Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki Sinay Məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti noyabrın 2-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarətdən sonra qonaqlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev ilə görüşüblər.

Kamal Abdullayev nümayəndə heyətinə Azərbaycan dövləti ilə ABŞ, xalqımızla yəhudi icması arasında münasibətlərin daha da inkişafına səy göstərdikləri üçün minnətdarlıq edib. 12227356_991976987511018_2002392348_o

Diqqətə çatdırılıb ki, Bakıda qonaqları təkcə bu şəhərin xoş havası və təbiəti deyil, həm də insanların isti münasibəti qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin prioritetlərindən biri də multikulturalizm dəyərlərinin qorunması və inkişaf etdirilməsidir. Dövlət müşaviri deyib: “Siz Qubaya səfəriniz zamanı yəqin ki, deyilənlərin şahidi oldunuz. Azərbaycanın başqa bölgələrində də belədir. Bu bölgələrdə müxtəlif xalqların və fərqli dinlərin nümayəndələri dinc şəraitdə yaşayır. Siz Qubadakı mənzərəni Azərbaycanın hər yerində görə bilərsiniz. Bəlkə də bu tolerantlıq üstündə Azərbaycan xalqının başı tarix boyu müxtəlif bəlalar çəkib. Qubada ziyarət etdiyiniz Soyqırımı Memorialında erməni millətçiləri və bolşeviklərin törətdiyi genosidlər təkcə azərbaycanlıların deyil, eyni zamanda, burada yaşayan yəhudilərin, rusların və başqa millətlərin də başına gətirilib”.

Dövlət müşaviri vurğulayıb ki, bu gün Azərbaycan bütövlükdə bir ailə kimi öz əzablı və ləyaqətli keçmişinə arxalanaraq inamla irəliyə addımlayır. Biz deyirik ki, Azərbaycan multikulturalizmi xalqımıza tarixən xas keyfiyyətdir. Hələ orta əsrlərdən başlayaraq, XII əsr klassiklərinin əsərlərində də Azərbaycan multikulturalizminə geniş yer ayrılıb. Belə bir tolerantlıq Azərbaycan ərazisində sağlam mənəvi mühitin göstəricisidir. Azərbaycanın əcdadlarından olan xəzərlər öz dini inanclarına görə, iudaist-yəhudi dininin daşıyıcıları olublar. Burada atəşpərəstlik, xristianlıq, müsəlmanlıq bir-birinə qaynayıb qarışaraq bütöv Azərbaycan ailəsini əmələ gətirib. Prezidentin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanda yaşayan yəhudi, rus, Ukrayna, tatar, gürcü, talış, tat, udin və digər xalqların icmaları ilə bir yerdə müxtəlif layihələr həyata keçirilir.

12191213_926422380746021_1036798666708063338_o-2K. Abdullayev nümayəndə heyətinin Azərbaycandakı dağ yəhudiləri sinaqoquna müqəddəs Tövratı hədiyyə etməsini yüksək qiymətləndirib və eyni zamanda, ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə əlaqələrin inkişafındakı xidmətinə görə minnətdarlığını bildirib.

Dövlət müşaviri ibrətamiz bir hekayəni qonaqların diqqətinə çatdırıb: “Yeni təyin olunanda işimlə əlaqədar bölgələrdə məscidlərdə, kilsələrdə, sinaqoqlarda oldum. Demək olar ki, bütün dini icmaların rəhbər nümayəndələri ilə görüşdüm. Sinaqoqların birində bir ravvinlə rastlaşdım. Onun mənə danışdığı çox maraqlı əhvalatı üç hissəyə bölüb sizə deyəcəyəm. Birinci hissə bundan ibarətdir: Normal həyatı, ailəsi olan bir ravvin Avropada sinaqoqların birində çalışırmış. Bir gün rəhbərlik ona xəbər verir ki, vəzifəsini Azərbaycandakı sinaqoqda davam etdirməlidir. Bu, təxminən 7-8 il əvvəl baş verib. Ravvin dəhşətə gəlir və göz yaşları içərisində rəhbərliyə xahiş edərək müsəlman ölkəsi olan Azərbaycanda qətiyyən çalışmaq istəmir. Rəhbərlik onun göz yaşlarına baxmır, etirazını qəbul etmir və o, məcburən Azərbaycana göndərilir. Bununla mənim hekayətimin birinci hissəsi bitir. İkinci hissədə nə baş verdiyini danışmayacağam, siz onu təsəvvür edəcəksiniz. Üçüncü hissə bir cümlədən ibarətdir: Həmin ravvin hazırda Azərbaycan vətəndaşı olmaq üçün hökumətə ərizə ilə müraciət edib”. K. Abdullayev çıxışını “Azərbaycan multikulturalizminə xoş gəldiniz” xitabı ilə bitirib və nümayəndə heyətinə BBMM-nın hədiyyəsini təqdim edib.

Tədbirdə Sinay Məbədinin ravvini David Volpe, məbədin kişi klubunun rəhbəri Cary Lerman, nümayəndə heyətinin üzvləri Eddia Mirharooni, Elie Alyeşmerni çıxış edərək Azərbaycanda mövcud olan mültikultural mühit haqqında xoş təəssüratlarını dilə gətiriblər. Qonaqların çıxışlarında vurğulanıb ki, dəmirin möhkəm olması, paslanmaması üçün ona bir çox əlavə elementlər qatılıb zənginləşdirildiyi kimi, Azərbaycanın da bir dövlət, xalq olaraq möhkəmliyinin və sabitliyinin səbəbi bu ölkənin ərazisində çoxlu konfessiyaların, etnik və dini qrupların minillərdir dinc yanaşı, qardaşcasına yaşamasıdır.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.