2Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Almaniyanın Berlin Humboldt Universitetinin dəvəti ilə bu ali məktəbdə təhsil alan yerli və xarici tələbələrə, həmçinin burada fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasının əməkdaşlarına “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits-200” mövzusunda mühazirə oxumaq üçün bu ölkəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, universitetin “Azərbaycan tarixi” kafedrasında təşkil olunan görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev iştirakçılara ölkəmizdəki tolerant mühit, burada yaşayan müxtəlif azsaylı xalqların və etnik qrupların dil, din və mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin Azərbaycan modelini formalaşdıran Azərbaycan xalqının keçmişi və bu günü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin müxtəlif aspektləri ilə bağlı ətraflı məlumat verib.

Sonra Dövlət müşaviri “Kitabi-Dədə Qorqud” dastanının elm aləminə tanıdılmasının 3200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan və burada göstərilən tədbirlər planına əsasən müxtəlif dövlət qurumlarının həyata keçirdiyi tədbirlərdən söhbət açıb.

Kamal Abdullayev 200 il öncə görkəmli alman şərqşünası və diplomatı Fridrix fon Ditsin Azərbaycan xalqının “Kitabi-Dədə Qorqud” dastanına verdiyi dəyəri, bununla bağlı qələmə aldığı mükəmməl elmi araşdırmanı və dastanın bir boyunun alman dilinə tərcümə edilərək 1815-ci ildə Berlində çap etdirməsini türk dünyası üçün önəmli hadisə hesab etdiyini bildirib. Dövlət müşaviri bu gün və gələcəkdə də ölkəmizdə Fridrix fon Dits şəxsiyyəti ilə birbaşa bağlı olan tədbirlərin keçiriləcəyini dilə gətirib. Kamal Abdullayev bütün bu tədbirləri böyük alman alimi və diplomatına, türk və Şərq vurğunu olan Fridrix fon Ditsə bizlərin bir vəfa borcu kimi xarakterizə edib.

4Görüşdə iştirak edən universitetin müxtəlif kafedralarının əməkdaşları, professorlar və tələbələr Kamal Abdullayevə həm ölkəmizdəki multikultural durum, həm də “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı müxtəlif suallar ünvanlayıblar.

Dövlət müşaviri sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 25 dildə hazırladığı “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits-200” kitablar toplusunu və özünün alman dilində nəşr olunmuş “Yarımçıq əlyazma” romanını universitetə hədiyyə edib.

http://azertag.az/xeber/Berlin_Humboldt_Universitetinde_Azerbaycan_multikulturalizminden_behs_edilib-912079