japanTokio, 1 iyun, AZƏRTAC

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə nüfuzlu “The Japan Times” qəzetinin bir səhifəsi ölkəmizə həsr edilib.

Həmin səhifədə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin “Multikulturalizm milli dəyərlər arasında mühüm rola sahibdir” və səfir Gürsel İsmayılzadənin “Tolerantlığı ilə tanınan ölkə” adlı məqalələri dərc edilib.

G.İsmayılzadənin məqaləsində ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, 1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyinin yenidən bərpa edilməsindən söhbət açılır. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrilməsi, zəngin karbohidrogen ehtiyatlarına malik ölkə olaraq qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığı bildirilir.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasətinin nəticələri, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri barədə geniş məlumat verilir.

Azərbaycanın tarixin bütün dövrlərində dini-etnik, milli və mədəni dəyərlərə, müxtəlif dinlərin, millətlərin nümayəndələrinə münasibətdə tolerantlıq nümunəsi olduğu vurğulanır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğu bildirilir. Ölkəmizin iqtisadi potensialı, o cümlədən nəqliyyat infrastrukturu və tranzit imkanları barədə də məlumatlar məqalədə öz əksini tapır. Oxuculara 2016-cı ilin iyununda Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları haqda da məlumatlandırılır.

Azərbaycan-Yaponiya münasibətlərinə toxunan səfir ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayır. Bildirilir ki, qarşılıqlı yüksək səviyyəli səfərlər nəticəsində Azərbaycanın Yaponiya ilə siyasi, iqtisadi, enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığı genişlənir. Ölkəmizin tədricən yapon turistləri üçün cəlbedici turizm məkanına çevrildiyi vurğulanır. İki ölkə arasında ticarətin təşviq edilməsi istiqamətində Azərbaycanın “Silk Way West” hava yolları şirkəti tərəfindən Yaponiyaya açılmış birbaşa karqo reysinin müsbət addım olduğu qeyd edilir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin məqaləsində multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşdığı, ümummilli lider Heydər Əliyevin multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab etdiyi, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində gördüyü bildirilir. Vurğulanır ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində siyasi strategiyası yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Qeyd edilir ki, multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının əhəmiyyəti qeyd edilir. Azərbaycanın mənəvi və siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri kimi Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri ənənəvi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirildiyi xüsusi qeyd olunur.

Məqalədə Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz rolu haqqında da məlumat verilir.

Qeyd edilir ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bu sahəni əsas prioritetlərdən biri kimi müəyyən etməklə yanaşı, təsdiq edir ki, ölkəmiz dünyanın tolerantlıq ənənələrinə və sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verməkdə davam edəcək.

Vügar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio