Əyyami-qədimdə bizdən əvvəlki qələm adamlarının  çoxu qan, azı ruhdan düzəltdikləri  “ədəbi yat” havasına oynayan gənclər kimi mən də mürəkkəb dənizində dillərini əllərinə alıb yelkən yapan, qələmləri dor kitablıların mənasız dərinliklərə salladıqları lövbərin ağırlığında əriyib, kiflənmiş söz  havasına əl qaldırmışam.

Məni  söz dünyasına sözün sehri gətirib. Salamlaşdıq, bir-bir tanış olduq.  Hamı onun haqqında danışanda dilində qüsürlar olduğunu deyirdi. Hamı deyirdi ki, dili pisdi. Az qala səcdə edəcəyim  ədəbi fikir sahiblərinin fikirləri arxasınca sürünüb mənasız dərinliyə çatanda ayıldım.

Gördüm ki, bu gəminin lövbəri yoxdu heç.

Gördüm ki, dəniz də yoxdu.

Gördüm ki, gəmi deyil, adicə saldı.

Gördüm ki, gördüklərimin yanında bu adamlar balaca qaldı…

Oxudum…

O, deyirdi ki,  “Oxucunu öz səmimiyyətinə ciddi-cəhdlə inandırmağa (əslində, aldatmağa!) çalışdınsa, deməli, surroqatsan. Çalışdınsa, deməli, səhvsən. Eyni işi teatrda lirik- romantik pafos, əslində süni, yalançı nəfəs yaradıcıları edirdi. Əzilib-büzülən səsləri ilə edirdi. Aldanmış oxucu ən sadiq oxucudur. O özü özünü yaradır. Yazıçılığın qayəsi budur. Bütün yazıçılar bütün oxucuları aldatmağa çalışır. Ən azından ona təqdim etdiyi mətnin həyat parçası olduğuna inandırmaq cəhdi ilə. Füzuli nahaqdan demirdi: Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

Amma aldanmış oxucu ilə aldadılmış oxucunu fərqləndirmək lazımdır.  Aldadılmış oxucu isə müəllifin qələm məhsuludur. Onun müəllifi müəllifin elə özüdür.”

Məsələn, yazdıqlarımı oxuduqlarımdan yazıram, yoxsa yazdıqlarından yazıram bilmirəm.

Müəllif yaradandır. O,  əsəri yaradır. Ordakı dünyanı, personajları…

Aldanılmışlar…

O, aldatmağa çalışmır, bu qeyri-ixtiyari alınır. Aldanmış başqadı,  aldadılmış başqa – deyirdi.

O sual edirdi ki, “Yazıçı hardadır? Onu harda axtarmaq lazımdır? Sözdəmi, cümlədəmi, mətndəmi?

Onu sözarası, cümləarası, mətnarası sükutda axtarmaq heç ağlınıza gəldimi?”

Kiflənmiş söz  havasına qaldırdığım əllərimdən tutub yavaş-yavaş özünə çəkir məni…

Düşünürsüz ki, bədii mətnin dili bütün başqa komponentlərdən daha vacibdir. Yanılırsız. Bütün enerjinizi mətnin dilinə xərcləyirsiz. Unutmayın ki, forma və məzmun, bu iki komponent bir-birini tamamlayanda ortaya gözəl nümunə çıxır. Məzmunsuz forma heç kimə lazım deyil. Bir şeyi unutmayın ki, əsərləriniz başqa dilə tərcümə edilsə, mətnin dilini başqa dilə olduğu kimi çatdırmaq mümkün olmayacaq. Ünsiyyət vasitəsi kimi dil bədii mətn daxilində yalnız öz kommunikativ funksiyası ilə qısıtlanmamalıdır.

Dünyanın elə bir yeri yoxdu ki, orda mətnlər dil ilə qiymətləndirilsin. Yazıblar qalaq-qalaq. Dili də bal kimi mətnlər. 600 səhifə. Hə, nə olsun? Deməyə sözün varsa, sözünü de. Söz oyunu eləməklə, cümlələrin içində əriyib qalmaqla ədəbiyyat olunmaz. Dünyanın yenidən dərk olunmağı üçün dil yox, söz önəmlidi! Oxucu kimi prosesin içinə sala bilmirsiniz məni. Prosesin iştirakçısı ola bilmirəm.  Hansısa maraqlı (təəssüflə qeyd edim ki, çox vaxt əhvalatlarınız heç maraqlı da olmur) və ya ibrətamiz əhvalat uydurub (təəssüflə qeyd edim ki, çox vaxt heç uydurmursuz da) onu nağılçılara xas intonasiya ilə nəql etməyiniz heç kimə maraqlı deyil… Heç kim deyəndə dünyada yaşayanları nəzərdə tuturam. Maraqlı deyəndə isə, intellektual emosiyaya işarə edirəm. Fantaziyanızı işə salın. Bütün həyat hadisələrini olduğu kimi kağıza köçürmək lazım deyil.

