Şərifə kitabımı su kimi «içdiyinə» və xoş sözlər söylədiyinə görə təşəkkür edib birbaşa mətləbə keçirəm. Amma istirəm, bəri başdan deyəm ki, bu yazını nə çəkişmə, nə didişmə, nə də kiməsə nəyisə hökmən sübut etmək üçün yazmıram. Sadəcə, Şəriflə ədəbiyyat söhbəti eləmək, açıq deyirəm, mənim üçün xoşdur.

Kitabda kənd və şəhər ədəbiyyatı söhbəti qaldırılıb — bu düzdü. Amma hiss etməmək olmaz ki, bu söhbət mövzunu ortaya atanlara bir etiraz kimi qaldırılıb. Yəni Şərif də deyən kimi, yəqin razılaşacağı kimi mənim üçün belə bölgü yoxdu. Var — Mətn! Niyə Şərif özünü bu xəttin hansısa tərəfində görüb — bilmirəm. Onun mənə ünvanladığı suallar (onlar isə başqa bir yerdən deyil, Qanturalı ilə Şərifin bir yerdə mənimlə Kulis-də apardıqları müsahibədən götürülüb. Elə cavablar da ordandır, yeni deyil!), əslində, o məqam və o rakurs üçün nəzərdə tutulub. Burada Şərifin bir yazıçı kimi aid olduğu mənəvi (şəhər və ya kənd nəsri) məkan nəzərə alınmayıb. Hər halda mən Şərifin mətnini hər cür bölgülərdən kənar, bu bölgülərin (və «bölgələrin») hətta fövqündə duran dəyər kimi tanıyıram.

Mənə elə gəlir ki, sual vermək cavab verməkdən daha mülayim bir formadır. Razılaşaq ki, cavab verməkdə, sən özün bunu istəməsən də, anlaşılmaz və qəribə bir… əda var. Qədd tutmaq var. Ona görə də, Qazi Bürhanəddinin sözü olmasın, qədd tutmaq niyyətim olmadığından sual verəcəm.

Şərif Ağayar həqiqətənmi elə bilir ki, nəsrdə kənd və şəhər bölgüsü var və o da bu bölgünün bu deyil, o biri üzündədi?

Əgər kitabda bu bölgünün ölgünlüyü, süniliyi hiss edilmirsə, o zaman bu ancaq kitab müəllifinin günahıdı.

Bir də təkrar edirəm. Nə şəhər nəsri var, nə də kənd nəsri. Var — MƏTN!!!