Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Stokholmda İsveç xarici işlər nazirinin müavini Anna-Karin Eneström ilə görüşü keçirilib.
Görüşdə Anna-Karin Eneström İsveçin xarici siyasətinin istiqamətlərindən danışıb. O, Stokholmda keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransın əhəmiyyətini qeyd edib. Xarici işlər nazirinin müavini Yaxın Şərqdə baş verən münaqişələr nəticəsində bütün Avropaya, o cümlədən İsveçə böyük sayda qaçqınların gəldiyi bir vaxtda belə bir konfransın keçirilməsinin xüsusi önəm kəsb etdiyini bildirib. O, İsveç cəmiyyətində çoxlu millətlərin təmsil olunduğunu və multikulturalizm dəyərlərinin inkişaf etdiyini bildirərək ölkələrimizin bu sahədə daha sıx əməkdaşlıq edəcəyinə inandığını qeyd edib.
Bu gün dünyada təhlükəsizlik problemlərinin mövcud olduğunu, bu problemlərin həllində İsveçin dialoq metoduna üstünlük verdiyini söyləyən nazir müavini ölkəsinin bu kimi məsələlərdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.
Kamal Abdullayev Azərbaycanın dövlət rəsmilərinin və din xadimlərinin İsveçə səfərinin məqsədi barədə məlumat verib. Görüşün əhəmiyyətini vurğulayan Dövlət müşaviri Azərbaycan dövlətinin İsveçlə əlaqələrini daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. O, bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa önəm verən Azərbaycanın demokratiya, multikulturalizm və insan haqları dəyərlərinə əsaslanan bir dövlət olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açan K.Abdullayev Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə çıxış etdiyini, 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizinin bu ölkənin silahlı qüvvələri tərəfindən işğal olunduğunu qeyd edib. O, hərbi təcavüz nəticəsində yaranmış 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib, bunun ölkəmiz üçün yaratdığı problemləri diqqətə çatdırıb.
Dövlət müşaviri münaqişənin həllində vasitəçilik missiyası həvalə olunmuş ATƏT-in Minsk qrupunun heç bir irəliləyişə nail ola bilmədiyini deyib. O, problemlə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb, bunun yolverilməz olduğunu bildirib. Əlavə edib ki, Azərbaycan ərazilərinin işğal altında qalması beynəlxalq hüquq normalarının pozulmasıdır. Dövlət müşaviri digər münaqişələrin həllində beynəlxalq hüququn işlədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bu prinsiplərın istifadə edilmədiyini və məsələyə bu cür yanaşmanın ikili standartların bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Kamal Abdullayev bildirib ki, Azərbaycan böyük siyasi və hərbi gücə, münaqişəni hərbi yolla həll etmək imkanına malikdir, lakin Prezident İlham Əliyev problemin sülh yolu ilə həllinə üstünlük verir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı dini, mədəni və digər azadlıqlardan söz açaraq, bunun inkişaf edən ölkəmizin bəşəri dəyərlərə verdiyi əhəmiyyətin göstəricisi olduğunu deyib.
Ölkəmizdə bütün dinlərin təmsilçilərinə münasibətdə bərabər yanaşmanın olduğunu bildirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan dövləti tərəfindən kilsə, məbəd, sinaqoq və məscidlərin dövlət hesabına tikildiyini vurğulayıb.
Allahşükür Paşazadə bütün səmavi dinlərdə insan həyatının müqəddəs və toxunulmaz olduğunu qeyd edərək erməni təcavüzkarlarının Xocalıda və işğal edilmiş digər ərazilərdə dinc azərbaycanlı əhaliyə qarşı apardıqları soyqırımı siyasəti barədə məlumat verib. “Hesab edirəm ki, dinindən, dilindən və əqidəsindən asılı olmayaraq hər kəs Xocalı soyqırımı kimi dəhşətli hadisələrin təkrarlanmaması üçün əlindən gələni etməlidir ki, dünyamız bir daha belə hallarla rastlaşmasın”, – deyə şeyxülislam diqqətə çatdırıb.
Şərh yoxdur