Hiss eləyirəm ki, kütlədən ayrılıram…

Ədəbiyyatın mərkəzində insan dayanmalıdır.

Sizin əsərlərinizin mərkəzində isə azərbaycanlı dayanır.

Oxudum…

Obrazlarının arxasınca düşüb bilinməzliyə qədər gedib çıxdım, tapa bilmədim gercək həyatda mətnindəki qəhrəmanları.

Ədəbiyyatın olduğu kimi köçürmək sənəti olmadığını öyrənirəm… Öyrənirəm ki, ədəbiyyat dünyanın yenidən dərk olunmağıdı…

“Təkcənəlik vaxtı”na varıram…

Özümə enirəm.

Cəmiyyətin geyindirdiyi şəxsiyyət donundan yırtılıb fərdiyyətə vardığım, özümləşdiyim yerdəyəm…

Kimsə deyirdi ki, onun təlqinləri adamı ritmə salıb sehrə doğru aparır… İlğımlara…

Oxudum…

Deyirdi ki, Suyun dibindəki o möhtəşəm sakitlik yadınızdamı? Səslər varsa da — boğuq-boğuq, ağır-ağır… Suyun üzündəki tələsik səsləri isə yada belə salmaq istəmirsən — bunlar əsəbi tarıma çəkən küylər, qışqırıqlar, çığırtılardır…

Azərbaycan ədəbiyyatı sualtı qayıqlar kimi su dibinə çöküb. Su üzündə feysbuk və sayt ədəbiyyatının tükürpədən çığırtısı…

Çığırtıdan o tərəfə keçə bilməyən ədəbiyyat öz tənqidçisi, öz tarixçisi, öz mədhiyyəçisi ilə bir yerdə su dibinə çökmüşlərin xofunu hələ də səksəkə içində yaşamaqdadı.. “

Yazmağa başlayıram…

Sonra oxudum ki:

“Nikolay Berdyayev deyirdi ki, mədəniyyət təbiiliyin qandallanmasıdır, azadlığın məhdudlaşdırılmasıdır. Mədəniyyət dahini müstəqillikdən məhrum etməyə, onu vəhşi heyvandan ev heyvanına çevirməyə çalışır.

J.J. Russo mədəniyyəti inkar edir, insanları geriyə, təbiətə çağırırdı. Ona elə gəlirdi ki, saflıq, təmizlik, səmimiyyət məhz təbiətdə dondurulmuş şəkildə qalıb.

Dədə Qorqud Basatı atası Aruz Qocanın evindən bir neçə dəfə qaçırıb meşəyə, boya-başa çatdığı aslan yatağına qaytarır.

Azad və çərçıvəsiz şəkildə, dağda, daşda böyüyən Paris şəhərə, saraya gələndən sonra ilk avantürası doğma şəhəri Troyaya baha başa gəlir. O, gözəl Yelenanı qaçırır və Troya müharibəsi baş verir.

«Təbiət — Mədəniyyət» qarşıdurması bu gün də hər bir insanın daxilində davam edib gedir. Kim özünü daha çox hansı tərəfin adamı sayır?! Hansı tərəfdə durmağımız, hansı tərəfin adamı olmağımız, sadəcə, bizdən asılıdır.

Biz meşədən çıxmışıq, bəli, amma alaçıqdan da çıxa biləcəyikmi?”

Axtardığımı tapmışam, deyəsən. Mətnlərinin içində yenidən dərketmə üçün işıq yanır.

İt hürən tərəfə getmirəm bu dəfə… İşığa doğru gəlirəm…

İşıq həmişə adamı axtardığı düz yola çıxarmır. O, həmişə aydınlığa qovuşdurmur. İşıq həmişə qurtuluş deyil. Nağıllarda işıq gələn tərəfə gedib tuzağa düşən azmı qəhrəman gördüк?! Yalançı işıq… Maraqlı açardır. Çox qapılara düşüb və düşə bilər.

