada medianın rolu”, “Multikulturalizmin, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycan modeli”, “Ayrı-seçkilik, dözülməzlik və zorakılığın bütün formaları ilə mübarizədə dini və qeyri-dini inancların töhfəsi” mövzularında müzakirələr aparılıb.
Şərh yoxdur