71382_iqml4mt2qu

Oktyabrın 8-də Azərbaycan Yaradıcılıq Fondunda yazıçı Kamal Abdullanın “Düma ilə Coys arasında” kitabının müzakirəsi keçirildi. Müzakirəyə tanınmış qələm adamları və ədəbiyyatşünaslar qatılmışdılar.

Yeni çapdan çıxmış kitabdakı mətnlərin bir qismi ilə oxucular “525-ci qəzet”in aylar öncəki saylarında tanış olublar. Maraqlı və oxunaqlı üslubda qələmə alınmış esselər elmi-nəzəri, bədii-informatik məziyyətləri ilə seçilir. Əlbəttə, kitab peşəkar bir yazıçının qələmindən çıxdığı üçün, təkcə ədəbi mühit və yazı-pozu əhlinə deyil, adi kitab həvəskarlarına da maraqlı ola bilər. Qeyd edək ki, müəllif kitabı dünya şöhrətli yazıçı Umberto Eko ilə görüşündən sonra yazmağa qərar verib. Akademik İsa Həbibbəylinin önsözü ilə açılan kitab “Düma ilə Coys arasında “qara dəlik” adlı giriş sözündən, toplunun əsasını təşkil edən 8 fəsildən (“Birun-əndərun oyunları”, “Sonsuz lüğət”, “Darıxan adamlar”, “Don Kixotun ölümü”, “Aldanmış oxucu”, “Yaşanmamış həyatın ilğımı”, “Yol”, “Bermud üçbucağı”), “Son söz və yaxud Qoca Rəmmal” yazısından ibarətdir. Müzakirədə həmin esselərdə diqqəti xüsusilə cəlb edən məqamlara toxunuldu.

Öncə Kamal Abdulla çıxış edərək esselərin yaranmasını şərtləndirən amillərdən danışdı: “Mənə elə gəlir ki, kitabda son dərəcə səmimi olmağa çalışmışam. Şübhəsiz, tənqid edənlər də, onların arasında haqlılar və haqsızlar da oldu. Mən kitabın önsözünün akademik üslubda olmağını istəyirdim. Bu mənada, İsa müəllimin ürəkdən yazdığı dəyərli önsözündən məmnun qaldım. Kitabda özümə maraqlı görünən məsələlərə bir tənqidçi yox, oxucu kimi yanaşmağa cəhd etdim. Misal üçün, poeziyamızda ədəbi şəcərə mövzusu istiqamətində etdiyim tapıntıları yazıya almaq mənimçün maraqlı idi. “Don Kixotun ölümü”, “Aldanmış oxucu” kimi esselərimdə daha çox fantaziyadan bəhrələnmişəm. Yaxud “Yol”da gənc yazarlarımız haqda fikirlərimi ümumiləşdirmişəm. Onu da qeyd edim ki, “Birun-əndərun oyunları”ndan “Bermud üçbucağı”na sanki zahiri bir uzaqlıq hiss olunur. Ancaq əslində, bu yazıların hamısı bir-birini tamamlayır”.

Akademik İsa Həbibbəyli kitabın həm elmi, həm də bədii cəhətlərindən söz açdı: “Düma ilə Coys arasında” elmi düşüncə ilə bədii təfəkkürün vəhdətdə olduğu bir kitabdır. Bu kitabı nə yalnız ədəbiyyatşünas, nə də yalnız yazıçı yaza bilər. Kitab hər iki sahənin sərrafı olan çox təcrübəli bir müəllifin qələmindən çıxıb”.

Təxminən, iki saata yaxın sürən görüşdə yalnız müzakirəsi üçün yığışdığımız kitabdan danışılmadı, fərqli və bir-birindən maraqlı mövzulara da toxunuldu. İştirakçılar “Yolun əvvəli və axırı”, “300 azərbaycanlı”, “Kədərli seçmələr”, eləcə də Kamal Abdullanın digər kitabları barədə fikirlərini  paylaşdılar.

Çağdaş ədəbiyyatımızdan söz açan qonaqların müxtəlif mövqeləri, fərqli yanaşmaları ortaya çıxdı. İsa Həbibbəylinin fikrincə, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı son dönəmlər forma etibarilə zəngin olsa da, məzmun axtarışlarında müəyyən mənada axsayır. Akademik qeyd etdi ki, ədəbiyyatımızda mövzu bolluğu ilə yanaşı məzmun oxşarlıqları gözə çarpır.

Şair Səlim Babullaoğlu isə ədəbiyyatın əsasən forma axtarışları olduğunu, ədəbiyyat tarixinin, əslində, formaların tarixi anlamına gəldiyini vurğuladı.

Kamal Abdulla yekun olaraq hər iki cəhətin önəminə diqqət çəkdi: “Artıq XVIII əsrdən başlayaraq məzmun məsələsi daha geniş konsepsiya ilə əvəz olunmağa başlayır. Gerçək budur ki, hər hansı fəlsəfi konsepsiyası olmayan yazıçı özünü tapa bilmir. Ümmanda – forma və məzmun axtarışı içində itib-batır. Əks halda forma və məzmun məlum, təyin olunmuş konsepsiyanın ardınca yazıçını izləməyə başlayır”.

Gənc nasir Qan Turalı K. Abdullanın esseistikasından, ümumilikdə, bu sahəyə ədəbi baxışından danışdı.

Müzakirədə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair və ədəbiyyatşünas Qismət, nasirlərdən Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Cavid Zeynallı, Kəramət Böyükçöl, Ülviyyə Heydərova, professor Tahirə Məmməd və filologiya üzrə elmlər doktoru Pərvanə Bəkirqızı da iştirak edirdilər.

Sonda Kamal Abdulla iştirakçılara minnətdarlığını bildirdi və bu görüşü Yaradıcılıq Fondunda keçiriləcək  növbəti kitab müzakirələri, ədəbi polemikalar üçün başlanğıc hesab etdiyini bildirdi.

Müşfiq ŞÜKÜRLÜ