Ovuclarım qədər işıq aparıram dünyama…

“Sizcə, bir mətn başqa bir mətnə öz içindən radio dalğaları kimi görünməz siqnallar göndərə bilirmi?! Və mətnlər bir-birilə bu sayaq «danışa» bilirlərmi?!”

Əlbəttə! Səsləri görmək olur. İki mətn arası səslərə kar olar adam eşitsə. Amma görmək olur…

Vahidin içində olduğumuzu anlayıram…

Mən, sən, o yoxdu…

Gecələr ay işığı təsəvvür eləyin. Müxtəlif ölkələrdə su üzərində əks olunur. Milyonlarla şəhərdə, milyardlarla kənddə eyni zamanda ay işığı. Amma cəmi bir ay var. Bütün canlılarda ruhsal enerji qaynağı bir ruhdan təsirlənir. O, bizdədir. İçimizdə. Bölünməz, parçalanmaz və göylərə getməyən. “Mən” anlayışının ruhun (beynin) özüylə heç bir əlaqəsi yoxdur. “Mən” saxta məhfumdur. O, heç zaman var olmayıb. Bu, su damcısının okeandan ayrılıb, “su damcısı” adıyla ortalıqda atılıb-düşməsinə bənzəyir. Əslində o yenə okeandan bir parçadır, bu və ya digər formada okeana qayıdacaq. “Mən” anlayışı da özünü maddi dünya və eqo ilə doldurmuş ruhun cəhalətidir… Su damcısı əvvəl-axır okeana qayıdıb, bütünləşəcəyini, okeanda itəcəyini, ya da okeanla bir arada olacağını dərk etsə, ortada “mən” anlayışı qalmaz…

Mətnlər arası əlaqə…

Bütünün bizdə olan tərəflərinin mətnlərdəki əksi…

Dil? Yoxsa Bütün-ün mətndə cümlələrarası, sözlərarası üzü?

Mənim üçün ikinci ədəbiyyatdır… Dil – bu, cəfəngdir.

Aha, artıq qərar verirəm…

Sözün cismindən onun canını çıxart, nə qalacaq? Qalacaq işarə, yəni tabut. Tabutlar və içindəкi diri ölülər… Dil niyə də bu olmasın?!

17-ci əsrdə yaşamış Tomas Qobbs belə deyir: “Dil  hörümçəк toru кimidir. Zəif beyinlər sözlərə ilişib onlarda itib-batır, güclülər isə onların arasından asanlıqla keçib gedirlər”.

Yazmağa tələsən gəncə belə DEYİR:

Yazmayın, oxuyun. Yazmaq oxumağın cansız ruhudur.

Bunun yalan olduğunu dərк edənə qədər yazmayın.

Ölçü hissi ən vacib кeyfiyyətdir. Cümlənin uzunluğundan və qısalığından tutmuş, abzasın həcminə qədər müəllifin nəzarətində olmalıdır.

Cümlənin içinə girməк nəfəsini yığıb dənizin dibinə cummaq кimidir. Nəfəsin nə zamana qədər çatacaq və sən davam gətirəssən?! Yəni, suyun dibində, yəni, cümlənin içində nə zamana qədər qala biləcəкsən? Vaxtından tez də çıxsan, gec  də çıxsan, eyni şeydi  –  cümlə ölüyə bənzəyəcəк. Nə tez etməк lazımdır bunu, nə də gec.

Əndazə… Bu əndazə məsələsi qəliz məsələdi. Ana südü ilə кeçir cana. Əsas məsələ əndazədi, yerdə qalan təfərrüatdı.

Həqiqətə varıram:

O, mürəkkəb dənizində dillərini əllərinə alıb yelkən yapan, qələmləri dor kitablılardan deyil.

Onu yanlış yerdə axtarıblar, tapmayıblar…

O, mətnlərini  əminliklə  əlimizə alıb üzü dünyaya apara biləcəyimiz  üç-beş nəfərdən biridir!

O,  ən yaxın dostlarımdan biridir!

Neçə gəncin yoluna işıq tutan 65 yaşlı gəncin mətnləriylə sətirlərimin arasında olan bağlılıq gözlə görünməyəcək qədər şəffaf və incədir.

Yoxsa yetim qalardı cümlələrim… Yad kimi…

Cümlə-cümlə darıxan ruhumun qucaqladığı bir mətn var!

Mən tək deyiləm… Elə o da…

Tarix: Bütün zamanlar

       Ömər Xəyyam