1448028265966225956_1000x669Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti”, ”Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilib. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb ediliblər.

“İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” istiqamətinin əsas məqsədi neft gəlirləri və iqtisadi inkişaf, dövlət investisiyalarının maliyyələşdirilməsi, Azərbaycanda elm və innovasiyalar üzrə investisiya siyasətində qrand maliyyələşdirilməsinin rolu, Azərbaycanın beynəlxalq maliyyə-kredit qurumları ilə əməkdaşlığı, Azərbaycanda vergi sistemi və investisiya fəaliyyətinin stimullaşdırılması və s. ilə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması olub.

Kurs müddətində Dövlət Neft Fondunun büdcə proqnozlaşdırılması və layihələr departamentinin direktoru Müşfiq Bayramov, Fondun kontaktlar departamentinin mütəxəssisi Rövşən İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin şöbə müdiri Pərvin Manafov, Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmaları baş idarəsinin vergi araşdırmaları və monitorinq şöbəsinin rəisi Yunis Quliyev, DİA-nın müəllimləri müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.

Eyni zamanda, “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu da keçirilib. Kursun əsas məqsədi ümummilli lider Heydər Əliyev siyasi multikulturalizmin banisi kimi, davamlı insan inkişafı və multikulturalizm, multikulturalizmin sosial-fəlsəfi təhlili və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması olub.

Kursda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, DİA-nın rektoru, akademik Urxan Ələkbərov, tədris işləri üzrə prorektor, professor Əlikram Abdullayev, Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçiləri, professor Etibar Nəcəfov və Müzəffər Talıblı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Möhsün Nağısoylu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, mərkəzin analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, DİA-nın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oqtay Səmədov müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.

Kursların sonunda Dövlət İdarəçilik Akademiyasında dinləyicilərin buraxılış mərasimi keçirilib. Dinləyicilərə sertifikatlar təqdim edilib.